Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7652/2024 13.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin qarşı “avtomaşın barəsində qeydiyyat hərəkətlərinin aparılmasına qoyulan məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin qarşı “avtomaşın barəsində qeydiyyat hərəkətlərinin aparılmasına qoyulan məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “X1 yük” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşının vicdanlı alıcısı hesab edilməsi, “X1 yük” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşının barəsində ölkə daxilində qeydiyyat hərəkətlərinin aparılmasına qoyulan məhdudiyyətin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X1 yük” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilk dəfə olaraq onun tərəfindən alınmış və xx.xx.2018-ci il tarixdə sonuncu tərəfindən Azərbaycana gətirilməklə qeydiyyata alınmışdır. Bundan sonra isə avtomaşın etibarnamə əsasında ayrı-ayrı şəxslərin idarəçiliyinə verilmişdir. O, xx.xx.2024cü il tarixdə təkrar qeydiyyat hərəkətlərinin aparılması üçün cavabdehə müraciət etdikdə avtomaşının texniki müayinəsi keçirilən zaman Belçika Krallığında axtarışda olması müəyyən edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılmış və nəticədə idarənin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlamasının rədd edilməsi, “X1 yük” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşının ona təhvil verilməsi, hər hansı qeydiyyat hərəkətinin aparılmasının qadağan edilməsi qərara alınmışdır. Həmin qərarda da qeyd edildiyi kimi mülkiyyətçi İddiaçı avtomaşının vicdanlı alıcısı hesab edilmişdir. Hazırda da avtomaşınla bağlı hər hansı üçüncü şəxslə heç bir mübahisə mövcud deyil. Odur ki, “X1 yük” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşın barəsində ölkə daxilində qeydiyyat hərəkətlərinin aparılmasına qoyulan məhdudiyyətin aradan qaldırılması üçün cavabdeh təşkilata müraciət edilsə də, cavabdehin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “X1 yük” markalı, ban nömrəsi WDB9700581L204047 olan nəqliyyat vasitəsinin “İNTERPOL” tərəfindən axtarışda olmasının müəyyən edilməsi səbəbindən həmin nəqliyyat vasitəsinə dair DİN Baş X2 idarəsinin qeydiyyat-imtahan idarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, o, cavabdehə müraciət edərkən mübahisəli avtomaşın barəsində ölkə daxilində qeydiyyat hərəkətlərinin aparılmasına qoyulan məhdudiyyətin aradan qaldırılmasını xahiş etmişdir. Lakin cavabdeh əsassız olaraq nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi cavabını vermişdir. Avtomaşının üzərində zatən onun mülkiyyət hüququ vardır və o, sərbəst şəkildə avtomaşını idarə edə bilir. Sadəcə olaraq üzərində məhdudiyyət olduğundan hər hansı qeydiyyat hərəkətini apara bilmir. Bundan başqa, “X1” yük markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşın Azərbaycana gətirildiyi müddətdən etibarən onun mülkiyyətində olmuş və həmin əmlaka dair hər hansı bir üçüncü şəxsin iddiası olmamışdır. Hər hansı xarici ölkədə avtomaşının axtarışda olması onun günahı ucbatından baş verməmişdir. O avtomaşını vicdanlı şəkildə əldə etmişdir. Qeyd edilənləri nəzərə alaraq o, Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “X1 yük” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşın barəsində qeydiyyat hərəkətlərinin aparılmasına qoyulan məhdudiyyətin aradan qaldırılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İnzibati məhkəmə araşdırması zamanı işə baxan hakim məhkəmənin yardım etmək vəzifəsindən istifadə edərək ona izah etmişdir ki, iddia uğurlu deyil və təmin olunmayacaqdır. Çünki oxşar iş üzrə Ali Məhkəmənin iddianın mümkün sayılmaması barədə qərarı hazırda qüvvədədir. Bununla da ona izah olunmuşdur ki, cavabdehə qarşı ümumi məhkəmədə iddia qaldırılaraq iddiaçının hüququ təmin edilə bilər. Ona görə də hesab edir ki, o, hazırki iddianı qaldırmaqda haqlıdır. Bundan başqa, həmin məhkəmə araşdırması nəticəsində göndərilmiş sorğuya İNTERPOL-un milli mərkəzi bürosunun xx.xx.2024-cü il tarixli cavabından görünür ki, VİN: WDB9700581L204047 olan, 1ESG504 qeydiyyat nişanlı “X1” markalı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə Belçikada oğurlanmış və xx.xx.2023-cü il tarixdə təşkilatın “e-ASF” avtomatlaşdırılmış axtarış sistemində qeydə alınmışdır. Maraqlıdır ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində “X1” yük markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşının alqısatqı müqaviləsinin BDYP-dəxx.xx.2018-ci il tarixdə bağlandığı göstərilir. Necə ola bilər ki, avtomaşın onun mülkiyyətinə keçdikdən sonra oğurlansın? Odur ki, iddiaçı həmin avtomaşının vicdanlı alıcısıdır. İddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2-ci və 153.2.1-ci maddələrinə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 114.1 və 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarın 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi inzibati orqan kimi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2-ci və 2.2.2-ci maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia). İddia ərizəsinin mahiyyətindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, tərəflər arasında iddiaçının mübahisəli avtomobilin vicdanlı alıcı olması ilə bağlı hər hansı mübahisə yoxdur. İddiaçının mübahisələndirdiyi nüans məhz “X1 yük” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşın barəsində ölkə daxilində qeydiyyat hərəkətlərinin aparılmasına qoyulan məhdudiyyətin aradan qaldırılması üçün cavabdeh orqanının imtinasıdır. Ona görə də hesab edirəm ki, iddiaçı hazırki tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməli, eyni zamanda iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, **********85 nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin qarşı “avtomaşın barəsində qeydiyyat hərəkətlərinin aparılmasına qoyulan məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, hazırki tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. İddiaçı Nümayəndə (iddiaçının nümayəndəsi və vəkili) tərəfindən xx.xx.2024-cü il tarixdə, **********85 nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-7652/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7652/2024
13.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver