Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5430/2025 29.07.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, Ərizəçi İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. Ərizəçi İddiaçı MMC Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir.
2. Məhkəmə ərizəni və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır.
3. Belə ki, ərizədən müəyyən edilir ki, ərizəçi tərəfindən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərkən dövlət rüsumu ödənilməmiş və bu zaman “Mediasiya haqqında” Qanuna istinad edilmişdir. Eləcə də ərizə ərazi aidiyyəti pozulmaqla və ərizəni imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən etibarnamə və digər sənədlər əlavə edilmədən məhkəməyə təqdim edilmişdir.
4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 40.2. Tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. - Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. - Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.
6. Bu qərardadın 4-cü bəndində istinad edilmiş qanunvericilik normalarının tələblərindən göründüyü kimi xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə verilmiş ərizələrlə bağlı dövlət rüsumundan azadolmalar nəzərdə tutulmamışdır. Buna baxmayaraq ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş ərizə üzrə dövlət rüsumu ödənilməmişdir. Bu da ərizənin geri qaytarılma əsaslarından biri kimi çıxış edir.
7. Məhkəmə qeyd edir ki, ərizəçi ilə maraqlı şəxs arasında rəsmiləşdirilmiş xx.xx.2025ci il tarixli Barışıq Sazişinin 2-ci bəndində maraqlı şəxs tərəfindən Barışıq Sazişinin şərtinə uyğun olaraq öhdəliyi yerinə yetirməməsi halında ərizəçi MMC tərəfindən Barışıq Sazişinin icrası üçün Salyan Rayon Məhkəməsinə ərizə ilə müraciət ediləcəyi də razılaşdırılmışdır. Bu da onu deməyə əsas verir ki, tərəflər AR MPM-nin 40-ci maddəsinə əsasən işin ərazi aidiyyətini dəyişdirmiş və mübahisə zamanı Salyan Rayon Məhkəməsinə müraciət ediləcəyi barədə yazılı şəkildə razılaşma əldə etmişlər. Hazırki ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etməklə ərizəçi ərazi aidiyyəti ilə bağlı razılaşmanın şərtlərini də pozmuşdur.
8. Məhkəmə həmçinin qeyd edir ki, ərizənin iddiaçı tərəfindən imzalandığı qeyd edilsə də, lakin ərizəni imzalayan şəxsin səlahiyyətlərini təsdiq edən müvafiq sənədlər (etibarnamə və s) ərizəyə əlavə edilməmişdir. Bu isə ərizənin xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalanması hesab edilməklə ərizənin geri qaytarılması üçün digər bir əsasdır.
9. Göründüyü kimi, ərizəçi İddiaçı MMC hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş üç şərtinə - dövlət rüsumunun ödənilməsi, işin ərazi aidiyyəti və ərizənin səlahiyyətli şəxs tərəfindən imzalanması şərtlərinə əməl etməmişdir. Bu səbəbdən də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.
10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.2, 152.1.3, 152.1.5, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. Ərizəçi İddiaçı MMC-nin Cavabdeh maraqlı şəxs qismində cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsi geri qaytarılsın.
2. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Anar Rzayev