Məhkəmə qərarları › İş №e-2(001)-6872/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6872/2025

21.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6872/2025 21.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi "X1 LTD" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi "X1 LTD" MMC-nin Cavabdeh qarşı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi "X1 LTD" MMC maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında xx.xx.2025-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi, icra sənədinin verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək münasibətləri dövründə cavabdeh iddiaçıya 3945.27 manat maddi zərər vurmuşdur. xx.xx.2025-ci il tarixdə cavabdeh vurulmuş maddi zərərdən 1000 manat ödəniş etmiş, qalan 2945.27 manat isə ödənilməmiş qalmışdır. Bununla əlaqədar mediasiya təşkilatına müraciət edilmiş və xx.xx.2025-ci il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 1-ci bəndinə əsasən cavabdeh 2025-ci ilin mart ayından başlayaraq hər ayın 1-10-u aralığında hər ay 100 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh saziş üzrə öhdəliklərini icra etməmişdir. Bu səbəbdən də ərizəçi barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Lakin ərizəçinin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.

Mülki işin materialları:

4. Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/13/2025- 00160 nömrəli Barışıq Sazişinə əsasən: - Tərəflər, 1-ci tərəf İddiaçı MMC 2-ci tərəf Cavabdeh ilə əmək münasibətləri dövründə vurulmuş maddi zərərin əvəzi olaraq 2-ci tərəf Cavabdeh tərəfindən 1-ci tərəf İddiaçı MMC-yə qalıq məbləği 2945.27 manat zərərin 2025-ci ilin mart ayından başlayaraq hər ayın 1-10-u aralığında hər ay 100 manat olmaqla ödəməsi barədə razılığa gəldilər.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

5. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir.

6. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosesi zamanı öz aralarında razılığa gəlmiş və xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

7. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

8. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

9. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

10. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

11. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

12. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

13. Müəyyən edilmişdir ki, tərəflər arasında vurulmuş maddi zərərin ödənilməsinə dair xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanılmasına baxmayaraq indiyədək heç bir ödəniş olmamışdır və ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

14. Beləliklə məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməli, Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00160 saylı barışıq sazişi təsdiq edilməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizəçi İddiaçı MMC-nin maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış aşağıdakı məzmunlu xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00160 saylı barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər, 1-ci tərəf İddiaçı MMC 2-ci tərəf Cavabdeh ilə əmək münasibətləri dövründə vurulmuş maddi zərərin əvəzi olaraq 2-ci tərəf Cavabdeh tərəfindən 1-ci tərəf İddiaçı MMC-yə qalıq məbləği 2945.27 manat zərərin 2025-ci ilin mart ayından başlayaraq hər ayın 1-10-u aralığında hər ay 100 manat olmaqla ödəməsi barədə razılığa gəldilər. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu maraqlı şəxs Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar