Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5625/2021 28.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məmmədli Elnurə Həbib qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin qanuni nümayəndəsi Saydam Ayhanın və onun vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Umudova Sevı̇ nc Şahı̇ n oğlunun cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinə qarşı pul vəsaitinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Umudova Sevı̇ nc Şahı̇ n oğlu cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinə qarşı pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 850 manat məbləğində pul vəsaitinin, 548 manat məbləğində dəymiş zərərin və vəkilə ödənilən 500 manat haqqın, cəmi 1.898 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 26 yanvar 2019-cu il tarixində o, xaricdə təhsil almaq üzrə xidmətlər göstərən Cavabdehnə 850 manat və 500 ABŞ dolları ödəniş etmişdir. Bu ödənişin müqabilində Cavabdeh MMC onun Türkiyədə yerləşən dövlət universitetlərindən birinə qəbul olunacağına təminat vermiş və onu inandırmışdır ki, o attestat göstəriciləri ilə birbaşa bakalavr pilləsinə qəbul olunacaq. Lakin ödəniş etdiyi tarixdən yeddi aya yaxın bir müddət keçməsinə baxmayaraq heç bir universitetə qəbul olunmadığını görmüş, bununla da o, Cavabdeh MMC-yə iradını bildirmiş və ödədiyi məbləğin ona geri qaytarılmasını Şirkətdən tələb etmişdir. Bundan sonra ona ödədiyi pulun yarısının qaytarıla biləcəyi bildirilmiş, yerdə qalan məbləğin müqabilində isə ona vəd verilmişdir ki, o, Cavabdeh MMC ilə iş birliyində olan Elgiz adlı şəxsin köməyi ilə Antalya Bilim Universitetinin Turizm və İdarəçilik bölməsinin bakalavr pilləsinə qəbul olunacaq. Elgiz onun Antalya Bilim Universitetinə qəbul olunması üçün həmin universitetlə danışıqlar apardığını söyləmiş və 02 sentyabr 2019-cu il tarixli “Pre-Acceptance Letter” adlı məktubu ona təqdim edərək Antalya şəhərində yerləşən universitetdə təhsil alması üçün ora yollana biləcəyini bildirmişdir. O, Antalya Bilim Universitetinə gəldikdə ona bildirdilər ki, o, ilk öncə illik təhsil haqqını ödəməli və bundan sonra Universitetə yaxınlaşmalıdır. O, 2.075 ABŞ dolları məbləğində vəsaiti Universitetin hesabına köçürtdükdən sonra yenidən ora yaxınlaşmışdır. Sənədləri nəzərdən keçirən Universitetin məsul işçisi bir sənədin çatışmadığını bildirmiş və nəzərinə çatdırmışdır ki, o, yalnız ali təhsil pilləsinə qəbul balını əks etdirən Azərbaycan Respublikasının X7 tərəfindən verilən rəsmi arayışı təqdim etdiyi halda Universitetə qəbul oluna bilər. Lakin X6n əldə edilən 09 sentyabr 2019-cu il tarixli arayışı Universitetə təqdim etdikdə ona bildirdilər ki, bu arayış keçərli deyil, çünki Universitet yalnız son beş ilin nəticələrini özündə əks etdirən sənədi qəbul edə bilər. O, Universitetin hesabına mədaxil etdiyi pulun ona geri qaytarılmalı olduğunu desə də, bunun qeyri-mümkün olduğu cavabını almışdır. Vəziyyətdən çıxış yolu kimi ona təklif olunmuşdur ki, o, Universitetin digər fakültəsinin magistr pilləsində təhsil alsın. O, buraya sırf bakalavr pilləsində, həm də Turizm və İdarəçilik bölməsində təhsil almaq üçün gəldiyini desə də, müsbət cavab ala bilməmişdir. O, Cavabdeh MMC tərəfindən aldadıldığını başa düşmüş və buna görə də Azərbaycana qayıtdıqdan sonra həmin şirkətə ödədiyi məbləği və ona dəymiş maddi zərərin əvəzinin öna ödənilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilməlidir ki, xaricdə təhsil almaqla bağlı vətəndaşla Cavabdeh MMC arasında müqavilə münasibətləri yaranmışdır. Vətəndaş istehlakçı qismində ödəniş üzrə öhdəliyini yerinə yetirmiş, cavabdeh isə xaricdə təhsil üzrə xidmətin göstərilməsiylə bağlı üzərinə düşən öhdəliyi icra etməmişdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, o, Türkiyə Respublikasında turizm sahəsində yalnız attestatla bakalavr pilləsində ingilis dilində təhsil almaq üçün 2018-ci ilin sentyabr-oktyabr aylarında “Azeredu" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmişdir. Onun özü Bakı Dövlət Universitetinin kimya fakultəsinin məzunudur. O, əvvəllər “Azeredu" MMC-nin bir neçə tədris kurslarında iştirak etdiyi üçün oraya müraciət etməyə qərara gəlmişdir. Şifahi danışıqlar oldu və ondan xidmət haqqı olaraq 3.000 ABŞ dolları istənildi, o, ilkin olaraq 26 yanvar 2019-cu il tarixdə 1.700 manat - 850 manat və 500 ABŞ dolları ödəniş etmişdir. Ona bildirdilər ki, növbəti ilin mart ayı üçün qəbul olunacaq. Bir neçə universitet, o cümlədən İzmir Universiteti, Süleyman Dəmirəl adına Universitetdə təhsil almağı üzrə təklif gəldi, o, razılaşmadı. Daha sonra Antalya Bilim Universitetindən təklif gəldi və ona maraqlı oldu ki, həmin universitetdə ingilis dilində bakalavr üzrə təhsil var ya yoxdu. Onu yönləndirdilər “Mentora” Kollecinə, oradan isə Elgiz adlı şəxsin yanına. O, Elgizə 300 manat məbləğində xidmət haqqı ödəmiş və onlar birlikdə Antalya şəhərinə təyyarə ilə yollanmışlar. Elgiz ona bildirdi ki, birbaşa bakalavr pilləsində təhsil almağa başlayacaqdır. O, Universitetin bank hesabına 2.075 ABŞ dolları ödəniş etmiş, lakin ona bildirmişlər ki, SAT sertifikatı və ya son beş ilin nəticələrini özündə əks etdirən X5 arayışını təqdim etməlidir. O, həmin Universitetdən imtina etsə də, lakin ona bildirdilər ki, ödədiyi 2.075 ABŞ dollarını geri qaytarmayacaqlar. O, ödədiyi məbləğ batmasın deyə məcburiyyət qarşısında qalaraq həmin universitetdə ingilis dilində beynəlxalq münasibətlər sahəsi üzrə 1 il magistraturada oxumuş, sonra təhsili dondurmuş, daha sonra həmin universitetdə 1 semestr MBA, yəni biznesin idarə edilməsi sahəsi üzrə oxumuşdur. Kəsri olduğu üçün və orada qalmağa maddi imkanı olmadığı üçün bu ilin may ayında geri dönməyə məcbur olmuşdur. O, “Mentora” Kollecinə müraciət etmişdir ki, ödədiyi 1.700 manatı geri qaytarsınlar, çünki onun istədiyi xidmət ona təqdim edilməmişdir. Ona yalnız Cavabdeh MMC tərəfindən 850 manat qaytarıldı və ona bildirdilər ki, razı deyilsə məhkəməyə müraciət etsin. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında Cavabdeh MMC şifahi surətdə müraciət etmişdir ki, 2019-cu il tarixdə o, universitetə qəbul olunsun. Elgizlə onun arasında hər hansı yazılı müqavilə bağlanmamışdır. Elgiz onun Türkiyə Respublikasına getməsində, orda yerləşməsinə köməklik göstərmişdir. Buna görə də ona 300 manat məbləğində pul ödəmişdir. X9 Tunc tanış etmişdir. Türkiyə Respublikasında qalmağının səbəbi onun tərəfindən universitetə ödənilmiş 2.075 ABŞ dollarının ona qaytarılmaması olmuşdur. Ödənişin universitet tərəfindən qaytarılmaması barədə rəsmi cavab verilməmişdir, bu cavabı ona universitetin işçisi Kahraman adında şəxs şifahi olaraq bildirmişdir. O, bu zaman iddiaçı şirkətdə işləyən Abdurrahman adlı şəxsə zəng etmiş və mesajlar göndərmiş, bu barədə onu məlumatlandırmışdır. Bu barədə sübutlar əvvəlki telefonunun yaddaşında olmuşdur, lakin hazırda həmin telefon işlək vəziyyətdə olmadığına görə həmin sübutları məhkəməyə təqdim edə bilmir. Daha sonra isə Elgiz ona bildirmişdir ki, o, bu barədə Cavabdehya şikayət etməsin, magistr pilləsində oxusun. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş instagram sosial şəbəkədə yazılmış mesaj həqiqətəndə onun tərəfindən Elgizə yazılmışdır. Lakin, o, həmin mesajı kinayəli formada yazaraq, gülüş işarələri qoymuşdur. Çünki, Elgiz onunla bağlı yanlış məlumat sosial şəbəkədə paylaşmış, o da cavab olaraq həmin kinayəli mesajı yazaraq guya təşəkkür etmişdir. O, necə təşəkkür edə bilərdi ki, onun həmin vaxt istədikləri Cavabdeh tərəfindən təmin edilməmişdir. Onun həqiqətəndə təşəkkür etməsi məntiqsiz olardı. Bir il magistratur pilləsində təhsil almışdır. 1-ci kursdan 2-ci kursa keçməməyinin səbəblərindən biri də bəzi fənlərdən balının aşağı olmasıdır. Onunla Cavabdeh MMC arasında yazılı müqavilə bağlanmamışdır. Cavabdehya Antalya Bilim Universitetində bakalavr pilləsində təhsil ala bilməməsi ilə bağlı hər hansı yazılı pretenziya və ya şikayət göndərməmişdir. Həmin şirkətin “İnstagram” sosial şəbəkəsinin və elektron poçt ünvanının olduğundan məlumatlı olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək bildirdi ki, cavabdeh tərəf hazırda instagram adlı sosial şəbəkədə yazılmış mesaja əsaslanaraq iddiaçıya göstərilən xidmətin məhz iddiaçı tərəfindən qəbul edilməsini və buna görə onlara təşəkkür etməsini bildirsə də, lakin həmin mesaj səmimi yazılmış adi təşəkkür mesajı deyil. Bu mesaj kinayəli formada qəzəblə yazılmış mesajdır. Mesajda yazılanlarla iddiaçının izahatı arasında kəskin ziddiyyətlər olduğuna görə həmin mesaj sübut kimi qiymətləndirilə bilməz. Sözügedən mesaj o halda sübut kimi qiymətləndirilə bilərdi ki, iddiaçı o mesajı həqiqi məqsədlə yazdığını təsdiq edərdi. Necə ola bilər ki, iddiaçı 10 ay sonra belə bir mesajı həqiqi niyyətlə yazsın? Həmin vaxt iddiçanın psixoloji vəziyyəti yaxşı olmamışdır. Digər bir məsələ isə ondan ibarətdir ki, iddiaçı yüksək məbləğdə xidmət haqqı alsa da, həmin haqq müqabilində hər hansı xidmət göstərməmişdir. Hazırda cavabdeh tərəf bildirir ki, onların magistr təhsili ilə bağlı təklif iddiaçı tərəfindən qəbul edilmişdir. Lakin bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilmir. Əgər cavabdeh tərəf iddiaçıya bakalavr təhsilinin alınmamasına görə əlavə təkliflər vermişdirsə, bu hansı formada verilmişdir? İddiaçı tərəfindən həmin təklifin qəbul edilməsini təsdiq sənəd mövcuddurmu? Bundan başqa, cavabdeh tərəf bildirir ki, Elgiz onlarla universitet arasında vasitəçi rolu oynayır. Ümumiyyətlə Elgizlə cavabdeh şirkət arasında əmək və ya digər münasibətlər mövcuddurmu? Bunu təsdiq edən hər hansı sənəd varmı? Göründüyü kimi, cavabdeh şirkət şifahi müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir, halbuki iddiaçı tərəfindən onlara xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni nümayəndəsi Saydam Ayhan iddianı qəbul etməyərək izahatında bildirdi ki, o uzun müddətdir ki, bu işlə məşğuldur və yüzlərlə insanların Türkiyyədə təhsil almasına köməklik etmişdir. 2019-cu ilə kimi Türkiyə Respublikasında yalnız attestat əsasında təhsil almaq mümkün idi. Sonradan bəzi insanların hərbi xidmətdən yayınmaq üçün təqdim etdikləri saxta attestatlara görə bu qayda ləğv edildi. Bunlar hamısı iddiaçıya bildirilmişdir. Ümumiyyətlə, bakalavr pilləsində yaz aylarında təhsilə başlamaq mümkün deyil, bu yalnız payız aylarında olur. Ona görə iddiaçıya belə bir vəd verilməmişdir. Attestatla yalnız o halda universitetlər qəbul edirdi ki, tələbələr X6 imtahan nəticələri və hazırlıq sənədləri olsun. Qeyd olunan tələblər tərəflərindən iddiaçıya bildirilmişdir. Daha sonra iddiaçı tərəflərindən onların işlərinə köməklik göstərən Elgiz adlı şəxsə yönləndirilmişdir. İddiaçı bakalavr üzrə 1-ci kursdan təhsil almağını Elgizə bildirmişdir. Elgiz isə bunun üçün bir il hazırlıq kursunun oxunmalı olduğunu iddiaçıya bildirmişdir. İddiaçı isə bundan imtina etmiş və Antalya Bilim Universitetində magistr təhsili almağını özü seçmişdir. İddiaçı tərəfindən ödənilən 2.075 ABŞ dollarının Universistet tərəfindən qaytarılmaması qeyri-mümkündür və inandırıcı da deyil, ən azı iddiaçı belə problem olduğu təqdirdə onlara müraciət edə bilərdi ki, onlarda ona köməklik göstərsinlər. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, ödənişi qəbul edərkən yazılı müqavilənin bağlanıb-bağlanmamasını dəqiq xatırlamır. İddiaçını Elgizə yönləndirən zaman onunla aralarında olan müqaviləyə xitam verməmişlər. Elgiz onlara həmin üniversitetlə əlaqəsi olduğu üçün texniki dəstəyi həyata keçirir. İddiaçı bakalavr üzrə birinci kursa qəbul olmaq üçün müraciət etmişdir və bunun üçün də Antalya Bilim Universitetindən “pre-acceptance” adlı məktub almışdır. Həmin məktubda hər şey iddiaçıya izah edilmişdir. 850 manat məbləğində ödənişi ona görə qaytarmışlar ki, iddiaçı özəl universitetə qəbul olunmuşdur. Onlarda belə qaydadır ki, müştəri dövlət universitetinə qəbul olunduğu təqdirdə 1.700 manat xidmət haqqı alırlar. Çünki orada təhsil haqqı olmur və ya az məbləğdə olur. Özəl Universitetlərdə isə təhsil haqqı yüksək olur və onlar ödənilən xidmət haqqının yarısını geri qaytarırlar. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirdi ki, cavabdeh tərəflər arasındakı bağlanmış şifahi razılaşmaya əsasən iddiaçını Türkiyə Respublikasının Univeristetlərində bakalavr təhsili alması üçün qəbul proseduru qaydaları ilə tanış etməli, universitetə müraciət üçün lazımı sənədləşmə işlərini həll etməlidir. İddiaçı isə bunun müqabilində cavabdeh şirkətə haqq ödəməlidir. Məhkəmə iclasındada verilmiş izahatlardan müəyyən olunur ki, cavabdeh şirkət aldığı haqq müqabilində öz öhdəliklərini lazımı şəkildə icra etmişdir. Belə ki, universitetin qəbul qaydalarını iddiaçıya bildirmiş və qəbul üçün universitetlərə müraciət etmişdir. Universitetlərin iddiaçını qəbul etməmələrinin səbəbi cavabdeh şirkətin göstərdiyi xidmət deyil, iddiaçının lazımı sənədləri universitətə təqdim edə bilməməsi olmuşdur. Daha sonra iddiaçının bakalavr təhsili ilə bağlı problemələr yarandıqda, ona alternativ təkliflər edilmiş və iddiaçı bu təkliflərdən magistr pilləsində təhsil almağını seçərək, öz təhsilini könüllü formada davam etdirmişdir. Bu zaman iddiaçı xidmət haqqının qaytarılmasını tələb edə bilərdi, lakin o xidmət haqqının qaytarılmasını deyil, altenativ seçimlə magistr pilləsində təhsil almasını seçmişdir. Bununla da cavabdeh şirkət öz öhdəliyini icra etmişdir. İnstagram adlı sosial şəbəkədə iddiaçı tərəfindən yazılmış təşəkkür mesajı da qeyd olunanları təsdiq edir. Hərçəndki, iddiaçı tərəf bu mesajın kinayəli formada yazılmasını bildirsə də, bu inandırıcı deyildir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı təhsilini imtahanlardan keçə bilmədiyi üçün yarımçıq qoyub qayıtmağa məcbur olmuşdur. Bunun üçün isə məsuliyyət iddiaçının üzərinə düşür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 yanvar 2019-cu il tarixli, 1211 və 1212 nömrəli qəbzlərindən görünürü ki, İddiaçı “universitet müraciəti” üçün birinciyə 850 manat və 500 ABŞ dolları məbləğində xidmət haqqı ödəmişdir. Antalya Bilim Universitetinin İddiaçı ünvanladığı 02 sentyabr 2019-cu il tarixli, “preacceptance letter” (qəbul öncəsi) məktubunun tərcüməsindən görünür ki, Antalya Bilim Universitetində (ABU) Bakalavr dərəcəsi proqramı üzrə müraciətininin baxılması barədə onu məlumatlandırmaqdan məmnundurlar. O, ilkin mərhələdə qəbul olmuşdur və onun sənədləri 2019-2020 tədris ilində başlayan “Turizm və X3”ndə qeydiyyata dair əlavə dəyərləndirmə üzrə qəbul komitəyə göndərilmişdir. Bu məktub ilə tələbə vizası ala bilməyəcəyi ona bildirilmişdir. Yekun “Qəbul Məktubu” o, depozit rüsum kimi 1.000 ABŞ dolları ödədikdən sonra veriləcəkdir. Bankın izahat bölməsində tələbənin adı və soyadı qeyd edilməlidir. Bu məbləğ illik təhsil haqqından çıxılacaqdır. Depozit ödənişi 15 sentyabr 2019-cu il tarixindən əvvəl edilməlidir. Bu məbləğ yalnız Səfirlikdən viza verilməsindən imtina təsdiq edildiyi zaman qaytarılır. Depozit ödənişinin qaydası əlavə müraciətlərin qarşısını almaq üçün universitet tərəfindən tədbiq edilən standart prosedurudur. Azərbaycan Respublikası X5 İddiaçı ünvanladığı 09 sentyabr 2019-cu il tarixli məktubun surətindən görünür ki, sonuncu 2002/2003-cü tədris ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali təhsilin bakalavriat səviyyəsinə qəbulla bağlı İV isxtisas qrupu üzrə keçirilmiş test imtahanında iştirak etmiş, 700 ballıq şkala üzrə 446 bal toplayaraq Bakı Dövlət Universitetinin “Kimya” ixtisasına əyani təhsilalma forması üzrə dövlət hesablı əsaslarla qəbul olmuşdur. Ali Təhsil Şurası X1 Azərbaycan Respublikası vətəndaşı olan tələblərin qəbulu üzrə məlumatın tərcüməsindən görünür ki, Ali Təhsil Şurasının 08 avqust 2018-ci il tarixli, 61909 saylı məktubunda da göstərildiyi kimi, 31 oktyabr 2017-ci il tarixində imzalanmış “Türkiyə Respublikasının Ali Təhsil Şurası ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında Ali təhsil sahəsində Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5-ci maddəsinə görə, Azərbaycan Respublikası vətədaşlarının Türkiyə Respublikasının Ali Təhsil müəssisələrinə qəbulu zamanı Azərbaycan Respublikasının X7 tərəfindən keçirilən imtahan nəticələrinin nəzərə alınması qərarı verilmişdir. Bu halda, Universitetlər tərəfindən Azərbaycan vətəndaşı olan tələbələrin qəbulu prosesində Azərbaycan Respublikası X7 tərəfindən keçirilən imtahan nəticələrinin nəzərə alınması xahiş edilmişdir. Türkiyə Respublikası Ali Attestasiya Komissiyasının X2 Azərbaycan Respublikası X5 Elektron Xidmətinə başlaması barədə məlumatın tərcüməsindən görünür ki, əsas qeydiyyatlı yazı ilə “Türkiyə Respublikası Ali Attestasiya Komissiyası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında Ali Təhsil sahəsində əməkdaşlıqla bağlı Razılıq” çərçivəsində Türkiyə Respublikasında yerləşən Ali təhsil qurumlarının Azərbaycan Respublikası vətəndaşları olan tələbələri qəbul edərkən Azərbaycan Respublikası X7 tərəfindən keçirilən imtahan nəticələrinin nəzərə alması məsələsi universitetlərə bildirilmişdir. Xarici İşlər Nazirliyindən gələn əsas (a) qeydiyyatlı yazıda isə abituriyentlər tərəfindən təqdim edilən saxta sənədlərin qarşısının alınması baxımından tələbələrin təqdim etdiyi imtahan nəticələrinin düzgünlüyünün yoxlanılması məqsədilə tətbiqə yeni başlanan xidmət haqqında məlumat verilir. Adı keçən xidmətə http://ekabinet.dim.gov.az/pBArayis.aspx ünvanından daxil ola bilinəcək və adı keçən xidmətdən istifadə edilərək imtahana girən namizədlərin imtahan nəticələri ilə bağlı məlumatların yoxlanılması mümkün olacaqdır. Antalya Bilim Universitetinin İddiaçı ünvanladığı 18 sentyabr 2019-cu il tarixli, “preacceptance letter” məktubunun tərcüməsindən görünür ki, sonuncunun magistratura proqramına müraciət etməsindən məmnunluq duyaraq bildirmişlər ki, onun müraciəti Antalya Bilim Universitetində (ABU) nəzərdən keçirilmiş və ilkin mərhələ üçün qəbul edilərək, sənədləri qəbul komissiyasına göndərilmişdir. Qlobal Siyaset və Beynəlxalq Əlaqələr qeydiyyatla bağlı əlavə qiymətləndirmə 2019-2020-ci il tədris ilindən başlayacaq. Təhsil haqqı tam proqram üçün 8.000 USD-dən 50% təqaüd almaq hüququ var. Bu məktubla tələbə vizası ala bilməyəcəyi bildirilmişdir. Bu sənəd ilə viza müraciətinə baş vurula bilməz. Qəbul məktubunun yerini əvəz etməz. Depozit haqqı olaraq 1.000 USD ödədikdən sonra son "Qəbul Məktubunu" ala biləcəkdir. Bank qəbzinin izahat sahəsində tələbə adını və soyadını qeyd etməlidir. Bu məbləğ ümumi təhsil haqqından çıxılacaq. Depozit ödənişi 24 sentyabr 2019-cu il tarixindən əvvəl ödənilməlidir. Bu məbləğ yalnız viza rədd edildikdə geri qaytarılarılır. Bu depozit ödəmə universitet tərəfindən tətbiq olunan standart bir prosedurdur, artıq tətbiqlərin qarşısını almaq üçün universitetə müraciət edilməlidir. Bundan əlavə, tələbənin ingilis dilində magistr təhsili almaq üçün ingilis dilinə ehtiyacı olduğunu da unudulmamalıdır. Türk proqramları və Master proqramları üçün Dil bilik səviyyəsi finaldan dərhal əvvəl keçirilən dil bilik Türk dili imtahanı ilə müəyyən qeydiyyat aparılacaqdır. İnstagram adlı sosial şəbəkədə “Sevinj Umudova” profil istifadəçisi tərəfindən Elgiz adlı şəxsə 09 iyul 2020-ci il tarixdə yazılmış mesajın mətnində qeyd edilmişdir “Salam, Elgiz bəy. Necəsiniz?) Paylaşılan post üçün çox təşəkkür edirəm. Magistratura Diplomatiya qəbul məktubunu da paylaşa və seçim o olduğunu yaza bilərsiniz) Buna 100də 100 haqqınız var. Uşaqlıq xəyalımın reallaşmasında ilk növbədə Sizə borclu olduğumu düşünürəm. Çox təşəkkür edirəm. İnşallah diplomumu alım, təşəkkür edəcəyəm. Uğurlarınızın davamını diləyirəm!)” İddiaçı ilə Vəkil1 arasında bağlanmış 22 iyun 2021-ci il tarixli “hüquqi yardımın göstərilməsi” haqqında müqavilənin surətindən görünür ki, vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. 05 iyul 2021-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində hüquqlarının müdafiəsi üçün fərdi qaydada fəaliyyət göstərən Vəkil1 hesabına 500 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" Travel Şirkəti tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı adına onlayn vasitəsilə 02 sentyabr 2019-cu il tarixdə “Azərbaycan Hava Yolları” aviaşirkətinin uçuşlarına 06 sentyabr 2019-cu il tarixinə Bakı-Antalya istiqaməti üzrə J2 027 nömrəli reysə 771 ********** nömrəli aviabiletin və 09 may 2021-ci il tarixində “Buta Airways” aviaşirkətinin uçuşlarına 24 may 2021-ci il tarixinə Ankara-Bakı istiqaməti üzrə J2 9914 nömrəli reysə 771 ********** nömrəli aviabiletin əldə etməsini və uçuşu həyata keçirməsini təsdiq edirlər. 771 ********** nömrəli aviabiletin qiyməti – 248,06 manat; 771 ********** nömrəli aviabiletin qiyməti isə 1.205,15 türk lirəsi təşkil etmişdir. Antalya Bilim Universitetinin İddiaçı ünvanladığı 27 sentyabr 2021-ci il tarixli məktubunun tərcüməsindən görünür ki, 02 sentyabr 2019-cu il tarixində Turizm və Otel Menecmenti proqramına ilkin qiymətləndirmə məktubu göndərilmiş, lakin Ali Attestasiya Komissiyasının X2 11 sentyabr 2019-cu il tarixli bildiriş və 95916564 - 724.01.01-E66061 nömrəli yazısı ilə onlara göndərilən məktubda tələbələrin təqdim etdiyi imtahan nəticələrinin düzgünlüyünün yoxlanılması məqsədilə tətbiqinə yeni başlanılan elektron xidmət haqqında məlumat linki göndərilmişdir. Həmin ünvanda imtahan nəticəniz təsdiq edilə bilinmədiyi üçün aidiyyəti proqramda qeydiyyatı həyata keçirilə bilinməmişdir. Universitetə heç bir borcunun və ya alacağının olmadığı bildirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı turizm sahəsində bakalavr təhsili alması üçün Türkiyə Respublikasının universitetlərinə müraciət edilməsi məqsədi ilə cavabdehə müraciət etmiş və bunun üçün 1.700 manat (500 ABŞ dolları + 850 manat) məbləğində xidmət haqqı ödəmişdir. Cavabdeh tərəfindən iddiaçıya bir neçə təklif təqdim edilmiş, iddiaçı onları qəbul etməmiş, daha sonra Antalya Bilim Universitetindən 02 sentyabr 2019-cu il tarixli məktub göndərilmiş, iddiaçı bu təklifi qəbul etmişdir. Bununla bağlı cavabdeh iddiaçını əməkdaşlıq etdiyi Elgiz adlı şəxsə yönəltmiş, iddiaçı həmin şəxslə təhsillə bağlı 06 sentyabr 2019-cu il tarixdə Antalya Bilim Universitetinə yollanmışdır. Antalya Bilim Universitetində iddiaçının bakalavr pilləsində təhsil alması qeyri-mümkün olmuşdur. Belə ki, iddiaçıdan son 5 il ərzində X7 tərəfindən keçirilən imtahan nəticələrini özündə əks etdirən sənəd tələb edilmiş, lakin iddiaçı həmin sənədi universitetə təqdim edə bilməmişdir. Bundan sonra Elgiz adlı şəxs tərəfindən iddiaçıya həmin universitetinin magistr pilləsi üzrə təhsil almağı təklif etmiş, iddiaçı universitetin 18 sentyabr 2019-cu il tarixli məktubunda göstərilmiş “Qlobal Siyaset və Beynəlxalq Əlaqələr” üzrə magistr pilləsində təhsil alması ilə bağlı təklifi qəbul etmiş və bunun üçün universitetin hesabına 2.075 ABŞ dolları məbləğində ödəniş etmiş, sonra bir il (iki semestr) bu ixtisas üzrə təhsil almış, daha sonra təhsilini bir semestr MBA (biznesin idarə edilməsi) sahəsi üzrə davam etdirmişdir. Bundan sonra iddiaçı yaranmış maddi çətinliklər səbəbindən təhsilini davam etdirə bilməmiş və geri qayıtmışdır. Hazırda iddiaçı cavabdehdən üzərinə götürdüyü öhdəlikləri icra etməməsi səbəbindən ödədiyi xidmət haqqını, dəymiş maddi zərərin əvəzini və hüquqi yardıma görə ödədiyi pul vəsaitini tələb edir, cavabdeh isə üzərinə götürdüyü öhdəliklərini tam icra etdiyini bildirərək iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. 435-ci maddəsinə əsasən kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Bu qayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Göründüyü kimi, tərəflər arasında əldə edilmiş şifahi razılığa əsasən cavabdeh iddiaçının Türkiyə Respublikasının universitetlərinə bakalavr təhsili ilə bağlı müraciət etməyi, iddiaçı isə bunun müqabilində cavabdehə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdə iş və xidmətin adı kimi “universitet müraciəti” göstərilmişdir. Məhkəmə iclasında verilmiş izahatlarla müəyyən olmuşdur ki, cavabdeh iddiaçının təhsili ilə bağlı bir neçə universitetə müraciət etmiş və nəticə də iddiaçı müraciət edilmiş universitetlərdən Antalya Bilim Universitetini seçmişdir. Lakin, iddiaçı Antalya Bilim Universitetinin bakalavr təhsili üçün qəbul şərtlərini yerinə yetirə bilməmiş, cavabdehin əməkdaşlıq etdiyi şəxsin alternativ təklifini qəbul edərək, həmin universitetdə magistr pilləsi üzrə təhsili seçmiş və üç semestr həmin üniversitetdə təhsil almışdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən üzərinə götürülmüş “universitet müraciəti” öhdəliyi yerinə yetirilmiş, bununla belə, cavabdeh tərəfindən iddiaçıya ayrı icra da (magistr pilləsi üzrə təhsil) təklif edilmiş, iddiaçı da bu təklifi qəbul etmişdir. İddiaçı universitetə etdiyi 2.075 ABŞ dolları məbləğində ödənişin geri qaytarılmayacağı səbəbindən məcbur qalaraq magistr pilləsində təhsil aldığını bildirsə də, universitet tərəfindən ödənişin geri qaytarılmaması ilə bağlı hansı sübut məhkəməyə təqdim edə bilməmişdir. Lakin işdə olan “Antalya Bilim Universiteti” tərəfindən iddiaçıya ünvanlanmış 02 və 18 sentyabr 2019-cu il tarixli məktublardan görünür ki, iddiaçıdan təhsil ilə bağlı 1.000 ABŞ dolları məbləğində depozitin ödənilməsi tələb edilmiş və bu məbləğin yalnız viza rədd edildiyi təqdirdə geri qaytarılacağı bildirilmişdir. Bundan başqa, iddiaçı cavabdehə ilkin öhdəliyinin icra edilməməsi ilə bağlı hər hansı formada pretenziya ünvanladığı barədə sübut da məhkəməyə təqdim edə bilməmiş, əksinə, məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilmiş “instagram” adlı sosial şəbəkədə iddiaçının magistr pilləsində təhsil almasına görə məmnun olduğu və buna görə cavabdehin əməkdaşlıq etdiyi Elgiz adlı şəxsə təşəkkür etdiyi müəyyən olunmuşdur. İddiaçı həmin mesajı kinayəli formada yazdığını bildirsə də, məhkəmə bu dəlili inandırıcı hesab etmir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının özünün bildirdiyinə görə, o, əvvəllər cavabdeh tərəfindən təşkil edilmiş bir sıra tədris kurslarında iştirak etmiş, cavabdehin də “instagram” adlı sosial şəbəkəsində hesabının, habelə elektron poçt ünvanının olduğu barədə məlumatı olmuş və Elgiz adlı şəxsə təşəkkür etdiyi formada cavabdehin özünə də pretenziya və ya şikayətini bildirmək imkanı olmuş, lakin bunu etməmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbinin “cavabdehdən 850 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin digər hissələri ilə əlaqədar isə qeyd edir ki, iddia tələbinin həmin hissələri törəmə tələblər olduğundan, onların təmin olunubolunmaması bilavasitə iddia tələbinin “cavabdehdən 850 manat məbləğində pul vəsaitinin tutulması” hissəsinin təmin olunub-olunmamasından asılıdır. Bunu nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “548 manat məbləğində dəymiş zərərin və vəkilə ödənilən 500 manat haqqın tutulması” hissələrində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddiaçı Umudova Sevı̇ nc Şahı̇ n oğlunun cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinə qarşı pul vəsaitinin tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-5625/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5625/2021
28.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver