Məhkəmə qərarları › İş №e-2(001)-5944/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-5944/2022

29.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-5944/2022 29.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qəbzə əsasən o, İddiaçı 8000 manat məbləğində pulu borc götürmüşdür. Həmin borc məbləği 2022-ci ilin sentyabr ayına kimi hissə-hissə qaytarılmalı idi. Lakin həmin müddət bitsə də, Cavabdeh pulu iddiaçıya qaytarmaqdan imtina edir. Cavabdeh heç bir ödəniş etmədiyinə görə xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən ona xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh xəbərdarlıq məktubunu rəsmi şəkildə xx.xx.2022-ci il tarixdə qəbul etsə də, indiyə kimi iddiaçıya olan borcun ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Bu da iddiaçının mülki qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli əlyazma qəbzin əslindən görünür ki, cavabdeh iddiaçıya olan 8000 manat məbləğində borcu 2022-ci ilin sentyabr ayına kimi hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan göründüyü kimi, iddiaçı cavabdehdən 10 gün müddətində 8000 manat məbləğində borcun ona ödənilməsini xahiş etmiş və əks halda məhkəməyə müraciət edəcəyi barədə cavabdehi məlumatlandırmamış, cavabdeh həmin məktubu xx.xx.2022-ci il tarixdə şəxsən qəbul edərək, poçt qəbzinə imza etmişdir. İddia üzrə sübutetmə vəzifəsi bölüşdürərkən qeyd olunmalıdır ki, iddiaçı ilk növbədə tələb etdiyi məbləğdə pulun cavabdehə verdiyini sübut etməlidir. İddiaçı həmin halın sübutu qismində cavabdeh tərəfindən imzalandığı iddia olunan xx.xx.2021-ci il tarixli əlyazma qəbzi təqdim etmişdir. Həmin qəbz nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, qəbz cavabdeh Rüfət Şahbazovun adından imzalanmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdar edilməsinə (*iş materiallarında cavabdeh tərəfindən məhkəmə bildirişinin alınmasını təsdiq edən onun tərəfindən imzalanmış poçt qəbzi var, eyni zamanda məhkəmə tərəfindən onun adına qeydiyyatdan keçmiş bütün mobil nömrələrə sms göndərilmiş və həmin sms bildirişlər də cavabdehə çatdırılmışdır) baxmayaraq, ümumiyyətlə heç bir məhkəmə iclasına gəlməmiş və iddia ərizəsinə hər hansı etirazının olmasını məhkəməyə bildirməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmə hesab edir ki, tərəflər arasında Azərbaycan Respublikası Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən yazılı formada bağlanmış borc müqaviləsi mövcud olmasa da, cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması aşkardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə müvafiq olaraq, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, 8000 manat məbləğində pul cavabdeh X1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. 8000 (səkkiz min) manat məbləğində pul və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar