Məhkəmə qərarları › İş №e-2(001)-5476/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5476/2022

24.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5476/2022 24.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli, 2(007)-412/2016 saylı qətnaməsi ilə cavabdehlər X3, X2 və Cavabdeh2 müştərək qaydada “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, 122299-1-10429 saylı kredit razılaşması əsasında bağlanmış xx.xx.2014-cü il tarixli 122299-1-10429/1 kommersiya krediti müqaviləsi üzrə 26 may 2016-cı il tarixə əsas borc qismində 142.947,80 manat, faiz borcu 25.755,02 manat, cərimə qismində 1.357,50 manat olmaqla, cəmi 170.114,32 manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş mülkiyyət hüququ Cavabdeh2 adına qeydə alınmış Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Çingiz İldırım küçəsində yerləşən 12 saylı fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evi satıldıqdan sonra 1 (bir) ay müddətində Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və fərdi yaşayış evinin boşaldılması qət edilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış AN-İ ******* saylı, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 365.8 kv.m olan fərdi yaşayış evi iddiaçı tərəfindən alınmış və həmin yaşayış evi üzrə mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır. Fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verildikdən bir müddət sonra cavabdehlər yenidən fərdi yaşayış evinə daxil olmuş, öz şəxsi əşyalarının fərdi yaşayış evinə köçürərək, əsassız olaraq məskunlaşmışlar. Sahə inspektoru tərəfindən buna dair xx.xx.2022-ci ildə akt tərtib edilmişdir. Cavabdehlər iddiaçıya məxsus əmlakda qanunsuz yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozmuş və mülkiyyət hüquqularının həyata keçirilməsinə maneə yaratmışlar. Bu səbəbdən də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması, əldən çıxmış faydaya görə 01 may 2022-ci il tarixdən cavabdehlərin fərdi yaşayış evindən çıxarıldığı tarixədək hər ay üçün 1800 manat məbləğində hesablanması və cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə Cavabdeh2 məhkəməyə ərizə və etiraz ünvanlayaraq qeyd etmişdir ki, fərdi yaşayış evi ilə bağlı onunla İddiaçı arasında danışıqlar olmuş və onun tərəfindən iddiaçıya 64000 manat pul ödənilmişdir. Həmçinin tərəflər arasında bağlanmış şifahi əqdin tələblərinə əsasən iddiaçı fərdi yaşayış evinin boşaldılması üçün cavabdehlərə 2023-cü ilin yanvar-fevral aylarından tez olmayaraq möhlət vermiş, həmin tarixdən sonra cavabdehlər evi boşaldaraq fərdi yaşayış evindən çıxacaqlar. İddiaçı isə bu şərtləri qəbul etmiş və razılaşan tarixdən əvvəl cavabdehləri hansısa şəkildə rahatsız etməyəcəyini bildirmişdir. Lakin iddiaçı şifahi əqdin tələblərinə baxmayaraq, mövcud iddia tələbi ilə əsassız olaraq məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1 iddia ərizəsinin məzmuna uyğun izahat verərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 365.8 kv.m olan fərdi yaşayış evi mülkiyyətçi “Bank VTB (Azərbaycan)” ASC tərəfindən 180 000 manata İddiaçı satılmışdır. - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Çıxarışından görünür ki, ünvan 2 İddiaçı tam xüsusi mülkiyyətindədir və bu hüquq ona xx.xx.2022-ci il tarixdə verilərək qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin sahə inspektoru, polis mayoru F.Məmmədov tərəfindən tərtib edilmiş akta əsasən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 akt tərtib edilən zaman ünvan 2 ünvanında yaşadıqları qeyd edilmişdir. - xx.xx.2022-ci il tarixdə əmlak agentliyindən (Ziya Həsənov) verilmiş məktuba əsasən, ünvan 2 ünvanında yerləşən 3.75 sot torpağın üzərindəki ümumi sahəsi 365.8 kv.m olan iki fərdi yaşayış evinin dəyərinin cari bazar qiymətləri əsasında 300 000 – 350 000 manat olduğu nəzərə alınaraq, aylıq icarə haqqı məbləğinin 1200-1800 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. - 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Beləliklə, müəyyən edildi ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı tam xüsusi mülkiyyətindədir. Cavabdehlərin həmin evdə yaşamaları iddiaçının həmin ev üzərindəki mülkiyyət hüququnun həyata keçirməsinə mane olur. Həmçinin qeyd olunan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan, o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlər mübahisəli evdən könüllü olaraq çıxmamaları nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli evdən cavabdehlərin çıxarılmasını və evin onun sahibliyinə verilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia tələbi təmin edilməli, cavabdehlər mübahisəli evdən çıxarılmalı və ev iddiaçının sahibliyinə verilməlidir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncu qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər hansı bir hüquqları mövcud olmayan cavabdehlərin yaşaması iddiaçının evə olan mülkiyyət hüququnu məhdudlaşdıran haldır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 və qeyrilərinə qarşı iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Məhkəmə həmçinin iddia tələbinin əldən çıxmış faydanın tutulması hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İş materiallarında olan əmlak üzrə mütəxəssis rəyinə əsasən, mübahisəli fərdi yaşayış evinin aylıq icarə haqqı 1200-1800 manat aralığında müəyyən edildiyindən, məhkəmə əldən çıxmış faydaya görə hər ay 1200 (bir min iki yüz) manat məbləğində pulun hesablanmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə 2022-ci ilin iyun ayından evin iddiaçının razılığı olmadan (tərəflərin razılığa gəlməsinə dair müqavilə)cavabdehlərin istifadəsində olmasını nəzərə alaraq hesab edir ki, İddiaçı evin onun istifadəsində olmadığı 6 ay (iyun-noyabr) üçün 7200 manat (6 ay x 1200 manat = 7200 manat) məbləğində pulu əldən çıxmış fayda olaraq cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Eynalzadə (Qaibova) Aysel Elxan qızı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Eynalzadə (Qaibova) Aysel Elxan qızından müştərək qaydada əldən çıxmış faydaya görə 7200 (yeddi min iki yüz) manat pul məbləği tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar