Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6987/2025 17.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. Tərəflər lotereya oynamaq məqsədi ilə əlaqə qurmuş və “whatsapp” sosial şəbəkəsi vasitəsilə tanış olmuşlar.
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5450 (beş min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh təxminən 3 il müddətə yaxındır ki, tanıyır. Belə ki, Xəyalə adlı tanışı var idi. O, Xəyalə ilə lotoreya oynamaq istədiyini bildirdikdə Fidan adlı rəfiqəsinin olmasını və onun da birgə lotoreya oynamaq istəməsini bildirdi. O da Xəyalə ilə razılaşdı və aylıq 300 manat, 400 manat və 500 manat olmaqla qrup halında lotoreya oynamağa başladılar. Fidanı tanıdıqdan sonra Fidanın vasitəsilə Türkan adlı qadını tanıdı və o da lotoreya oyununa qoşuldu. Əvvəllər Türkan bir müddət aylıq pulları zamanında verirdi. Bu aralarda Türkan bir neçə dəfə pul götürdü. Lakin nə qədər pul götürməsini dəqiq bilmir. Bir neçə müddət sonra Türkan aylıqları verməməyə başladı. Hər dəfə ondan aylıqları istəyən zaman o müxtəlif bəhanələr gətirməyə başladı. Hazırda Türkanda 5450 (beş min dörd yüz əlli) manat pulu var ki, o pullar bir neçə tanışının lotoreyaya qoşulması səbəbindən yaranmışdır. Dəfələrlə Cavabdeh istiadəsində olan 051 ***-**-** saylı mobil telefonla əlaqə saxlasa da Türkan mobil telefona cavab verməmişdir. Həmin mobil telefon nömrəsi ilə yalnız whatsapp mobil tətbiqi vasitəsilə əlaqə saxlamaq mümkündür. İddia ərizəsinə əlavə etdiyi whatsapp mobil tətbiqi vasitəsilə olan yazışmalardan cavabdehə verdiyi pulların məbləği açıq-aşkar görünür. Ümumilikdə müxtəlif vaxtlarda Cavabdeh tərəfindən cəmi 5450 (beş min dörd yüz əlli) manat pul geri ödənilməmişdir. Həmin pul məbləği kart hesabından Cavabdeh kart hesabına köçürülmüşdür. 01 avqust 2025-ci il tarixdə Suraxanı RPİ-dən 32-ci PB-nə Cavabdeh barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. 01 sentyabr 2025-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-i tərəfindən cinayət işinin başlanması rədd olunmuş, mülki qaydada məhkəmə orqanına müraciət etmək hüququ ona izah olunmuşdur. Cavabdeh həmin pulu ödəyəcəyini bildirsə də, üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Bu günədək borcun qaytarılması ilə bağlı etdiyi müraciətlərə hər dəfə bir bəhanə gətirərək, pulu ödəməkdən yayınmışdır. Buna görə də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Cavabdehin etirazları:
4. Cavabdeh tərəfindən iddia ərizəsi ilə bağlı məhkəməyə yazılı etiraz ünvanlanmış və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı pul tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Qeyd olunan iddia heç bir fakta əsaslanmır və iddiaçının qeyd etdiyi "lotereya" oyunu üzrə ona borcumun yaranması uydurmadır. Oyun 2023-cü ilin ortalarında başlanılıb, çox qısa müddətdə 2023-cü ilin avqustunda pozulub, oyuna iddiaçı məhz onun vasitəsi ilə qoşulub, yəni o qadınları ona görə tanıyıb. Belə olan halda tanıdığı qadınlara görə onun öhdəlik daşıması mümkünsüzdür. Həmin qadınlarla yaxın ünsiyyətdə olmuşlar və aralarında hər hansı pul tələbi ilə bağlı narazılıq yoxdur. 5-6 qadın arasında aylıq 100 manatlıq oyun üzrə aylıq dövriyyə 500-600 manat təşkil edə bilər və bu oyun da ilk aylardan pozulmuşdur. Belə olduğu halda ümumiyyətlə oyun üzrə dövriyyənin iddiada göstərilən məbləğə belə yaxınlığı yoxdur, o ki ola, bir şəxsə yaranan borca. Bu ümumiyyətlə mümkünsüzdür. Oyun ilk vaxtlardan pozulmuşdur və oyun üzrə iştirakçıların bütün dövriyyəsi belə o məbləği təşkil etmir, deməli qeyd olunan oyun üzrə hər hansı borcun yarana bilməsi mümkün deyil, bu iddianın əsassız və uydurma olmasını bir daha göstərir. Lotereya oyununun pozulmasına səbəb pulu yığan qadının özünə götürməsi olub, cavabdeh isə həmin qadınla digər qadınları, eləcə də iddiaçını tanış etdiyindən bütün məsuliyyəti üzərinə götürdü və söz verdi ki, onların ödənişlərini qaytaracaq və elə də etdim, onların ödədiyi bütün pulu, o cümlədən iddiaçının pulunu qaytardı. İddiaçı ilə ünsiyyəti daha əvvəldən Fidan adlı qadının vasitəsilə yaranmışdır və əslində "lotereya" oyunu adı ilə qanunsuz tələblərinə hüquqi don geyindirmək, mülki iddia yarada bilmək istəyir. İddiaçı qadın sələmçi kimi məşhurdur. Bu şəxs oyun üzrə cəmi iki ay - hər ay 100 manat olmaqla pul qoymuşdur ki, bu da cəmi 200 manat edir və onun itkisi bundan ibarət ola bilərdi və həmin məbləğ də ona artıqlaması ilə qaytarılıb. Bu şəxsin digər şəxslərin əvəzinə pul tələb etməyə belə həmin maddəyə əsasən hüququ yoxdur, o yalnız oyuna qoyduğu və əldən çıxmış pul məbləğində iddia qaldıra bilərdi ki, o da ona artiqlaması ilə qaytarılıbdır. Eyni zamanda, lotereya oyunu üzrə iddia müddəti belə ötürülübdür. Göründüyü kimi hətta həmin tələb olmuş olsa belə (bu tələb absurddur) müddətin keçməsinə görə baxılmamalıdır. Əgər onun mülki iddiası əsaslı olsaydı polislə hədələməz, polis orqanına şikayət etməzdi. O yaxşı bilir ki, cavabdehin ona hər hansı borcu yoxdur və pul tələbi əsassızdır.
Tərəflərin izahatları:
5. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd edilənlərə uyğun məzmunda izahata verərək iddianı müdafiə etdiyini bildirmiş və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddiaçının tələb etdiyi vəsaitin lotereya oyunu ilə bağlı olmadığını, iddiaçıdan sələmə pul aldığını və həmin vəsaiti qaytara bilmədiyi üçün iddiaçı həmin məbləğə faizlər hesablayaraq bu günki gündə həmin məbləği tələb etdiyini bildirmiş, tərəflər arasındakı “whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış yazışmalarda qalıq borc məbləğinin 5550 manat olmasına dair yazını özünün yazdığını, lakin məcbur olub yazdığını qeyd etmişdir. Məhkəmə baxış iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq anasının səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
7. İş materiallarında olan, Suraxanı RPİ-nin 32-ci PB-nin xx.xx.2025-ci il tarixli qərarından müəyyən olunur ki, CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasından rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir.
8. İş materiallarında olan, “whatsapp” mobil tətbiqi vasitəsilə yazılmış mesajlardan müəyyən olunur ki, cavabdeh “5590-40=5550 qaldı” məzmunlu mesaj yazmışdır və bunu məhkəmə iclası zamanı etiraf etmişdir.
9. Məhkəmə baxış iclasında şahid qismində ifadə vermiş X4 cavabdehi iddiaçı vasitəsilə tanıdığını, Xəyalənin Türkan adlı şəxsin lotereya təşkil etdiyini ona bildirdiyini, özünün həmin oyunlarda iştirak etmədiyini, lakin bacısı Vəfanın Türkanın təşkil etdiyi lotereya oyununda iştirak etdiyini bildirmiş, Türkanın bacısı Vəfadan aldığı lotereya pulunu tam şəkildə almadığını qeyd etmişdir.
10. Məhkəmə baxış iclasında şahid qismində ifadə vermiş X1 bacısı Tükaz vasitəsilə tanıdığını bildirmiş, Türkanın təşkil etdiyi lotereyada 10 aylıq oynadığını, Türkana ödədiyi vəsaiti tam şəkildə ala bilmədiyini, Türkanın bir neçə qurupda lotereya təşkil etdiyini və həmin oyunlarda iştirak edən şəxsləri aldatdığı qeyd etmişdir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. - Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
12. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu: - Maddə 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. - Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, iddiaçının izahatlarını, cavabdehin etirazını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır.
15. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
16. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər.
17. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir.
18. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası – iddiaçı ilə aralarında hazırda tələb edilən pul məbləği barədə müqavilə, həyata keçirilməmiş və ya sonralar aradan qalxmış əsas olmadan 5450 manat məbləğində pul vəsaiti əldə etmişdir.
19. İş materiallarından da görünür ki, cavabdeh tərəfindən 5450 manat pul vəsaiti iddiaçıya qaytarılmalıdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdeh tərəfindən həmin pul vəsaiti geri qaytarılmamışdır. Bu halı cavabdeh məhkəmə iclasları zamanı verdiyi izahatlarında da qismən etiraf etmiş, tərəflər arasında aparılmış yazışmalarda qalıq borcun 5550 manat olduğuna dair yazılmış qeydin özü tərəfindən yazıldığını qəbul etmişdir.
20. Göründüyü kimi cavabdeh hüquqi və ya müqavilə əsası olmadan iddiaçının hesabına pul vəsaiti formasında əmlak əldə etməklə əsassız varlandığı üçün iddiaçı pul məbləğinin geri qaytarılması məqsədi ilə cavabdehə qarşı pul tələbinə dair tələb irəli sürməkdə haqlıdır. Belə ki, cavabdeh də iddiaçı ilə aralarında aparılmış yazışmalarda iddiaçıya borclu olmasını qəbul etmişdir.
21. Həmçinin cavabdehin yazılı etirazına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh etirazında lotereyanın ümumi dövriyyəsininin tələb olunan məbləğdən dəfələrlə aşağı olmasını bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, bunun əksi olaraq mesajlaşma zamanı 5590 manata münasibətdə 40 manat ödəniş etdiyini və qalıq məbləğin 5550 manat olduğunu qəbul etmişdir.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmaqla 5450 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5450 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.
24. Məhkəmə həmçinin hesab edir ki, AR MPM-nin 119.2-ci maddəsinə əsasən məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddiaçı məcburi köçkün olaraq qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyindən, məhkəmə qeyd edir ki, təmin edilmiş iddia məbləğinə münasibətdə 74,5 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
25. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. 5450 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin.
3. Cavabdeh 74,5 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev