Məhkəmə qərarları › İş №e-2(001)-7044/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7044/2022

15.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7044/2022 15.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 15 noyabr 2022-ci il tarixdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsində yerləşən 63 nömrəli evin 16 nömrəli mənzilindən çıxarılması, mənzilin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, habelə, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat, mediasiya xərci kimi isə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, təqdim olunmuş iddia ərizəsindən belə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh birgə nikahda olmuşlar və hazırkı mübahisə mənzilin cavadeh tərəfindən boşaldılaraq təhfil verilməsindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Ər-arvadın nikah dövründə əldə etdiyi daşınmaz əşyaya dair ümumi birgə mülkiyyətin bölünməsi və payların müəyyən edilməsi tələbi barədə iddiaya Mülki Prosessual Məcəllənin 39-cu maddəsinə müvafiq olaraq müstəsna aidiyyət üzrə daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılıb-baxılmaması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nəzərə alınmalıdır ki, daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə, məhkəmələr tərəfindən, ərarvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətə keçirilir. Lakin Mülki Prosessual Məcəllənin 39-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi barədə tələblərə müstəsna aidiyyət üzrə əmlakın olduğu yerin məhkəməsində baxılması nəzərdə tutulmamışdır. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qanunvericilik normalarını təhlil edərək belə qənaətə gəlir ki, ər-arvadın birgə nikah dövründə əldə etdiyi daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin bölünməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir.” Həmin Qərarda belə müəyyən olunmuşdur ki, “1. Ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir.”. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, hazırkı tələb ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsi ilə bağlı olduğundan tələbə cavabdehin rəsmi qeydə alındığı yer üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 9,149,152,263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 gün müddətində Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar