Məhkəmə qərarları › İş №e-2(001)-7169/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7169/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7169/2021 12.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.245 manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 məxsus Cavabdeh tərəfindən idarə olunan **-UH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C230” markalı avtonəqliyyat vasitəsi 12 iyun 2019-cu il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. 27 yanvar 2020-ci il tarixində cavabdeh idarə etdiyi avtonəqliyyat vasitəsi ilə **-PX-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş 31 yanvar 2020-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata” əsasən, **-PX-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1.245 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin 13 fevral 2020-ci il tarixli sığorta aktlarına əsasən 1.245 manat məbləğində sığorta ödənişinin zərərçəkənlərə ödənilməsi qərara alınmış və köçürmə yolu ilə həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AC seriyalı 085973 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-UH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 230” minik markalı avtomobil X1 mülkiyyətindədir; 30 mart 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X4 mülkiyyətində olan **-UH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 230” minik markalı avtomobili idarə etmək üçün Cavabdeh istifadəsinə vermişdir. Etibarnamə 30 mart 2020-ci il tarixinədək qüvvədədir; İcbari Sığorta müqaviləsinə dair 12 iyun 2019-cu il tarixli PPA********** saylı məlumatdan görünür ki, “Mercedes Benz 230” minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən əmlaka vurulan zərər görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır. Müqavilənin qüvvəyə minmə tarixi 12 iyun 2019-cu il, müqavilənin qüvvədən düşmə vaxtı 12 iyun 2020-ci ildir; AC seriyalı 869977 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PX-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” minik markalı avtomobil "xxxx" ASC-nin mülkiyyətindədir; POA000088631 saylı etibarnamənin surətindən görünür ki, "xxxx" ASC mülkiyyətində olan **-PX-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” minik markalı avtomobili idarə etmək üçün X3 istifadəsinə vermişdir. Etibarnamə 24 yanvar 2020-ci il tarixində verilmiş və 10 fevral 2020-ci il tarixinədək qüvvədədir; Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Bakı şəhər BDYPİ-sinin Ekoloji Nəzarət üzrə YPXB bildirir ki, 27 yanvar 2020-ci il tarixdə saat 18:00 radələrində Şamaxı – Bakı yolunda toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Təqsiri olan şəxs barədə məlumat qrafasında avtonəqliyyat vasitəsinin markası “Mercedes Benz 230”, dövlət qeydiyyat nişanı **-UH-***, mülkiyyətçisi X4, hadisə baş verdiyi anda sürücü Cavabdeh göstərilmiş və yol nəqliyyat hadisəsinin baş verdiyi anda sürücünün sərxoş olması qeyd edilmişdir; Bakı şəhər X7 Xidməti baş inspektor polis kapitanı Babaşov Müşviq Əli oğlu tərəfindən tərtib olunan inzibati xəta haqqında İXP ******* saylı, 27 yanvar 2020-ci il tarixli protokolun surətindən görünür ki, 27 yanvar 2020-ci il tarixində, saat 18:00 radələrində “Mercedes Benz 230” minik markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən yol hərəkət qaydaları pozulmuş, nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 343.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə ******* nömrəli qərarın surətindən görünür ki, Cavabdeh barəsində tərtib olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; "xxxx" ASC-nin 31 yanvar 2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, **-PX-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” minik markalı avtomobilə dəymiş zərərin məbləği 1.245 manat təşkil edir; "xxxx" ASC-nin 13 fevral 2020-ci il tarixli sığorta aktının və 18 fevral 2020-ci il tarixli ödəniş tapşırığının surətlərindən görünür ki, **-PX-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” minik markalı avtomobilə dəymiş zərərin məbləği 1.245 manat "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir; "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanan 26 fevral 2020-ci il tarixli subroqasiya hüququ ilə əlaqədar məktubun surətindən görünür ki, sonuncudan 1.245 manat vəsaitin 15 təqvim günü ərzində ödənilməsi xahiş edilmiş, əks halda onlara qarşı məhkəmədə sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə tələb irəli sürüləcəyi bildirilmişdir; 08 sentyabr 2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.2-ci maddələrinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, 27 yanvar 2020-ci il tarixdə Cavabdeh sərxoş vəziyyətində **-UH-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 230” minik markalı avtomobil ilə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" ASC-yə məxsus **-PX-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Gentra” minik markalı avtomobilə 1.245 manat məbləğində zərər dəymiş, həmin məbləğdə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərçəkən şəxs "xxxx" ASC-nin hesabına köçürülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsinə görə iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı iddia tələbi əsaslıdır və Cavabdeh 1.245 manat məbləğində sığorta ödənişinin əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1.245 manat məbləğində sığorta ödənişi, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi və 0,4 manat məbləğində xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.245 (bir min iki yüz qırx beş manat) manat məbləğində sığorta ödənişi, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi və 0,4 (qırx qəpik) manat məbləğində xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar