Məhkəmə qərarları › İş №e-2(001)-7204/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7204/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7204/2021 18.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 subroqasiya qaydasında onun xeyrinə 1.300 manat məbləğində ziyanın və ödənilmiş 30,4 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 məxsus və Cavabdeh1 idarə etdiyi **- EM-*** dövlət qeydiyyat nişanlı, “BMW 523İ” markalı avtonəqliyyat vasitəsi 15 avqust 2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarisığortası” növü üzrə sığortalanmışdır. 03 noyabr 2020-ci il tarixində cavabdeh X7 idarə etdiyi həmin avtonəqliyyat vasitəsilə **-CK-*** dövlət qeydiyyat nişankl “Lifan LF 7130A” markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, həmin cavabdeh avtonəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş 17 yanvar 2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən **-CK-*** dövlət qeydiyyat nişanlı, “Lifan LF 7130A” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 1.300 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin sığorta aktına əsasən həmin məbləğdə sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi, həmçinin bildirdi ki, Cavabdeh1 hər hansı qanuni əsas və etibarnamə olmadan **-EM-*** dövlət qeydiyyat nişanlı “BMW 523İ” markalı avtonəqliyyat vasitəsini idarə etmiş, bununla bağlı məsuliyyət həmin nəqliyyat vasitəsi mülkiyyətçi tərəfindən etibarnamə əsasında verilmiş sahibi Cavabdeh2 və etibarnamə olmadan onu idarə edən Cavabdeh1 üzərinə düşür. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, 17 avqust 2020-ci il tarixdə X4 **-EM-*** dövlət qeydiyyat nişanlı, “BMW 523” minik markalı avtomobili ümumi etibarnamə əsasında ona satmışdır. Sonradan o, həmin avtomobilin idarə edilməsi haqqında etibarnamə ilə avtomobili X6 vermişdir. Yol nəqliyyat hadisəsi baş verərkən avtomobil artıq onun istifadəsində deyil, etibarnamə ilə verdiyi şəxsin istifadəsində idi. O, Cavabdeh1 tərəfindən avtomobilin idarə edilməsinə hər hansı razılıq və etibarnamə verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İcbari sığorta müqaviləsinə dair 02 avqust 2020-ci il tarixli PPA200089 saylı məlumatdan görünür ki, sığortalı X4 (**-EM-*** dövlət qeydiyyat nişanlı, “BMW 523İ” minik markalı nəqliyyat vasitəsi) "xxxx" ASC tərəfindən əmlaka vurulan zərərə görə 5.000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5.000 manat, bir hadisə üzrə 50.000 manat məbləğində sığortalanmışdır. Müqavilənin qüvvəyə minmə tarixi 15 avqust 2020-ci il, müqavilənin qüvvədən düşmə tarixi 15 avqust 2021-ci ildir; 17 avqust 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 mülkiyyətində olan **-EM-*** dövlət qeydiyyat nişanlı, “BMW 523İ” minik markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq və digər hərəkətləri etmək üçün Cavabdeh2 etibar etmişdir. Etibarnamə 17 avqust 2021-ci il tarixinədək qüvvədədir və etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər; 27 avqust 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 nümayəndəsi Cavabdeh2 vasitəsilə mülkiyyətində olan **-EM-*** dövlət qeydiyyat nişanlı, “BMW 523İ” minik markalı nəqliyyat vasitəsini idarə etmək üçün X6 etibar etmişdir. Etibarnamə 06 noyabr 2020-ci il tarixinədək qüvvədədir və etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilməz; İnzibati tənbeh vermə haqqında 04 oktyabr nömrəli qərarın surətindən görünür ki, 30 sentyabr 2020-ci il tarixdə Cavabdeh1 **-EM-*** dövlət qeydiyyat nişanlı, “BMW 523İ” minik markalı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş və ara məsafəsi qaydalarını pozmuşdur. Nəticədə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. "xxxx" ASC-nin 03 noyabr 2020-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, **-CK-*** dövlət qeydiyyat nişanlı, “Lifan LF7130A” minik markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1.300 manat təşkil edir; "xxxx" ASC-nin 18 dekabr 2020-ci il tarixli sığorta aktının və 22 dekabr 2020-ci il tarixli ödəniş tapşırığının surətlərindən görünür ki, sığorta hadisəsi nəticəsində **-CK-*** dövlət qeydiyyat nişanlı, “Lifan LF7130A” minik markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 1.300 manat "xxxx" ASC tərəfindən X1 ödənilmişdir; 08 sentyabr 2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0,4 manat məbləğində xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur; 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən icbari qaydada sığortalanmış X2 məxsus **-EM-*** dövlət qeydiyyat nişanlı, “BMW 523İ” minik markalı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edən Cavabdeh1 30 sentyabr 2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə **-CK- *** dövlət qeydiyyat nişanlı, “Lifan LF7130A” minik markalı nəqliyyat vasitəsinə 1.300 manat məbləğində zərər dəymiş, həmin məbləğdə sığorta ödənişi iddiaçı tərəfindən zərərçəkən şəxs X1 ödənilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hadisə törədilən zaman mülkiyyətçi tərəfindən **-EM-*** dövlət qeydiyyat nişanlı, “BMW 523İ” minik markalı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq və digər hərəkətləri etmək üçün Cavabdeh2 etibar edilmiş, həmçinin, qeyd olunan nəqliyyat vasitəsi idarə edilməsi üçün X6 da etibar edilmişdir. Hazırda da iddiaçı cavabdehlərdən ödənilmiş sığorta ödənişinin və dövlət rüsumunun tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin Qanunun 13.4-cü maddəsində “qanuni əsaslar” dedikdə yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas olsun. Beləliklə, nəqliyyat vasitəsini etibarnamə olmadan, lakin mülkiyyətçinin razılığı və iradə ifadəsinə uyğun olaraq idarə edən şəxs istinad olunan Qanunun 25.1.3-cü maddəsində göstərilən “hüquqi olmayan şəxs” kimi qəbul edilə bilməz. Həmin şəxslərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətçi X2 məxsus **-EM-*** dövlət qeydiyyat nişanlı, “BMW 523İ” minik markalı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş və buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh almışdır. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə məsuliyyət həmin Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuşdur. Lakin bununla belə, həmin cavabdeh qeyd olunan nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə etmişdir. Belə ki, iddiaçı tərəfindən əvvəl cavabdeh kimi işə cəlb edilmiş nəqliyyat vasitəsinin mülkiyyətçisi məhkəməyə göndərdiyi yazılı etirazında Cavabdeh1 nəqliyyat vasitəsinə dair etibarnamə vermədiyini bildirmiş, habelə məhkəmə iclasında iştirak edən Cavabdeh2 həmin nəqliyyat vasitəsini idarə edilməsi haqqında etibarnaməni X6 verdiyini, Cavabdeh1 tərəfindən avtomobilin idarə edilməsinə hər hansı razılıq və etibarnamə vermədiyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh1 sürücülük hüququ olsa da o, nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi məhz Cavabdeh1 aid hissədə təmin edilməli, həmin cavabdehdən 1.300 manat məbləğində sığorta ödənişi iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, digər cavabdeh Cavabdeh2 sığorta hadisəsi baş verən zaman həmin nəqliyyat vasitəsini idarə edilməsi üçün etibarnamə əsasında digər şəxsə vermişdir, yəni nəqliyyat vasitəsinin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1.300 manat məbləğində sığorta ödənişi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1.300 (bir min üç yüz manat) manat məbləğində sığorta ödənişi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar