Məhkəmə qərarları › İş №e-2(001)-7807/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7807/2025

05.03.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7807/2025 05.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh3 və onun nümayəndəsi (vəkili) Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh5, Bakı şəhəri 44 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı "mənzil alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh5, Bakı şəhəri 44 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı "mənzil alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, ev 3 “A”, mənzil 39 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilə dair cavabdehlər Cavabdeh5 ilə Cavabdeh3 arasında bağlanmış, Bakı şəhəri 44 saylı dövlət notariat kontorunda reyestrdə xx.xx.2006-cı il tarixdə, 4-Ə-302 nömrə ilə qeyd edilmiş xx.xx.2006-cı il tarixli AN №0092853 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və qeyd edilən mənzillə bağlı Cavabdeh3 adına ƏMDX DƏDKR publik hüquqi şəxs tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********55-05101- 093005 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə aparılmış dövlət qeydiyyatının etibarsız sayılması, çıxarışın ləğv edilməsi, qeyd edilən mənzilə dair Cavabdeh5 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı həyat yoldaşı xx.xx.1995-ci il tarixdə vəfat edəndən sonra o, dul qalıb, başqası ilə ailə qurmamış, himayəsində qalan iki qızını və bir oğlunu təkbaşına saxlayıb, tərbiyə edib böyütmüşdür. Əri vəfat edəndən sonra iddiaçı özünə və ailə üzvlərinə aid bütün vacib məsələləri əvvəlcə doğma qardaşı və həmişə inanıb güvəndiyi Yaşar Tağıyevlə müzakirə edib razılığını aldıqdan sonra həll etmişdir. Hazırkı iddia üzrə Cavabdeh3 iddiaçının X10 oğlu, Tağıyeva (Ağayeva) Aynur İskəndər qızı isə onun övladıdır. Qardaşı ilə məsləhətləşmədən sonra hələ yetkinlik yaşına çatmamış qızı Aynur Ağayeva el adəti ilə xx.xx.2006-cı il tarixdə iddiaçının qardaşı oğlu hazırkı iddia üzrə Cavabdeh3 nişanlanmışdır. Nişanlanma keçiriləndən sonra gələcək gənc ailənin harada yaşayacağı ilə bağlı məsələ də iddiaçı ilə onun X15 arasında müzakirə edilmişdir. Belə ki, həmin vaxt Yaşar Tağıyevin evində boşanmış qızı və subay oğlu da yaşayırdı, əlbəttə, belə vəziyyətdə evdə darısqallıq yaranırdı. X15 gələcək gənc ailənin yaşaması üçün ayrıca mənzil kirayə edilməsini iddiaçıya təklif etmiş, iddiaçı isə bununla razılaşmayıb qızının rahat yaşamasından ötrü öz vəsaiti hesabına Bakı şəhərində mənzil alacağını bildirmişdir. İddiaçının bu təklifi X10 də ürəyincə olmuşdur. Bu niyyətlə X15 almaq üçün mənzil axtarıb tapmış, iddiaçı isə alınacaq mənzilə görə qardaşı vasitəsilə beh pul vermişdir. Həmin vaxtlar iddiaçının qızı Aynur Ağayeva hələ yetkinlik yaşına çatmamış, iddiaçının özünün şəxsiyyət vəsiqəsi isə rayonda qalmışdı. Belə vəziyyətdə X15 vaxt uzanarsa, verilən behin qaytarılmayacağını iddiaçıya bildirib, mənzili hələlik öz oğlu Cavabdeh3 adına alınmasını təklif etmiş, eyni zamanda oğlu ilə iddiaçının qızı evlənib sonuncu gəlin gələndən üç gün sonra mənzilin qızının mülkiyyətinə keçiriləcəyinə etibarlı vəd vermişdir. Dul qadın olan iddiaçı aralarındakı çox mehriban bacı-qardaş münasibətlərinə və qardaşının etibarlı vədinə tam inanıb pulunu özünün ödəyəcəyi mənzilin alqı-satqısı zamanı müqavilədə alıcı qismində qardaşı oğlu hazırkı iddia üzrə Cavabdeh3 adının yazılmasına razılıq vermişdir. Ona görə də iddiaçı 59000 manat məbləğində pulu Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsində, ev 3a nömrəli 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m. olan 2 otaqlı 39 nömrəli mənzilin alınmasından ötrü X15ə vermişdir. İddiaçı qızına bu mənzili alanda onun ailə quracağı qardaşı oğlu Cavabdeh3lə köçüb orada mehriban ailə kimi yaşayacaqlarına inanmışdır. Alınan mənzilin pulunun iddiaçı tərəfindən ödənilməsi, mənzilin alqı-satqı müqaviləsinin niyə onunla bağlanmasının səbəbi və bununla bağlı müqaviləyə qədər olan bütün danışıqların məzmunu hazırkı iddia üzrə Cavabdeh3 özünə də yaxşı məlumdur. Ona görə də qızı Aynurla qardaşı oğlu Vüsal ailə qurub aldığı mənzilə köçüb orada yaşamağa başladıqdan sonra iddiaçı şifahi razılaşma şərtlərinə uyğun olaraq mənzilin qızının mülkiyyətinə verilməsini X15ə və onun oğlu hazırkı iddia üzrə Cavabdeh3 bildirmişdir. Lakin, X15 ailə quran hər iki gənci öz balası hesab etdiyini, onların xoşbəxtliyinin onun üçün ən vacib şərt olduğunu deyərək, iddiaçının pulunu ödəyib aldığı mənzilin öz oğlunun adında qalmasında heç bir pis nəticə olmayacağına iddiaçını tam inandırmışdır. İddiaçı isə qaraşının və qardaşı oğlu hazırkı iddia üzrə Cavabdeh3 dediklərinə onlar ən yaxın qohumları və doğmaları olduqarına görə yenə də inamla yanaşmışdır. Bundan 5 il keçəndən sonra iddiaçının qızı ilə qardaşı oğlu olan kürəkəni hazırkı iddia üzrə Cavabdeh3 arasında ailə münaqişələri baş vermiş, Cavabdeh3 boşanmaq barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bundan xəbər tutan iddiaçının X10 irad və tənqidlərindən sonra hazırkı iddia üzrə Cavabdeh3 iddia ərizəsini məhkəmədən geri götürmüşdür. Lakin, bundan bir müddət keçəndən sonra hazırkı iddia üzrə Cavabdeh3 mənzili anasının almasına baxmayaraq, sənədlərin öz adına olduğunu iddiaçının qızı Aynur Tağıyevaya bildirib, onu mənzildən çıxaracağı ilə hədələməyə başlamışdır. Bu dəfə də atası Yaşar Tağıyevin müdaxiləsi nəticəsində hazırkı iddia üzrə Cavabdeh3 fikrindən daşınmışdır. X15 yenə iddiaçıya: “Mən haqqa girib yetim malina yiyə dura bilmərəm” demişdir. Hazırkı iddia üzrə Cavabdeh3 mənzildən çıxıb getmiş və iddiaçının qızı Aynur Tağıyeva 2 nəfər azyaşlı uşağı ilə birlikdə mənzildə bir müddət tək yaşamalı olmuşdur. Həmin vaxtlarda qızının və onun azyaşlı uşaqlarının bütün maddi ehtiyaclarını iddiaçı özü təmin etmişdir. Sonradan Cavabdeh3 ailəsini bərpa edərək, yenidən iddiaçının qızı ilə bir mənzildə yaşamağa başlamışlar. Bir neçə ildən sonra ərarvad arasında yenidən söz-söhbət yaranmış və bunun nəticəsində yenə iddiaçının qızı ilə hazırkı iddia üzrə Cavabdeh3 iki il ərzində bir-birindən ayrı yaşamışlar. Bu dəfə də qızının və onun azyaşlı uşaqlarının maddi ehtiyaclarını bütünlüklə iddiaçının özü ödəmişdir. Bu ərəfələrdə iddiaçının X15 vəfat etmişdir. Hazırkı iddia üzrə Cavabdeh3 yenə Aynur Tağıyevaya qarşı nikahın pozulması tələbinə dair məhkəməyə iddia vermişdir. Lakin o, ikinci məhkəmə iclasında yenə iddia ərizəsini geri götürmüşdür. X10 vəfat etməsinin birinci il dönümünə yaxın hazırkı iddia üzrə Cavabdeh3 iddiaçının yanına gəlib mərhum atasını yuxuda gördüyünü, atasının ona iki uşağının olmasını xatırladıb ailəsini dağıtmamasını, qohumluqda düşmançilik yaratmamasını dediyini və həyat yoldaşı Aynur Tağıyeva ilə barışmaq istədiyini bildirmişdir. Həmin vaxt iddiaçı ona özünün aldığı mənzilə mülkiyyət hüququnu qızına ötürməsini demiş, qardaşı oğlu Cavabdeh3 isə ona: “Bibi narahat olma, mən ailəmi bir də dağıtmaram” demişdir. Bundan sonra Cavabdeh3lə iddiaçının qızı Aynur Tağıyevanın nikahından bir oğlan övladlari dünyaya gəlmişdir. Yenə də bundan bir neçə il keçəndən sonra hazırkı iddia üzrə Cavabdeh3 başqasına borcunun olduğunu, ona görə də mənzili satmaq istədiyini bildirib, mənzilin sənədlərini iddiaçının qızı Aynur Tağıyevadan istəmiş, lakin Aynur Tağıyeva üç azyaşlı uşaqları ilə birlikdə yaşamağa başqa yerlərinin olmadığını əsas gətirib, yeganə yaşayış yerlərinin satılmasına razılıq verməmişdir. Belə olduqda, hazırkı iddia üzrə Cavabdeh3 iddiaçının qızına onu boşayacağı, öz adına olan mənzili satacağı və azyaşlı uşaqları ilə birlikdə onları mənzildən çıxaracağı ilə hədələmişdir. Halbuki, hazırkı iddia üzrə Cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydə alınmış mənzilin iddiaçının pulu ilə alınmasını bütün yaxın qohumları bilir. Bu işlərdə əvvəldən axıradək birbaşa şahid olan iddiaçının X15 isə təəssüf ki, vəfat etmişdir. Nəhayət, hazırkı iş üzrə Cavabdeh3 iddiaçının övladı Aynur Tağıyevaya qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-5693/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh3 ilə X4 arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 100 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 boşanmadan sonra anaları X2 yanında saxlanmalarının müəyyən edilməsi qət edilmişdir. Hazırda Cavabdeh3 iddiaçının qızı cavabdeh Aynur Tağıyevaya qarşı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, ev 3”A”, mənzil 39-dan (yeni qayda ilə AZ 1115, Bakı şəhəri, Binəqədi rayonu, Fərman Məlikov küçəsi, giriş 29, M2, m1) bazar qiyməti ilə kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh3 iddiasını onunla əsaslandırmışdır ki, o, cavabdeh Aynur Tağıyevə ilə xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi, ev 3”A”, mənzil 39-a köçüb orada yaşamağa başlamışlar. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-5693/2024 nömrəli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Cavabdeh Aynur Tağıyevə hal-hazırda onun mülkiyyətində olan mənzildə yaşayır, mənzilin giriş qapısının qıfılını dəyişdirib, onu mənzilinə buraxmır. Kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiya məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən edilməlidir. “New Europe” agentliyinin vəkil sorğusuna verilən cavabına əsasən, Bakı şəhəri, 7-ci mikrorayonun ərazisində bir otaqlı mənzilin icarə haqqı hər ay üçün 300-350 manat civarındadır. Göründüyü kimi, gələcəkdə ailə qurandan sonra mülkiyyət hüququnun qızına veriləcəyi vədi ilə aldadılan iddiaçı öz pulu ilə aldığı mənzili hazırkı iddia üzrə Cavabdeh3 adına alqı-satqı yolu ilə əldə edilməsinə şifahi razılıq vermişdir. Hazırkı iddia üzrə Cavabdeh3 isə şifahi olaraq verdiyi vədinə əməl etməyib, pulunu iddiaçının ödədiyi mənzil üzərində mülkiyyət hüququnun onun qızı Aynur Tağıyevaya ötürülməsinə razılıq verməmişdir. Bununla da hazırkı iddia üzrə Cavabdeh3 onun inamından və etibardan suiistifadə etməsi nəticəsində iddiaçı öz pulu ilə aldığı mənzil üzərində mülkiyyət hüququndan məhrum olmuşdur. Hazırkı vəziyyətdə cavabdehlər Cavabdeh5 ilə Cavabdeh3 arasında bağlanmış, Bakı şəhəri 44 saylı dövlət notariat kontorunda reyestrdə xx.xx.2006-cı il tarixdə, 4-Ə-302 nömrə ilə qeyd edilmiş xx.xx.2006-cı il tarixli AN № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız sayılmalı, həmin mənzilə dair alqı-satqı müqaviləsi Cavabdeh5 ilə İddiaçı arasında bağlanmış sayılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və onun nümayəndəsi (vəkili) Vəkil3 iddianı qəbul etməyərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Belə ki, mənzili cavabdeh özü almışdır. xx.xx.2026-cı il tarixdə məhkəmə iclasında iştirak etmiş Cavabdeh5 nümayəndəsi (vəkili) Vəkil2 izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Məhkəmə iclası zamanı vəkil Cavabdeh5 ilə əlaqə saxlayaraq bildirmişdir ki, alqı-satqı müqaviləsi notariat ofisində bağlanmış, heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin, Cavabdeh5 həmin ərəfələrdə bir neçə ev satmış, uzun müddət keçməsi səbəbindən mübahisələndirilən mənzilin dəqiq hansı məbləğdə və kiminlə müqavilənin bağlanmasını xatırlamır. Cavabdeh5 nümayəndəsi (vəkili) Vəkil2 məhkəməyə elektron ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsinin yazılı vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, iddiaçı onun bacısıdır. 59 000 manat Mərmər Yaşara pul vermişdir. Yaşar demişdir ki, həmin pula o, Vüsala ev alıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadələrini dinləyib, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)- 5693/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 cavabdeh X3 qarşı “nikahın pozulması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh3 ilə X4 arasında 02 avqust 2007ci il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 100 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X12 adlı uşaqlarının anaları X2 yanında saxlanmalarının müəyyən edilməsi, məhkəmə xərclərinin əvəzi kimi 110 manat pul vəsaitinin X1 tutularaq Cavabdeh3 ödənilməsi qət edilmişdir. AN-İ seriyalı ******* nömrəli xx.xx.2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh5 Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsində istifadədə olan 0.1248 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 9 mərtəbəli binada 2-ci mərtəbəsində 30.14 kv.m yaşayış sahəsindən ümumi sahəsi 100 kv.m ibarət 2 otaqlı 39 nömrəli mənzil tam mülkiiyyəti Cavabdeh3 43700 manata satmışdır. AZ-İ seriyalı 534763 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh3 ilə TağıyevaAynur İskəndər qızı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2024cü il tarixdə 767 nömrə ilə qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küçəsində istifadədə olan 0.1248 ha torpaq sahəsində yerləşən 3a nömrəli, 9 mərtəbəli binada 30.14 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 39 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına xx.xx.2007-ci il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 7, 10 saylı mənzil Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-196 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-1015 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km., ev 22, 179 saylı mənzil Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-195 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-602 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, O.Sarıvəlli küçəsi, 111A saylı fərdi yaşayış evi Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-677 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 26 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli 4Ə-1014 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2026cı il tarixli sorğuya cavab məktubuna əlavə olunmuş xx.xx.2006-cı il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 Bakı şəhəri 44 saylı notariat ofisinin notariusunun "xxxx" ASC-dəki hesabına 43700 manat məbləğində vəsait ödəmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hazırki mübahisə ilə bağlı qanunvericiliyinin aşağıda göstərilən normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Mülki Məcəllənin 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən bağışlama müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmə hesab edir ki, mübahisəli müqavilənin tərəflərin iradə ifadələrinə zidd olaraq bağlanması müəyyən edilmədiyindən, əqdin subyekt tərkibinə dair şərtlərə, əqdin məzmununa dair şərtlərə və əqdin formasına dair şərtlərə əməl edildiyindən həmin əqd etibarsız hesab edilə bilməz. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X6 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi hallan məhkəmə mövcud olmayan kımı rəod edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Belə ki, iddiaçı xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi üzrə mənzilin alınmasına görə pulun onun tərəfindən ödənilməsini bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması zamanı da belə bir halın mövcud olması öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan tamamilə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, həmçinin, hesab edir ki, iddia rədd edildiyindən, iddianın qaldırılması üçün ödəilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh5, Bakı şəhəri 44 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-yə qarşı "mənzil alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar