Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5816/2020 30.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdehnə (MTK) qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından 7 ədəd mənzilin İddiaçı ASC-nin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı ilə cavabdeh arasında xx xxxxxxx 2012-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmıış, müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı özünə məxsus Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında yerləşən 3 sot torpaqda cavabdehə çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün razılıq vermiş, cavabdeh həmin müqavilə ilə müəyyən edilmiş mənzilləri iddiaçının və ya onun tərəfindən müəyyən edilmiş şəxslərin mülkiyyətinə verilməsini öz öhdəliyinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən cavabdeh inşa olunacaq binada 7 ədəd – 20 nömrəli 3 otaqlı, 48 nömrəli 3 otaqlı, 23 nömrəli 2 otaqlı, 43 nömrəli 2 otaqlı, 34 nömrəli 2 otaqlı, 45 nömrəli 1 otaqlı və 53 nömrəli 1 otaqlı mənzilləri iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən, binanın tikintisi başlandıqda bu müqavilənin 2.5-ci bəndində göstərilən mənzillərin sənədləri iddiaçıya təqdim edilməli idi. Lakin, binanın inşası başa çatmasına baxmayaraq, mənzillər iddiaçıya təhvil verilməmişdir. Bununla da, cavabdeh müqavilə öhdəliklərini pozmuşdur. Buna görə də, İddiaçı ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda R.S.Rüstəmov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə “xxxx” Kooperativi arasında bağlanmış xx xxxxxxx 2012-ci il tarixli müqavilənin şərtlərinə əsasən, İddiaçı ASC özünə məxsus olan Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında yerləşən 3 sot torpaqda “xxxx”yə çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün razılıq vermiş, “xxxx” MTK isə İddiaçı ASC-yə 20 nömrəli 3 otaqlı, 48 nömrəli 3 otaqlı, 23 nömrəli 2 otaqlı, 43 nömrəli 2 otaqlı, 34 nömrəli 2 otaqlı, 45 nömrəli 1 otaqlı və 53 nömrəli 1 otaqlı mənzilləri İddiaçı ASC-nin və ya onun tərəfindən müəyyən edilmiş şəxslərin mülkiyyətinə verilməsini öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yenə həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh MTK müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, buna görə də, İddiaçı ASC-nin ona qarşı müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair iddia hüququ yaranmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 3202-ci məhəllə ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasından 7 ədəd - 20 nömrəli 3 otaqlı, 48 nömrəli 3 otaqlı, 23 nömrəli 2 otaqlı, 43 nömrəli 2 otaqlı, 34 nömrəli 2 otaqlı, 45 nömrəli 1 otaqlı və 53 nömrəli 1 otaqlı mənzillər İddiaçı ASC-nin mülkiyyətinə verilsin. İddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq İddiaçı ASC-yə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-5816/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(001)-5816/2020
30.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver