Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-844/2024 28.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi(vəkili) Vəkil, Cavabdeh1 (eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsidir) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Azərbaycan Respublikası Binəqədi Rayonu Xocəsən bələdiyyəsi və “X5” Şirkəti cəlb edilməklə) “sahibliyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sahibliyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkü olan Xocəsən Bələdiyyəsinin ərazisində 300 m2 torpaq sahəsinə və həmin torpaq sahəsində olan fərdi yaşayış evinə cavabdehlər Cavabdeh2, Cavabdeh1, X2 tərəfindən sahibliyə yaradılmış maneənin aradan qaldırılması və fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərabycan Respublikası Bakı şəhəri Binəqədi rayon Xocəsən Bələdiyyəsinin 29 mart 2006-cı il tarixli, 07/22 nömrəli faktiki istifadə etdiyi torpaq sahəsinin fərdi yaşayış evinin təyinatı ilə alğı-satqı yolu ilə vətəndaş İddiaçı mülkiyyətinə verilməsi haqqında qərarı ilə Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 300 m2 torpaq sahəsinin alğı-satqı yolu ilə onun mülkiyyətinə verilməsi qərara alınmışdır. O, Bakı şəhər, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən 300 m torpaq sahəsində 2007-ci il tarixdə yaşayış evi inşa etmişdir. Müvafiq yaşayış evi onun tərəfindən 2007-ci ildə qohumuna (mərhum bacısı və ailəsi) istifadəyə verilmişdir. Cavabdeh2 öz ailəsi ilə birlikdə 2007-ci ildən etibarən orada yaşamağa başlamışdır. O, mənzili boşaltmalarını tələb etsə də, onlar bu tələbi yerinə yetirməmişdir. Cavabdeh2 və digər cavabdehlər artıq həmin mənzildə yaşamır, digər cavabdehlərlə birlikdə mülkiyyətində olan əmlakı tərk etmişdir, lakin cavabdehlərə məxsus əşyaları mənzildə saxlayıb və mənzilin qapısını kilidləyərək onun mənzilə girişini məhdudlaşdırmışdır. Ev daşınmaz əmlakın dövlət reyestr qeydə alınmasa da faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunurdu. Onun inşa etdiyi evdən sahiblik hüququnu həyata keçirmək haqqı vardır. Bunun əksi yanaşma yəni onun sahiblik hüququnun təmin edilməsindən imtina edilməsi, həmin qanun qarşısında bərabərlik hüququnun pozulmasına, cavabdehlə münasibətdə faktiki olaraq qanunsuz güzəşt və imtiyazların tətbiq edilməsinə və nəhayət hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Cavabdehlər onu öz mənzilinə buraxmadığından o, öz mülkü üzərində sahiblik, istifadə hüquqlarından məhrum olmuşdur. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı baldızı və dayısı qızıdır. O, iddiaçıya pul göndərib, o da həmin torpağı öz adına alıb. Çünki həmin vaxt Rusiyada olmuşdur. Torpağın alınması üçün iddiaçıya 900 manat pul verilib. Bundan sonra bacısı (rəhmətə gedib) torpaq və evi satıb iddiaçıya vermişdir ki, torpaqda ev tikdirsin. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddiaçı onun xalasıdır, atası həmin torpağın alınması üçün 900 manat pul göndərib və atası Rusiyada, o, isə əsgərlikdə olduğu üçün xalası həmin torpağı öz adına alıb. O, hərbi xidmətdən qayıtdıqdan sonra torpaqlarında ev inşa etmişlər. İddiaçı nümayəndəsi(vəkili) Vəkil xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, Xocasən Bələdiyyəsinin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxararaq prokurorluğa göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak edən Xocasən Bələdiyyəsinin nümayəndəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə Xocasən Bələdiyyəsi tərəfindən təqdim edilmiş sənəddən görünür ki, İddiaçı bələdiyyənin elektron məlumatlar bazasında mülkiyyətçi kimi görünmür, lakin Cavabdeh1 vergi ödəyicisi kimi qeydə alınmışdır.Həmin sənədin təqdim edilmə əsası onlara məlum olmaqdadır.Belə ki, nə məhkəmədə iştirak edən tərəflər, nə də məhkəmə tərəfindən bələdiyyəyə belə bir məlumat verilməsi barədə sorğu olmamışdır. Xocasən Bələdiyyəsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(001)- 2036/2009 saylı qətnaməsi, Ali Məhkəmənin xx.xx.2011-ci il tarixli 2(102)-424/11 saylı qərarında açıq şəkildə mübahisələndirilən evin və yerləşdiyi torpaq sahəsinin iddiaçıya aid olması öz təsdiqini tapmışdır. Həmin məhkəmə aktlarının qəbul edilməsi proseslərində cavabdeh qismində iştirak edən Xocasən Bələdiyyəsinin yeni məktubla inkar etməsi və üstəlik Cavabdeh1ı vergi ödəyicisi kimi qəbul etməsi bələdiyyənin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə etməsinə, neqativ halların olmasına və ciddi hüquq pozuntularının olmasına dəlalət edir. Xocasən Bələdiyyəsi qeyd edilən neqativ halların nəticəsi olaraq ciddi cəhdlə cavabdehin xeyrinə yalan məlumatları məhkəməyə təqdim etməkdədir. Hesab edirlər ki, məhkəmə qərarlarından Xocasən Bələdiyyəsinin cavabdehlə əlbir olaraq qəsdən iddiaçıya zərər vurulmasında iştirak etməsi, hətta bunu rəsmi sənədlərdə əks etdirmələri Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırmalı,onların fəaliyyətinə hüquqi qiymət verilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X5” şirkəti xx.xx.2024-cü il tarixdə etiraz ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sahibliyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum “Hasilatın pay bölgüsü haqqında” saziş və “birgə əməliyyat” sazişi imzalanmamışdan da öncə, dövlət mülkiyyətində olan, sənayə təyinatlı torpaqlar kateqoriyasına aid olan torpaq sahəsinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə “X5” şirkətinin qanuni istifadəsinə verilmişdir. Belə ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (“Saziş”) imzalanmış və 29 aprеl 2005-ci il tariхdə Azərbaycan Rеspublikası Prеzidеntinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Bakı şəhəri, Binəqədi rayon Xocasən Bələdiyyəsinin 29 mart 2006-cı il tarixli 07/22 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 300 kvadrat metr torpaq sahəsi ayrılmış və 2007-ci il tarixdə sözügedən torpaq sahəsində ev inşa etmişdir”. İddiaçı tərəfindən təqdim olunmuş Binəqədi rayon Xocasən Bələdiyyəsinin 29 mart 2006-cı il tarixli 07/22 saylı qərarı özü-özlüyündə etibarsız inzibati aktdır. Belə ki, vətəndaş İddiaçı istifadəsinə torpaq sahəsinin ayrılması barədə 29 mart 2006-cı il tarixli 07/22 saylı qərarı Binəqədi Rayon Məhkəməsinin 2(001)-2036/2009 nömrəli 09 sentyabr 2009-cu il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Həmçinin 3 saylı Neft və Qazçıxarma sexinin 341806 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində cavabdeh İddiaçı tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılıb, əvvəlki vəziyyətinə gətirilməsi və “X5” Şirkətinin qanuni istifadəsinə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2751/2010 saylı 02 avqust 2010-cu il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-424/2011 saylı 25 fevral 2011-ci il tarixli qərarı ilə vətəndaş İddiaçı tərəfindən kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2751/2010 saylı 02 avqust 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi(vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 (eyni zamanda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsidir) iddia tələbini qəbul etmədiyini bildirib, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Binəqədi Rayonu Xocəsən bələdiyyəsi və “X5” Şirkətinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin 29 mart 2006-cı il tarixli 07/22 №-li qərarından görünür ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə (cizgi əlavə olunur) göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün 300 m2 torpaq sahəsini alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2009-cu il tarixli 2(001)- 2036/2009 saylı qətnaməsindən görünür ki, 3 saylı Neft və Qazçıxarma sexinin 341806 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində cavabdeh İddiaçı tərəfindən inşa edilmiş qanunsuz tikili cavabdehlərin vəsaiti hesabına sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə gətirilməsi və “X5” Şirkətinin qanuni istifadəsinə qaytarılması, Xocəsən Bələdiyyəsi tərəfindən İddiaçı istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 07/22 saylı 29 mart 2006-cı il tarixli sərəncamının etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2010-cu il tarixli 2(103)-2751/2010 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2009-cu il tarixli 2(001)-2036/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 fevral 2011-ci il tarixli 2(102)- 424/2011-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin 10 yanvar 2024-cü il tarixli 03/02 №-li məktubundan görünür ki, Xocəsən Bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı adına bələdiyyənin elektron məlumatlar barəsində hər hansı bir torpaq ayrılması barədə məlumat aşkarlanmamışdır. Lakin, Cavabdeh1 Xocasən bələdiyyəsinin elektron məlumat bazasında vergi ödəyicisi kimi qeydə alınmışdır və vergi ödəyicisidir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin 23 yanvar 2024-cü il tarixli 03/18 №-li məktubundan görünür ki, vətəndaş İddiaçı Xocəsən bələdiyyəsinin “X1 Sistemində” vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Lakin vətəndaş Cavabdeh1 Xocəsən bələdiyyəsinin inzibati ərazisi daxilində özbaşına zəbt etdiyi torpaq sahəsindən uzun müddət istifadə etdiyinə görə “X1 Sistemində” vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən,mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən, Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir çox qərarlarında formalaşmış, o cümlədən “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmiş mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının “onun mülkü olan Xocəsən Bələdiyyəsinin ərazisində 300 m torpaq sahəsinə və həmin torpaq sahəsində olan fərdi yaşayış evinə cavabdehlər Cavabdeh2, Cavabdeh1, X2 tərəfindən sahibliyə yaradılmış maneənin aradan qaldırılması və fərdi yaşayış evinin boşaldılması”na dair iddia tələbi əsassızdır. Belə ki, iddiaçı iddia tələbini mübahisəli torpaq sahəsinin Bakı şəhəri Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin 29 mart 2006-cı il tarixli 07/22 №-li qərarı əsasında ona verilməsi ilə əsaslandırmış olsa da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,həmin qərar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 sentyabr 2009-cu il tarixli 2(001)- 2036/2009 saylı qətnaməsi ilə ləğv edilmiş və həmin qətnamə ilə 3 saylı Neft və Qazçıxarma sexinin 341806 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində cavabdeh İddiaçı tərəfindən inşa edilmiş qanunsuz tikilinin cavabdehlərin vəsaiti hesabına sökülməsi, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir. Göründüyü kimi həmin torpaq sahəsi “X5” Şirkətinin istifadəsindədir və həmin ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla, məhkəmənin qərarına əsasən sökülməli olan əmlakdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə iddiaçının hüquqları, yəni sahiblik, istifadə və mülkiyyət hüquqları olmadığından iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddiaçı tərəfin “Xocasən Bələdiyyəsinin vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxararaq prokurorluğa göndərilməsi” vəsatətini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Görünüdüyü kimi, xüsusi qərardad çıxarılması birbaşa məhkəmənin səlahiyyətindədir və məhkəmə işə baxarkən proses iştirakçılarının əməllərində cinayət əlamətlərini aşkara çıxarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Azərbaycan Respublikası Binəqədi Rayonu Xocəsən bələdiyyəsi və “X5” Şirkəti cəlb edilməklə) “sahibliyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd edilməsi əsas götürülərək iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş Azərbaycan Respublikası Binəqədi Rayonu Xocəsən bələdiyyəsi və “X5” Şirkəti cəlb edilməklə) “sahibliyə yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-844/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-844/2024
28.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver