Məhkəmə qərarları › İş №e-2(001)-6338/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6338/2024

02.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6338/2024 02.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən istehlakçıların zəmanət müddəti ərzində məhsullarda qüsur və ya saxtalıq aşkar etdikləri üçün öz istəklərinə görə satıcıdan və ya istehsalçıdan malı lazımi keyfiyyətli digər mala dəyişdirilməsinə, satış qiymətlərinin uyğun məbləğdə azaldılmasına, qüsurun aradan qaldırılmasına dair tələbləri icra olunmadığından istehlakçıların çəkdiyi xərclərin əvəzinin ödənilməsi, müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsi haqqında və istehlakçı satıcı (istehsalçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmadığı üçün 2 il və daha uzun müddətdən gec olmamaq şərti ilə yuxarıdakı tələblərinin təmin olunmasına dair, ümumilikdə yaşadığımız psixolojik gərginliklərə görə hər ikimizə ən az 10 min manat məbləğində dəymiş mənəvi zərər cavabdehdən tutularaq biz iddiaçılara ödənilməsinə dair, Mənə ümumilikdə yaşadığımız maddi məhrumiyyətlərə görə 10 min manat məbləğində dəymiş maddi zərər və əldən çıxmış fayda cavabdehdən tutularaq biz iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Mülki-prosessual qanunvericiliyin mənasına görə iddiaçının tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Bir qayda olaraq, tələb iddia ərizəsində konkret formada ifadə olunmalıdır. İddia ərizəsindən cavabdehə qarşı konkret olaraq irəli sürülən tələb müəyyən edilmir. Belə ki, iddiaçı birinci tələbində Mülki Məcəllənin normalarını sadalamış və irəli sürülən tələbin nədən ibarət olması aydın deyildir. Bundan əlavə tələbdə iddiaçıların xeyrinə pul tutulması xahiş edilsə də, iddia bir iddiaçı tərəfindən qaldırılmışdır. Bundan başqa iddiaçı ona maddi zərər(əldən çıxmış fayda) dəydiyini bildirsə də, ərizəsində bu barədə hər hansı əsaslandırma aparmamış, yalnız müvafiq normaları sadalamışdır. Hansı ki, iddia ərizəsində iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları göstərməlidir. Bundan əlavə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması da müəyyən edilmir. Halbuki Mülki-Prosessual Məcəllənin 69-cu maddəsində qeyd edilmişdir ki, Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu(Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər) və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, nail olmağa çalışdığı hüquqi nəticəyə uyğun prosessual qanunvericiliyin tələbinə riayət etməklə yenidən müvafiq məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən, ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, yuxarıda göstərilən əsaslara görə iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-cü və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “istehlakçıların hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar