Məhkəmə qərarları › İş №e-2(001)-663/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-663/2023

21.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-663/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 65.000 manat pulun və ödənilmiş 285 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının oğlu Məşhəd ziyarətində olarkən Cavabdeh ilə tanış olmuş və daha sonra aralarında dostluq əlaqələri yaranmışdır. 2021-ci ilin iyul ayında cavabdeh iddiaçının evində qonaq olarkən ondan ticarətlə məşğul olmaq üçün 20000 manat pul almış, 10 gün keçdikdən sonra isə həmin məbləği geri qaytarmışdır. Daha sonra 2021-ci ilin sentyabr ayında isə cavabdeh iddiaçıdan 20000 manat, 10 gün sonra daha 25000 manat, 30 sentyabr 2021-ci il tarixdə isə yenidən 20000 manat olmaqla, ümumilikdə 65000 manat almışdır. Həmin məbləği 2021-ci lin oktyabr ayında qaytarılması barədə razılığa gəlinmişdir. Lakin cavabdeh pulu qaytarmayaraq razılığa əməl etməmişdir. İddiaçı Bakı şəhəri 13-cü Polis Bölməsinə ərizə ilə müraciət etmiş, cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Cavabdeh polisdə araşdırma zamanı verdiyi izahatda iddiaçıya 65.000 manat borcu olduğunu etiraf etmişdir. Cinayət işinin başlanması rədd edildiyindən iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh iddia tələbini qismən qəbul etdiyini və bununla bağlı məhkəməyə ərizə təqdim etdiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlnaması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət edilməsi ona bildirilmişdir. Həmçinin araşdırma zamanı Cavabdeh izahatında bildirmişdir ki, Ziyanın oğlu Məhəmmədlə 2015-ci ildə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. 2021-ci ilin əvvəllərində tanışı Emin Musayev meyvəli bazarında meyvə-tərəvəz məhsullarının topdansatışı ilə, özü isə avtomobil alveri ilə məşğul olduğunu bildirmişdir. Həmin ərəfədə Emin ondan borc pul tapmağı istəmiş və 10000 mana pula ona ***-**** manat arası pul verəcəyini demişdir. Həmin vaxt özünün pulu olmadığı üçün dostu Məhəmmədə bu barədə məlumat vermiş, Məhəmməd atası Ziya ilə danışdıqdan sonra Ziya ilə görüşüb iş barədə ona məlumat vermişdir. Ziya onunla razılaşıb ilkin olaraq 20000 manat pul vermiş, təxminən 20-25 gündən sonra ona 20000 manat pulu qaytarıb üstündə 1800 manat pul vermişdir. Həmin 20000 manatı Ziyaya qaytarıb üstündə 1200 manat pul vermişdir. 3 ay belə işlədikdən sonra sentyabr ayında Eminin istəyi ilə Ziyadan ümumilikdə 65000 manat pul alıb oktyabr ayında qaytaracağını demişdir. Oktyabr ayında Ziyaya 3300 manat pul verib qalan pulunu Eminin tezliklə verəcəyini söyləmişdir. Lakin bundan sonra Emindən dəfələrlə Ziyanın pulunu istədikdə Emin ona müxtəlif bahanələr gətirərək pulu verməkdən boyun qaçırmış və Ziyadan aldığı 65000 manat pulu qaytara bilməmişdir. Hazırda da Ziyadan aldığı 65000 manat pulu qaytarmağa maddi imkanın olmadığını qeyd etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış borc müqaviləsi (şifahi) üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 386.1, 425.1, 427.3, 442, 448 və 739.1-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehə 65 000 manat pul məbləğində borcun verilməsini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir yazılı sübut təqdim etməmişdir. Lakin sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qismən etiraf edilərək, qismən qəbul edildiyindən (58200 manat), iddiaçı həmin faktları (58200 manat borcun verilməsi hissəsində) sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh şifahi borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən şifahi müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh şifahi borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin cavabdeh borcunun olduğunu etiraf etdiyindən (yazılı formada 58200 manat) və borcunu ödəmədiyindən iddia tələbi qismən təmin edilməlidir, qalan hissə də isə iddia tələbi təmin edilməməlidir (iddia tələbinin qalan hissəsinə münasibətdə iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir). Azərbaycan Respublikası MPM-nin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 58200 (əlli səkkiz min iki yüz) manat pul məbləği və 285 (iki yüz səksən beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar