Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-697/2025 15.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X5 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı X1 nümayəndəsi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 6000 manat məbləğində pulun və vəkilə ödənilən 500 manat pulun, bundan əlavə 80 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə aralarında 02 noyabr 2020-ci il tarixdə müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan mülkiyyətçiyə məxsus qeyri yaşayış sahəsinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan faktiki sahəsi 85 kv.m (dövlət reyestr xidmətinin çıxarışında göstərilmiş 60.7 kv.m olan qeyri yaşayış sahəsinin əvəzinə, həmin qeyriyaşayış sahəsində yerləşən yerdə inşa ediləcək 3-cü giriş, 1-ci mərtəbənin, təmirli, 85 kv.m qeyri-yaşayış sahəsini müqavilənin arxasına əlavə olunmuş ümumi planda göstərilən 85 kv.m sahəsi olan, eni 9 metr, uzunluğu 9.4 metr, C.Hacıbəyli küçəsinə çıxışı olan mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürmüş və yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 1200 manat kirayə haqqı ilə razılaşmışdır. Lakin cavabdeh müqavilədə qeyd edildiyi kimi üzərinə götürdüyü öhdəliyini yerinə yetirmir. Məhkəməyə müraciət etmək üçün ilk öncə Cavabdeh MMCyə pretenziya məktubu göndərərək məktubda iddiaçıya hər ay ödəniləcək məbləğin yəni son 5 ayın hər ay 1200 manat olmaqla, cəmi 6000 məbləğində pulun cavabdeh tərəfindən iddaçıya ödənilməsi barədə məlumat vermişdir. Pretenziya məktubundan sonra onlar mənə hər 10 gündən bir pulu ödəyəcəklərinisöz versələrdə lakin ödəmirlər. Bu və digərsəbəblərdən məhkəməyə iddia ərizəsi ilə müraciət etməyə məcbur qaldım. Məhkəmə iclasında iddiaçının ərizəsi ilə o, əsl iddiaçı X3 ilə əvəz edilmişdir. İddiaçının nümayəndəsi kimi iddianı müdafiə edərək, xəstə olması və müalicəsi ilə əlaqədar xaricdə olacağını bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə dair bildiriş göndərilməsinə baxmayaraq, zərf geri qayıtmışdır. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçı tərəfin mövqeyini dinləyərək, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 60,70 kv.m ev xx.xx.2023-cü il tarixdən İddiaçı xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh 6000 manat borcun olması barədə məlumatlandırmış, borcun tam olaraq 3 iş günü müddətində ödənilməsi təklif olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixli X3 ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh şirkət iddiaçıya məxsus əmlakın sökülməsindən sonra həmin qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək qeyri-yaşayış sahəsini onun mülkiyyətinə verəcəyini, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 1200 manat kirayə haqqını verməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli Bank Respublika ASC də olan X2 məxsus pul hesabından çıxarış məlumatlarına əsasən 2024-cü ilin avqust, sentyabr, oktyabr ayları üçün kirayə haqqı ödənilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları sübut etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə onu da qeyd edir ki , sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında müqavilə bağlanmış müqaviləyə əsasən cavabdeh şirkət iddiaçıya məxsus əmlakın sökülməsindən sonra həmin qeyri-yaşayış sahəsinin yerində inşa ediləcək qeyriyaşayış sahəsini onun mülkiyyətinə verəcəyini, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə aylıq 1200 manat kirayə haqqını verməyi öhdəsinə götürmüşdür. Bu halı iddiaçı tərəf izahatlarında və təqdim etdiyi ərizələrdə, həmçinin iş materiallarına əlavə edilmiş müqavilə, həmçinin iddiaçının bank hesabına mütəmadi aylıq daxil olan və təyinatı “xx.xx.2020-ci il tarixli, 43 saylı müqavilə üzrə kirayə haqqı” kimi göstərilmiş və hesaba mədaxil olunmuş 1200 manat məbləğləri əks etdirən hesabdan çıxarışlar da təsdiq edir. Həmçinin iddiaçıya məxsus bank çıxarışlarında 2023-cü ilə dair məlumatların əks olunmasına baxmayaraq, tərəf yalnız son 5 ayın pulunu almadığını bildirir. Qarşı tərəf isə məhkəmə iclaslarında təmsil edilmir və mövqeyini bildirmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tələbində haqlıdır və müqavilənin tərəfi kimi cavabdeh üzərinə götürmüş olduğu şərtlərə əməl etməmiş, aylıq iddiaçıya ödəməli olduğu kirayə haqqını 2024-cü ilin avqust, sentyabr, oktyabr ayları üçün ona ödəməmiş, nəticədə 3 ay gecikmə kimi ümumilikdə 3600 manat ümumi ödənilməli kirayə haqqı qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır Tələbin vəkilə ödənilən 500 AZN pulun tutulması hissəsinə münasibətdə isə məhkəmə iddiaçının vəkilin göstərmiş olduğu hüquqi yardım ilə əlaqədar təsdiqedici hər hansı hesab, müqavilə və çıxarışı məhkəməyə təqdim etməməsi və sübuta yetirilməməsi səbəbindən təmin olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddianın qismən təmin olunmasını nəzərə alaraq dövlət rüsumunun da həmin hissəyə mütənasib cavabdehə aid edilməsini məhkəmə mümkün hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdeh tərəfindən 2024-cü ilin avqust, sentyabr, oktyabr ayları üçün 3 (üç) ay ərzində ödənilməmiş hər ay 1200 (min iki yüz) manat olmaqla, cəmi 3600 (üç min altı yüz) manat məbləğində “kirayə haqqı” və 56 manat dövlət rüsumu Cavabdehndən tutularaq iddiaçı X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №e-2(001)-697/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-697/2025
15.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver