Məhkəmə qərarları › İş №e-2(001)-612/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-612/2025

23.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-612/2025 23.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh, Azərbaycan Respublikasının X1nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AR X1, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi cəlb edilməklə “mülkiyyət hüququnun məhdudlaşdırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında qanunsuz olaraq iri və xırda buynuzlu ev heyvanlarının (mal-qara, qoyun) və ev quşlarının (toyuq cücə) saxlamasının cavabdehə qadağan edilməsi və həmin mal-qaranın və toyuq-cücənin həyətdən çıxarılması, məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin və hüquqi yardıma görə vəkilə ödənilmiş 320 manat haqqın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu Binəqədi qəsəbə bəldiyyəsinin 28 dekabr 2006-cı il tarixli, 2413 nömrəli qərarı ilə Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəmdə olan 200 kv metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə mən İddiaçı mülkiyyətinə ayrılmışdır. Binəqədi qəsəbə bəldiyyəsinin 28 dekabr 2006-cı il tarixli, 2413 nömrəli qərarı ilə 200 kv metr torpaq sahəsi mülkiyyətimə ayrıldıqdan sonra, 2016-cı ildə həmin torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi inşa edib, ailəmlə birlikdə ünvan 2 ünvanında yaşamağa başlamışam. Mülkiyyətimə ayrılmış torpaq sahəsini mişar daşı ilə hasarlanmışam və hasarın digər tərəfində qonşular yaşayırlar. Bildirirəm ki, mənim evimin sol tərəfində qonşuluqda ünvan 1 ünvanında yaşayan, Tərtər rayonu İlxıçılar kəndində qeydiyyatda olan xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh öz ilxısını Tərtər rayonundan Bakı şəhərinə daşıyaraq, həyətdə qanunsuz olaraq iri buynuzlu mal-qara və toyuq cücə ferması yaratmış və yaşayış sahəsini fermaya çevirmişdir. Yaşadığımız ərazi Bakı şəhəri hesab edildiyi halda, kənd yoxsa şəhərdə yaşadığımızı anlamaq mümkün deyildir. Belə ki, Cavabdeh həyəti mal-qaranın yaş peyini ilə doldurmuş, natəmizlik yaratmış, mal-qaranın sidiyinin və yaş peyinin qoxusu hər tərəf yaşayış evlərindən ibarət olan və körpə uşaqların da yaşadığı ərazini bürümüş və pis qoxudan evdə və ərazidə yaşamaq mümkünsüz olmuşdur. Bundan başqa Cavabdeh saxladığı mal-qaranın sidiyini və peyinini kanalizasiya xəttinə axıdır və beləliklə kanalizasiya xəttinin də işləməsinin qarşısını almışdır. Kanalizasiya xəttinin dolması nəticəsində, bütün kanalizasiya suları yollarda dolub ətrafa iy qoxu verməkdədir. Dəfələrlə cavabdehə xəbərdarlıq etməyimizə baxmayaraq o, qulaqardına vuraraq, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Mən də münaqişə olmasın deyə məcbur olub pozulmuş hüquqlarımın qorunması üçün DİN-nin 102 qaynar xətt xidmətinə, Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyinə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinə müaraciət etmək məcburiyyətində qaldım. Azərbaycan Respublikasının Qida Təhlükəsizlik Agentliyi Bakı Regional Bölməsini mənə xx.xx.2024-cü il tarixli məktub göndərərək, aparılmış araşdırma zamanı əraziyə baxış keçirilərək və cavabdeh tərəfimdən həyətyanı sahədə mal-qaranın saxlanılması, yetişdirilməsi və istifadə olunması zamanı Azərbaycan Respublikasının “Baytarlıq haqqında” Qanunun 19-cu maddəsinin “heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək” tələblərinin pozulduğu aşkar olunmuşdur. Müxtəlif növ heyvanların və quşların bir yerdə saxlanmasına yol verilməməlidir. Heyvanların saxlanması, yetişdirilməsi və istifadə edilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslər ətraf mühitin çirklənməsinə yol verməməli, əldə edilən peyin kütləsi müvafiq qaydada biotermik zərərsizləşdirilməlidir. Bundan başqa Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən gələn xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan ünvana idarənin əməkdaşları tərəfindən texniki baxş keçirilmiş, xx.xx.2024-cü il tarixdə qeyriqanuni su və kanalizasiya xidmətindən istifadəyə görə akt yazılmış və cərimə məbləği tətbiq edilmişdir. Hesab edirəm ki, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı, cavabdehin ünvan 1 ünvanında qanunsuz olaraq iri buynuzlu mal-qara və toyuq cücə saxlaması qadağan edilməlidir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı özü daimi olaraq orada yaşamasa da ailəsi orada yaşayır. Cavabdehin saxladığı heyvanların qoxusu iddiaçının mülkiyyət hüququndan istifadə etməsinə mane olur. Yoxlamada qoxunun norma həddində olması barədə qeyd iddiaçının hüquqlarının pozulmasını istisna etmir. Belə ki, iddiaçı yay aylarında öz həyətində oturmaqdan məhrum olmuşdur.

4. Məhkəmə iclaslarında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, yaşadığı yer şəhərdən kənar olmaqla kənd kimi yerdir. Orada hamı heyvan saxlayır. O da maddi durumu pis olduğundan ailəsini saxlamaq üçün heyvan saxlayır. Onun ünvanına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qida Təhlükəsizliyinin, Sukanal İdarəsinin əməkdaşları gəlmişlər. Yoxlama zamanı həmin qurumun əməkdaşları ona heç bir irad bildirməmişlər. O, hal-hazırda qapalı şəraitdə 3 dana, 1 inək, 6 keçi, 6-7 toyuq saxlayır. Heyvanların sidiyi kanalizasiyaya axıdılır, peyini və digər zibillər hər gün yığışdırılır və tullanır. Onun təsərrüfatından heç bir qoxu gəlmir, su və kanalizasiya ilə bağlı ona hər hansı cərimə tətbiq edilməmişdir. Onun sənədlə torpaq sahəsi 2 sot olsa da, faktiki olaraq oğlu ilə birlikdə 6 sot torpaq sahəsi vardır. O həmin heyvanları özünün ehtiyacları üçün saxlayır, hər hansı satışla məşğul deyil.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, idarənin əməkdaşları tərəfindən sözügedən ünvana baxış keçirilmiş, lakin cavabdeh barəsində hər hansı cərimə tətbiq edilməmişdir. Cavabdeh barəsində cərimə tətbiq edilsə idi, tərəfimizdən tətbiq edilmiş cərimə abonentin abonent koduna yönləndirilərdi. Lakin prosesə gəlməmişdən əvvəl sistemdə cavabdehin cərimə olunub-olunmamasını yoxlamış, bu barədə hər hansı məlumat aşkar etməmişdir.

6. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının X1nin nümayəndəsi X5 bildirmişdir ki, “Baytarlıq haqqında” qanunun tələblərinin və “heyvanların(quşların) saxlanması, yetişdirilməsi və istifadə olunması” qaydalarının pozulmasına görə onların protokol tərtib etmək səlahiyyəti yoxdur.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş digər üçüncü şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməsə də, məhkəmə sorğusu ilə tələb edilən materialları təqdim etmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

8. İddiaçı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ünvan 4 ünvanında yerləşən və Bələdiyyə sənədi əsasında verilmiş torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində yaşayır. Cavabdeh isə onun divar qonşusudur və Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ünvan 5 ünvanında yaşayır. Cavabdeh həyətində 3 inək, 1 dana, 6 keçi, 6-7 toyuq saxlayır. İddiaçı cavabdehin təsərrüfat fəaliyyəti nəticəsində ətraf mühitə pis qoxu yayıldığını, heyvanların tullantılarının qanunsuz olaraq kanalizasiya sisteminə axıdıldığını iddia edir və bu səbəbdən onun həmin ərazidə heyvan saxlamasının qadağan edilməsini xahiş edir.

9. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı şikayəti əsasında idarənin əməkdaşları tərəfindən yerində araşdırma aparılmışdır və Nazirliyin X4 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən ərazidə müvafiq ölçmə-monitorinq işləri həyata keçirilmişdir, Monitorinq nəticələrinə əsasən iy-qoxu miqdarı ətraf mühit üçün yol verilən norma daxilində olduğu müəyyən edilmişdir.

10. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən məhkəmə sorğusuna əsasən göndərilmiş materiallardan görünür ki, X4 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən xx.xx.2024-cü il tarixdə, 002105 nömrəli AKT tərtib edilmişdir və həmin AKT-da qeyd edilmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ünvan 4 ünvanında İddiaçı iştirakı ilə sabit hava şəraitində monitorinq keçirildi, monitorin zamanı məlum oldu ki, qonşuluqda yaşayan Cavabdeh həyətyanı sahəsində 5 ədəd iribuynuzlu, 3 ədəd keçi saxlayır. Əraziyə keçirilən baxış zamanı ərazidə spesifik iy-qoxu müşahidə edildi. Montorinq ölçmə cihazı ilə İddiaçı evinin 3-5 metr aralığında yoxlama aparıldı və ölçmənin nəticəsinə görə gələn iyqoxunun ətraf mühit üçün yol verilən hədd norması daxilində olduğu müəyyən edildi.

11. Azərbaycan Respublikasının X1 Bakı Regional Bölməsi tərəfindən məhkəmə sorğusuna əsasən göndərilmiş materiallardan görünür ki, X1 Tərəfindən xx.xx.2024-cü il tarixli AKT tərtib edilmişdir. AKT-da qeyd edilmişdir ki, vəətəndaş şikayətinə əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Sumqayıt yolu, 1-ci döngə ünvanına baxış zamanı vətəndaş Cavabdeh 5 baş iribuynuzlu heyvanın olduğu məlum oldu, yaranmış şikayətlə bağlı vətəndaşala görüşülüb baytarlıq haqqında qanunun tələbləri izah edildi, əlavə olaraq “Heyvanların(quşların) saxlanması, yetişdirilməsi və istifadə olunması qaydalarının” pozulduğu müəyyən edilmiş və vətəndaşa bu qaydalara əməl olunması ilə bağlı icrası məcburi göstərişlər verilmişdir.

12. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” Publik hüquqi şəxs Binəqədi Rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, ünvan 4 ünvanında qonşuluqda yaşayan Cavabdeh tərəfindən yaşadığı həyət evində saxladığı iri buynuzlu mal qara üçün istifadə etdiyi qeyri-qanuni su və kanalizasiya xidmətinin dayandırılması üçün İddiaçı müraciətinə cavab olaraq bildirilir ki, qeyd olunan ünvanda idarənin əməkdaşları tərəfindən texniki baxış keçirilmiş, 31 iyul 2024-cü il tarixində qeyriqanuni su və kanalizasiya xidmətindən istifadəyə görə akt yazılmış cərimə məbləği tətbiq edilmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

13. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi kimi ilk addım iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

14. İddiaçının işin faktiki halı kimi bildirdiyi məlumatlardan və iddia ərizəsinin əsaslandırılmasından müəyyən edilir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 170-ci maddəsi təşkil edir.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1 və 170.2-ci maddələrində qeyd edilmişdir ki, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

16. Bununla belə, həmin məcəllənin 171-ci maddəsində qeyd edilmişdir ki, Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

17. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, cavabdeh faktiki sahiblik etdiyi torpaq sahəsində iri və xırda buynuzlu bir neçə heyvan saxlayır. Qonşuluqda yaşayan iddiaçının bununla bağlı spesifik iy-qoxu təsirinə məruz qalması mübahisə doğurmur. Lakin müvafiq qurumun yoxlaması nəticəsində gələn iy-qoxunun ətraf mühit üçün yol verilən hədd norması daxilində olduğu müəyyən edilmişdir. Yuxarıda sadalanan normaların məzmunundan görünür ki, qoxunun yol verilən həddə olması mülkiyyətçinin hüququnun əhəmiyyətsiz dərəcədə pozulması kimi qiymətləndirilir və bu halda mülkiyyətçi qonşu təsirinə dözməlidir. “Baytarlıq haqqında” AR qanununda və AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması” qaydalarında isə bu barədə hər hansı xüsusi qayda müəyyən edilməmişdir.

18. Bundan əlavə iddiaçının mal qaranın təbii ifrazatının kanalizasiya xəttinə axıdılması və bunun nəticəsində kanalizasiya xəttinin işləməməsi barədə dəlilləri öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məktubunda cavabdehin qeyri-qanuni su və kanalizasiya xidmətindən istifadə etdiyi və buna görə cərimə edildiyi göstərilsə də, məhkəmə iclasında iştirak edən Agentliyin nümayəndəsi cavabdehin barəsində cərimə tətbiq edilmədiyini bildirmişdir.

19. Beləliklə, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddiası əsassız hesab edilməlidir. Tətbiq edilən prosessual normalar:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

21. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

22. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

23. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

25. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

27. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi, AR X1, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi cəlb edilməklə “mülkiyyət hüququnun məhdudlaşdırılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar