Məhkəmə qərarları › İş №e-2(001)-6287/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6287/2025

11.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6287/2025 11.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən 06 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun tutulmasına dair verilmiş xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

3. Belə ki, iddia ərizəsində iddiaçı Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən 06 iyun 2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun tutulmasına dair verilmiş xx.xx.2025-ci il tarixli icra qeydinin ləğv edilməsini tələb etdiyi halda iddia ərizəsinə nə sözügedən kredit müqaviləsini, nə onun əsasında verilmiş notariusun icra qeydini, nə də həmin icra qeydini nə zaman aldığını təsdiq edən sənədləri əlavə etməmişdir.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. - Maddə 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. - Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

5. Məhkəmə qeyd edir ki, icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyindən geri qaytarılmalıdır.

6. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutları ərizəyə əlavə etməli olduğu halda o, nə ləğvini tələb etdiyi notariusun icra qeydini, nə onun verilməsinə əsas olmuş kredit müqaviləsini, nə də notariusun icra qeydini nə zaman aldığını təsdiq edən müvafiq sənədləri ərizəyə əlavə etməmişdir. Beləliklə də iddiaçı iddia ərizəsinin forma və məzmunu ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Bu tələbə əməl edilməməsi isə mülki prosessual qanunvericiliyin imperativ tələblərinə əsasən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır.

7. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş şərtinə - iddia ərizəsinin forma və məzmununa dair tələblərinə əməl etməmişdir. Bu səbəbdən də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.

8. Mülki prosessual qanunvericilik iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edilərkən həmin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsinin də həll edilə bilməsinə dair məhkəməyə dispozitiv səlahiyyət vermişdir. Məhkəmə bu səlahiyyətindən istifadə edərək hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır.

9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 152.1.1, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi geri qaytarılsın.

2. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar