Məhkəmə qərarları › İş №e-2(001)-5532/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5532/2022

01.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5532/2022 01.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı qızı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1088 ABŞ dolları (1850 AZN) pul vəsaitinin, məhkəməyə rüsum üçün ödənilmiş 40 manat, toplam olaraq 1890 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazisində tanıdığı bir-biri ilə yaxın qohum olan şəxslərlə tanış olub 2014-cü ildən 2019-cu illərədək bir sıra malların tekstil-mebel üzlüklərinin, pərdələrin, pokrıvalların və s. satışı ilə əlaqədar razılığa gəlinmiş və o, mütəmadi həmin şəxslərlə iş birliyi etmişdir. Əvvəllər həmin şəxslər(qohumlar) ona çatası pulları göndərsələr də, 2019-cu ilin ortalarından malların satılmadığını və anbarlarda və dükanlarda qaldığını bəhanə edib, hər hansı əldə olunmuş vəsaiti ondan gizlədib ələ keçirmiş və ona göndərməmişlər. 2019-cu ildən etibarən zənglərinə cavab verməmiş, daha əvvəl isə aramızda narazılıq başlayanda, pullarını tələb etdikdə ona hədə qorxular gəlmiş, malının və pulunun ona verilməyəcəyi ilə onu hədələmiş, və şikayət etdiyi yaxud malının ardınca qardaş ölkəyə gələcəyi təqdirdə başıma oyun açacaqlarını, böyük ehtimal ki, başa düşdüyüm ölümlə hədələmişlər. Adı çəkilən şəxslər son tarixlərdə ondan borclarını ödəmədən təhdidlə yeni mallar almışlar. Bu hərəkətləri ilə Anar 164.457 dollar, Ramiz 64.450 dollar, Arzuman 28.800 dollar, Rasim 10.200 dollar, Rövşən 3.000 dollar dəyərində mallarnı satıb mənimsəmiş və etibarımdan sui istifadə edib ələ keçirməklə ona verməmiş, əmlakını və pullarını istədikdə onu müxtəlif hədələrlə qorxudaraq hər biri ayrılıqda sifariş göndərmiş, və ya telefonla ölümlə hədələmişlər. Ona DİN-dən göndərilən cavab məktubunda həmin şəxslərin ona olan borcları özləri tərəfindən öz xeyirlərinə miqdarı azaldılaraq etiraf olunmuş, digəri isə borcu qəsdən etiraf etməmişdir. Qeyd etmək istəyir ki, onların etirafları həqiqətə uyğun deyildir. Yuxarıda qeyd etdiyi miqdarda pullarını və ya satılmayan mallarını tələb edir. Adı çəkilən şəxslər onunla “Elit” ticarət mərkəzinin həyətində və malların satıldığı yerdən yəni Qaradağ rayonu ərazisindən dediklərinə görə həmişə eyni yerdən birlikdə, ya da tək-tək danışmış, bu danışıqlar həmişə oradan baş tutmuşdur. Tərəfindən Qaradağ rayon Polis İdarəsinə müraciət olunmuş, lakin Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, kapitanı X1 xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Qaradağ rayon Polis İdarəsinin İstintaq Şöbəsində material üzrə araşdırma aparılaraq Cavabdeh məsələ ilə bağlı izahatı alınmışdır. Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı ona 1.088 ABŞ dolları (1.850 AZN) dəyərində tekstil göndərmiş, o, həmin mallara baxan zaman keyfiyyətsiz olduğunu görmüş, və İzmir Cargo ilə həmin malları İddiaçıye geri qaytarmışdır. İsmet ondan göndərdiyi malın pulunu istəsədə o, həmin malı geri qaytardığını bildirmişdir. Lakin İddiaçı onunla razılaşmayaraq pulunu tələb etməyə başlamışdır. Eyni zamanda bildirmək istəyir ki, iş materiallarında araşdırma zamanı Cavabdeh həmin tekstil mallarının qaytarılması barədə heç bir sübut təqdim etməmişdir. Bugünkü gün toplam olaraq Cavabdeh İddiaçı 1.850 manat pul borcu mövcuddur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus pul vəsaitinin qaytarılması ilə bağlı cavabdehə müraciət edilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Bundan sonra polisə şikayət edilmiş və Qaradağ RPİ-də cavabdehin izahatı alnmış, cavabdeh izahatında mal aldığını etiraf etmişdir. Məhkəmə iclasında isə malı aldığını lakin karqo şirkəti ilə iddiaçıya geri qaytardığını bildirmişdir. Lakin malı qaytardığını sübut edə bilmir. Cavabdehin iddiaçıdan son mal alışı 2019-cu ildə olmuşdur.

4. Məhkəmə iclasınlarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçını şəxsən tanımır və alış-verişləri telefon vasitəsilə olmuşdur. İddiaçı Türkiyə Respublikasında yataq dəstləri-yorğan və.s(tekstil) satışı ilə məşğul olur. O da “Sədərək” TM-də həmin çeşidli malların pərakəndə satışı ilə məşğuldur. İddiaçı ilə 2014-2018-ci illərdə ticarətləri olmuş, sonuncu dəfə təxminən 2018-ci ildə 1088 abş dolları məbləğində mal sifariş vermişdir. Həmin mallar sonradan ləğv edilən İzmir Karqo vasitəsilə göndərilmişdir. Malları karqodan yol pulunu ödədikdən sonra götürmüş və ona açıb baxdıqdan sonra malların qüsurlu və sifarişə uyğun olmadığını müəyyən etmişdir. Bundan sonra malları yenidən həmin Karqo Şirkətinə qaytarmış və karqo pulunu geri almışdır. Çünki karqo şirkətiynən aralarında olan müqaviləyə əsasən bu formada təhvil-təslim aparmaq mümkün idi. Malları qaytaran zaman iddiaçıya zəng vurmuş və telefonda aralarında münaqişə olmuşdur. Bundan sonra iddiaçı ilə ticarət əlaqəsi olmamış və həmin qaytarılan malların çatdırılıb-çatdırılmadığı ona məlum olmamışdır. Həmin məsələ ilə bağlı mübahisə 4 ildən sonra yenə ortaya çıxmışdır və iddiaçı bu barədə polisə şikayət etmişdir. O da vicdanlı vətəndaş kimi izahatında hadisəni olduğu kimi polisə bildirmişdir. Halbuki iddiaçı vaxtında müraciət etmiş olsaydı məsələni də isti-isti həll etmək mümkün idi. Eyni zamanda cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçıya borcunun olmadığını bildirdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X2 tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış HK-1/75 nömrəli material üzrə araşdırma zamanı Cavabdeh izahatı alınmışdır.

6. Cavabdeh izahatında göstərmişdir ki, o, hazırda heç bir yerdə işləməsə də təxminən 2008-ci ildən 2018-ci ilədək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzində tekstil alış satışı ilə məşğul olmuşdur. Təxminən 2013-cü ildə o, Türkiyə Respublikasına gedən zaman orada İddiaçı ilə tanış olmuşdur. İsmet Türkiyə Respublikasında tekstil alış satışı ilə məşğul olurmuş. Həmin vaxt o, İddiaçı 3000 ABŞ dolları dəyərində tekstil almış və gətirib Azərbaycan Respublikasında satmışdır. Bundan sonra o, təxminən 2018-ci ilədək İddiaçı dəfələrlə tekstil alıb satmışdır. Belə ki, o, pulu İddiaçı göndərir, İsmetdə həmin pulun müqabilində ona tekstil göndərirmiş. Sonuncu dəfə 2018-ci ildə İsmet ona 1088 ABŞ dolları məbləğində tekstil göndərmiş, o, həmin mallara baxan zaman keyfiyyətsiz olduğunu görmüş və “İzmir Cargo” ilə həmin malları İsmete geri qaytarmışdır. İsmet ondan göndərdiyi malın pulunu istəsə də, o, həmin malları geri qaytardığını demişdir. Lakin İsmet onunla razılaşmayıb, pulunu tələb etməyə başlamışdır. Bundan sonra onların münasibətləri pisləşmiş və o, İsmetlə əlaqəni kəsmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

7. 1088 abş dolları məbləğində malın iddiaçı tərəfindən göndərildiyi və cavabdehə çatırıldığı və iddiaçıya həmin məbləğin ödənilmədiyi işin mübahisəsiz halıdır.

8. İşin mübahisələndirilən halı malların lazımi keyfiyyətli və ya lazımi çeşidə uyğun olmaması və malların iddiaçıya geri qaytarılmasıdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

9. İşin hallarından göründüyü kimi tərəflər arasında alqı-satqı və göndərmə müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur.

10. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

11. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. 578.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsini pozaraq alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda əşya verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda əşya verilməsini tələb edə bilər və ya verilmiş əşyadan və onu ödəməkdən imtina edə bilər, əşya ödənilmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

13. 580.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyaları müqaviləyə uyğun gəlməyən çeşiddə verdikdə alıcı onları qəbul etməkdən və ödəməkdən imtina edə bilər, ödəmiş olduqda isə ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

14. 580.4-cü maddəsinə əsasən alğı-satqı müqaviləsinin çeşid haqqında şərtinə uyğun gəlməyən əşyalar o halda qəbul edilmiş sayılır ki, alıcı onları qəbul etdikdən sonra ağlabatan müddətdə satıcıya öz imtinasını bildirməsin.

15. 587.1-ci maddəsinəəgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin.

16. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

17. 630.1. Mal göndərən göndərmə müqaviləsinin tərəfi olan alıcıya və ya müqavilədə alıcı kimi göstərilmiş şəxsə malları yollama (vermə) üsulu ilə göndərir.

18. 631.1. Mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır.

19. 634.1. Alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur.

20. 634.2. Malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir.

21. 634.3. Göndərilmiş malları nəqliyyat təşkilatından aldıqda alıcı (mal alan) malların nəqliyyat və müşayiət sənədlərində göstərilmiş məlumatlara uyğunluğunu yoxlamalı, habelə nəqliyyat təşkilatından bu malları nəqliyyatın fəaliyyətini tənzimləyən qanunvericilikdə nəzərdə tutulan qaydaları gözləməklə qəbul etməlidir.

22. 635.1. Göndərmə müqaviləsinə uyğun olaraq alıcı (mal alan) mal göndərənin verdiyi maldan imtina etdikdə bu malın salamatlığını təmin etməyə (məsuliyyətlə saxlamağa) və mal göndərənə ləngimədən bildiriş göndərməyə borcludur.

23. 635.2. Mal göndərən alıcının (mal alanın) məsuliyyətlə saxlamağa qəbul etdiyi malı ağlabatan müddətdə aparmağa və ya ona dair sərəncam verməyə borcludur. Əgər mal göndərən mala dair bu müddətdə sərəncam verməzsə, alıcı malı sata bilər və ya mal göndərənə qaytara bilər.

24. 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.

25. 639.1. Lazımi keyfiyyətli olmayan malların göndərildiyi alıcı (mal alan) mal göndərənə qarşı bu Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər.

26. Qanunvericiliyin sadalanan normalarından və işin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh iddiaçıdan ona tekstil mallarının göndərilməsi ilə bağlı sifariş vermişdir və hesablaşmanın aparılması ilə bağlı tərəflər arasında əvvəlcədən olan razılaşma olmuşdur. İddiaçı 1088 abş dolları məbləğində malı karqo şirkəti vasitəsilə cavabdehə göndərmişdir, cavabdeh bu faktı qəbul edir, lakin iddia edir ki, malı karqodan götürmüş, mağazasına aparmış, orada bağlamanı açdıqdan sonra həmin malların lazımi keyfiyyətli və ya lazımi çeşidə uyğun olmadığını müəyyən etdiyindən həmin karqo vasitəsilə geri qaytarmışdır. Lakin cavabdehin həmin malların lazımi keyfiyyətli və ya lazımi çeşidə uyğun olmadığı barədə sübut olmaması ilə yanaşı, malların iddiaçıya qaytarılması ilə bağlı da iş materiallarında sübut yoxdur. Belə ki cavabdehin “X4” şirkətinin mal çıxışı barədə qəbzin surətinin hazırki münasibətlərə aidiyyəti müəyyən edilmir. Əvvəla həmin qəbzdə malın kimə təqdim ediləcəyi barədə hər hansı qeyd yoxdur, bundan başqa qəbz 2015-ci il tarixə aiddir, halbuki mübahisə 2018 və ya 2019-cu il tarixi ilə bağlıdır.

27. Halbuki yuxarıda sadalanan normalardan da göründüyü kimi alıcı mal göndərənin verdiyi maldan imtina etdikdə bu malın salamatlığını təmin etməyə (məsuliyyətlə saxlamağa) və mal göndərənə ləngimədən bildiriş göndərməyə borcludur. Lakin cavabdehin malı qəbul etməsi müəyyən edilsə də, onun maldan imtina etməsi barədə mal göndərənə bildiriş verməsi və əşyaların salamatlığını təmin etməklə qaytarması müəyyən edilmir. Bu səbəbdən də məhkəmə o qənaətə gəlir ki, malların dəyəri ondan tutularaq mal göndərənə verilməlidir.

28. Məhkəmə eyni zamanda qeyd edilməsini zəruri hesab edir ki, əgər cavabdeh gələcəkdə malın mal göndərənə çatdırıldığını müəyyən edərsə əsassız varlanma qaydasında ondan pulunu tələb edə bilər və ya karqo şirkətinin malların göndərilməsi ilə bağlı öhdəliyini icra etmədiyini müəyyən edərsə ondan vurduğu zərəri tələb edə bilər.

29. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

31. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

32. Odur ki, ABŞ dolları ilə olan ödənilməli olan məbləğ ödəniş günü Azərbaycan Respublikasının manatına uyğun məzənnə ilə hesablanaraq manatla ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

36. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

37. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

38. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

39. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 1088 abş dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

40. İş üzrə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

41. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. 1088 (bir min səksən səkkiz) abş dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar