Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-646/2025 14.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 qarşı “qanunsuz olaraq zəbt edilmiş ərazinin boşaldılması və təhvil verilməsi” tələbinə dair (Açar sözlər: qanunsuz sahiblik, zəbt olunma) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi Şahid iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 qarşı “qanunsuz olaraq zəbt edilmiş ərazinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I.İşin mahiyyəti:
1. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz olaraq zəbt edilmiş ərazinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ADY-nin balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri vaqon deposu ünvanında yerləşən Məişət kombinatının qanunsuz olaraq zəbt edilmiş binasının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən boşaldılaraq ADY-yə təhvil verilməsi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq ADYnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (ADY) balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri vaqon deposu ünvanında yerləşən Məişət kombinatının binası Cavabdeh2 və onun qızı tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Məişət kombinatı istehsalat sahəsi olduğundan bu ərazidə kranlarla ağır çəkili ehtiyat hissələrinin, vaqonların qaldırılması, eyni zamanda vaqonların manevr işləri həyata keçirilir və bu səbəbdən də əraziyə kənar şəxslərin daxil olması yolverilməz hesab olunur. Gələcəkdə bədbəxt hadisənin baş verməsinin qarşısının alınması üçün Cavabdeh2 və Cavabdeh1 həmin ərazini boşaldıb təhvil verməlidirlər. Bununla bağlı, ADY-nin aidiyyəti işçilərinin iştirakı ilə qanunsuz zəbt edilmiş ərazinin boşaldılması barədə cavabdehlərə xəbərdarlıq edilmiş, onlara həmin binanın qanunsuz zəbt edilməsinin qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq, cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmiş ərazi boşaldılmamış və təhvil verilməmişdir. Həmçinin ADY-nin müraciəti əsasında ƏƏSMN ilə birgə cavabdehlərin yaşayış yerinə baxış keçirilməsi ilə əlaqədar tərtib olunmuş xx.xx.2024-cü il tarixli Akta əsasən yaşayış yerinin əlverişsiz olduğu aşkar edilmiş, Cavabdeh2 və Cavabdeh1 Sosial Xidmətlər Agentliyi tabeliyində olan Həssas əhali qruplarında olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi barədə ətraflı məlumat verilmiş, lakin cavabdehlər Müəssisəyə yerləşdirməkdən imtina etmişlər. Bu səbəbdən ADY hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
İİ. Tərəflərin mövqeləri:
Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçı məhkəməyə bildirdi ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Biləcəri vaqon deposu ön və arxa qapısı olan iki mərtəbədən ibarətdir. Həmin binanın ön tərəfindən Biləcəri Vaqon deposunun əməkdaşları fəaliyyətlərinin həyata keçirmələri üçün 2 otaq vardır. Binanın arxa tərəfinə daxil olan zaman güclü ifunət iyi hiss olunurdu. Eyni zamanda həmin yerdə faktiki yaşayışın olmadığı müəyyən edilmişdir. Binanın 2-ci mərtəbəsi 2 otaqdan ibarətdir. Həmin otaqlarda insanın yaşaması üçün heç bir şəraitin olmadığı müəyən olunmuşdur. Yerli baxış zamanı Azərbaycan Dəmir Yolları QSC-nin balansında olan biləcəri vaqon deposunun böyük mütəxəsisi Şahid Səyəvuş oğluda iştirak etmişdir. Şahid Səyəvuş oğlu ilə suallara cavab olaraq bildirmişdir ki, hazırki mülki iş üzrə Cavabdeh2 noyabr ayına kimi həmin mübahisəli yerdə tək yaşamışdır. Digər cavabdeh isə həmin ünvanda heç vaxt yaşamamışdır. Lakin Cavabdeh2 yaşlı olduğundan qızı digər Cavabdeh1 anasına baxmaq üçün həftədə bir dəfə gəlib gedirdi. Digər cavabdeh heç vaxt burda yaşamamışdır. Əlavə olarq da bildirdi ki, noyabr ayında Cavabdeh2 səhəti pisləşdiyindən tərəfimdən təcili tibbi yardım çağrılmışdır. Təcili tibbi yardım cavabdehi 2 saylı Birləşmiş şəhər xəstəxanası yerləşdirmişdir. Cavabdeh 1 aydan çox müddətdə həmin xəstəxanda qalmışdır. Daha sonra onda olan məlumata görə həmin cavabdeh 2 saylı Birləşmiş şəhər xəstəxanasında vəfat etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada (poçt və sms bildiriş vasitəsilə) xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi izahatında bildirdi ki, "xxxx" QSCdə çalışır. Cavabdeh2 QSC-də xadimə işləyirdi. Yaşlı qadın idi. Onun başqa qalacaq yeri olmadığından, İdarənin deposunda ona və qızına qalmağa icazə vermişdirlər. Daha sonra getdikcə yaşlandığından artıq orda işləmirdi, lakin orda məskunlaşmışdı. Sosial xidmətlərə müraciət etdilər ki, ona köməklik göstərsinlər, qocalar evinə yerləşdirsinlər ki, ona orada qulluq edilsin. Lakin o, buna razılaşmamış, ordan getmək istəməmişdir. Daha sonra qızı ordan getdi, Sənəm xanım orada tək yaşamağa davam etdi. Onun halı pisləşəndə onu xəstəxanaya apardılar İdarənin əməkdaşları ilə. Sənəm xanım orada dünyasını dəyişmiş, lakin qızı onun meyidini təhvil almağa getməmişdir. Xəstəxanadan ona zəng etdilər ki, meyidin dalınca gəlməsi üçün qızı ilə əlaqə saxlanmış, lakin o gəlməmişdir. Hazırda Cavabdeh1 İdarənin deposundan getmişdir, orada yaşamır, lakin bir neçə əşyası orada qalmışdır. Cavabdeh1 ilə İdarənin əməkdaşları tərəfindən dəfələrlə telefon vasitəsilə əlaqə saxlanmış, gəlib əşyalarını götürməsi bildirilmişdir. Lakin bugünədək onun əşyaları depoda qalmaqdadır.
İİİ. İşin faktiki halları:
İş materiallarına əlavə olunmuş:
-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx" QSC-nin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri deposu ünvanda yerləşən Məişət Kombinatının binası "xxxx" QSC-nin balansındadır. - xx.xx.2024-cü il tarixli Aktın surətindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı filialının aparıcı mütəxəssisi, Bakı Vaqon Təmiri Zavodunun baş mühəndisi və Bakı Vaqon Təmiri Zavodunun müdir müavini Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri deposu ünvanda yerləşən Məişət Kombinatının binasında məskunlaşmış, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin tabeliyindəki müvafiq social xidmət müəssisələrindən birinə yerləşdirilməsi barədə təklifi rədd etməsi və orada yaşamaq istədiyini bildirməsini öz imzaları ilə təsdiq etmişlər. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Agentliyin əməkdaşları tərəfindən Cavabdeh2 və övladının social xidmətə olan tələbatı qiymətləndirilmiş və Agentliyin tabeliyində olan Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi barədə ətraflı məlumat verilmiş, lakin vətəndaş Müəssisəyə yerləşdirilməkdən imtina etmişdir. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “M.Ə.Əfəndiyev adına X3” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-10/2-147/2025 saylı sorğuya cavab məktubundan görünür ki, X1 Tibbi Yardım şöbəsinə 1938-ci il təvəllüdlü vətəndaş Cavabdeh2 müraciət etməmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ******* saylı xəstəlik tarixindən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə ürək çatışmamazlığından vəfat etmişdir. -xx.xx.2025-ci il tarixli Bakı Vaqon Təmiri Zavodunun əməkdaşları tərəfindən tərtib olunmuş Aktın surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri deposu ünvanda yerləşən Məişət Kombinatının binasının İİ mərtəbəsində yerləşən otağı anası Cavabdeh2 ilə qeyri-qanuni zəbt edərək orada məskunlaşmışdır. Lakin o, xx.xx.2025-ci il tarixdə anası Cavabdeh2 vəfat etdikdən sonar qeyd edilən binaya bird daha gəlməmişdir. Orada Cavabdeh1 aid bir neçə əşya var və həmin əşyaları gəlib aparması üçün ona mobil mobil telefon vasitəsilə dəfələrlə müraciət olunsa da, o gəlib aparmamışdır.
İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İİİ hissə. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri deposu ünvanda yerləşən Məişət Kombinatının binası "xxxx" QSC-nin balansındadır. Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri deposu ünvanda yerləşən Məişət Kombinatının binasının İİ mərtəbəsində yerləşən otağı anası Cavabdeh2 ilə qeyri-qanuni zəbt edərək orada məskunlaşmışdır. Lakin o, xx.xx.2025-ci il tarixdə anası Cavabdeh2 vəfat etdikdən sonra qeyd edilən binaya bir daha gəlməmişdir. Orada Cavabdeh1 aid bir neçə əşya qalmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı Qərar (Şikayət № 19853/03) 27 sentyabr 2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “...42. Mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37).”. Məhkəmə qeyd edir ki, cavabdehə məxsus əşyaların iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində olması onun mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla, əmlakından öz istədiyi kimi istifadə etmək imkanına maneələr yaradır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" QSC-nin balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri vaqon deposu ünvanında yerləşən Məişət kombinatının qanunsuz olaraq zəbt edilmiş binası Cavabdeh1 tərəfindən boşaldılaraq "xxxx" QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" QSC-nin balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri vaqon deposu ünvanında yerləşən Məişət kombinatının qanunsuz olaraq zəbt edilmiş binası Cavabdeh1 tərəfindən boşaldılaraq "xxxx" QSC-yə təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva