Məhkəmə qərarları › İş №e-2(001)-5449/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5449/2025

03.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5449/2025 03.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə (açar sözlər: delikt, maddi zərər) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Bakı şəhəri 6 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: 1.İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “cərimənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “Kontakthome” mağazalar şəbəkəsininin Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən 3 nömrəli filialından 09 yanvar 2025-ci il tarixli, 283543 saylı müqavilə ilə bank krediti ilə aldığım İPHONE 16 PRO MAX 256 GB Natural markalı mobil telofonunun ödənişlərinə görə ona tətbiq edilən cərimə məbləğinin tamamilə ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə digər tələbi ilə yanaşı vəkillə bağlanmış müqaviləyə görə ödənilən 225 manat və dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, bağlanmış xx.xx.2025-ci il tarixli, 283543 saylı müqavilənin 3.5-ci maddəsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən məhkəmə tərəfindən qəbul edilməmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 yanvar 2025-ci il tarixli, 283543 saylı müqavilə ilə cavabdehin “Kontakt Home” mağazalar şəbəkəsinin Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən 3 nömrəli filialından bank krediti ilə İPHONE 16 PRO MAX 256 GB Natural markalı mobil telefon almışdır. Ona təqdim edilən ödəniş qrafikinə əsasən birinci dəfə 10 fevral 2025-ci ildə 230 manat ödəniş etmiş, xx.xx.2025-ci il tarixində ikinci dəfə qeyd edilən ünvandakı “Kontakt Home” mağazasının kassasına ödəniş edən zaman kassir xanım telefon nömrəsini soruşmuş və bu zaman o, mexaniki olaraq səhvən oğlu Məmmədov Nihadın ***-***-**-** nömrəli mobil telefon nömrəsini deyərək növbəti ödənişi etmişdir. Bundan sonra aprel ayının ödənişini vaxtında etmiş, may ayının ödənişini edən zaman isə ona kassadan iki aylıq, yəni mart-aprel ayları üzrə ödənişlə bağlı borcu olduğu bildirilmişdir. O, təbii olaraq bununla razılaşmamış və hər ay, yəni 2025-ci ilin fevral ayından bu vaxta qədər kassaya bank kartı ilə ödəniş etdiyini bildirmiş, səbəblərini maraqlanmışdır. Lakin araşdırma ilə məlum oldu ki, mart-aprel aylarının ödənişləri kassada oğlu Nihadın adından olunub, ona isə bu barədə heç bir xəbərdarlıq mesajı gəlməyib, hansı ki, onlar bunu mütləq qaydada etməlidilər və kassa sistemində onlar bütün bunları mütləq qaydada görməlidilər. O, mart ayında kassirə səhvən oğlunun telefon nömrəsini verdiyini bildirmiş və orada isə düzəliş edəcəklərinə söz vermişlər. Kassir təsdiq etmişdir ki, səhv onların sistemində olmuş və bunu vaxtında ona xəbər verməlidilər. Ondan asılı olmayan 2 aylıq ödəniş gecikməsinə görə isə may ayında ona 480 manat məbləğində cərimə tətbiq edilib. Hazırda isə bu cərimə məbləği 700 manatdan çoxdur və hesab edir ki, bu cərimə əsassız və qanunsuz olaraq tətbiq edilib. Mağazadan təqdim edilən qrafikə görə 2025-ci ilin fevral ayından iyul ayına qədər, o cümlədən 10 fevral 2025-ci ildə 230 manat, 09 mart 2025-ci ildə 230 manat, xx.xx.2025-ci il tarixli qəbzlə 230 manat, 16 iyun 2025-ci ildə 700 manat, 14 iyul 2025-ci il tarixdə isə 230 manat, cəmi 1380 manat ödəniş etməli idi, ancaq bu vaxta qədər 1390 manat ödəmişdir. Bu halda cababdehin hansı əsasla cərimə hesablaması aydın deyil. Beləliklə cavabdeh mart və aprel 2025-ci il ayları üzrə kassirin səhvi üzündən edilən ödəniş gecikməsinə görə onu təqsirli bilmiş və ona böyük məbləğdə cərimə tətbiq etmişdir.

İİ.Tərəflərin mövqeləri:

İddiaçının nümayəndəsi Bakı şəhəri 6 Saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etmədiyini və əsassız olduğunu, buna görə rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının oğlunun da nisyə-alqı satqı müqaviləsi var və ödəniş iddiaçının yoldaşı tərəfindən edilir. Ödəniş edilən zaman mobil nömrə oğlunun nömrəsi verilmiş və nəticədə məbləğ həmin müqavilə üzrə ödənilmişdir. Bu zaman cavabdehin hər hansı bir pozuntusu yoxdur və iddiaçı tərəfindən ödəniş o qaydada edilib. Nicata müqavilə üzrə gecikmə barədə cavabdehin məlumat vermək öhdəliyi yoxdur. Lakin müqavilədə göstərilən tarixdə ödəniş etmək ödəhliyini tərəfin özü məlumatlı olmuşdur. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilən X1 ifadəsində göstərmişdir ki, o, mart ayında ödənişlə bağlı Kontakt Homa yaxınlaşıb ödənişlərini etmişdir. Hər iki ödəniş oğlu Nihadın adına olmuşdur. Daha sonra Aprel ayında da yaxınlaşıb ödəniş etmiş, lakin mart ayında Nicatın adına ödənişin olmadığı barədə ona məlumat verilməmişdir. Aprel və may ayında ödənişlər öz qaydasında gedir. Lakin iyun ayında yaxınlaşıb ödəniş edəcən zaman ona Nicat bəyin adına gecikmə olması səbəbi ilə 700 manat civarında cərimə olunduğu bildirilir. Orda cərimənə olma səbəbini sorşuduqda ona mart ayında Nicat bəyin ödənişinin olmadığını bildirilər. İyun ayında da ödəniş etməməyi və yaranmış problemin həll edilməsi bildiririldi. Hər iki müqavilə yanvar ayında bağlanmışdır. Bütün ödənişlər onlar tərəfindən ödənmişdir. Bütün ödəmələr mağazaya yaxınlaşıb post terminal vasitəsi ilə ödənilib.Orda şəxsin telefon nömrəsini bildirərək ödənişlər etmişdir. O, mart ayında Nihada məxsus nömrəni bildirmiş və ordakı əməkdaş da ödənişləri etmişdir. Aprel və may ayında Nicat və Nihatın adına ayrı-ayrılqıda ödənişlər etmişdir.Ona cavabdeh tərəfindən İyun ayında gecikmə olduğu bildirilib.

İİİ.İşin faktiki halları: İş materiallarına əlavə olunmuş:

- 09 yanvar 2025-ci il tarixli, 283543 saylı müqavilədən görünür ki, "xxxx" İddiaçı MMC-yə məxsus “Kontakt home” mağazalar şəbəkəsinin Bakı şəhəri Bakıxanov qəsəbəsində yerləşən 3 nömrəli filialından bank krediti ilə dəyəri 3599,99 manat olan İPHONE 16 PRO MAX 256 GB Natural markalı mobil telefon və 1 illik qızıl zəmanət almışdır. - xx.xx.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə məhsulu alıcı İddiaçı təhsil verilmişdir. - hesabdan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə 190,62 manat cərimə hesablanmışdır. - Ödəniş qəbzlərindəndən görünür ki, xx.xx.2025-ci il tarixdə 230 manat və xx.xx.2025-ci il tarixdə 230 manat ödəniş həyata keçirilmişdir.

İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə qismən təmin edilməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 459.1-ci maddəsinə əsasən isə, zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Məmmədov Nihad və İddiaçı ilə cavabdeh arasında eyni tarixdə eyni məbləğdə iki müqavilə imzalanmış və ödəniş tarixləri eyni olmuş, ödənişlər eyni şəxs tərəfindən həyata keçirilmişdir. Belə olan halda mart ayı üzrə ödəniş eyni şəxs tərəfindən bir müqavilə üzrə iki ayın edilməsi, digərinin edilməməsi texniki olaraq həyata keçirildiyindən, həmçinin müqavilə üzrə sonradan cavabdeh tərəfindən ödəniş qəbul edilən zaman həmin ödənişin cərimə məbləğinə silinməsi barədə iddiaçıya məlumat verilməməsi nəticəsində müqavilə üzrə cərimə məbləği əsassız hesablanmış, nəticədə aylıq ödəniş kimi ödənilmiş məbləğlər cərimə kimi hesabdan silinmişdir. İddia ərizəsində irəli sürülən dəbbə pulu tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz (maddə 462.1, 462.2). Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur (maddə 463.1, 463.2). Kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər (maddə 464.1). Tərəflər arasında bağlanmış müqavilədə və ya qanunda kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulsa da, hazırda müqavilənin icra edilməməsi və lazımınca icra edilməməsi halı müəyyən edilmir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-i ilə İddiaçı arasında bağlanmış 09 yanvar 2025-ci il tarixli, 283543 saylı nisyə alqı-satqı müqavilə üzrə 2025-ci ilin may ayı üzrə hesablanmış 350 manat məbləğind pul cərimə borcundan silinməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Təqdim edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən hüququ yardım üçün göstərilən xidmət üçün 225 manat ödənilmişdir. Belə olan halda həmin məbləğ cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-i ilə İddiaçı arasında bağlanmış 09 yanvar 2025-ci il tarixli, 283543 saylı müqavilə üzrə 2025-ci ilin may ayı üzrə hesablanmış 350 (üç yüz əlli) manat cərimə borcu silinsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi cavabdeh "xxxx" MMC-dən tərəfindən tutularaq İddiaçı xeyrinə ödənilsin. 225 (iki yüz iyirmi beş) manat məbləğində vəkilin göstərdiyi yardıma görə xərc "xxxx" MMC tərəfindən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar