Məhkəmə qərarları › İş №e-2(001)-5541/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-5541/2022

26.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-5541/2022 26.08.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh AR DİN baş X3 İdarəsinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cəlb edilməklə) xüsusi mülkiyyətində olan avtomobilinin üzərinə qoyulmuş qeydiyyatla bağlı məhdudiyyətin ləğv edilməsi tələbinə dair ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh AR DİN baş X3 İdarəsinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cəlb edilməklə) tələbinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh AR DİN Baş X3 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixindən qanuni alqı-satqı əsasında rəsmiləşdirilərək mülkiyyətində olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli ********* nömrəli məktubu əsasında 2008-ci il buraxılışlı X4” markalı **-SC-*** nömrəli avtomobilinin üzərinə qeydiyyatla bağlı qoyulmuş məhdudiyyətin ləğv edilərək bu barədə AR DİN BDYPİ-nin mərkəzi informasiya sistemində müvafiq qeydlərin aparılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı Dövlət Üniversitetinin Hüquq fakultəsini bitirmiş, bundan sonra təhsilini davam etdirərək, Vyana universitetində magistr təhsili almışdır. Hazırda da Çexoslavakiya Universitetində doktoronturada təhsil alır. Həyatda heç vaxt maşınım olmamışdır. Tələbəlik dövründə həm də işləyərək öz maddi tələbatını ödəmiş, həm də avtomobil almaq arzusunda olduğundan bir az pul toplamışdır ki, özünə maşın alsın. Bakı şəhərində olarkən təsadüfən Yasamal rayonunda “Tri Karona” deyilən binaların yanından keçərkən köhnə “X4” markalı maşının binanın qarşısında satılmağa qoyulduğunu görüb orada yazılan hazırda xatırlamadığı nömrəylə əlaqə saxlamışdır. Satıcı bir xanım idi. Maşınla maraqlanmış və maşının öz adına və mülkiyyətində olduğunu, borcuna görə satdığını bildirmişdir. Hətta X3ndən də avtomobillin üzərində hər hansı qadağanın cərimənin olub-olmaması ilə də maraqlandıqda, heç problemi olmadığını bildirdilər. Eyni zamanda maşını satan xanım adını xatırlamır, həmin maşının təmirə ehtiyacı olduğunu da qeyd etdi. Qeyd etdi ki, alsa qiymətdə razılaşma olar. Maşını 13.500 ABŞ dollarına satdığa qoymuşdu. Həmin avtomobilin təmir xərclərini öz üzərinə götürməklə 13000 ABŞ dollarına razılaşmışlar. Hazırda da mühərrikinin təmirini hələ maddi imkanın olmadığı üçün elətdirməmişdir. Həmin avtomaşını 13 aprel 2022-ci il tarixində maşın mülkiyyətiçisinin iştirakı ilə AR DİN Baş Dövlət Yol polis İdarəsində rəsmiləşdirərək öz mülkiyyətinə keçirmişdir. xx.xx.2022-ci il tarixində ilə AR DİN Baş Dövlət Yol polis İdarəsinin əməkdaşları Bakı şəhəri Tbilisi prospektində maşını saxladıb, sənədlərini soruşduqda o, sənədlərnmi təqdim etmişdir.. Hər şey qaydasında olduğunu, lakin avtomobilinin qeydiyyatla bağlı məhdudiyyəti olduğunu bildirdilər. O elektron formada AR DİN Baş Dövlət Yol polis İdarəsinə müraciət edərək səbəblərini araşdırmağa başlamışdır. Ona verdikləri elektron qaydada verdikləri xx.xx.2022-ci il tarixli 70912C-4222 saylı cavab məktubunda qeyd etmişlər ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il xli ********* nömrəli məktubu əsasında “X4” markalı **-SC-*** nömrəli avtomobilin üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq DİN BDYPİ-nin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır”. Bundan sonra o, qanuni əsaslarla xx.xx.2022-ci il tarixində AR DİN-nin DYPİ-də rəsmiləşdirərək mülkiyyətinə aldığı idarə etdiyi və hazırda da mülkiyyətində olan 2008-ci il buraxılışlı “X4” markalı **-SC-*** nömrəli avtomobildə qeydiyyatla bağlı qanunsuz və əsassız qoyulmuş və AR Konstitusiyasının 13-cü və 29-cu maddələrində təsbit edilmiş mülkiyyət hüququnu məhdudlaşdırıldığı üçün ərizələri əsasında qoyulmuş qadağanın götürülməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Həmin idarədən mənə verilmiş xx.xx.2022-ci il il tarixli ********* saylı məktubda kimin barəsində aparılan hansısa cinayət üzrə istintaqın davam etdirildiyi və istintaqın nəticəsindən asılı olaraq müvafiq qərar qəbulediləcəyini bildirmişlər. Hesab edir ki, mülkiyyət hüququ kobud surətdə pozulmuşdur. O, avtomobili qanuni əsaslarla rəsmi surətdə rəsmi dövlət orqanında rəsmiləşdirməklə almışdır. Kiminsə hansısa əməlinə görə onun mülkiyyət hüququ pozula və məhdudlaşdırıla bilməz. Ona görə də avtomobilinin qeydiyyatı ilə bağlı qadağa ləğv edilməklə toxunulmaz mülkiyyət hüququ bərpa edilməlidir İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıdakı əsaslara görə iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı vicdanlı alıcı kimi qanunvericiliyin tələblərinə uyğun olaraq aldığı və xüsusi mülkiyyət hüququ ilə ona məxsus olduğunu iddia etdiyi “X4” markalı **-SC-*** nömrəli avtomobilə dair qeydiyyatı ilə bağlı prokurorluğun məktubu ilə Yol Polisi tərəfindən qoyulmuş qeydiyyatla bağlı məhdudiyyəti qanunsuz hesab edir və həmin məhdudiyyətin götürülməsini xahiş edir. Lakin iddia ərizəsinə əlavə edilmiş Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubundan görünür ki, istintaq zərurəti ile əlaqədar X1 mülkiyyətində olmuş "Mercedes Benz GL550" markalı **-SC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Binəqədi Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 5(001)- 840/2022 nömrəli qərarı ile həbs qoyulmuşdur. Göründüyü kimi cinayət işinin istintaqı zamanı məhkəmə nəzarəti qaydasında avtomobilin qeydiyyatı ilə bağlı məhdudiyyət qoyulmuşdur və iddiaçı hazırki tələblə mülki mühakimə icraatı qaydasında tələb irəli sürərək avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş edir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququ olan şəxslərin dairəsi Cinayət- Prosessual Məcəlləsinin 449.2-ci maddəsində nəzərdə tutulmuşdur. Bu Məcəllənin 449.2.3-cü maddəsinə əsasən, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər də təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” 2015-ci il 12 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin “qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər” müddəası cinayət prosesinin iştirakçıları və tərəfləri olmayan, lakin cinayət prosesində iştirak edən və ya hər hansı bir formada cinayətprosessual hüquq və ya vəzifələri həyata keçirən şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquq və azadlıqları prosessual qərar və ya hərəkətlər ilə pozulduğu təqdirdə bu qərar və ya hərəkətlərdən şikayət vermək hüququnu istisna etmir. Beləliklə, cinayət prosesinin iştirakçısı olmasa da, cinayət prosesini həyata keçirən orqanın qərar və ya hərəkətləri ilə hüquq və mənafeləri pozulmuş şəxslər, o cümlədən əmlakı üzərinə həbs qoyulmuş mülkiyyətçilər də belə prosessual qərar və ya hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər. Bundan başqa Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsində qeyd edilmişdir ki, İstintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və iddiaçıya izah edilməlidir ki, məhkəmənin nəzarət qaydasında qəbul etdiyi qərarından cinayət mühakimə icraatı qaydasında şikayət vermək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, ərizəyə mülki məhkmə icraatı qaydasında baxılmalı olmadığından iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya məhkəmənin nəzarət qaydasında qəbul etdiyi qərarından cinayət mühakimə icraatı qaydasında şikayət vermək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM: İddiaçı cavabdeh AR DİN baş X3 İdarəsinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cəlb edilməklə) xüsusi mülkiyyətində olan avtomobilinin üzərinə qoyulmuş qeydiyyatla bağlı məhdudiyyətin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya məhkəmənin nəzarət qaydasında qəbul etdiyi qərarından cinayət mühakimə icraatı qaydasında şikayət vermək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar