Məhkəmə qərarları › İş №e-2(001)-743/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-743/2024

30.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-743/2024 30.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Cavabdeh2nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh4 qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Cavabdeh2nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh4 qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmlak Hərrac Mərkəzi “ MMC tərəfindən Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, mənzil 108 İddiaçı1 mülkiyyətində olmuşdur. Lakin həmin mənzil qanunvericiliyin tələbləri pozulmaqla İddiaçı1 mülkiyyətindən çıxarılmışdır. Belə ki, xx.xx.2012-ci il tarixli 3117 saylı kredit Müqaviləsinə əsasən Cavabdeh4 120 ay müddətinə, illik 13% hesablanmaqla 50000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq Cavabdeh4 və İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilinə dair xx.xx.2012-ci il tarixli, 025/12 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh4 müqavilə üzrə öz öhdəliyini yerinə yetirmədiyi üçün "xxxx" ASC məhkəməyə müraciət etmişdir. Nəticə etibarı ilə Cavabdeh4 19558,09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ Cavabdeh4 və İddiaçı1 məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaitinin hesabına borcun "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Belə ki, bu mənzil vərəsəlik qaydası ilə İddiaçı1 məxsus olmuşdur. İddiaçı1 tərəfindən oğlu Cavabdeh4 verilən etibarnamə əsasında cavabdeh həmin mənzili banka girov qoymuşdur. İddiaçı2 isə cavabdeh tərəfindən götürülmüş kredit borcunun bir qismini ödəmişdir. Halbuki, həmin mənzil girov qoyulduqda İddiaçı2 vərəsəlik qaydası üzrə razılığı olmalı idi. Üstəlik mənzilin satışından sonra yerdə qalan pul məbləği Cavabdeh4 deyil, mənzilin mülkiyyətçisi olan İddiaçı1 verilməli idi. Həmin iş üzrə məhkəmə mübahisəs olmuş, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakim həmin qətnaməyə daiy apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra iş üzrə icra vərəqəsi verilmiş və Binəqədi rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasınd Cavabdeh2 MMC tərəfindən hərrac keçirilmişdir. Hərracın keçirilməsindən isə onların mənzil satıldıqdan sonra məlumatları olmuşdur. Belə ki, nə Binəqədi rayon İcra və Probasiya şöbəsinin sifarişi barəsində, nə də keçirilən hərrac prosesinin iclası barəsində onlara heç bir məlumat verilməmişdir. İddiaçı1 özü Binəqədi rayon İcra və Probasiya şöbəsinə gedib maraqlandıqda onlara məlum olmuşdur ki, artıq hərrac yekunlaşmış və "xxxx" ASC tərəfindən həmin mənzil alınmışdır. Belə ki, İddiaçı1 məxsus Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzil Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Binəqədi rayon İcra və Probasiya şöbəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və Cavabdeh2 MMC-nin 279/22 saylı, xx.xx.2022-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 90000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında” Ar qanunun 43.7-ci maddəsinə əsasən əmlakın tələbkara təklif edilən qiiyməti təkrar hərracdakı satış qiymətindən (76500 manat) 25% az olmamaqla 57375 manat müəyyən edilmiş və həmin mənzil xx.xx.2022-ci il tarixdə hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanaraq cavabdeh "xxxx" ASC tərəfindən alınmışdır. Keçirilən hərrac prosesinin iclası barəsində nə Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən, nə də Cavabdeh2 MMC tərəfindən onlara heç bir məlumat verilməmişdir. Qeyd edirlər ki, İddiaçı1 ipoteka ilə yüklü edilmiş evdə yaşayır. Həmin evin hərracdan satılacağı tarix barədə rəsmi qaydada xəbərdar edilmədikləri üçün hərracda iştirak etmək hüquqlarından məhrum olmuşlar. Hərracın xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC tərəfindən keçirilməsi, 279/22 saylı Protokolun tərtib edilməsi və mənzilin satılması haqqında sonradan məlumat almışlar. Belə ki, həmin bildirişlərə də İddiaçı1 qeydiyyatda olduğu ünvanı bütün sənədlərdə formal olaraq qeydi olunsa da, rəsmi qaydada bildirişlər ona təqdim olunmamışdır. Hesab edirlər ki, cavabdehlər bilərəkdən qərəzli olaraq onlara məlumat verməmişlər. Nə hərrac barədə bildirişlər, nə də hərracın yekunları barədə protokol onlara təqdim olunmamışdır. Mənzilin hərracdan satıldığını öyrəndikdən sonra İddiaçı1 müraciət edərək bütün sənədləri özü əldə etmişdir. Ona heç bir sənəd qanunvericilikdə qeyd olunduğu kimi rəsmi qaydada təqdim olunmamışdır. Hesab edirlər ki, hərracın keçirilməsi barədə mənzilin mülkiyyətçisinə rəsmi qaydada bildirişlər göndərilmədiyindən, müddətlərə və İpoteka Haqqında qeyd olunan müddəalara əməl olunmadığından Cavabdeh2 MMC-nin Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 279/22 nömrəli, xx.xx.2022-ci il tarixli yekun protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız və əsassızdır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki, sözüqedən mənzil bankın mülkiyyətindədir və hərracdan satıldıqdan sonra artıq qalan 24623,84 manat Binəqədi rayon İcra şöbəsinin depozitindədir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı1 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 259.0.7-ci maddələrinə əsasən məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddələrinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-75/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı1, Cavabdeh4 və X11 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi qismən təmin edilmiş, Cavabdeh4 19558, 09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin Cavabdeh4 və İddiaçı1 məxsus olan ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçı "xxxx" ASCyə ödənilməsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə tutuma yönəldikdən və satıldıqdan sonra cavabdehlər Cavabdeh4, İddiaçı1, X13, X6, X4, X5, X1 və X2 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, iddiaçı "xxxx" ASC-nin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı X8 cavabdehlər Cavabdeh4 və İddiaçı1 qarşı “kompensasiya məbləğinin müəyyən edilməsi və mənzilin satışından tutulması”na dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixli, 279/22 nömrəli “Açıq hərracın yekunları barədə protokol”dan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid ünvanında yerləşən 2 otaqlı, 49,54 kv.metr ümumi, 30,14 kv.metr yaşayış sahəsindən ibarət olan 11 nömrəli evin 108 saylı mənzilini 57375 manata "xxxx" ASC almışdır. xx.xx.2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında” sifarişin surətindən görünür ki, icra məmuru Cavabdeh2 MMC-yə “Hərracın keçirilməsi haqqında” Sirafişlə müraciət etmiş, sifarişin surəti borclulara (Cavabdeh4, İddiaçı1), tələbkara ("xxxx" ASC) göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 1484/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh2 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə və "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək, ləğv edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzil "xxxx" ASC-nin mülkiyyətindədir. Qeydiyyat tarixi xx.xx.2023-cü il tarixidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi, ev 11, mənzil 108 Cavabdeh4 və İddiaçı1 tərəfindən "xxxx" ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. Qeydiyyat tarixi xx.xx.2012-ci il. xx.xx.2022-ci il tarixli açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, ilkin hərracın keçirilməsi vaxtı barədə tərəflərə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli hərracın baş tutmamasına dair protokolun surətindən görünür ki, hərracın keçirilməsinin tarixi və yeri barədə informasiya vasitəsi statuslu “Birjanyus” X3 (portalında), eləcə də, Cavabdeh2 MMC-nin rəsmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmiş, xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş ilkin hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamış, xx.xx.2022-ci il tarixinə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. xx.xx.2022-ci il tarixli təkrar hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, ilkin hərracın keçirilməsi vaxtı barədə tərəflərə məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli hərracın baş tutmamasına dair protokolun surətindən görünür ki, hərracın keçirilməsinin tarixi və yeri barədə informasiya vasitəsi statuslu “Birjanyus” X3 (portalında), eləcə də, Cavabdeh2 MMC-nin rəsmi internet saytında elan verilməklə, maraqlı tərəflərə hərracın keçirilməsinə dair bildiriş göndərilmiş, xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş təkrar hərracda iştirak etmək üçün müraciət (ərizə) daxil olmamış, xx.xx.2022-ci il tarixinə təyin edilmiş təkrar hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. xx.xx.2022-ci il tarixli ipoteka predmetinin əldə edilməsi barədə təklifin surətindən görünür ki, Əmlak Hərrac Mərkəzi ipoteka saxlayan "xxxx" ASC-yə (surəti işdə iştirak edən digər şəxslərə, həmçinin icra şöbəsinə) təklif ünvanlamış, təklifdə göstərilmişdir ki, mənzilə dair 11 noyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş ilkin hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Əmlak ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə olmaqla 29 noyabr 2022-ci il, saat 11:00 tarixlinə təkrar açıq hərraca çıxarılmış və bu barədə maraqlı şəxslərə göndərilməklə, təkrar açıq hərrac barədə elan xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” internet informasiya portalında dərc olunmuş və həmin elan hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir. xx.xx.2022-ci il, saat 11:00-a təyin edilmiş təkrar hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamış və bununla əlaqədar müvafiq protokol tərtib edilməklə, hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir. Mənzilin 57375 manata bank tərəfindən əldə edilməsi banka təklif edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, 0.0992 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Qeydiyyat tarixi: xx.xx.2011-ci il. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Səlimoba kəndi, 0.08 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Qeydiyyat tarixi: xx.xx.2011-ci il. "xxxx" MMC-nin xx.xx.2012-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Məmmədova küçəsi, 3099 saylı məhəllədə inşa edilən B yaşayış binasının, 2-ci girişin, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 107.2 kv.m. olan, 2 otaqlı, 183 saylı mənzilin pay dəyəri payçısı İddiaçı1 tərəfindən tam ödənilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, 0.10 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Qeydiyyat tarixi: xx.xx.2011-ci il. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Yengicə kəndi, 0.1 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Qeydiyyat tarixi: xx.xx.2010-cu il. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, 0.2068 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətindədir. Qeydiyyat tarixi: xx.xx.2011-ci il. “X10” ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müddətli əmanət müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən və ya əmanətçi üçün daxil 20000 manat məbləğində olan pul vəsaitini müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 13% dərəcəsi ilə ödəməyi öz öhdəsinə götürmüşdür. “X10” ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müddətli əmanət müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən və ya əmanətçi üçün daxil 10000 manat məbləğində olan pul vəsaitini müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12% dərəcəsi ilə ödəməyi öz öhdəsinə götürmüşdür. “X10” ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müddətli əmanət müqaviləsinin surətindən görünür ki, bank əmanətçidən və ya əmanətçi üçün daxil 10000 manat məbləğində olan pul vəsaitini müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 12% dərəcəsi ilə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.5-ci maddəsinə əsasən, hərrac açıq auksion formasında keçirilir. 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. 42.8-ci maddəsinə əsasən, hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda... 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. 43.7-ci maddəsinə əsasən, Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1-ci maddəsinə əsasən, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. 43.8-ci maddəsinə əsasən, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Məhkəmə qeyd edir ki, iddiaçı tərəf 16 dekabr 2022-ci il tarixli, 279/22 nömrəli “Açıq hərracın yekunları barədə protokol”un onlara rəsmi qaydada təqdim edilməməsini bildirməklə, mülkün kimə, hansı qiymətə satılmasından məlumatsız olduğunu qeyd etmişlər. Halbuki, icra işində olan İddiaçı1 icra şöbəsinə ünvanladığı 03 mart 2023-cü il tarixli ərizədə evin satışından əldə edilmiş puldan kredit ödənildikdən sonra qalan məbləğin tam olaraq ona ödənilməsini xahiş etmişdir, yəni faktiki olaraq evin satılmasından məlumatlı olmuş və bunu dolayı yolla qəbul etmişdir. Göründüyü kimi, iddiaçı tərəfin hərraclardan məlumatsız olması sübuta yetirilməməklə yanaşı məhkəməyə təqdim edilmiş sübutlarla hərracın qanunauyğun şəkildə keçirilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 16 dekabr 2022-ci il tarixli, 279/22 nömrəli “Açıq hərracın yekunları barədə protokol”un iddiaçıya rəsmi qaydada təqdim edilməməsi bu protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək, ləğvinə əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödəilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Cavabdeh2nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh4 qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar