Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6356/2022 07.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 07 dekabr 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 mart 2022-ci il və 17 mart 2022-ci il tarixlərdə iş vaxtına görə əldən çıxmış gəlirlərinin əvəzi kimi 421 manat kompensasiyanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16 mart 2022-ci il tarixdə yol polisi əməkdaşı onun mülki etibarnamə əsasında idarə etdiyi “X2” minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayaraq, avtomobilin arxa-sol qabarit işığının olmaması ilə bağlı irad bildirmişdir. İddiaçı bu iradla razılaşaraq, nasazlığı yerində aradan qaldırmaq imkanının olduğunu bildirmişdir. Belə ki, həmin işıq lampası avtomobilin salonunda olmuş və iddiaçı lampanı yol polisi əməkdaşına göstərmişdir. Lakin, polis əməkdaşı avtomobilin cərimə meydançasına aparılmasını tələb etmiş, bundan sonra avtomobili metronun “Koroğlu” stansiyasının yaxınlığında yerləşən cərimə meydançasına yerləşdirib, heç bir sənədləşmə aparmadan ərazidən uzaqlaşmışdır. Cərimə meydançasındakı şəxslər iddiaçıya Badamdar qəsəbəsində yerləşən Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə yaxınlaşmasını iddiaçıya bildirmişlər. İddiaçı həmin ünvana yaxınlaşmış, oradan hələ də cərimə ilə bağlı heç bir sənədin olmadığı, bu səbəbdən gözləməli olduğu bildirilmişdir. Nəhayət gün sonu nasazlığın aradan qaldırılması ilə bağlı akt tələb olunmuşdur ki, avtomobilin cərimə meydançasından çıxarılmasına icazə verilsin. İddiaçı yenidən cərimə meydançasına qayıtmış, arxa stop işığı ilə birgə avtomobilin şəklini çəkmişdir. 17 mart 2022-ci il tarixdə iddiaçı Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə yaxınlaşmış, bu zaman cərimə tətbiq edilməsi üçün sürücülük vəsiqəsi tələb olunmuşdur. İddiaçı sürücülük vəsiqəsinin avtomobildə qaldırdığını bildirmiş, nə üçün DYP əməkdaşının səhlənkar yanaşaraq 16 mart 2022-ci il tarixdə avtomobili saxlayıb, sənədlərini tələb etdiyi vaxt qayda pozuntusunu sənədləşdirmədiyinə dair etirazını bildirmişdir. Nəhayət gün sonu iddiaçıya cərimə tətbiq edilərək, avtomobilin cərimə meydançasından çıxarılmasına icazə verilmişdir. Bütün bu olanlara səbəb DYP əməkdaşının vəzifə öhdəliklərini bilməməsidir. İddia tələbinə baxılması ilə əlaqədar tərəflər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddianın təmin edilməsi üçün əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə əsasən isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Lakin iddiaçı əldən çıxmış fayda ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmiş, baxılan iş üzrə cavabdeh inzibati orqanın əməkdaşının hərəkətləri nəticəsində adi mülki dövriyyə şəraitində əldə edəcəyi hansı gəlirlərdən məhrum olduğunu lazımi sənədlərlə əsaslandırmamışdır. Bundan başqa, cavabdehin əməkdaşının hərəkətlərinin qanunsuz olması və bunun nəticəsində iddiaçının iş vaxtını əsassız buraxması da iş üzrə müəyyən edilmir. Məhkəmə həmçinin qeyd edir ki, maddi zərərin əvəzinin ödənilməsində məqsəd hüquq pozuntusu baş verməmişdən əvvəlki vəziyyətinin bərpa olunmasından, başqa sözlə, restitutio in integrum prinsipindən ibarətdir. Bu, həm faktiki olaraq baş vermiş real zərər (damnum emergens), həm də əldən çıxmış fayda (lucrum cessans) üzrə təzminatı əhatə edə bilər. Əldən çıxmış gəlirlərlə (lucrum cessans) bağlı tələb irəli sürülən zaman, bu tələblər qəti olaraq təsbit edilməli və sadəcə fərziyyə və ya ehtimala əsaslanmamalıdır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Hazırki tələbində iddiaçı iş vaxtına görə əldən çıxmış gəlirlərinin əvəzi kimi 421 manatın cavabdehdən kompensasiya kimi onun xeyrinə tutulmasını xahiş etsə də, adi mülki dpvriyyə şəraitində əldə edəcəyi gəlirləri barədə, yəni hansı əsasla 421 manat tələb etməsinə dair heç bir sübut məhkəməyə təqdim etmədiyindən iddia əsaslı sayıla bilməz. Bununla yanaşı iddiamı maddi hüquq norması olaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1 və 45-ci maddələri ilə əsaslandırılmışdır ki, həmin Məcəllə mülki hüquq münasibətlərini deyil, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-6356/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6356/2022
07.12.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver