Məhkəmə qərarları › İş №e-2(001)-6125/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6125/2025

10.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6125/2025 10.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclac katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh əsassız varlanma nəticəsində əldə olunmuş pul vəsaiti olaraq 72.000 manat (yetmiş iki min) və iddia üçün ödənilmiş dövlət rüsümuna görə 306 (üç yüz altı) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 2016-cı ildən tanımışdır. Cavabdeh Sədərək ticarət mərkəzində işləmiş, həmin vaxt Çindən insaat materialları gətirib respublika ərazisinə paylayıb satmışdır. 2019-cu ildən etibarən cavabdeh onunla işləməyə başlamışdır, sonuncu ona məxsus Ateco markalı avtomobili idarə edib malları mağazalara paylamışdır. Belə ki, cavabdeh mağazalara pərakəndə mallar satmaq istəməmiş və malları topdan satmaq qərarına gəlmiş, bununla bağlı iddiaçı ilə söhbət edən zaman malları ona verməsini, satıb pulunu verəcəyini demisdir. Bundan sonra Ateco markalı avtomobil, içərisindəki mallar və nisyədə olan pullar hesablanmış və 160.000 manat etmişdir. O, malları topdan qiymətinə hesablamışdır ki, özü də üzərinə müəyyən pul qoyub sata bilsin. Danışığa əsasən 5-6 ay ərzində cavabdeh iddiaçının pulunu bağlamalı olmuş, indiyə qədər cavabdeh iddiaçıya 5-6 ay ərzində 73.000 manat pul qaytarmışdır. Ancaq malların hamısını satmasına baxmayaraq onun 87.000 manat pulunu qaytarmamış, bu barədə maraqlanan zaman cavabdeh tezliklə pulu qaytaracağını demiş, iddiaçı bundan sonra xəbər tutmuşdur ki, cavabdeh çoxlu yerlərə borcu olduğundan, onun mallarını satıb pulunu həmin borclara vermişdir. O, dəfələrlə cavabdehə pulunu qaytarmasını demiş, o, atası ilə dəfələrlə ondan vaxt istəyərək işləyib pulu qataracağını demiş, ancaq aradan çox vaxt keçməsinə baxmayaraq onun pulunu qaytarmamışdır. Hadisə ilə bağlı iddiaçı tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinə əriazə ilə müraciət olunmuş, Sumqayıt ŞPİ-nin İŞ-in 12 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarı ilə cinayət işinin başlanması rədd olunmuşdur. Cavabdeh öz izahatında göstərmişdir ki, mallar, avtomobil və mağazaların onlara olan borcları hesablanmış və 132.000 manat barədə aralarında razılaşma olmuşdur. Beləlliklə o, iddiaçıya 132.000 manat pulu verməli olmuş, bundan sonra o, özü işləməyə başlamış və 6-7 ay ərzində 60.000 manat pul qaytarmışdır. Hazırda isə iddiaçının cavabdehə 72.000 (yetmiş ikimin) manat borcu vardır.

Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflər ticarətlə məşğul olublar, aralarında borc mübahisəsi yaranıb. Polis bölməsində olarkən cavabdeh izahatında bildirmişdir ki, 72000 manat borcu qalmışdır. Həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda da bu göstərilmişdir.

4. Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. İddiaçı ilə arasında borc münasibətinin olduğunu etiraf edir. Sadəcə olaraq iddiaçıya iddiada göstərilən məbləğdə yox, ondan aşağı həcmdə, 52000 manat məbləğində borcu vardır.

Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

6. İddiaçı ilə Cavabdeh Çindən insaat materialları gətirərək, respublika ərazisinə sataraq, birgə ticarətlə məşğul olmuşlar. Ticarət zamanı cavadehin iddiaçıya 72000 manat borcu yaranmışdır.

7. Sumqayıt ŞPİ-nin xx.xx.2025-ci il tarixli, HK-271 nömrəli iş materialı üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından, toplanmış sübutlar üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Araşdırma zamanı izahatı alınan X2 izahatında bildirmişdir ki, “hazırda İddiaçı 72000 manat məbləğində borcu qalmışdır”

8. Məhkəmə iclasında cavabdeh iddiaçıya borcunun olduğunu etiraf etsə də, qalıq məbləğin 72000 manat yox, 52000 manat olduğunu iddia etmişdir. Lakin bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir; 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya və əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyi hallara da şamil edilir; 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Məhkəmənin mövqeyi:

11. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə münasibətləri olmamışdır. Birgə ticarətlə məşğul olduqları dövrdə cavabdeh iddiaçının gətirdiyi malların satışını həyata keçirmişdir. Lakin fəaliyyəti nəticəsində iddiaçıya məxsus mallar hesabına əsassız olaraq varlanmış, iddiaçıya 72.000 manat borcu yaranmışdır. Cavabdeh borcunun olduğunu etiraf etsə də borc məbləğinin 52.000 manat olduğunu iddia etmiş, lakin bununla bağlı məhkəməyə dəlil təqdim edə bilməmişdir.

12. Bu səbəbdən məhkəmə hesab edir ki, tədqiq edilmiş sübutlarla cavabdehin əldə etmiş olduğu vəsaitə hüquqi əsası olmadığından, həmin vəsait əsassız varlanma qaydalarına uyğun olaraq məhrum olanın tələbinə əsasən geri qaytarılmalıdır. Tətbiq edilən prosessual normalar və qaydalar:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

14. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

15. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır;

16. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

17. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

18. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə:

19. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 72.000 manat məbləğində pul vəsaiti və 306 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir.

20. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbi nə dair iddiası təmin edilsin. Cavabdeh 72.000 (yetmiş iki min) manat məbləğində pul vəsaiti və 306 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar