Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7564/2025 23.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi cəlb edilməklə) “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanındakı qanunsuz sahiblikdə olan əmlakının geri qaytarılması, cavabdehlər Cavabdeh4 Şamil oğlu, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035-də istifadədə olan 0.1495 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binada, 65.73 kv.m ümumi, 46.73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 123 nömrəli mənzilə tam mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində 898 nömrəli reyestr kitabının 83453 nömrəli vərəqində qeydiyyata alınmışdır. Buna əsasən MH ******* seriyalı, ********** qeydiyyat nömrəli, **********130-05101-093020 reyestr nömrəli, xx.xx.2009-cu il tarixli Çıxarış üzrə qeyd olunan əmlak iddiaçı X2 məxsusdur. Çıxarışda qeyd edilən mənzil iddiaçının xüsusi mülkiyyəti olmasına baxmayaraq, 30 ildən artıq müddətdir ki, cavabdehlər Cavabdeh4 Şamil oğlu, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 tərəfindən zəbt edilərək, onlar tərəfindən qanunsuz olaraq istifadə edilməkdədir. İllərdir Dövlətimiz və vətəndaşlarımız məcburi köçkünlərə münasibətdə humanist mövqedən çıxış edərək, onların ölkə ərazisində yerləşməsinə şərait yaratmışdır. İddiaçı və ailəsi də 1992-ci illərdə evlərinə yerləşən məcburi köçkünlərə 29 sentyabr, 1992-ci il tarixli “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Azərbaycan Respublikasının Qanununu, daha sonra isə 21 may 1999-cu il tarixli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu” haqqında Azərbaycan Respublikasının Qanunu rəhbər tutaraq, işğal altında olan torpaqlarımızın azad olunmasına qədər onlara möhlət vermişdirlər. O gündən bu günədək iddiaçı və ailəsi yataqxanada yaşamağa başlamışdır. Onu da qeyd edir ki, bu illər ərzində ailə olaraq çox çətinliklər və sıxıntılar yaşayıblar, həyat yoldaşı, qızı və onun sağlamlıq imkanı məhdud övladı ilə birlikdə 2 otaqlı yataqxanada yaşayırlar. Bütün bunları nəzərə alıb, öz mülkiyyətində yaşamaq qərarına gələrək, bir neçə dəfə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035-də, 2 nömrəli bina, 123 nömrəli mənzilə gedərək, danışıqlar aparmaq üçün təşəbbüslər göstərilmişdir. Təəssüf ki, bu danışıqlar heç biri müsbət nəticə verməmiş, hətta cavabdeh şəxslər (məcburi köçkünlər) iddiaçı və ailəsini döyməklə, sağlamlıqlarına zərər yetirməklə hədələmiş, qapıdan qovmuşlar. Əldə etdikləri məlumatlara görə həmin məcburi köçkünlərin başqa yerdə iki mərtəbəli evləri, hətta dövlət tərəfindən verilən Şuşada evləri vardır. Ancaq buna baxmayaraq iddiaçının mülkiyyətində olan əmlakından çıxmaq niyyətində deyillər. Hal-hazırda məcburi köçkünlərin bu hüquqa zidd hərəkətləri iddiaçının mülkiyyət hüquqlarını pozur. Ancaq hazırkı vəziyyətdə iddiaçı öz əmlakına bağlı sahiblik, istifadə və sərəncam vermək kimi hüquqlarından istifadə edə bilməyi mümkün olmayan vəziyyətlə qarşılaşmışdır. Mövcud vəziyyətin həll edilməsi sadəcə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilə bilər. Eyni zamanda onu da qeyd etməyi zəruri hesab edirlər ki, sözügedən yaşayış sahəsi ilə eyni binada yerləşən digər bir mənzil ilə də bağlı oxşar məhkəmə təcrübəsi mövcuddur. Həmin iddia tələbində də iddiaçı qanunsuz sahiblikdən geri götürmə ilə bağlı məcburi köçkünlərin yaşayış sahəsindən çıxarılması və əmlakın qanunsuz sahiblikdən geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsi tərəfində 2017-ci il iyun tarixli, 2(001)-9726/2017 iş nömrəli qətnamə ilə iddia tələbi təmin edilmişdir. Hal-hazırki iddia tələbinə münasibətdə həmin məhkəmə qərarını da nəzərə alınmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddianı qəbul edir, lakin onlar nə vaxt evlə təmin olunsalar onda həmin mənzildən çıxacaqlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddianı qəbul edir, lakin onlar nə vaxt evlə təmin olunsalar onda həmin mənzildən çıxacaqlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 izahatında bildirdi ki, iddianı qəbul edir, lakin onlar nə vaxt evlə təmin olunsalar onda həmin mənzildən çıxacaqlar. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında bildirdi ki, iddianı qəbul edir, lakin onlar nə vaxt evlə təmin olunsalar onda həmin mənzildən çıxacaqlar. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə digər üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5035-də istifadədə olan 0.1495 ha torpaq sahəsində yerləşən 2 nömrəli, 9 mərtəbəli binada, 65.73 kv.m ümumi, 46.73 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 123 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 898 nömrəli reyestr kitabının 83453 nömrəli vərəqində qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: xx.xx.2009. xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Şuşa şəhərindən məcburi köçkün olan cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 123 saylı mənzilində heç bir hüquqi əsasları olmadan məskunlaşmışlar. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir (Nazirlər Kabineti, Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyətləri orqanları öz səlahiyyətləri daxilində). Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Qanunun mənasından aydın müəyyən olunur ki, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir. Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, ünvan 2 ünvanında yerləşən 123 saylı mənzilinə hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin bu mənzildə yaşamaları iddiaçının mənzilə olan istifadə hüquqlarını məhdudlaşdıran haldır. Göründüyü kimi, hazırda cavabdehlər iddiaçının iradəsinə zidd olaraq sonuncuya qanuni əsaslarla məxsus olan mənzili zəbt etməklə iddiaçının həmin mənzildən istifadə etməsinə maneə yaradırlar. Belə olan halda, iddiaçı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 2 ünvanında yerləşən 123 saylı mənzil boşaldılmalı və mənzil iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 2 ünvanında yerləşən 123 saylı mənzil boşaldılsın, ünvan 2 ünvanında yerləşən 123 saylı mənzil İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-7564/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7564/2025
23.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver