Məhkəmə qərarları › İş №e-2(001)-749/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-749/2024

08.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-749/2024 08.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İlk iddia üzrə iddiaçı, birləşdirilmiş iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə və birləşdirilmiş iş üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Birinci iş barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin torpaq sahəsi və onun üzərində olan bağ evindən əşyaları ilə birlikdə çıxarılması və əmlakların boşaldılaraq ona təhvil verilməsi, iddianın verilməsi üçün ödənilmiş 100 manat pulun onun xeyrinə cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış “Əmlakın verilmısilə öhdəliyə xitam verilməsi”nə dair xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evi onun mülkiyyət İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Həmin əmlaka dair iddiaçının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. Birləşdirilən iş barədə İddiaçı Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bankla "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış və borcalana 750000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı kimi X2, X5, "xxxx" MMC (hazırda "xxxx" MMC) və onunla zaminlik müqavilələri bağlanılmışdır. Həmin kredit məbləği iş üzrə zamin hesab olunan X5 tərəfindən mənimsənilmişdir. Ümumilikdə həmin şəxs tərəfindən müxtəlif üsullarla digər banklardan da külli miqdarda vəsaitlər kredit formasında ələ keçirilmiş, həmin müqavilələrə cəlb edilmiş şəxslər aldadılmışdır. X10 əvvəllər dostluq münasibəti olmuş, kredit götürmək istədiyini və ona mülkiyyətində olan bağ evini ipotekaya qoymağı təklif etmiş, kreditin 1 il ərzində ödəniləcəyini vəd etmişdir. Bundan sonra şəxsi münasibətləri nəzərə alaraq o, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 342 saylı bağ evini ipoteka qoymuşdur. Ancaq zamin olduğundan xəbəri olmamışdır. Ümumiyyətlə həmin kredit üzrə bir neçə ipoteka müqavilələri bağlanmış, digər borclulara məxsus əmlaklar bank tərəfindən məhkəmədən kənar əldə edilərək satılmışdır. Ona isə bank tərəfindən “pul ödənilmir, faiz hesablanması davam edir buna görə müqavilə əsasında həmin bağ evini bizə formal olaraq ver faizi dayandıraq və sonda ev sənə qaytarılacaq” fikri bildirilmişdir. Eyni zamandan bank tərəfindən ona bildirilib ki, “heç bir halda əmlak satılmayacaq və evi banka təhvil verərsə Cavabdeh1 məhkəməyə veriləcək”. Digər ipoteka əmlaklar bank tərəfindən satılsa da, ona məxsus bağ evi satılmamışdır. Bundan sonra Bank borclu və zaminlərə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə prosesi vaxtı ona heç bir bildiriş gəlməmiş, yalnız qətnamə göndərilmişdir. Qətnamə ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, zamin kimi məhkəməyə verilmişdir. Bu səbəbdən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Belə nəticəyə gəlmək olur ki, Cəfərov Kamal tərəfindən aldadılmış şəxs yenidən bank tərəfindən aldadılmışdır. Belə ki, zamin kimi o, məhkəməyə verildikdən sonra, digər bir iddia ilə Binəqədi Rayon Məhkəməsində iddia qaldırılmış və onun atası Bağırlı Zahidlə birlikdə istifadə hüququna xitam verilməsi, onların evdən çıxarılması tələbi ilə çıxış edilmişdir. Bu faktiki hallar bir daha onun aldadıldığını sübut edir. Aldadılmanı təsdiq edən digər hal ondan ibarətdir ki, zaminlik və ipoteka müqavilələri ona verilməyib. Qanunvericiliyə əsasən tərəflər arasında hər hansı müqavilə bağlanarsa mütləq şəkildə onun təsdiq edilmiş nüsxəsi tərəfə verilməlidir. Əgər tərəfi aldatmaq niyyəti olmasa idi, bank ipoteka əsasında borc tələbi üzrə məhkəməyə müraciət edə və tələbi həmin əmlaka yönəldə bilərdi. Burada məqsəd əmlakı qanunsuz yolla öz bazar dəyərindən xeyli aşağı məbləğdə əldə etmək olmuşdur. Məlumdur ki, ipoteka ilə bağlı tələbə baxarkən məhkəmə həmin əmlaka bazar qiyməti müəyyən edəcək və həmin əsasla tələbi ipotekaya yönəldəcəkdi. Sözügedən əmlakın bazar dəyəri 550000 – 600000 manat dəyərindədir. Bank isə onunla xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə müqavilə bağlanmış, həmin əmlaka ilkin satış qiymətini 220000 manat qoymuşdur. Bank əvvəlcə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarını cəlb etməklə qiymətləndirilməsini həyata keçirmiş və xx.xx.2018-ci il tarixə əmlakın bazar qiymıti 370000 manat müəyyən edilmişdir. Həmin qiymətləndirmə haqqında ona arayış verilmişdir. Qeyd edir ki, arayış tərtib edilərkən ona tarix qoyulmamış, orada xx.xx.2018-ci il tarixə olan ərizəyə istinad edilmişdir. Onun bildirdiyinə görə onun tərəfindən Reyestr Xidmətiinə heç bir ərizə verilməyib, bütün işləri bank özü həll edib. 2018-ci ildı subyektiv olaraq qiymət qoyulmuş 370000 manatlıq əmlak necə ola bilər ki, xx.xx.2022-ci il tarixdə 220000 manat olmuşdur?! Digər tərəfdən kredit müqaviləsi bağlanarkən bank tərəfindən sığorta şirkətinə müraciət edilmiş və xx.xx.2021-ci il tarixdə sığorta müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən əmlakın sığorta dəyəri 400000 manat təşkil edir. İpoteka müqaviləsi isə onda olmadığı üçün həmin müqaviləyə əsasən əmlaka nə qədər qiymət qoyulduöunu müəyyən etmək olmur. O zaman digər bir sual meydana çıxır. 2018-ci ildə 370000 manat qiymətləndirilmiş əmlak necə olur ki 2021-ci ildə sığorta dəyəri 400000 manat müəyyən edilir, 2022-ci ildə əmlakın qiyməti 220000 manatolur?! Qeyd edildiyi kimi hal-hazırda əmlakın real bazar qiyməti 550000 – 600000 manat civarındadır. Burada məqsəd əmlakın ucuz qiymətə ələ keçirmək, ipotekaya məhkəmə qərarı əsasında tələbin yönəldilməsinin qarşısını almaq, onu satmaqla ümumi kredit borcundan 220000 manat çıxmaq yerdə qalan vəsaitlə isə yararlanmaq olmuşdur. Eyni zamanda bildirir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 12 saylı notariat ofisində əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə müqavilə bağlanarkən müqaviləni bankın nümayəndəsi, o və guya "xxxx" MMC-nin direktoru kimi təqdim edilən X6 imzalamışlar. Bildirir ki, Əliyev Səxavətlə "xxxx" MMC-nin heç bir əlaqəsi yoxdur. Həmin şəxs də aldadılaraq bu məsələlərə cəlb edilmişdir. X7 hazırda həmin şirkətə və X4 qarşı şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Sadalanan hallarl onun aldadıldığını təsdiq edir. Belə olan halda onunla bağlanan müqavilə də etibarsız sayılır. Daha sonra Cavabdeh2 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, o, İddiaçı ASC və "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış “əmlakın verilməsi ilə öhdəliyə xitam verilməsi barədə” müqavilənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri PHŞ tərəfindən İddiaçı ASCnin adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşlərin bir icraatda birləşdirilməsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)- 244/2024 saylı qərardadından görünür ki, İddiaçı ASC tərəfindən verilmiş mülki işin digər mülki işlə birləşdirilərək birgə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatət təmin edilmiş, iddiaçı Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizə üzrə 2(009)-244/2024 nömrəli mülki işlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarma, evin boşaldılması və s.” Tələbinə dair iddia ərizəsi üzrə 2(001)-749/2024 nömrəli mülki iş əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə həmin işlə birləşdirilərək onlarla birgə baxılması üçün Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 öz iddialarını müdafiə edərək, iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Cavabdeh1 müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddianı qəbul etmirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil öz iddialarını müdafiə edərək, təmin olunmasını, İddiaçı ASCnin iddiasının isə təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X6 izahatdında bildirmişdir ki, onun heçnədən xəbəri yoxdur. Belə ki, cəmiyyətin müdiri kimi o qeyd olunsa da, həmin cəmiyyəti başqa şəxs idarə edirdi. Hazırda həmin şəxs hamını aldadaraq, ölkə hüdudlarını tərk etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia təmin, birləşdirilən iddia isə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Cavabdeh1, İddiaçı ASC və "xxxx" MMC arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli əmlakın verilməsilə öhdəliyə xitam verilməsi müqaviləsinin surətindən görünür ki, bank ilə borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21002- 0001/19176311/KM saylı kredit müqaviləsinə əsasən bank norcluya 750000 manat məbləğində illik 15% dərəcəsi ilə 36 ay müddətinə kredit vermiş və həmin kredit müqaviləsinin təminatı kimi satıcıya məxsus ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bu müqavilənin bağlanması tarixinə həmin kredit üzrə borclunun bank qarşısında 668012,69 manat məbləğində əsas borcu, 16630,51 manat məbləğində faiz borcu və 664,74 manat və 664,74 manat cərimə borcu mövcuddur. Borclu bank qarşısında olan öhdəliyini icra edə bilmədiyindən, öhdəliyin icrası əvəzinə satıcı tam mülkiyyət üzrə ona məxsus olan əmlakı tərəflərin qarşılıqlı razılığı əsasında 220000 manat dəyərində qiymətləndirilərək bankın mülkiyyətinə verir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 2 ünvanı xüsusi mülkiyyət kimi xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin adına qeydiyyatdan keçmişdir. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın xx.xx.2018-ci il tarixinə bazar dəyəri 370000 manat təşkil edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-151/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, X5, X2, Cavabdeh1 qarşı kerdit müqaviləsi üzrə əsas borcun, hesablanmış fazilərin, cərimənin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, X5, X2, Cavabdeh1 müştərək qaydada 421937,93 manat əsas borcun, 528,53 manat faiz borcu cəmi 422466,46 manatın, həmçinin 400 manat mediasiya xərcinin, 313,23 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində xərcin cavabdehlər "xxxx" MMC, "xxxx" MMC, X5, X2, Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixdə ipoteka saxlayan İddiaçı ASC, ipoteka qoyan Cavabdeh1 və borcalan "xxxx" MMC arasında notarial qaydada bağlanmış ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı xx.xx.2021-ci il tarixli 21002-0001/19176311/KM saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təmin edilməsi üçün ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. İpoteka predmeti bank tərəfindən Bakı şəhəri xx.xx.2020-ci il tarixində tərtib edilmiş daşınmaz/daşınar əmlakın qiymətləndirmə aktına (hesabatın) əsasın 240000 manat dəyərində qiymətləndirilir. İpoteka qoyan və ipoteka saxlayan ipoteka predmetinin 240000 manat dəyərində olan qiymətinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq ipoteka predmetinin ilkin satış qiyməti olduğunu qəbul edirlər. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Zaminlik müqaviləsi”nin surətindən görünür ki, sonuncu borcverən qarşısında Borcalanın xx.xx.2021-ci il tarixli 21002-0001/19176311/KM saylı Kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyini üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın məhkəmədə qaldırılması üçün İddiaçı ASC tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddianın məhkəmədə qaldırılması üçün Cavabdeh1 tərəfindən məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ilə bağlı qanunvericiliyin aşağıdakı normalarını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mübahisə ilə əlaqədar məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Digər tərəfdən Mülki Məcəllənin 157.4 və 164.1-ci maddələrinə əsasən iddiaçı əşya üzərində mülkiyyət və sahiblik hüquqlarının digər şəxslər tərəfindən pozulmasının aradan qaldırılmasını tələb edə bilər. Məhkəmə həmçinin hesab edir ki, məsələ ilə bağlı Avropa Məhkəməsinin formalaşmış presedent hüququna da nəzər yetirmək lazımdır. Məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində tutulan ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlarmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar “Uolson İsveçrəyə qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evi xx.xx.2022-ci il tarixli əmlakın verilməsilə öhdəliyə xitam verilməsi müqaviləsinə əsasən İddiaçı ASC-nin mülkiyyətinə verilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, sözügedən əmlak xx.xx.2022-ci il tarixli əmlakın verilməsilə öhdəliyə xitam verilməsi müqaviləsi ilə İddiaçı ASC-nin mülkiyyətinə veridliyinə görə, əmlaka dair hüquqlara da malikdir. Lakin cavabdehlər könüllü olaraq İddiaçı ASC-yə məxsus əmlakı zəbt etməklə İddiaçı ASC özünə məxsus daşınmaz əmlakdan istifadə edə bilmir. Buna görə də iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər həmin torpaq sahəsi və onun üzərində olan bağ evindən əşyaları ilə birlikdə çıxarılmalı və əmlakların boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Məhkəmə birləşdirilmiş iş üzrə Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası ilə bağlı qanunvericiliyin aşağıdakı normalarını qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Məhkəmə qeyd edir ki, bankla cavabdehlər arasında könüllü müqavilə bağlanmış və müqavilə bağlanarkən cavabdehlər müqavilənin predmeti ilə məlumatlandırılmışdırlar. Müqavilə könüllü surətdə tərəflər arasında imzalanmışdır. İpotekaya qoyulmuş əmlak, həmin əmlakın mülkiyyətçisinin razılığı ilə qiymətləndirilmişdir. İddiada göstərilən kredit məbləği zamin hesab olunan X5 tərəfindən Cavabdeh1lə (cavabdeh) əvvəllər dostluq münasibətdə olması və həmin kredit məbləğinin 1 il ərzində ödənilməsi ilə bağlı və sonradan həmin məbləğin mənimsələnməsi barədə məhkəmə qeyd edir ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, X11 Həbibin etibarından sui istifadə edib onu aldatmışdır. Belə olan halda Bağırlı X9rşı hüquqmühafizə orqanlarına müraciət etmək hüququ var. Lakin bu hala istinad edərək müqavilənin etibarsızlığına gətirib çıxartmır. Eyni zamanda müqavilənin etibarsızlığı ilə bağlı cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edildiyindən tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutulmalı, Cavabdeh1 iddiası rədd edildiyindən isə tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə) “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-yə məxsus ünvan 1 ünvanında yerləşən 0.09 ha torpaq sahəsi və onun üzərində olan 535.2 kv.m ümumi sahədən ibarət bağ evindən istifadə hüquqlarına xitam verilsin, cavabdehlər həmin torpaq sahəsi və onun üzərində olan bağ evindən əşyaları ilə birlikdə çıxarılsın və əmlakların boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik еdən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar