Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-862/2025 27.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi cəlb edilməklə) «icra sənədi üzrə görüşün uşağın mənafeyinə uyğunluğu barədə rəyin ləğv edilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «icra sənədi üzrə görüşün uşağın mənafeyinə uyğunluğu barədə rəyin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “icra sənədi üzrə görüşün uşağın mənafeyinə uyğunluğu barədə” rəyin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdə X9 ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü övladları X8 dünyaya gəlmişdir. Qeyd edir ki, sonradan ailə münasibətləri pozulmuş, nəticə etibarilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3754/2022 saylı qətnaməsi ilə onunla Abdullayeva (Xakiyeva) Sayalı Vaqif qızı arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində akt qeydləri kitabında 4647 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra onların birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 anası X4 yanında saxlanılması qət edilmişdir. Daha sonra tərəfindən X6 qarşı “uşaqla ünsiyyət hüququnun müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, 13 noyabr 2018-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü səhər saat 10:00-dan 15:00-dək, çərşənbə günü axşam saat 16:00dan 20:00-dək, eyni zamanda uzunmüddətli bayramlar - Yeni il və Novruz bayramlarında 2 gün, qısamüddətli bayramlar - Qurban və Ramazan bayramları ərzində isə 1 gün olmaqla ünsiyyətdə olmaq üçün görüş vaxtının təyin olunması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4698/2022 saylı qətnaməsi ilə onun uşağı, 13 noyabr 2018-ci il təvəllüdlü X8 ilə ünsiyyətdə olma hüququ təmin edilməsi, onun uşağı, 13 noyabr 2018-ci il təvəllüdlü X8 ilə ünsiyyətdə olma qaydası hər həftənin şənbə günləri saat 10:00-dan saat 18:00-dək, Yeni il və Novruz bayramlarının birinci günü saat 10:00-dan saat 18:00-dək müəyyən edilməsi qət edilmişdir. Bildirir ki, məhkəmə yekun aktı qüvvəyə mindikdən sonra 2(001)- 4698/2022 saylı mülki iş üzrə icra vərəqəsi icra edilməsi üçün göndərilmişdir. Lakin bu xüsusda qeyd edir ki, X1 icra sənədinin icra olunmasına əngəl olur, ona övladını görməyə imkan vermir, ata-övlad münasibətlərinin qaydasına salınmasında maneələr yaradır. Belə ki, 16 dekabr 2023-cü il onun övladı ilə ilk görüş günü olmasına baxmayaraq, X9 övladını göstərməmiş, onun oğlu ilə ünsiyyətdə olmaq, onun tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququnu əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Bundan savayı, 23 dekabr 2023-cü il tarixdən 03 fevral 2024-cü il tarixədək olan zaman çərçivəsində onun övladı ilə 8 görüş günü olmasına baxmayaraq, X9 onun valideynlik hüquqlarını real və maneəsiz həyat keçirməsinə əngəl olaraq bu görüşlərdən 3-də övladını gətirməmişdir. Bu isə azyaşlı övladının psixoloji vəziyyətinə mənfi təsir göstərir. Belə ki, azyaşlı övladı onunla mütəmadi və sistemli görüşə buraxılmadığına, vaxtlı-vaxtında ata qayğısı görmədiyinə görə narahat ola bilər. Eyni zamanda, hesab edir ki, X4 ona qarşı olan qərəzli münasibəti övladına təzahür etməməli, onun fiziki, psixi inkişafına mənfi təsir göstərməməlidir. Bununla yanaşı, X9 övladının uşaq bağçasına və nitq inkişafı qüsurlarının aradan qaldırılması üçün xüsusi təlim-tərbiyəni həyata keçirən müəllimin yanına getməsinə mane olur. Halbuki uşağın mənəvi inkişaf prosesi, sosiallaşması onun həyatında böyük əhəmiyyət daşıyır. Onun gələcəkdə cəmiyyətin bir fərdi kimi yetişməsi, kamil bir insan kimi formalaşmasında bu prosesin rolu danılmazdır. Belə olan təqdirdə X4 hərəkətləri övladının psixologiyasına, mənəvi inkişafına mənfi təsir göstərdiyinin bariz sübutu olmaqla, övladının qanunvericilikdə təsbit olunmuş olunan hüquqlarının kobud surətdə pozulduğuna dəlalət edir. Onu da vurğulayır ki, 3 fevral 2024-cü il tarixdə cari mübahisəni X4 diqqətinə çatdırmaq və razılıq əldə etməyə çalışsa da, buna nail olmamışdır. Bu səbəbdən tərəfindən 3 fevral 2024-cü il tarixdə icra məmuru Nəbi Allahverdiyevə müraciət etmiş, mübahisəni ona bildirmiş, lakin bunun hər hansı bir nəticəsi olmamışdır. Daha sonra ona məlum olmuşdur ki, X9 tərəfindən onun övladı ilə ünsiyyətdə olma hüququnun məhdudlaşdırılması məqsədilə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyasına müraciət edilmişdir. Beləliklə, onlar 10 fevral 2024-cü il tarixdə sözügedən komissiya üzvləri tərəfindən dəvət edilmişlər. Bu zaman o, öz təklif və iradlarını Komissiyanın üzvünə bildirsə də, bunlar nəzərə alınmamışdır. X9 isə öz növbəsində guya onun övladı ilə görüşməsinin onun səhhəti üçün mənfi nəticələrə səbəb olduğunu bildirərək, qəsdən, bilə-bilə yalan ifadə vermişdir. Komissiya onun bildirdiyi məqamları gözardı etmiş, onun qeyd etdiklərinə laqeyd və etinasız yanaşmış, qanunsuz olaraq ondan izahat almış, əsassız olaraq ona qarşı qərəzli münasibət bəsləyərək onun övladı ilə ünsiyyət hüququnu məhdudlaşdırmaq üçün addımlar atmışdır. Nəticə etibarilə isə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli “İcra sənədi üzrə görüşün uşağın mənafeyinə uyğunluğu barədə” ədalətsiz, absurd, hüquqazidd rəy tərtib olunmuşdur. Bununla da, onun övladı ilə olan ünsiyyət hüququ əsassız və qanunsuz olaraq məhdudlaşdırılmış, süni əngəllər yaradılmışdır. Halbuki cari mübahisə məhkəmə prosesi zamanı həll edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4698/2022 saylı qətnaməsi ilə onun övladı ilə ünsiyyətdə olma hüququ təmin edilmiş və qaydası müəyyən edilmiş, sözügedən məhkəmə yekun aktı qüvvəyə minmişdir. Eyni tərəflər arasında və eyni mahiyyət üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir işdə təkrar sübut edilə bilməz. Bu məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır. Belə olan təqdirdə məhkəmənin qanuni qüvvəyə minmiş yekun aktı olduğu olduğu halda, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən qüvvəyə minmiş qətnaməyə zidd, öz vəzifə səlahiyyətlərini aşaraq qanunsuz olaraq rəyin tərtib edilməsi, yenidən görüş vaxtı və saatının müəyyən edilməsi tamamilə hüquqaziddir. Belə olan təqdirdə o, sözügedən rəyin ləğv edilməsini qanunamüvafiq hesab edir. Onu xüsusilə vurğulayır ki, pozulmuş hüquqlarının hüquqi sferada bərpası üçün Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə tərəfindən rəsmi qaydada müraciət edilmişdir. Lakin cavabdeh orqan qəbul edilmiş sözügedən hüquqazidd, qanunsuz rəyi ləğv etsə idi, öz üzərinə düşən öhdəlikləri icra etsə idi, onun qanunla qorunan hüquqları bərpa edilərdi. Fəqət cavabdeh orqan onun müraciətinə laqeyd, etinasız yanaşmış, ümumiyyətlə hər hansı bir cavab reaksiyası bildirmək marağında olmamışdır. Onu da əlavə edir ki, hazırki mübahisə ilə bağlı tərəfindən Bakı İnzibati Məhkəməsinə müraciət edilmiş, cavabdehin qəbul etdiyi rəyin ləğv edilməsini öhdəliyinin qoyulması xahiş edilmişdir. Lakin, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9622/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün hesab edilməmişdir. Belə ki, həmin qərardadda mübahisələndirilən rəy inzibati aktın əlamətlərinə malik deyildir. Belə ki, mübahisələndirilən sənəd yetkinlik yaşına çatmayan şəxslə ünsiyyətdə olmanın təmin edilməsi ilə əlaqədardır. Göründüyü kimi, rəy özlüyündə uşaqla ünsiyyət qaydasının müəyyənləşdirilməsi ilə bağlıdır ki, bu məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələləri Azərbaycan Respublikasının Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 1041/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-786/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-790/2020 saylı iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarında, 2-1(102)-416/2020 saylı iş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarında da həmin mövqedən çıxış edilmişdir. Oxşar növ mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsi eyni mövqeyi nümayiş etdirərək bu növ mübahisələrə inzibati məhkəmələrdə baxılmasını mümkün saymamışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, qəyyumluğa verilməsi ilə bağlı mübahisələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi xx.xx.2018-ci il tarixli 2-411 nömrəli İcmal məktubunda da analoji mövqedən çıxış edilmişdir. İcmal məktubunun məzmunundan da aydın olur ki, uşağın qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə uşağın ailədə yaşamaq və tərbiyə olunmaq, eləcə də mülki hüquq və vəzifələrin həyata keçirilməsi hüququnun təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailəmülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən, belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Belə olan təqdirdə cari mübahisənin həll edilməsi, pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə yeganə ümid yeri olan bir Azərbaycan Respublikasının vətəndaşı, eyni zamanda, övladı üçün əlindən gələni əsirgəməyən bir ata kimi ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət etməyi qanunamüvafiq hesab edir, sosial ədalətin bərqərar olacağına səmimi qəlbdən inanır. Odur ki, o, pozulmuş hüquqlarının bərpası məqsədilə qanunun aliliyini üstün tutan məhkəməyə müraciət edir, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəy məhkəmə qərarı olmadan özbaşınalıqla, qanunsuz olaraq tərtib edildiyindən və onun qanunvericiliklə təsbit olunmuş hüquqlarını kobud surətdə pozduğundan, əsassız və hüquqazidd olduğundan həmin rəyin ləğv edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X5 izahatında bildirdi ki, qeyd olunan icra sənədi onun icraatındadır. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən qəbul edilmiş rəy icra sənədinin icrası üçün tövsiyyə xarakterli aktddır. O, icra sənədi üzrə icra tədbirlərini davam etdirir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, İcra Hakimiyyəti tərəfindən icra məmuruna rəy verilsə də, həmin rəy icraçının icra tədbirlərinin aparılması ilə bağlı bir göstəriş olmayıb. Yəni, İcra Hakimiyyətinin bu rəyi tövsiyyə xarakterlidir, icraçı üçün məcburi deyil. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd olunmamalıdır. Belə ki, iş materiallarında olan: AZ-İV seriyalı 213956 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X3 atası İddiaçı, anası X7r. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3754/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Abdullayeva (Xakiyeva) Sayalı Vaqif qızı arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində akt qeydləri kitabında 4647 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 anası X4 yanında saxlanılması qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 4698/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı “uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı uşağı, xx.xx.2018-ci il təvəllüdlü X8 ilə ünsiyyətdə olma qaydasının hər həftənin şənbə günləri saat 10:00-dan saat 18:00-dək, Yeni il və Novruz bayramlarının birinci günü saat 10:00-dan saat 18:00-dək müəyyən edilməsi, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra ilk 6 ay iddiaçının uşağı ilə ünsiyyətinin cavabdeh X4 iştirakı ilə həyata keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixli icra sənədi üzrə görüşün uşağın mənafeyinə uyğunluöu barədə rəyinin surətindən görünür ki, komissiya yuxarıda qeyd olunanlara əsasən, tələbkarın övladı xx.xx.2018-ci il təvəllüdlü X8 ilə icra sənədində göstərilmiş müddətdə, vaxtda və qaydada görüşüb ünsiyyətdə olmasını uşağın maraqlarının üstünlüyü prinsipini əsas tutaraq məqsədəmüvafiq hesab etmir. Komissiya tələbkraın övladı ilə görüşünün onun 10 yaşı tamam olanadək hər həftənin şənbə günləri 3 saat müddətində - saat 11:00-dan 14:00-dək sərbəst qaydada həyata keçirilməsinin daha məqsədəuyğun hesab edir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, hazırki iddianın qaldırılması üçün məhkəməyə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir; 58.1-58.3-cü maddələrinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər; 61.1-61.4-cü maddələrinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər. 73.1-73.2-ci maddələrinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respubikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə X4 birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X8 doğulmuşdur. Tərəflərin nikahı xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş, uşaq X4 himayəsində saxlanmışdır. Daha sonra İddiaçı uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci tarixli qətnaməsi ilə İddiaçı uşağı ilə ünsiyyətdə olmaq hüququ təmin edilmiş, qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün icraya yönəldilmişdir. Daha sonra icra sənədinin icrası zamanı müəyyən problemlər yaşanmış və İddiaçı tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına uşağa ana tərəfindən psixoloji təsirin olubolmamasının müəyyən edilməsi barədə müraciət edilmiş və Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2024-cü il tarixli rəyi ilə tələbkarın övladı xx.xx.2018-ci il təvəllüdlü X8 ilə icra sənədində göstərilmiş müddətdə, vaxtda və qaydada görüşüb ünsiyyətdə olmasını uşağın maraqlarının üstünlüyü prinsipini əsas tutaraq məqsədəmüvafiq hesab etməmiş, komissiya tələbkraın övladı ilə görüşünün onun 10 yaşı tamam olanadək hər həftənin şənbə günləri 3 saat müddətində - saat 11:00dan 14:00-dək sərbəst qaydada həyata keçirilməsinin daha məqsədəuyğun hesab etmişdir. Hazırda iddiaçı komissiyanın həmin rəyindən narazı olduğundan, həmin rəyin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, komissiya uşaq hüquqlarının müdafiəsini həyata keçirən dövlət orqanı kimi uşaqların mənafeyinin müdafiə olunması ilə bağlı məsələlər üzrə daxil olmuş müraciətlər əsasında mütəxəssiz qismində icra şöbəsinə müvafiq rəy təqdim edir. Bundan da aydın olur ki, komissiya tərəfindən verilmiş rəy icra sənədi üzrə icraçı üçün tövsiyyə xarakterlidir, məcburi deyil. Əlavə olaraq məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, icra məmuru həmin icra sənədi üzrə icra sənədinin təmin olunması məqsədi ilə icra tədbirlərini davam etdirir. Belə olan halda məhkəmədə iddia tələbini əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlilidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi cəlb edilməklə) «icra sənədi üzrə görüşün uşağın mənafeyinə uyğunluğu barədə rəyin ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №e-2(001)-862/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-862/2025
27.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver