Məhkəmə qərarları › İş №e-2(001)-7733/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7733/2021

26.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7733/2021 26.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18 avqust 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay onun xeyrinə tutulması qət edilmiş 103 manat sabit pul məbləğində alimentin artırılması, cavabdehdən uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması, habelə onun tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 50 manat mediasiya və 100 manat hüquqi xidmət xərci olmaqla, cəmi 180 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 23 sentyabr 2003-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahlarından 18 avqust 2004-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli 2(001)-6791/2014 saylı qətnaməsi ilə Cavabdeh ilə aralarında bağlanmış 23 sentyabr 2003-cü il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən 559 nömrəli aktla rəsmiləşdirilmiş nikah pozulmuş və Cavabdeh övladı X2 yetkinlik yaşma çatana qədər saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması qət edilmişdir. Lakin cavabdeh bu günə qədər 1 manat belə olsun aliment ödəməmişdir. Qeyd etmək istəyir ki, qızının artıq 17 yaşı var, artıq xərcləri artmışdır. Məlumdur ki, uşaq böyüdükcə tələbatları çoxalır, o, isə bu xərcləri uzun müddətdir ki, təkbaşına təmin edə bilmir. Baş verən qiymət artımı, vəziyyətin belə çətinləşməsi onun cavabdehə qarşı “iddia ərizəsi” ilə müraciət etməyinə səbəbdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddianı qismən qəbul edərək, tikintidə usta işlədiyini, bu səbəbdən 18 avqust 2004-cü il təvəllüdlü X1 üçün hər ay 175 manat aliment ödəyə biləcəyini bildirmişdir. Bu barədə məhkəməyə yazılı ərizə də təqdim etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(001)- 6791/2014 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 23 sentyabr 2003-cü il tarixdə Binəqədi rayon qeydiyyat şöbəsində 559 nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulması, 18 avqust 2004-cü il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, Cavabdeh övladı X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının əvvəlinin 09 iyun 2014-cü il tarixdən başlanılması qət edilmişdir; 15 sentyabr 2021-ci il tarixli, A2547/09/21 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı alimentin məbləğinin artırılması ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. 26 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(001)-6791/2014 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, 18 avqust 2004-cü il təvəllüdlü X2 iddiaçının yanında saxlanmış və uşağın saxlanması üçün hər ay 103 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Hazırda iddiaçı 103 manat məbləğində müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının 200 manat məbləğinə artırılmasını, habelə onun tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 50 manat mediasiya və 100 manat hüquqi xidmət xərci olmaqla cəmi 180 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir, cavabdeh isə iddianı qismən qəbul edərək aliment məbləğinin 175 manata artırılmasını xahiş edir, digər hissələrdə isə iddianı qəbul etmir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 18 avqust 2004-cü il təvəllüdlü X2 üçün 103 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən yeddi ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə, qanunvericiliklə uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia alimentin artırılması hissəsində qismən təmin edilməli, 18 avqust 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(001)-6791/2014 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə iddia tələbinin “cavabdehdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, 50 manat mediasiya və 100 manat hüquqi xidmət xərcinin tutulması” hissəsi ilə əlaqədar isə qeyd edir ki, iddia bu hissədə qismən edilməli, Cavabdeh yalnız ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi və 50 (əlli) manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ödənilməlidir. Belə ki, iddiaçı hüquqi xidmətə çəkilmiş xərci tələb etsə də, lakin həmin xərcin çəkilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 18 avqust 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6791/2014 saylı, 22 avqust 2014-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 50 (əlli) manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar