Məhkəmə qərarları › İş №e-2(001)-586/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-586/2022

11.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-586/2022 11.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, x katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və həyətyanı sahədən ibarət olan tikiliyə (“A” tikilisi) istifadə hüququnun itirilmiş hesab edilməsi və işin məhkəməyə verilməsinə görə ödənilmiş 100,4 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(103)-398/2021 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh ona qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iş üzrə Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədə qeyd olunmuşdur ki, cavabdeh (Cavabdeh) 03 aprel 2004-cü ildə evin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra onun ailə üzvlərinin razılığı əsasında həmin fərdi yaşayış evinə köçərək, orada yaşamış, bununla da, həmin yaşayış sahəsinə onun istifadə hüququ yaranmışdır. Aşağıdakılara görə hesab edir ki, cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və həyətyanı sahədən ibarət olan tikilidən (“A”tikilisi) istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 iyun 2019-cu il tarixli ********** saylı çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən “A” və “B” tikilisindən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. O, mülkiyyətçisi olduğu “A”tikilisini cavabdehə müvəqqəti yaşaması üçün 2004-cü ildən kirayəyə vermişdir. Cavabdeh orada müəyyən müddət yaşadıqdan sonra öhdəliyin şərtlərini pozmuş, kirayə haqqlarını və kommunal ödənişləri ödəməmişdir. O, cavabdehdən kirayə haqqlarını, kommunal ödənişləri ödəyərək evin boşaldılmasını dəfələrlə xahiş etsə də, cavabdeh buna məhəl qoymamış, əşyalarını evindən çıxarmamış, evində 2009-cu ilədək kirayə yaşamış, faktiki olaraq 2009-cu ildən həmin evdə yaşamamış, kirayə yaşadığı evi baxımsız saxlaması və digər hüquqazidd hərəkətləri nəticəsində evi yararsız vəziyyətə salmış, evə və mülkiyyətçi kimi ona külli miqdarda ziyan vurmuşdur. Ev kirayə verilərkən yaşayış üçün zəruri şəraiti olsa da hazırda həmin ev yaşayış üçün tam yararsız vəziyyətdədir. Evə dəymiş ziyan və uzun müddət evdən istifadə olunmaması "xxxx" MMC-nin 23 avqust 2021-ci il tarixli, LP-137/2021 saylı rəyi və rəyə əlavə olunmuş şəkillərlə bir daha öz təsdiqini tapır. Belə ki, rəyə əlavə olunan şəkillərdən görünür ki, ev yaşayış üçün tam yararsızdır və cavabdeh uzun müddətdir ki, həmin evdən istifadə etmir. 2009-cu ildən Cavabdeh faktiki olaraq mülkiyyətçisi olduğu “A” tikilisində yaşamamışdır. Hazırda cavabdehə görə kommunal xərcləri ödəmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh daimi yaşamaq üçün uzun müddətdir ki, başqa ünvanda məskunlaşmışdır və ona məxsus “A” tikilisinə istifadə hüququnu itirmişdir. Bu hal mülkiyyətçi kimi mülkiyyətindən sərbəst istifadə hüququnu məhdudlaşdırmaqla yanaşı əlavə olaraq kommunal xərclər ödəməyinə səbəb olmuşdur. Cavabdeh məhkəməyə iddiaya etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçının özünün iddia ərizəsində göstərdikləri, istinad etdiyi qətnamə və həmin qətnamə ilə müəyyən olunan tanınan hallar iddia ərizəsinin rədd olunmalı olduğunu göstərir. İddiaçı özü iddia ərizəsində qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 398/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsinə istinad edərək göstərir ki, o, 03 aprel 2004-cü ildə evin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra onun (iddiaçının ailə üzvlərinin razılığı əsasında həmin fərdi yaşayış evinə köçərək, orada yaşamış, bununla da həmin yaşayış sahəsinə istifadə hüququ yaranıb). Bundan başqa, iddiaçı iddia ərizəsində yenə də qeyd edib göstərir ki, Cavabdeh məxsus “A” tikilisindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 iyun 2019-cu il tarixli ********** saylı çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən “A” və “B” tikilisindən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Daha sonra bu iddiaçının bundan öncə də (hansı ki, ona qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-398/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə qiymət verilib və əsassız sayılaraq rədd olunub) eyni təbiətli ona qarşı iddiasına Binəqədi Rayon Məhkəməsində 2(001)-7707/2019 nömrəli mülki iş olaraq baxılıb. Həmin iddiası ilə İddiaçı məhkəmədən: onun, özünün mülkiyyətində olan, ünvan 2 ünvanında, 0,0443 ha ərizidə yerləşən fərdi tikililərdən (“A” tikili adlanan) əşyaları ilə birlikdə çıxarılmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin onun bu iddiasının təmin olunduğu barədə 16 dekabr 2019-cu il tarixli qətnaməsi isə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-398/2021 saylı, 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında 0,0443 ha ərazidə yerləşən fərdi tikililərdən (“A” tikili adlanan) əşyaları ilə birlikdə çıxarılması barədə iddia əsassız sayılaraq rədd edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi, həmçinin bildirdi ki, cavabdeh mübahisəli evdə cəmi 5 il müddətində kirayəçi kimi yaşamış, sonra isə evi tərk edərək çıxıb getmiş, evə də xeyli ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, Bakı Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(103)-398/2021 saylı qətnaməsində cavabdehin istifadə hüququ 2009-cu ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə istinad edilərək tanınmışdır. Belə olan halda da, qeyd olunan Məcəllənin 60-cı maddəsinə əsasəndə cavabdehin istifadə hüququna xitam verilməlidir. Çünki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun Qərarına əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Hazırki iş üzrə cavabdeh də uzun illərdir ki, daimi yaşayış üçün köçüb başqa yerə getmiş və mübahisəli yaşayış sahəsinə ehtiyacı aradan qalxmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qətnaməsi ilə onun istifadə hüququ müəyyən edildikdən sonra həmin evə köçmək üçün maneələrin aradan qaldırılması barədə iddia qaldırmış, həmin qətnamədən əvvəl belə bir tələbi olmamışdır. Həmin işlə bağlı qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(103)- 11121/2021 saylı qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Daşınmaz əmlakın ümumi sahəsi 70.0 kv.m, torpaq sahəsinin ölçüsü 0,0443 hektardır. Qeydiyyat tarixi 24 iyun 2019-cu ildir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2021-ci il tarixli, 2(103)- 398/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və ailə üzvlərinin onun mülkiyyətində olan, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsində 0,0443 ha ərazidə yerləşən 38 saylı fərdi yaşayış evinin “A” tikilisindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7707/2019 saylı 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (birinci iş). İddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 11 saylı Notariat Kontoruna qarşı qeydiyyat nömrəsi ********** olan 24 iyun 2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən vahid əmlak kimi cavabdeh İddiaçı mülkiyyətinə verilmiş ünvan 2 saylı fərdi yaşayış evinə və evin yerləşdiyi ümumi ərazisi 0,0443 ha olan torpaq sahəsinə münasibətdə ümumi sahəsi 36,3 m2 olan bir yaşayış otağından, ayaqyolundan və alaqapıdan ayaqaltı adlanan sahəyə qədər olan məsafədə ümumi sahəsi 50 m2 olan həyətyanı sahədən ibarət ayrıca tikilinin ona satılmasına dair cavabdeh İddiaçı və əri X1 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2990/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (ikinci iş). Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qətnaməsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı 16 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2990/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmış və məhkəmə tərəfindən Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı 16 dekabr 2019-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7707/2019 saylı 16 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma və sair” tələbinə dair iddiasının təmin edilməməsi, Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2990/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 03 aprel 2004-cü il tarixdə evin alqı-satqısına dair müqavilə bağlandıqdan sonra İddiaçı ailə üzvlərinin razılığı əsasında həmin fərdi yaşayış evinə köçərək, orada yaşamış, bununla da həmin yaşayış sahəsinə onun istifadə hüququ yaranmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 2(001)- 5576/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iddiası qismən təmin edilmiş, ünvan 3 ünvanında yerləşən yaşayış otağı, bağlı eyvan və girişdən ibarət “A” tikilisinə (ümumi sahə 22,1 kv.m, tikinti altı sahə 31,1 kv.m) və həmin tikilinin həyətyanı sahəsinə iddiaçı Cavabdeh istifadə hüququna maneələrin yaradılması cavabdeh İddiaçı qadağan edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(103)-11121/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 02 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə göstərilmişdir ki, apellyasiya şikayətinin məzmunundan da müəyyən olunur ki, cavabdeh iddiaçının evdən istifadəsinə maneə yaradır, onun evdən sərbəst istifadəsinin yolverilməz olduğunu nümayişkaranə şəkildə apellyasiya şikayətində gostərir və bu hərəkətini əsaslı hesab edir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin bununla bağlı hərəkətləri qanunsuzdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 23 avqust 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Q.Qarayev küçəsi, 38 saylı fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 10.600 manat təşkil edir. Məhkəmə tərəfindən 10 dekabr 2021-ci il tarixdə işdə iştirak edən şəxslərin iştirakı ilə ünvan 3 ünvanında yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, bir həyət daxilində texniki pasportda göstərilən “A” və “B” tikililəri mövcuddur. “A” tikilisi həyətin girişindən sol tərəfdə yerləşir və yaşayış üçün yararlı olmayan vəziyyətdədir (fotoşəkillər iş materiallarına əlavə edilmişdir). 04 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin ünvanda “A” və “B” tikililəri mövcuddur. Bakı Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 05 fevral 2021-ci il tarixli, 2(103)-398/2021 saylı qətnaməsinə əsasən cavabdehin qeyd olunan ünvanda yerləşən “A” tikilisinə istifadə hüququnun yarandığı müəyyən edilmiş, buna görə də iddiaçının cavabdehə qarşı “evdən çıxarılma və sair” tələbinə dair iddiası təmin edilməmişdir. Daha sonra Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 sentyabr 2021ci il tarixli, 2(001)-5576/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin “A” tikilisinə və onun həyətyanı sahəsinə cavabdehin istifadə hüququna maneələrin yaradılması iddiaçıya qadağan edilmişdir. Hazırda iddiaçı cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən 1 otaq, 1 şüşəbənd, tualet və həyətyanı sahədən ibarət olan tikiliyə (“A” tikilisi) kompensasiya ödənilmədən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir və bunu onunla əsaslandırır ki, cavabdeh 2009-cu ildən həmin evdə yaşamamış, həmin evi yararsız vəziyyətə salmış və bununla da ona külli miqdarda ziyan vurmuşdur. Cavabdeh isə iddiaya etiraz edərək onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə həmin yaşayış sahəsinə istifadə hüququnun olduğunu bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan “A” tikilisinə istifadə hüququndan uzun müddət ərzində və davamlı olaraq könüllü istifadə edilməməsi iş materialları ilə öz təsdiqini tapmır. Əksinə iş materiallarından görünür ki, iddiaçı tərəfindən yaşayış sahəsindən istifadəyə maneə yaradıldığına görə cavabdeh həmin maneələrin qadağan edilməsi ilə bağlı iddiaçıya qarşı məhkəmədə iddia qaldırmış və ona qarşı iddiası təmin edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehin yaşayış sahəsindən istifadə hüququna ona iddiaçı tərəfindən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar