Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7384/2025 11.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (maraqlı şəxslər qismində Bakı şəhəri 43 saylı notariat ofisi və Maraqlı şəxs2 cəlb edilməklə) “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı (maraqlı şəxslər qismində Bakı şəhəri 43 saylı notariat ofisi və Maraqlı şəxs2 cəlb edilməklə) “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanmış kredit xx.xx.2021-ci il tarixli 3M- 1474 saylı kredit müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri 43 saylı Notariat Ofisində Cavabdeh ilə pul alıb vermədən başqa şəxsə verdiyi tibbi avadanlıq üçün yalandan kredit müqaviləsi bağlanmışdır. Maraqlı şəxs2 ona demişdir ki, “Kamilə Nuriyeva adlı həkimdə lazer aparatı var işlədə bilmir. İşlədə bilirsənsə həmin aparatı götür.” O, Bakı şəhərinə gəlib, həmin lazer aparatına baxmış, görmüşdür ki, aparatın ekranı xarab olmuş, məlumatları göstərmir. Röyala və Kamilə Nuriyevaya demişdir ki, hər ay ödəmək şərti ilə aparatı götürür, amma 1 ay müddətinə aparatın ekranını düzəltdirsinlər. Onlar razılaşmışlar. O, aparatı hər ay 1700 manat vermək şərti ilə götürmüşdür. Bu zaman Kamilə Nuriyevanın həyat yoldaşı Cavabdeh ona bildirmişdir ki, “hər ay pulu verməyə öhdənə götürdün, gəl bir ay yalan kredit müqaviləsi bağlayaq, pul ödənişlərindən sonra kredit müqaviləsini ləğv edərik.” xx.xx.2021-ci ildə heç bir pul ödənişi olmadan uydurma əqd bağlamışlar. Lazer aparatını 1 ay müddətə götürmüş, amma düzəldilməsini gözləmişdir. Lakin cavabdehlər aparatı düzəltməmişdirlər. Hətta həmin ay üçün 1700 manat pul cavabdehə ödəmişdir. Sonra Cavabdeh lazer aparatını geri qaytaracağını bildirib, kredit müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh kredit müqaviləsinin heç bir əhəmiyyət kəsb etmədiyini və cırıb atacağını bildirib, onu arxayın salmışdır. Hətta lazer aparatını gətirən Maraqlı şəxs2 da onu əmin etmişdir ki, kredit müqaviləsi öz əhəmiyyətini itirmiş, ona görə də ləğv edəcəklərini bildirmişdir. Avqust 2025-ci il tarixdə icra şöbəsindən ona məktub gələndə bilmişdir ki, cavabdeh onu aldadaraq uydurma kredir müqaviləsini ləğv etdirməmişdir. Maraqlı şəxs2 Qax Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixli 24 saylı müqavilə əsasında X3 dəyəri 46000 manat olan, “Landeta” lazer aparatı gətirərək, ilkin ödəniş kimi 23000 manat ödəmiş, aparatı Nuriyeva Kamiləyə təhvil vermiş, cavabdeh aparatı işlətmişdir. Bir müddətdən sonra Kamilə Nuriyevanın həyat yoldaşı aparatı formal olaraq ona 34000 manata satmaq adı ilə yalandan aldatmaq məqsədilə ilə kredit müqaviləsi bağlamış, lakin aparatı ona verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı onun arvadına işlək vəziyyətdə olmayan lazer aparatı vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və maraqlı şəxslər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: “Borc verən” Cavabdeh ilə “Borc alan” İddiaçı arasında notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-1474 nömrəli borc müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 34000 manat məbləğində pul borc verir. “Borc alan” krediti hər ay 2125 manat ödəmək şərti ilə xx.xx.2022 tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(117)-1075/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər Maraqlı şəxs2 və İddiaçı qarşı “pul və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, ilkin iddia üzrə cavabdeh Maraqlı şəxs2 28000 manat məbləğində pulun və ödənilmiş 159 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı X3 ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Maraqlı şəxs2 cavabdeh X3 qarşı “pul” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 99,6 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən hazırkı iş üzrə cavabdeh iddiaçıya 34000 manat məbləğində pul borc verməyi, iddiaçı isə krediti hər ay 2125 manat ödəmək şərti ilə xx.xx.2022 tarixədək “cavabdehə qaytarmağı öz öhdələrinə götürmüşlər. Məhkəmə işin hallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan qətnamədən müəyyən olunur ki, X4 ilə Maraqlı şəxs2 arasında xx.xx.2021-ci il tarixdə 24 nömrəli müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən “satıcı” Maraqlı şəxs2 müqavilənin predmenti olan 1 ədəd “Candela” X7 lazer aparatını sifariş yolu ilə gətirib “alıcı” X1 öhdəsinə götürmüşdür. Müqavilənin şərtinə əsasən qeyd olunan lazer aparatının gətirilmə müddəti 15-20 gün təşkil etmişdir. Müqavilədə “alıcı” X4 tərəfindən 23000 manat məbləğində ödəniş edildiyi qeyd edilmişdir. Daha sonra qeyd olunan lazer aparatı iddiaçının istifadəsinə verilmiş, K.Nuriyeva qısa müddət lazer aparatından istifadə etdikdən sonra narazılığını bildirərək geri qaytarmaq istəmişdir. Maraqlı şəxs2 isə lazer aparatının keyfiyyətsiz olmasını qəbul etməmiş və həmin aparatın başqa şəxsin istifadəsinə verilməsində vasitəçilik etmiş və həmin aparat İddiaçı istifadəsinə verilmişdir. Qeyd olunan hallar K.Nuriyeva və Maraqlı şəxs2 tərəfindən mübahisələndirilməmişdir. Hazırkı işin araşdırmasından da müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli, 3M-1474 nömrəli borc müqaviləsi lazer aparatının İddiaçı istifadəsinə verilməsinə görə formal olaraq bağlanmış, hər hansı hüquqi nəticə yaratmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-1474 nömrəli borc müqaviləsi etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-1474 nömrəli borc müqaviləsi etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-7384/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7384/2025
11.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver