Məhkəmə qərarları › İş №e-2(001)-7010/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7010/2021

14.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7010/2021 14.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 6595,73 manat və ödənilmiş 30,40 maat məbləğində dövlət rüsumunun cavabdehdn tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsi ilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi abonent kodu **********8082A olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçıya cəmi 6595,73 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 6595,73 manat borcu bu günə qədər ödəməyərək ASC-yə zərər vurmuşdur. ASCnin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Lakin məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı tərəfindən tələb edilən borc məbləği üzrə iddia müddəti ötürülmüşdür. Odur ki, hazırki mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, təqdim edilən iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 12.11.2020-ci il tarixli enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alğı-satqısının birtipli müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti abonenti elektrik enerjisi ilə təmin etmək barədə , abonent isə istifadə etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Abunə kodu **********8082A olan abunə haqqında sənəddən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndi, 1-ci mədən, ev (bina) 0018, mənzil 082A ünvanına elektrik enerjisindən sərfiyyata görə sayğac oxunması üzrə 1994,89 manat, aktlar üzrə 5034,84 manat olmaqla, ümumilikdə 6595,73 manat məbləğində borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqının birtipli müqaviləsinə əsasən iddiaçı cavabdehi elektrik enerjisi ilə təchiz etməyi, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin ünvan 2 ünvanına istifadə etdiyi enerji sərfiyyatına görə iddiaçıya 06.12.2005-ci ildən 03.03.2018-ci ilə qədər sayğac oxunmasına görə 1994,89 manat, 29.11.2005-ci ildən 10.08.2016-cı il tarixədək aktlar üzrə 5034,84 manat borcu hesablanmışdır. Hazırda isə iddiaçı yaranmış borcun cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 4.2-ci bəndinə əsasən istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. Həmin Qərarın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qərarın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır; Məhkəmə tələb olunan borc məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı faktiki olaraq cavabdehdən iki əsasa görə tərtib edilmiş borc məbləğini tələb edir. Abunə haqqında sənəddən görünür ki, abunəçiyə sayğac oxunmasına görə 1994,89 manat, akt borcuna görə isə 5034,84 manat məbləğində borc hesablanmışdır. Faktiki olaraq iddiaçı cavabdehdən 2005-ci il tarixindən 02 sentyabr 2021-ci il tarixinə hesablanmış borc məbləğini tələb edir. Belə ki, iddiaçı iddia ərizəsi ilə 02.09.2021-ci il tarixində məhkəmə müraciət etmişdir. Məhkəmə iddia ərizəsinə məhz 02.09.2021-ci il tarixədək hesablanmış borcun tutulması tələbi kimi qiymət vermişdir. Lakin məhkəmə hesab edir ki, borc məbləği 5 il, yəni 2 sentyabr 2016-cı il tarixdən 02 sentyabr 2021-ci il tarixədək olan dövr üçün tələb edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Odur ki, iddiaçı sayğac göstəricilərinə əsasən 2016-ci il 07 sentyabr tarixinə kimi olan borc məbləğini tələb etmək hüququnu 5 il müddət keçdiyinə görə itirmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh 07.09.2016-03.03.2018-ci illər ərzində sayğac göstəricilərinə əsasən 140,70 manat dəyəri əvəzində elektrik enerjisindən istifadə etmişdir. İddiaçının təqdim etdiyi abunə haqqında sənəddən görünür ki, cavabdeh tərəfindən 2016-cı ilin sentyabr ayında 41,51, oktyabr ayında 21 manat, noyabr ayında 21 manat, dekabr ayında 29,54 manat, 2017-ci ilin yanvar ayında 21,70 manat, fevral ayında 0 manat, mart ayında 5,95 manat elektrik enerjisindən istifadəsinə görə borcu yaranmışdır. Bu o qənaətə gəlməyə əsas verir ki, cavabdehin 07.09.2016-cı il tarixindən 02.09.2021-ci il tarixinədək elektrik enerjisindən istifadə etməyə görə cəmi borcu 140,70 manat olmuşdur. Odur ki, ödənilməyən borc, yəni 140,70 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 02 senyabr 2016-cı il tarixindən - 02.09.2021-ci il tarixinədək istifadə edilmiş elektrik enerjisinə görə 140,70 (beş yüz otuz altı manat, altmış beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on manat) hissəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 02 senyabr 2016-cı il tarixindən - 02.09.2021-ci il tarixinədək istifadə edilmiş elektrik enerjisinə görə 140,70 (beş yüz otuz altı manat, altmış beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar