Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5836/2022 02.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın paylı mülkiyyətçiləri arasında naturada bölüşdürülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın paylı mülkiyyətçiləri arasında naturada bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən cəmi 576 kv.metr həyətyanı torpaq sahəsindən üzərində yaşayış evinin yerləşdiyi 39,9 kv.metr torpaq sahəsi çıxılmaqla, boş qalmış 536,1 kv.metr torpaq sahəsindən İddiaçı1 məxsus 4/18 hissə və İddiaçı2 məxsus 7/18 hissə payların, cəmi 11/18 hissədə payın, yəni 328 kv.metr torpaq sahəsinin naturada ayrılaraq aidiyyəti üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh Fəxrədddin oğlunun ümumi paylı mülkiyyətlərində ünvan 1 ünvanında, 576 kv.metr həyətyanı torpaq sahəsində yerləşən 39,9 kv.metr ümumi yaşayış sahəsinə malik fərdi yaşayış evi vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli, 2(001)-2288/2017 saylı qətnaməsinə əsasən həmin daşınmaz əmlakda İddiaçı1 4/18 hissə payı, İddiaçı2 7/18 hissə payı müəyyən edilmişdir. Həmin qətnaməyə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Axundov küçəsi,ev 9 ünvanında yerləşən 576 kv.metr həyətyanı torpaq sahəsinin və 39,9 kv.metr ümumi yaşayış sahəsinə malik fərdi yaşayış evinin İddiaçı1 4/18 hissə, İddiaçı2 7/18 hissə və mərhum X3 7/18 hissə(açıq qalmış miras payı) paylarda məxsus olması barədə onların adlarına 21 noyabr 2018-ci il tarixli, seriya RX №1421454 saylı, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli, 2(001)-6285/2019 saylı qətnaməsinə əsasən həmin daşınmaz əmlakın 7/18 hissədə açıq qalmış mirasına da Cavabdeh 7/18 hissə payı müəyyən edilmişdir. İddiaçılar daşınmaz əmlakdakı paylara uyğun, yəni İddiaçı1 məxsus 4/18 hissə paya və İddiaçı2 məxsus 7/18 hissə paya uyğun 576 kv.metr həyətyanı torpaq sahəsindən onların paylarının naturada ayrılaraq onlara verilməsini istəyirlər. Torpaq sahəsi payçılar arasında naturada bölüşdürülərsə hər payçı həmin öz payına düşən torpaq sahəsində ayrıca özünə tikinti apara biləcək, hərəsinin torpaq sahəsinə ayrıca giriş-çıxış yolu müəyyənləşəcək və gələcəkdə həmin daşınmaz əmlakla əlaqədar payçılar arasında hər hansı mübahisələrin qarşısı da alınmış olacaqdır. Lakin Cavabdeh Fəxrədddin oğlu torpaq sahəsinin payçılar arasında naturada bölüşdürülməsinə və iddiaçılara məxsus torpaq paylarını naturada iddiaçılara verməkdən imtina edir. Həmin torpaq sahəsinin naturada bölgüsü ilə əlaqədar onlar Cavabdeh Fəxrədddin oğlu ilə razılığa gələ bilmirlər. Cavabdeh Fəxrədddin oğlu 30 sentyabr 2022-ci il tarixdə etiraz ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ona qarşı irəli sürdüyü “torpaq sahəsinin bölünməsi” tələbi üzrə mülki iş üzrə iddialarının bütünlüklə rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 istinad etdiyi hər iki Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2288/2017 saylı və xx.xx.2019-cu il tarixli 2(001)-6285/2019 saylı qətnamələrə nəzər salındıqda görsənir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 4 (indiki 9) saylı evin 1/5 hissəsi olan miras əmlakı üzrə tərəflərin hüquqlarının tanınması və payların bölünməsi faktı yalnız Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi 4(indiki9) saylı evə dair müəyyən edilmişdir. Hal-hazırda mübahisə predmeti olan torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh Fəxrədddin oğlunun adına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən **********60-10301 №-li çıxarışda heç bir halda qeydiyyatı aparılmamışdır. Belə ki, topraq sahəsi dövlət mülkiyyətindədir və tərəflərə məhkəmə qaydasında paylı mülkiyyət olaraq tanınan fərdi yaşayış evinin heç bir hüquqi asılılığı yoxdur. Tərəflər iddia qaldıraraq mübahisə predmeti olan torpaq sahəsinin naturada bölünməsi tələbinin qanuni əsası yoxdur və həmin torpağın hüququ olmayan şəxslər arasında naturada bölünməsi yolverilməzdir. Bundan əlavə iddiaçı tərəflər halhazırda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 4 (indiki 9) saylı evə dair mülkiyyət hüquqlarını itirmiş şəxslərdir. Belə ki, "xxxx" MMC-nin AZE******** saylı, "xxxx" MMC Hərracın yekunları barədə 90 nömrəli protokolu əsasında cavabdeh tərəf olan o, digər payçıların (iddiaçıların) payını almış və buna dair mülkiyyət hüquqlarını AR ƏMDK yanında DƏDRX-də qeydiyyata almışdır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(001)-3255/2020 saylı icra vərəqəsini icra etmək məqsədilə Binəqədi rayon İcra Şöbəsinin sifarişi əsasında qeyd edilən hərrac keçirilmiş, cavabdeh həmin fərdi yaşayış evinin tam mülkiyyətçisinə çevrilmiş və hal-hazırda iddiaçıların həmin əmlaka dair mülkiyyət hüquqlarına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkili) iddianı müdafiə edərək, yuxarıda qeyd edilən məzmunda izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazında yazılanlara uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsində yerləşən ümumi sahəsi 39.9 kv.m olan 9 saylı fərdi yaşayış evinin 4/18 hissəsi İddiaçı1 adına paylı mülkiyyət kimi qeydə alınmış, həmin fərdi yaşayış evinin 7/18 hissəsinə İddiaçı2 payı müəyyən edilmiş, 7/18 hissəsinə isə X2 payı açıq saxlanılmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0.00576 ha torpaq sahəsi isə dövlətin mülkiyyətindədir və həmin torpaq sahəsi istifadəyə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 may 2017-ci il tarixli 2(001)- 2288/2017 saylı qətnaməsinin surətindən görünür ki, ümumi miras kütləsi olan Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, ev 4 (indiki 9) ünvanda yerləşən fərdi yaşayış evində Muradova (Bəyverdiyeva) Sevil Mirzə qızının 4/18 hissədə və Hüseynova (Bəyverdiyeva) Gülnarə Mirzə qızının 7/18 hissədə miras əmlakı faktiki qəbul etmələri müəyyən edilmiş, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində Muradova (Bəyverdiyeva) Sevil Mirzə qızının 4/18 hissədə payı müəyyən edilmiş, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində mərhum Hüseynova (Bəyverdiyeva) Gülnarə Mirzə qızının 7/18 hissədə yaranmış pay hüququ irsi transimissiya qaydasında vərəsəsi İddiaçı2 keçdiyindən, həmin 7/18 hissədə İddiaçı2 payı müəyyən edilmiş, xx.xx.2016-cı il tarixdə bakı şəhəri 26 saylı Notariat Kontorunun notariusu X4 tərəfindən təsdiq edilmiş X1 miras qalmış əmlaka dair 2V-55 saylı vərəsəlik şəhadətnaməsi və onun əsasında Cavabdeh verilmiş RX seriyalı, ******* saylı, **********60-10301 daşınmaz əmlakın reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarış etibarsız hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(001)- 6285/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin (miras əmlakın) 7/18 hissəsinə payı müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(001)- 3255/2020 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Axundov küçəsi 9 saylı evin açıq hərracda satılaraq, satışdan əldə edilən gəlirin paylara mütənasib şəkildə 4/18 hissədə İddiaçı1, 7/18 hissədə İddiaçı2 və 7/18 hissədə Cavabdeh ödənilməsi qət edilmişdir. 29 avqust 2022-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” Müqavilənin və 90 №-li Protokolun surətindən görünür ki, 4/18 hissəsi İddiaçı1, 7/18 hissəsi İddiaçı2 və 7/18 hissəsi Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Axundov küçəsi ünvanında yerləşən 9 saylı ev hərrac vasitəsilə 15.250 manata Cavabdeh satılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 07 oktyabr 2022-ci il tarixli **********33 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 9 saylı fərdi yaşayış evinin torpaq sahəsinin xüsusi mülkiyyət kimi dövlət reyestrində Cavabdeh, İddiaçı2 və İddiaçı1 adına qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsində yerləşən 9 saylı fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir və onun tam mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0.005760 ha torpaq sahəsi dövlət mülkiyyətindədir və həmin torpaq sahəsi istifadəyə verilmişdir. 18 fevral 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşmış, o cümlədən “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmiş mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin hallarından da göründüyü kimi, iddiaçıların “ünvan 1 ünvanında yerləşən cəmi 576 kv.metr həyətyanı torpaq sahəsindən üzərində yaşayış evinin yerləşdiyi 39,9 kv.metr torpaq sahəsi çıxılmaqla, boş qalmış 536,1 kv.metr torpaq sahəsindən İddiaçı1 məxsus 4/18 hissə və İddiaçı2 məxsus 7/18 hissə payların, cəmi 11/18 hissədə payın, yəni 328 kv.metr torpaq sahəsinin naturada ayrılaraq aidiyyəti üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi” tələbi üzrə subyektiv hüquqları yoxdur. Belə ki, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətindədir və həmin torpaq sahəsində yerləşən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Axundov küçəsi, 9 saylı fərdi yaşayış evi isə Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən,mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Beləliklə də, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın paylı mülkiyyətçiləri arasında naturada bölüşdürülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən hazırki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) “həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın paylı mülkiyyətçiləri arasında naturada bölüşdürülməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-5836/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5836/2022
02.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver