Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6332/2025 16.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə (mübahisə predmeti qismində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: Maddi ziyanın ödənilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı (mübahisə predmeti qismində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə) “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları:
1. İddiaçı cavabdeh AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh AR DİNnin Baş Dövlət Yol Polisi İdarəsindən ona dəymiş maddi ziyanın əvəzi olaraq 114 manat məbləğində vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, Mir Cəlal küçəsi ilə X1 küçəsinin kəsişməsində ona məxsus **-UC-*** nömrəli “Mercedes Benz E320” markalı maşını idarə etdiyi zaman, xüsusi texniki vasitə ilə xx.xx.2025-ci il tarixli, EQ29390964 saylı qərara əsasən İXM-sinin 327.1-ci maddəsinə görə DYP tərəfindən cərimə olunmuşdur (Sənəd 1.2) Heç bir qayda pozmadığına əmin olduğundan qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət etmiş, xx.xx.2025-ci il tarixli 3(001)-5191/2025 saylı qərara əsasən cərimə ləğv olunmuş və iş üzrə icraata xitam verilmişdir. Nəticədə məhkəmə prosesi leyhinə yekunlaşdığından MM-nin 1101.1 məddəsinə əsasən inzibati tənbehin qanunsuz verilməsi nəticəsində dəymiş maddi ziyanın qarşılanması cavabdehin üzərinə qoyulmalıdır. Mənəvi zərərin isə qaydalarda maddi ziyana mütənasibliyi göstərilmədiyindən mənəvi təzminatı istənilən məbləğdə tələb etmə hüququ vardır. Lakin bildirmək istəyir ki, qanunsuz hərəkətlər nəticəsində dəymiş mənəvi zərərlə bağlı iddiası olmayacaq. Eyni zamanda bildirmək istəyir ki, bununla bağlı qarşı tərəf məhkəmə qərarından apelyasiya şikayəti verməyib. Qərarın rəsmi qaydada verildiyi və üzərindən 10 gün müddətin tamam olmasını gözlədikdən sonra Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən iddia müddətinin 3 il olduğunu nəzərə alaraq maddi ziyanla bağlı iddia ərizəsini təqdim edir. Maddi ziyan dedikdə cərimə olunduğu gündən zərərin qarşılanması müddətinə qədər olan zamanı əhatə edilir və bu mənada çəkilmiş bütün maddi xərclərin qarşılanması nəzərdə tutulur. Şərti olaraq hesablanma üçün (vaxt dəyəri, yazı dəyəri, çap işləri, yol xərcləri) kimi bir neçə hissələrdən təşkil olunur və ayrıayrılıqda sübutlara istinad edilir. 1. Vaxt dəyəri dedikdə işdən icazə aldığı müddətdə yola və görüşə sərf edilmiş vaxt itkisi nəzərdə tutulur. Cərimənin qərarı poçt ilə gəlmədiyindən və eyni zamanda asanpay kabinetdə yerləşdirilmədiyindən qərarı götürmək üçün Bakışəhəri DYP idarəsinə gedib və qayıtmaq üçün 86 dəqiqə, qərarı isə 108-ci otaqdan götürmək üçün 5 dəqiqə vaxt sərf etmişdir. Şikayət ərizəsini təqdim edərkən Binəqədi Rayon Məhkəməsinə gedib və qayıtmaq üçün 56 dəqiqə vaxt sərf etmişdir. Təyin olunmuş iclas günündə Binəqədi Rayon Məhkəməsinə gedib və qayıtmaq üçün 60 dəqiqə, iclasda iştrak üçün isə 10 dəqiqə vaxt sərf etmişdir. Bu da ümumi cəm hesabı olaraq (86 + 5 + 56 + 56 + 10 = 213 dəqiqə yəni) 3.5 saat vaxt itkisi dəyəri kimi qəbul olunur. Sübut olaraq sərf edilmiş vaxtın dəyərləndirmə sxemini işə əlavə edir. (Sənəd 2.1)
2. Yazı dəyəri dedikdə DYP idarəsinə və məhkəməyə ünvanladığı ərizələrin yazılmasına sərf olunmuş vaxt itkisi nəzərdə tutulur. Cərimədən asanpay kabinetdə şikayət etmək üçün yazılmış ərizədə 401 sözdən istifadə olunub. Məhkəməyə göndərilmiş şikayət ərizəsi isə 1104 sözdən ibarətdir. Bu ərizələrin yazılması və qanunvericilikdə olan maddələrə istinad edilməsi, fikirin düşünülməsi, formulə olunması, əlavə araşdırma aparılması zehni güc tələb edir. Bütün bu nüansları nəzərə alaraq hüquqi ərizənin 100 sözdən ibarət yazısı 10 dəqiqə vaxt apararsa, 1500 sözdən ibarət ərizəyə ümumi olaraq (1500 / 100 * 10 = 150 dəqiqə yəni) 2.5 saat yazmağa sərf edilmiş yazı dəyəri kimi qəbul olunur. Baxmayaraq ki, belə bir ərizənin belə qısa müddətdə yazılması qeyri-mümkün olsa da sərf olunmuş vaxt minimumla hesablanılıb. Sübut olaraq həmin yazıların sözsayını işə əlavə edir. (Sənəd 2.2) DYP idarəsində, istərsə də məhkəmələrdə iştirak etməyi məhkəmə qərarlarında öz təsdiqini tapdığından ən azı mövcuddur. Qeyd edilən vaxt itkiləri minimumla hesablanmışdır. Bir ayda 22 iş gününü 8 saatdan hesablayanda 176 saat edir. Nəzərə alınsa ki, 176 saat müqabilində aldığı əməkhaqqı sənəddə göstərilən məbləği təşkil edirsə, onun hər itirilmiş 1 saatının dəyəri aza doğru yuvarlaq olmaqla 18 azn təşkil edir. Elektron kabinetində my.gov.azsaytı vasitəsi ilə əmək haqqının məbləğini və sənədin orijinallığını təsdiqləyən QR piktoqramma özəksini tapmışdır. Həmin sənədi və QR kodu sübut olaraq işə əlavə edir. (Sənəd 2.3) Belə olan halda yuxarıdakı saat hesablarını əldən çıxmış fayda olaraq hesabladıqda: Vaxt dəyəri (3.5 saat * 18 azn = 63 azn) yazı dəyəri isə (2.5 saat * 18 = 45 azn) təşkil edir. 3. Çap işləri dedikdə məhkəməyə təqdim edilmiş ərizə formalarının çap olunma dəyəri nəzərdə tutulur. Bildirir ki, çap işlərinə sərf edilmiş məbləğ minimum qiymətlərdən 3 dəfə baha başa gəlib. Lakin çap məntəqələrində qəbz təqdim edilmədiyi üçün məbləğin ola biləcək ən aşağı qiyməti kimi hesaba əlavə edir. Beləliklə Bakı şəhərində yerləşən ən ucuz çap yerinin qiymətləri ilə hesablansa A4 format ağ-qara 15 qəpik, A4 rəngli format 20 qəpiyə çap edilir. Qiymətlərlə bağlı təqdim edəcəyi sübutlardan əlavə daha ucuz çap xidmətini qarşı tərəf təqdim edərsə çap işlərini təqdim olunacaq yeni qiymətlərlə hesablanmasını qəbul edəcək. Çap xidmətinin qiymətlərini və əlaqə nömrələrini sübut olaraq işə əlavə edir. (Sənəd 2.4) Beləliklə məhkəməyə təqdim edilmiş A4 ağ-qara çap olmaqla, şikayət ərizəsi 3 səhifə, vəsatət 1 səhifə, vəsiqənin surəti 1 səhifə, DYP qərarı 1 səhifə, A4 rəngli olmaqla təqdim edilmiş fotoşəkillər isə 6 səhifə təşkil edir. Mövcud dəyərləndirmə ilə hesabladıqda (A4 ağ-qara 6 səhifə * 0.15 azn) + (A4 rəngli 6 səh * 0.20 azn) = 2 azn təşkil edir. 4. Yol xərcləri dedikdə evdən və ya iş yerindən məhkəməyə gedib gəlmək üçün nəqliyyata sərf etdiyi məbləğ başa düşülür. Belə ki hər gediş 50 qəpik, gəliş 50 qəpik olmaqla, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri DYP İdarəsindən cərimə qərarını götürmək üçün 2 avtobus dəyişməklə 2 azn, xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə vermək üçün metroya 1 azn, xx.xx.2025-ci il tarixdə məhkəmədə iştrak etmək üçün metroya 1 azn ödənilmişdir. Ümumi məbləğ (2 azn + 1 azn + 1 azn) = 4 azn təşkil edir. Qeyd edir ki, Bakı kart ilə ödənişdə çekin verilməsi nəzərdə tutulmasa belə o ödənişin olunmamasına gətirib çıxara bilməz. Avtobusa kartla ödədiyi pulu sübut etmək üçün hər dəfə mindiyi vaxtdan məhkəməyə çatdığı vaxta qədər video görüntü olaraq qeyd etməyi absurd bir hal olardı. Metroda isə video və foto çəkiliş qadağandır. Mümkün olan daşımaların ən az məsrəflisi ictimai avtobus və metrodur. İlk baxışdan piyada getmək nəqliyyata nisbətdə tam məsrəfsiz görünürsə də zaman etibarı ilə ona sərf olunan müddət nəqliyyat dəyərindən baha başa gəlir. Belə ki, orta statistik insanın gedişi ilə məhkəməyə pulsuz getsəydi bu zaman nəqliyyatla gedəcəyi müddət fərqini çıxdıqdan sonra yaranan əlavə zaman itkisinin iş dəyəri ilə hesablamalı olacaqdı. Bu isə öz növbəsində nəqliyyatdan 8 dəfə daha baha olacaqdır. Mülki Məcəllənin 21.1. bəndinə görə 0,5 manat mümkün olan bütün gedişlərin ən az miqdara başa gəldiyi hal olaraq qalır. Yaşadığı ünvandan məhkəməyə getdiyi yolun hərəkət sxemini sübut olaraq işə əlavə edir. (Sənəd 2.5) İlk öncə bildirmək istəyir ki, maddi təzminat ilə bağlı qaldırdığı iddianın əsas məqsədi vəzivəsini düzgün icra edə bilməyən əməkdaşların islah olunmasına yönəlib. Təsadüfi deyil ki, maddi təzminat ilə bağlı iddia ərizəsi mülki qaydada mübahisələndirildiyi kimi, paralel olaraq Bakı İnzibati məhkəməsinə də həmin əməkdaşların İXM-nin 17-ci bəndinə görə cəzalandırılması ilə bağlı müraciət olunub. Ümumi olaraq haqsız yerə şəxs 5 dəqiqə ərzində cərimə olunur, lakin həmin cərimənin ləğv edilməsi cəhtləri isə bir neçə aya qədər uzana bilir. Ən yaxşı halda cərimə sonda ləğv olunsa belə bununla bağlı əksər hallarda heç kəs məsuliyyət daşımır. Məhkəmə hüquq sistemində cəzalanma prosesi inzibati orqanın aktları və hərəkətlərindən şikayət Bakı İnzibati məhkəməsi vasitəsi ilə, dəymiş maddi ziyan və mənəvi zərər isə Mülki Məcəllənin tələbinə görə tənzimlənir. Fiziki şəxsin dövlət orqanlarından maddi ziyanın qarşılanmasını tələb etməsi nadir hallarda baş verdiyi üçün bəzən məhkəmələr bu işin kimin yurisdiksiyasında olmasını qərarlaşdıra bilmir. Lakin bu məsələ ilə bağlı Binəqədi Rayon Məhkəməsində artıq 2020-ci il tarixli presedent var və həmin presedent işin həqiqətən də mülki məhkəmədə baxılmalı olmasını təsdiqləyir. Nəticə etibari ilə 2 il boyunca Bakı inzibati, Binəqədi mülki, İnzibati apelyasiya və İnzibati mülki kollegiya məhkəmələrində keçirilmiş 12 məhkəmə iclasından sonra işə mülki məhkəmədə baxılmış və dəymiş ziyan probasiya şöbəsi vasitəsi ilə ona ödənilmişdir. İnzibati Xətalar Məcəlləsinin 36.3 cü və 86.2 maddələrində də qeyd olunub ki, bu işə Mülki qaydada baxılmalıdır. Bu işin mülki qaydada baxılmalı olduğunu təsdiqləyən məhkəmə qərarını işə əlavə edir. (Sənəd 3.1) Əlavə olaraq bildirək istəyir ki, maddi ziyanın qarşılanması tələbi 2020-ci il tarixli presedentdə özəksini tapmışdır. Nəticədə ilk müraciət etdiyi Binəqədi Rayon Məhkəməsin hakimi işi İnzibati məhkəməyə yönəltmiş və uzun sürən məhkəmə proseslərindən sonra Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının qərarına əsasən öz əvvəlki qərarını ləğv edərək işin həqiqətən də mülki qaydada baxılmalı olduğu haqda yeni qərar çıxarmışdır. Bu prosesləri yazmaqda məqsədi həmin presedentdən istifadə olunaraq indiki işin uzanmasının qarşısını almaqdır. Hadisələrin ardıcıl şəkildə məzmununu işə əlavə edir. (Sənəd 3.2) Qeyd edir ki, dəymiş ziyanın təmin olunması məqsədi ilə ardıcıl olaraq məhkəmələrə müraciət ediləcəksə dəymiş ziyanın məbləği artacaq. Yalnız sonuncu məhkəməyə çəkilmiş vaxt itkisi və xərcləri nəzərə almayacaq. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən məhkəməyə iddia ilə müraciət etmə müddəti ötürülməyib və həmin maddənin tələblərinə tam uyğundur.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiasının dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmənin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
b) Mülki işin materialları:
5. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29390964 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Mercedes Benz 320” minik markalı, 99UC541 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kimi İddiaçı Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (yol nişanlarının tələblərinə riayət edilməməsi) törətməkdə təqsirli bilinib 40 manat cərimə edilmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-5191/2025 saylı, xx.xx.2025ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ29390964 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi qərara alınmışdır.
7. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi my.gov.az səhifəsindən olan iş yeri məlumatlarına görə İddiaçı aylıq əmək haqqı 3687,16 manatdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
8. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
9. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
10. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
11. 1101.2-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
12. 1101.3-cü maddəsinə əsasən ədalət məhkəməsinin həyata keçirilməsi zamanı vurulmuş zərərin əvəzi o halda ödənilir ki, hakimin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilsin.
Azərbaycan Respublikası MPM-nin:
13. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
14. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
17. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
18. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir
Məhkəmənin mövqeyi:
19. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixli EQ29390964 saylı qərara əsasən İXM-sinin 327.1-ci maddəsinə görə DYP tərəfindən cərimə olunmuşdur. Daha sonra həmin qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət etmiş, xx.xx.2025-ci il tarixli, 3(001)-5191/2025 saylı qərara əsasən mübahisələndirilən qərar ləğv olunmuş və inzibati xəta hadisəsinin olmamasına görə iş üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı inzibati tənbehin qanunsuz verilməsi nəticəsində dəymiş maddi ziyanı tələb edir ki, onun iddiasının əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsi təşkil edir.
20. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi məhkəmədə mülki işlərə hər hansı şəxsin hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün müraciət edildikdə başlanılır.
21. Mülki prosessual qanunvericiliyin sübutlar və sübut etmə qaydaları ilə bağlı normalarına əsasən təqdim olunan sübutlar işə baxan məhkəmə tərəfindən qiymətləndirilməlidir. Bu zaman işdə iştirak edən şəxslər həmin sübutlara etiraz etmək, onların mötəbər olmaması barədə dəlillər və əks-sübutlar təqdim etmək hüququna malikdirlər.
22. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
23. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları təqdim etmişdir. Həmin sübutların tədiqiqi ilə müəyyən edilir ki, cavabdehin əsassız tənbehi nəticəsində iddiaçıya vaxt dəyəri olmaqla 63 azn, yazı dəyəri olmaqla 45 azn, çap işləri olmaqla 2 azn, yol xərcləri olmaqla 4 azn, cəmi 114 azn məbləğində ziyan dəymişdir.
24. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı (mübahisə predmeti qismində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi ziyanın əvəzi olaraq, 114 manat məbləğində pul vəsaiti tutularaq ödənilməlidir. 25 Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı cavabdeh AR DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə qarşı (mübahisə predmeti qismində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən iddiaçının itirdiyi vaxt dəyərinin əvəzi qismində 63 manat, yazı dəyərinin əvəzi qismində 45 manat, çap işlərinin əvəzi qismində 2 manat, yol xərcinin əvəzi qismində 4 manat olmaqla, cəmi 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova