Məhkəmə qərarları › İş №e-2(001)-598/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-598/2025

17.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-598/2025 17.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC, 11 saylı Notariat Ofisi və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: protokolun və qərarın, bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın etibarsız hesab olunması) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 oğlunun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC, 11 saylı Notariat Ofisi və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı protokolun və qərarın, bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın etibarsız hesab olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC, 11 saylı Notariat Ofisi və üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı protokolun və qərarın, maliyyə arayışın, bağışlama müqaviləsinin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992-xx.xx.2020-ci il tarixləri arasında nikahda olduğu keçmiş həyat yoldaşı Cavabdeh2 ilə birlikdə xx.xx.2001-ci ildə Binəqədi rayonu, Ə.ünvan 1 ünvanında yaşayış binasında yerləşən 37 nömrəli mənzili 09 saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 MTK-dan almışdır. İddiaçının Cavabdeh2la nikahı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3670/2020 saylı, xx.xx.2020-ci tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı nikahın pozulmasından sonra birgə nikah dövründə əldə edilən mənzili Cavabdeh2 könüllü şəkildə bölməyə razı olmadığını gördükdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə əmlak bölgüsü tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə icraatı gedişatında iddia tələbinin predmeti olan mənzilə dair Bakı Şəhəri İcra Hakimiyyəti başçısının aparatı tərəfindən 014608 saylı, xx.xx.2006-cı il tarixli orderin mərhum X5 verildiyi məlum olmuşdur. Cavabdeh2 atası X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 işin məhkəməyə daxil olmasından sonra 11 saylı notariat kontoruna müraciət etmiş, X4 ölümü ilə əlaqədar vərəsəlik işi açılmışdır. Beləliklə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 11C ünvanında yerləşən 37 saylı mənzil barəsində mərhum X4 adına ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixində **********11-05301-093045 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum Ramiz Həbibovun vərəsələri olaraq Cavabdeh1 və Cavabdeh2 müəyyən edilmiş və onların hər biri miras əmlakdan bərabər ½ hissədə irs almışlar. Vərəsəlik şəhadətnaməsi və miras payın bağışlanma müqaviləsi əsasında iddia tələbinin predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 11C ünvanında yerləşən 37 saylı mənzil Cavabdeh2 mülkiyyətinə keçmişdir. Bu barədə Cavabdeh2 ƏMDK yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh tərəfindən sözügedən mənzil Cavabdeh2 satılmışdır və onun adına xx.xx.2014-cü il tarixində də maliyyə arayışı təqdim edilmişdir. Əgər Cavabdeh2 üzvlükdən çıxarılmışdırsa, onda 2014-cü ildə hansı əsasla ona maliyyə arayışı və protokoldan çıxarış təqdim edilmişdir? Həmçinin qeyd edir ki, 2006-cı ildə "xxxx" MTK adını dəyişərək Cavabdeh3 MMC olmuşdur. İddiaçı Cavabdeh2 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və mənzilə dair əsassız verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli, 2(001)-107/2023 nömrəli qətnamə qəbul edilmişdir. Məhkəmə qətnamədə iddia tələbini əsaslandırarkən qeyd etmişdir ki, mübahisələndirilən daşınmaz əmlak birgə nikah dövründə əldə edilsə də sonradan həmin əmlaka dair order və çıxarış cavabdehin atası X4 adına verilmişdir. Məhkəmə hesab etmişdir ki, mərhum X4 adına verilmiş 014608 saylı, xx.xx.2006-cı il tarixli order və xx.xx.2022-ci il tarixində verilmiş çıxarış qüvvədə olduğuna görə və mübahisələndirilmədiyinə görə iddia tələbi üzrə bu hissədə hər hansı məhkəmə araşdırmasının aparılması mümkün deyildir və hüquqi cəhətdən yolverilməzdir. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə Bakı Şəhər İcra Hakimiyyətinin 014608 saylı, xx.xx.2006-cı il tarixli orderinin etibarsız hesab edilərək ləğv edilməsi hissəsində xitam verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş 2V-96 reyestr nömrəli, xx.xx.2022ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ƏMDK yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən Cavabdeh2 Abdulla oğluna verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair tələblər baxılmamış saxlanılmışdır. Həmin orderin ləğv edilməsi üçün ərizə və sənədlər ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilmişdir. Lakin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş imtina məktubunda bildirilmişdir ki, sözügedən orderin etibarsız hesab edilməsinə əsas ola biləcək sənədlər təqdim edildiyi təqdirdə müraciətə baxıla bilər. Həmin orderin etibarsız hesab edilməsi üçün iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsi tərəfindən Bakı ŞİH-nə sorğular göndərilmişdir. Sorğulara verilən cavablardan işin yeni halları məlum olmuşdur. Belə ki, Cavabdeh3 MMC üzvlərinin 28 saylı, xx.xx.2006-cı il tarixli protokolundan çıxarışından məlum olur ki, Cavabdeh2 öz mənzilini və payını atası mərhum Ramiz Həbibova vermişdir. Nəticədə Cavabdeh2 MMC üzvlüyünə xitam verilməsi və atası mərhum Ramiz Həbibovun MMC üzvlüyünə qəbul edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh3 MMC tərəfindən Ramiz Həbibova maliyyə arayışı verilmişdir. Qərar təsdiq edilməsi üçün və Ramiz Həbibova order verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Aparatı yanında Mənzil məsələləri üzrə İctimai komissiyanın yığıncağının mənzilin və payın bir vətəndaşdan digər vətəndaşa verilməsi barədə xx.xx.2006-cı il tarixli, 8B saylı protokoldan məlum olur ki, Cavabdeh3 MMC-nin üzvü Cavabdeh2 öz mənzilini və payını atası mərhum Ramiz Həbibova verməsinə Komissiya tərəfindən razılıq verilmişdir. Nəticədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2006-cı il tarixli, 257 saylı sərəncam verilmişdir. Həmin sərəncam əsasında isə mərhum Ramiz Həbibova 014608 nömrəli, xx.xx.2006-cı il tarixli order verilmişdir. Ona görə də hazırda Cavabdeh3 MMC tərəfindən verilmiş 28 saylı, xx.xx.2006-cı il tarixli protokolun və qərarın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Çünki Cavabdeh3 MMC tərəfindən Cavabdeh2 payı Ramiz Həbibova verilərkən Cavabdeh2 nikahda olmuşdur. Rəsmi nikahda olmasına baxmayaraq daşınmaz əmlak üzərində sərəncam verilərkən arvadının razılığı olmalıdı idi. Bu tələb Cavabdeh2 da, Cavabdeh3 MMC-yə də məlum idi. Lakin qanunvericiliyin tələbləri hər ikisi tərəfindən kobud şəkildə pozulmuşdur. Nəticədə İddiaçı qanunla qorunan mənafeləri pozulmuşdur. Uzun müddət davam edən məhkəmə çəkişməsi nəticəsində hazırki faktlar ortaya çıxmışdır. Həmçinin Cavabdeh3 MTK tərəfindən verilmiş ümumi iclasın 56 nömrəli protokolundan xx.xx.2022-ci il tarixli çıxarış, xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi, 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş 2V-96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ƏMDX yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən Cavabdeh2 Abdulla oğluna verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə də qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsasən o, mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-598/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 MMC-yə qarşı Cavabdeh3 MMC tərəfindən verilmiş 28 saylı, xx.xx.2006-cı il tarixli protokolun və qərarın, maliyyə arayışının, çıxarışın etibarsız hesab olunması və s.” tələbinə dair mülki iş üzrə icraata iddianın “maliyyə arayışlarının etibarsız hesab edilməsi” hissəsində xitam verilmişdir.

a) İddia ərizəsinə qarşı etiraz:

3. Cavabdeh2 nümayəndəsi-vəkili xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, ərizədə göstərilənlər tam olaraq həqiqəti əks etdirmir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələblərinin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki halları ilə bağlı qeyd edir ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən mənzil mərhum atası X8 tərəfindən Cavabdeh3 MTK-dan alınmış və dəyəri ödənilmişdir. Qanunvericiliyə müvafiq olaraq MTK tərəfindən təqdim olunan sənədlər əsasında Bakı Şəhər İcra Hakimiyəti Aparatı tərəfindən verilən 014608 saylı, xx.xx.2006-cı il tarixli orederlə mərhum X5 məxsusluğu təsdiq edilmişdir. Hazırda iddiaçı tərəf onunla Cavabdeh3 MTK arasında bağlanmış müqaviləyə istinad edərək mərhum X8 ilə bağlanan müqavilənin və onun əsasında verilən sənədlərin əsaslılığını mübahisələndirir. Məsələ müqavilənin bağlanmasında deyil, onun faktiki icrasındadır. Yəni müqavilə formal olsa belə bağlana bilər, əgər bu halda bağlanan müqavilə icra edilməmişdirsə, onun hüquqi nəticələri müqavilənin formal olan bağlanma tarixinə və şəxsə görə deyil, məhz kim tərəfindən icra olunması əsas götürülməlidir. Çünki ödənişlərin olunması nəticəsində əmlak əldə edilmişdir ki, bu da onun atası - mərhum X8 olmuşdur. Bundan əvvəl Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)-107/2023 saylı mülki iş üzrə məhkəmə iclasında Cavabdeh3 MTK-nın nümayəndəsi izahatında iddiaçıda olan sənədlərin onların arxivində olmadığını, 2014-cü ildə iddiaçının müraciəti əsasında ona verildiyini, X8 ilə müqavilənin onlardan əvvəl olan rəhbərliyin bağladığını bildirmişdir. Göründüyü kimi Cavabdeh3 MTK tərəfindən arxivində nüsxəsi olmayan sənəd əsasında, sadəcə iddiaçının müraciəti ilə ona aid olmayan, yəni Cavabdeh2 adına olan müvafiq olaraq ümumi yğıncağın protokolu və maliyyə arayışını vermişdir. Tarixlərindən də göründüyü kimi Cavabdeh2 adına olan və iddiaçının məhkəməyə təqdim etdiyi ümumi yğıncağın protokolu və maliyyə arayışı 2014-cü ildə tərtib edilmiş, X5 Bakı Şəhər İcra Hakimiyəti Aparatı tərəfindən həmin mənzilə dair 014608 saylı order isə ondan 8 il əvvəl, yəni xx.xx.2006-cı il tarixdə verilmişdir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçı ərizəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli, 257 saylı sərəncamı ilə təsdiq edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısı aparatı yanında mənzil məsələləri üzrə ictimai komissiyanın iclası keçirilərkən X1 üzv qəbul olunması və yuxarıda qeyd olunan mənzilin Cavabdeh2 adından X4 adına keçirilməsi barədə məsələyə baxılaraq onun razılığının alınmamasına istinad etmişdir. Bununla əlaqədar qeyd edir ki, Mülki Məcəllənin 112.3-cü maddəsində qeyd edilir ki, əgər kooperativin nizamnaməsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativin üzvü öz payını və ya onun bir hissəsini kooperativin digər üzvünə verə bilər. Payın (onun bir hissəsinin) kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Göründüyü kimi kooperativin üzvünün öz payını və ya onun bir hissəsini kooperativ üzvü olmayan fiziki şəxsə verilməsinə yalnız kooperativin razılığı ilə yol verilir. Bu halda yalnız kooperativin razılığı tələb olunur. Ümumiyyətlə burada əldə olunan əmlakın verilməsindən yox, məhz pay hüququndan söhbət gedir. Hazırki halda pay hüququ Ramiz Abdullayevə verilərkən əmlak əldə edilmədiyindən və sonradan dəyəri Ramiz Abdullayev tərəfindən ödənildiyindən əmlaka mülkiyyət hüququnu da həmin şəxs əldə etmişdir. Bundan əlavə yuxarıda qeyd olunanlarla iddianın əsassız olması ilə yanaşı, əmlakın birgə nikah dövründə əldə olunması fərz edilsə belə, iddiaçı həmçinin hazırki tələb üzrə iddia müddətini də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 29 iyul 2019-cu il tarixli qərarında qeyd olunur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici iddia müddətinin axımının başlamasını subyektiv hüququn pozulması ilə əlaqələndirdiyindən, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr ər-arvadın ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddialara baxarkən müvafiq tərəfin ümumi əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyən etmək üçün işin konkret hallarını ətraflı araşdıraraq müvafiq nəticəyə gəlməlidir. Məsələyə başqa cür yanaşma, yəni, nikah dövründə ər-arvadın əldə etdiyi ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımının nikah pozulduğu andan hesablanması ər-arvadın ümumi əmlakla bağlı mülkiyyət hüquqlarının realizə imkanlarının qeyri-mütənasib və qanunvericiliyin mahiyyətinə zidd məhdudlaşdırılmasına səbəb ola bilərdi. İddiaçı hazırki ərizədə iddianın qaldırılması üçün müddətin ötməsini pərdələmək məqsədi ilə işin hazırki hallarının onlara yeni məlum olduğunu göstərmişdir. Bundan əvvəl Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş 2(001)- 107/2023 saylı mülki iş üzrə işin mübahisələndirilməyən hallarından məlum olduğu kimi tərəflər arasında faktiki ailə münasibətləri 2016-cı ilin noyabr ayında pozulmuş və həmin vaxtdan iddiaçı övladları ilə birlikdə mübahisəli mənzili tərk edərək evdən getmiş, həmin vaxtdan onların ailə münasibətləri sonlanmışdır. İşin göstərilən faktiki halları həmin mülki iş üzrə məhkəmə iclasında iddiaçının verdiyi izahatla da öz təsdiqini tapmışdır. Eyni zamanda iddiaçı 2014-cü ildə, yəni hələ faktiki ayrılmamışdan əvvəl cavabdehlə münasibətlərinin gərginləşdiyini görüb, Cavabdeh3 MTK-ya müraciət etmiş və oradan müvafiq sənədləri əldə etmişdir. Həmin vaxt MTK tərəfindən iddiaçıya arxivdə olan sənədlərin X4 adına olduğu da bildirilmişdir. İşin bu göstərilən halları MTK-nın nümayəndəsinin və iddiaçının özünün izahatı ilə təsdiqini tapmışdır. Lakin iddiaçı keçən müddət ərzində (faktiki ayrıldıqları -2016 - digər mülki iş üzrə iddia qaldırılanadək - 2021) hazırki iddia ilə məhkəməyə müraciət etməmiş, məhz 2018-ci ildə X4 vəfatından sonra tələblərini irəli sürməyə başlamışdır. Halbuki, həmin vaxtdan iddiaçı ümumi birgə hesab etdiyi əmlaklarla bağlı hüquqlarının pozulduğunu artıq bilirdi. Onun bu hüququnun pozulduğunu bildiyi 2014-cü ildə ailə münasibətlərinin gərginləşməsi və özünün izahatında bildirdiyi kimi MTK-dan müvafiq sənədləri əldə etməsi və bundan sonra 2016cı ildə birdəfəlik evdən çıxıb getməsində və özünün dediyi kimi bir daha həmin mənzilə buraxılmamasında ifadə olunur. Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Göründüyü kimi qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın bölünməsi haqqında tələblərə 3 illik iddia müddətini tətbiq edərkən, bütün hallarda Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı olduğunu müəyyən etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 izahat verərək bildirmişdir ki, iddiaçının ilkin tələbi iddiaçının keçmiş həyat yoldaşı Cavabdeh2 ilə Cavabdeh3 MTK arasında bağlanılmış 2001-ci il tarixli alqı-satqı müqaviləsi ilə bağlıdır. Həmin müqavilədən görünür ki, iddiaçı Əcəmi Naxçıvani küçəsində yerləşən mənzili alıb. Cavabdeh tərəfindən isə etirazda qeyd olunur ki, mənzil guya Cavabdeh2 tərəfindən deyil, onun atası mərhum Ramiz Həbibov tərəfindən alınıb. Lakin cavabdehlərin həmin etirazı müqavilə və müqavilələrlə bağlı ödəniş qəbzləri ilə təkzib olunur. Bununla yanaşı maliyyə arayışı və protokoldan çıxarışla da müəyyən edilir ki, mənzil 2014-cü ildə Cavabdeh3 MTK tərəfindən digər Cavabdeh2 verilirb. Hazırda həmin sənədlər əsasında boşanma prosesi bitdikdən sonra əmlak tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışlar. Cavabdeh həmin işlə bağlı məhkəmə iclas zalında atasının adına 2006-cı il tarixli order olduğunu, bununla bağlı notariat ofisinə vərəsəlik işinin açılması ilə əlaqədar müraciət etdiyini və həmin mülkiyyətin birgə nikah dövründə əldə edilmiş əmlak olmadığını bildirir. Bundan sonra həmin məhkəmə prosesi dayanır. Daha sonra cavabdeh gedib Cavabdeh3 MTK-dan atasının adına yeni order alır və notariat ofisinə müraciət edir ki, həmin əmlak atasının olub. Bundan sonra isə Cavabdeh2 müvafiq orqana müraciət edərək vərəsəlik aldıqdan sonra öz adına çıxarış alır ki, guya mübahisəli mənzil atasından ona qalıb. Bundan sonra iddiaçı orderin mübahisələndirilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və müraciəti ilə bağlı məhkəmə tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə sorğu verilmişdir. Sorğunun verilməsinə səbəb 2001-ci il tarixdə Cavabdeh2 satılmış sözügedən mənzilin 2006-cı il tarixdə cavabdehin atası Həbibov Ramizə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən orderin necə verilməsini müəyyən etmək olmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Həbibov Ramizə orderin verilməsinə dair sənədlər təqdim edilib və həmin sənədlərdən müəyyən edilir ki, guya Cavabdeh3 MTK protokoldan çıxarış təqdim edir və buna əsasən guya Cavabdeh2 MTK-da olan payını atasına bağışlayır və atası da MTK-ya üzv qəbul olunur və bununla da sənədlər Cavabdeh2 adına çıxarış verilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilir. Qeyd edilməlidir ki, 2006-cı ildə Cavabdeh3 MTK protokoldan çıxarış versə də bu zaman Cavabdeh2 evli olması, onun həyat yoldaşının olması nəzərə alınmayıb. Çünki əgər Cavabdeh2 öz payını Ramizə bağışlayırsa, kooperativ cavabdehin həyat yoldaşının razılığını almalı idi. Lakin bununla bağlı iddiaçının razılığı alınmamışdır. Göründüyü kimi iddiaçının razılığı alınmadan MTK tərəfindən iddiaçının payının cavabdehin atasına bağışlanması ilə bağlı çıxarış verilmişdir. Həmin sənəd əsasında da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenidən protokol və order verilmişdir. Bundan başqa Cavabdeh2 tərəfindən 2022-ci il tarixdə də atasının adına olan orderi Cavabdeh3 MTK-ya təqdim edilmişdir. Bu da eyni əmlaka fərqli tarixlərdə orderin verildiyini göstərir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi

5. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini və iddiaçı tərəfindən iddia üçün nəzərdə tutulmuş müddətin ötürüldüyünü, bununla bağlı etiraz verdiyini qeyd etmişdir. Həmin etirazda qeyd edilənləri nəzərə alaraq iddianın əsassız hesab edilməsi və iddia müddətini tətbiq etməklə İddiaçı cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı protokol, qərarın, maliyyə arayışının, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, çıxarışın etibarsız hesab olunmasına dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmasına baxmayaraq cavabdehlər və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Lakin Cavabdeh2 nümayəndəsi-vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə təqdim etdiyi iddiaya etirazı və iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.

c) Mülki işin materialları:

7. “Bank-Maliyyə MTK-nın sədri X7 ilə payçı Cavabdeh2 arasında bağlanmış xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən müqavilənin predmeti olan ünvan 3 ünvanında 3 bloklu 9 mərtəbəli 48 mənzilli yaşayış evinin 3 blok, 4 mərtəbədə ümumi sahəsi 162,34 kv.m olan mənzil 43 izolə olunmuş 4 otaqlı evdən ibarət olub bir pay kimi payçıya verilir.

8. Cavabdeh3 MMC tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 28 nömrəli protokoldan çıxarışdan görünür ki, X8 Cavabdeh3 MMC-yə üzv qəbul olunmuşdur. X5 Cavabdeh3 MMC-nin binasında Bakı şəhəri Ə.Naxçıvani küçəsi, 11 “C” saylı ev İİİ giriş İV mərtəbədə, yaşayış sahəsi 106,4 kv.m olan 4 otaqlı 37 saylı mənzil düşməsi təsdiq olunmuşdur. Cavabdeh3 MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 4 ünvanda yerləşən yaşayış binasının İİİ giriş, İV mərtəbəsində, ümumi sahəsi 162,34 kv.m yaşayış sahəsi olan 4 otaqlı, 43 saylı mənzil X5 məxsusdur və mənzilin pay dəyəri payçı X11 öğlu tərəfindən tam ödənilmişdir, X11 öğlunun Cavabdeh3 MMC-yə borcu yoxdur.

9. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixi məktubuna əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 257 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı yanlnda mənzil məsələləri qzrə ictimai komissiyanın iclasının 8B saylı, 05.0.2006-cı l tarixli protokolundan görünür ki, komissiya X2 üzv qəbul edilməsinə və orderə daxil edilməsinə razııq vermişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə X4 adına Bakı şəhəri Ə.Naxçıvani küçəsi, 3066, 11 “C” saylı ev 3 giriş 4 mərtəbədə, yaşayış sahəsi 106,4 kv.m olan 4 otaqlı 37 saylı mənzilə 014608 saylı order verilmişdir.

10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh3 MTK üzvlərinin ümumi iclasının 52 saylı, xx.xx.2014-cü il tarixli protokolundan çıxarışa və maliyyə arayışına əsasən əsasən Cavabdeh2 Cavabdeh3 MTK-nın üzvüyünə qəbul edilməsi və ona MTK-nln ünvan 7 ünvanda yerləşən, 9 mərtəbəli (+mansard) yaşayış binasının 3 giriş. 4 mərtəbəsində ümumi sahəsi 172,34 kv.m, yaşayış sahəsi 106,40 kv.m olan 4 otaqlı 37 saylı mənzilin verilməsi və sənədə 1 nəfər ailə tərkibində daxil edilməsi qərara alınmışdır, mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir.

11. Cavabdeh3 MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 56 nömrəli protokolundan çıxarışa və maliyyə arayışına əsasən vətəndaş X8 Cavabdeh3 MTK-ya üzv qəbul edilərək, ona MTK-nın ünvan 8 ünvanda yerləşən İX mərtəbəli (+mansard) yaşayış binasının İİİ giriş, İV mərtəbəsində ümumi sahəsi 162.34 kv.m, yaşayış sahəsi 106.40 kv.m olan 4 otaqlı 37 saylı mənzil verilmiş, sənədə 1 nəfər ailə tərkibində (özü – X8) daxil edilmiş və mənzilin pay dəyəri “payçı” X8 tərəfindən tam şəkildə ödənilmişdir.

12. ƏMDX DƏDKRX PHŞ-i tərəfindən verilmiş çıxarışa əsasən ünvan 9 X5 məxsusdur və bu hüquq ona xx.xx.2022-ci il tarixdə verilmişdir.

13. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X3 miras qalmış ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 154.1 kv.m olan mənzil ½ hissədə Cavabdeh2 və Cavabdeh1 irs qalmışdır.

14. xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 atası X3 miras qalmış əmlakdan ona çatası ½ hissədə miras payını qardaşı Cavabdeh2 bağışlamışdır.

15. ƏMDX DƏDKRX PHŞ-i tərəfindən verilmiş çıxarışa əsasən ünvan 9 Cavabdeh2 məxsusdur və bu hüquq ona xx.xx.2022-ci il tarixdə verilmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-1814/2024 saylı mülki işlə bağlı qərardadından görünür ki, hazırki mülki iş üzrə icraat İddiaçı tərəfindən cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı Cavabdeh2 və Cavabdeh1 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “sərəncamın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2- 1(112)-5507/2024 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması ilə bağlı qərar qəbul edilmişdir.

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 107/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və s.” tələbi təmin edilməmişdir.

18. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 107/2023 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və s.” tələbinə dair mülki iş üzrə icraata iddianın “mərhum X5 verilmiş 014608 saylı, xx.xx.2006-cı il tarixli orderin etibarsız hesab edilərək ləğv edilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır.

19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 107/2023 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və s.” tələbinə dair mülki iş üzrə İddiaçı Cavabdeh2 qarşı “11 saylı Notariat ofisi tərəfindən təsdiq olunmuş 2V-96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 11 saylı Notariat ofisi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinin və ƏMDK yanında DƏDKR PHŞ tərəfindən Cavabdeh2 Abdulla oğluna verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” hissəsinin baxılmamış saxlanması qərara alımışdır.

20. Cavabdeh3 MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 457 nömrəli maliyyə arayışından görünür ki, ünvan 10 ünvanda yerləşən yaşayış binası Cavabdeh3 MMC-yə məxsusdur. Bu binanın İİİ giriş, İV mərtəbəsində, ümumi sahəsi 162,34 kv.m yaşayış sahəsi 106,4 kv.m olan 4 otaqlı, 37 saylı mənzilin pay dəyəri payçı X11 öğlu tərəfindən tam ödənilmişdir, X11 öğlunun Cavabdeh3 MMC-yə borcu yoxdur.

21. Cavabdeh3 MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 01 nömrəli maliyyə arayışından görünür ki, ünvan 10 ünvanda Cavabdeh3 MMC tərəfindən inşa olunan yaşayış binasının İİİ giriş, İV mərtəbəsində, ümumi sahəsi 162,34 kv.m olan, 4 otaqlı mənzilin nömrəsi faktiki olaraq 37-dir. 2001-ci il tarixdə Müqavilədə bu mənzilin nömrəsi mexaniki olaraq səhvən 43 yazılmışdır. Bu mənzil üçün Cavabdeh2 tərəfindən 36500 ABŞ Dolları ödənilmişdir yaşayış sahəsi 106,4 kv.m olan 4 otaqlı, 37 saylı mənzilin pay dəyəri payçı X11 öğlu tərəfindən tam ödənilmişdir, X11 öğlunun Cavabdeh3 MMC-yə borcu yoxdur.

ç) Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22. 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

23. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

24. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

25. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

26. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 27 22. 373.1-373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü maddələri).

28. 375.1-ci və 375.2-ci maddələrinə əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

Məhkəmənin mövqeyi:

29. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

30. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü maddələri). Eyni zamanda tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi).

31. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2 maddələri).

32. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Yəni qeyd edilən müddəalar öhdəliklərin icra edilməməsinə görə maraqlı şəxsin tələb irəli sürməsi üçün iddia müddətinin axımının əsaslarını və qaydalarını tənzimləyir.

33. 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. Kredit müqaviləsinin öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması üçün, kreditorun bu öhdəliklərlə bağlı tələb hüququnun pozulduğunu və hətta belə bir hüququnun mövcud olduğunu bilməsi ilə şərtləndirilməməlidir.

34. 377.2 və 377.3-cü maddələrində, həm də bütövlükdə Mülki Məcəllənin ayrı-ayrı müqavilə növləri ilə bağlı iddia müddətlərinə dair müddəalarında açıq şəkildə öz əksini tapmışdır.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Bundan başqa Qərarda göstərilmişdir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

38. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).

39. Göstərilənlərlə yanaşı şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

41. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

42. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC, 11 saylı Notariat Ofisi və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı protokolun və qərarın, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 28 saylı, xx.xx.2006-cı il tarixli protokolunun və xx.xx.2006-cı il tarixli qərarının, Cavabdeh3 MTK tərəfindən verilmiş ümumi iclasın protokolundan 56 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın, ƏMDK yanında DƏDKR publik hüquqi şəxs tərəfindən X5 verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinin, 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş 2V-96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ƏMDK yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən Cavabdeh2 Abdulla oğluna verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

43. İddiaçı mübahisəli mənzilin cavabdehin mərhum atasının adına rəsmiləşdirilməsi və onun adına order verilməsini bilmədiyini göstərmişdir.

44. İş materiallarından isə görünür ki, iddiaçı 2014-cü ildə Cavabdeh3 MTK-ya müraciət etmiş və mübahisəli mənzilə dair Cavabdeh2 adına ümumi yığıncağın protokolu və maliyyə arayışı almışdır. Halbuki həmin vaxt artıq mübahisəli mənzilə dair Ramiz Həbibovun adına order mövcud idi.

45. Müəyyən edilmişdir ki, tərəflər arasında faktiki ailə münasibətləri 2016-cı ilin noyabr ayında pozulmuş və həmin vaxtdan iddiaçı övladları ilə birlikdə mübahisəli mənzili tərk edərək evdən getmiş, həmin vaxtdan onların ailə münasibətləri bitmişdir. İşin göstərilən faktiki halları məhkəmə iclasında iddiaçının nümayəndəsinin verdiyi izahatla da öz təsdiqini tapmışdır. Eyni zamanda iddiaçı 2014-cü ildə, yəni hələ faktiki ayrılmamışdan əvvəl cavabdehlə münasibətlərinin gərginləşdiyini görüb, Cavabdeh3 MTK-ya müraciət etmiş və oradan müvafiq sənədləri əldə etmişdir. Həmin vaxt MTK tərəfindən iddiaçıya arxivdə olan sənədlərin X4 adına olduğu da bildirilmişdir. İşin bu göstərilən halları MTKnın nümayəndəsinin və iddiaçının özünün əvvəlki məhkəmə mübahisələri zamanı verdikiəri izahatı ilə təsdiqini tapmışdır. Lakin iddiaçı keçən müddət ərzində (faktiki ayrıldıqları -2016 - digər mülki iş üzrə iddia qaldırılanadək - 2021) hazırki iddia ilə məhkəməyə müraciət etməmiş, məhz 2018-ci ildə X4 vəfatından sonra tələblərini irəli sürməyə başlamışdır. Halbuki həmin vaxtdan iddiaçı ümumi birgə hesab etdiyi əmlaklarla bağlı hüquqlarının pozulduğunu artıq bilirdi.

46. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə əmlakın bölünməsi tələbinə dair iddia qaldırdıqda digər tələblərlə yanaşı o cümlədən mübahisəli mənzilə dair mərhum X4 adına verilmiş 014608 saylı, xx.xx.2006-cı il tarixli orderin də etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Belə olduqda iddiaçının mübahisəli mənzilə dair mərhum X4 adına müqavilə bağlanılmasını, mənzilin onun adına rəsmiləşdirilməsini bilməməsinə dair dəlilini məhkəmə inandıdıcı hesab etmir. Belə ki, mənzilə dair müqavilə olmadığı halda mənzilə orderin verilməsi qeyri-mümkündür. Hazırkı halda iddiaçının mübahisələndirdiyi xx.xx.2006-cı il tarixli protokol və qərarla mübahisəli mənzil və pay X5 verilmişdir. Qanunvericiliyin tələblərinə görə isə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

47. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür, ona görə də iddia tələbi xx.xx.2006-cı il tarixli protokol və qərarın etibarsız hesab edilməsinə dair hissədə təmin edilməməlidir.

48. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh3 28 saylı, xx.xx.2006-cı il tarixli protokolunun və xx.xx.2006-cı il tarixli qərarının, Cavabdeh3 MTK tərəfindən verilmiş ümumi iclasın protokolundan 56 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın, ƏMDK yanında DƏDKR publik hüquqi şəxs tərəfindən X5 verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli miras payın bağışlanması müqaviləsinin, 11 saylı notariat ofisinin xüsusi notariusu İlqar Məmmədov tərəfindən təsdiq olunmuş 2V- 96 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və ƏMDK yanında DƏDKR publik hüquqi şəxsi tərəfindən Cavabdeh2 Abdulla oğluna verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır.

49. Məhkəmə hesab edir ki, iddiaçının iddiada qeyd etdiyi digər tələbləri məhz xx.xx.2006-cı il tarixli protokol və qərarın nəticələrindən doğan münasibətılər olduğundan iddia tələbləri qalan hissələrdə də təmin edilməməlidir.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Məcnunbəyovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 3 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 6 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu Ailə Məcəlləsinin 8.2-ci maddəsinə əsasən iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaların rəhbər tutulduğunu nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Lakin hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan hüquqi mövqeyinə, mülki və ailə qanunvericiliyinin normalarının tələblərinə zidd olaraq F.Məcnunbəyovanın nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımını nikahın pozulması tarixindən, yəni ABŞın X12-Anceles Ali Məhkəməsinin nikahın pozulması haqqında 29 iyul 2011-ci il tarixli qərarının qəbul olunduğu andan hesablamaqla iddia müddətinin ötürüldüyü qənaətinə gəlmişdir. Göründüyü kimi oxşar işlər üzrə Konstitusiya Məhkəməsinin Plenumu iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalı olduğunun zəruriliyini göstərməklə, əks yanaşmanın mülki və ailə qanunvericiliyinin normalarının tələblərinə zidd olduğunu birmənalı şəkildə qeyd etmişdir. Yəni, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair tələblərə tətbiq edilən iddia müddətinin axımının başlanmasını subyektiv hüququn pozulması ilə əlaqələndirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci madddəsinə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarında göstərilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri- mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin-mühüm əhəmiyyət daşıyan institutlarından biridir.

51. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1-373.3-cü maddələri). Eyni zamanda tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi).

52. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC, 11 saylı Notariat Ofisi və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı protokolun, qərarın, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

53. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak şəxslərə aid edilir.

54. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. 217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 MMC, 11 saylı Notariat Ofisi və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı protokolun və qərarın, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin, çıxarışın etibarsız hesab olunması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar