Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7921/2024 24.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Mustafayev Etibar Mustafa oğlu, İddiaçı cavabdeh "xxxx" MTK-aya qarşı “qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, bina 12E-də yerləşən 41-ci mənzildən istifadəsinə, həmin mənzilə gələn su, işıq, qaz verilişinə, iddiaçının binanın ümumi istifadəsində olan avtomobil parklanma ərazisinə daxil olmasına qoyulmuş maneələrin aradan qaldırılması və bu cür maneələrin gələcəkdə qoyulmasının qadağan edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması, dövlət rüsumu kimi ödənilmiş 100 manatın, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 320 manatın, ümumilikdə 420 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, ərizə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalı olmadığından geri qaytarılmalıdır. Belə ki, təqdim olunmuş ərizədən belə müəyyən olunur ki, iddiaçının tələbi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, bina 12E-də yerləşən 41-ci mənzildən, habelə çoxmənzilli binanın ümumi istifadəsində olan sahələrindən cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması ilə bağlıdır. Göründüyü kimi iddiaçının tələbi daşınmaz əşya ilə bağlı olub mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 1.1-ci maddəsində mənzil hüquqlarının maneəsiz həyata keçirilməsinin zəruriliyi təsbit edilmişdir. Həmin Məcəllənin 35.1-ci maddəsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərin dairəsi qeyd olunmuşdur. Hazırkı tələbdə iddiaçı mənzilindən və çoxmənzilli binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlərdən cavabdeh tərəfindən yaradılan maneələri qanunsuz hesab edərək, tələbinin maddi hüquqi norması qismində mülkiyyətin müdafiəsini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə istinad etmişdir. Məhkəmənin qənaətinə görə mübahisə mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaqla əlaqədar olduğundan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin tələbləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki, “.....Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; -sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir.”. Məhkəmə hesab edir ki, hazırkı tələb iddiaçının mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan, onun hüquqlarının pozulmasını aradan qaldırılması ilə bağlıdır və buna görədə iddiaya daşınmaz əşyanın olduğu yer üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə verilməlidir. Odur ki, mülki işə ərazi aidiyyəti üzrə baxılmasında müstəsna aidiyyət qaydaları tətbiq olunduğundan cavabdehin hüquqi ünvanının əhəmiyyəti yoxdur. Bununla yanaşı məhkəmə qeyd edir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə hər hansı xüsusiyyətindən asılı olmayaraq yalnız MPM-in 39-cu maddəsində göstərilmiş məhkəmədə baxıla bilər. Həmin maddədə nəzərdə tutulmuş işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Belə ki, həmin işlər üzrə icraatın taleyi mübahisə obyekti olan əmlakın yerində müayinəsindən, həmin əmlaka, habelə daşımalara dair sənədlərin vaxtında toplanmasından, şahidlərin hamısının cəlb edilərək dindirilməsindən asılıdır ki, bu hərəkətlər də qeyd olunan obyektlərin, habelə nəqliyyat təşkilatının olduğu yerdə daha uğurla həyata keçirilə bilər. Digər tərəfdən, müstəsna aidiyyət həm də mübahisə obyektinin yerləşdiyi yerin məhkəməsinin iş üzrə qərarının icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh "xxxx" MTK-aya qarşı “qanunsuz hərəkətlərə son qoyulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №e-2(001)-7921/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7921/2024
24.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver