Məhkəmə qərarları › İş №e-2(001)-6764/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-6764/2022

28.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-6764/2022 28.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “aliment borcunun müəyyən edilməsi, artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı “aliment borcunun müəyyən edilməsi, artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehə aliment borcunun hər ay üçün onun əmək haqqının ¼ hissəsi, son 3 ilin 2022ci ilin mart ayınadək olan müddəti, yəni 2 il 5 ay üçün hər ay 111 manat olmaqla cəmi 3.219 (444 / 4 x 29 = 3.219) manat, 2022-ci ilin mart ayından sentyabr ayınacan olan 7 ay ərzində hər ay 156,2 manat olmaqla cəmi 1.093,4 (624,8 / 4 x 7= 1.093,4) manat, son üç il ərzində cəmi 4.312,4 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə nikahda olmuş, Yasamal Rayon Məhkəməsinin 09 iyul 2007-ci il tarixli 2-1011/2007 saylı qətnaməsi ilə onların nikahının pozulması, 28 fevral 2007-ci il tarixdən başlayaraq, onların nikahından doğulmuş 12 iyun 2004-cü il doğum tarixli X1 yetkinlik yaşına çatanadək, onun bütün növ qazancının ¼ hissəsinin Cavabdeh ödənilməsi qət edilmişdir. Nikah pozulduqdan sonra, o, cavabdehlə birgə nikalarından doğulmuş övladının maddi təminatı üçün bütün zəruri hərəkətləri etmişdir. Bu müddət ərzində cavabdeh tərəfindən alimentlə bağlı icra qurumuna müraciət edilməmişdir. Yalnız cari ilin oktyabr ayında Yasamal rayon icra şöbəsi ona bildiriş göndərərək, cavabdeh tərəfindən icra qurumuna müraciət edilərək, onun 2007ci ildən hal-hazıradək aliment borcu olduğu barədə ərizə təqdim edildiyi bildirilmiş və həmin borcun ödənilməsi tələb olunmuşdur. O, cavabdehə olan aliment borcunun müəyyən edilməsi və artıq hesablanmış borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməyi zəruri hesab etmişdir. Hazırda iddiaçının işlədiyi “Azərtac” Azərbaycan Dövlət İnformasiya Agentliyi tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli 12 saylı arayışdan görünür ki, onun aylıq əmək haqqı 14 mart 2022-ci ilədək vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra 444,05 manat, 2022-ci ilin mart ayından 624,8 manat təşkil edir. O, cavabdehə olan aliment borcunun dəqiqləşdirilərək, əmək haqqının ¼ hissəsinin son 3 illik dövr həddində müəyyən edilməsini əsaslı hesab edir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 106.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Yuxarıda qeyd olunan qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi, borclar alimentin məhkəmənin qətnaməsi ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. Yəni, bu qəbildən olan işlərə məhkəmədə iddia icraatı qaydasında baxılmır. Həmçinin onu da qeyd edirəm ki, iddia ərizəsinin ümumi məzmununda aliment borcunun silinməsi barədə tələb verildiyi göstərilsə də, iddia ərizəsinin nəticə hissəsində borcun silinməsi ilə bağlı tələb qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Beləliklə, iddia ərizəsinin icraata qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, hazırki iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, iddiaçıya izah olunmalıdır ki, o, aliment borcunun müəyyən edilməsi ilə bağlı icra məmuruna müraciət etməli, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmadığı təqdirdə isə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı “aliment borcunun müəyyən edilməsi, artıq hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun. İddiaçıya izah olunur ki, o, aliment borcunun müəyyən edilməsi ilə bağlı icra məmuruna müraciət etməli, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmadığı təqdirdə isə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar