Məhkəmə qərarları › İş №e-2(001)-863/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-863/2023

04.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-863/2023 04.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 965 manat məbləğində avtomobilə dəymiş zərərin əvəzini, 500 manat məbləğində əldən çıxmış faydanın, 500 manat məbləğində mənəvi zərərin, ümumilikdə 1965 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 40 manat məbləğində pulun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 08:05 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində “Santral Elektrik LTD” ticarət mağazasının qarşısından üzü 20 yanvar metrosu istiqamətində ötmə əməliyyatı etmək istəyən **-CV-*** dövlət qeydiyyat nişanlı, “Şaqman” markalı yük maşınının sürücüsü **-BK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes C240” markalı, İddiaçı etibarnamə ilə idarə etdiyi avtomaşını əzmiş, nəticədə avtomaşına və yol kənarında dayanmış **-UC-*** dövlət qeydiyyat nişanlı, “Opel” markalı digər avtomaşına ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar polis əməkdaşları Cavabdeh1 məxsus **-CV-*** dövlət qeydiyyat nişanlı, “Şaqman” markalı yük maşınını heç bir sənəd olmadan idarə edənin Cavabdeh2 olduğunu aşkar etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi yol-nəqliyyat hadisəsi ilə bağlı AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə Cavabdeh2 təqsirli bilmiş və 8 (səkkiz) gün inzibati həbslə cəzalandırmışdır. Həmçinin, Cavabdeh1 DİN tərəfindən cərimələnmiş, lakin bundan boyun qaçırmışdır. Avtomaşına tərtib olunmuş qüsur aktına əsasən dəyən zərər 965 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, o, cavabdehdən pulunu vaxtında ala bilmədiyi üçün işində çətinliklər yaranmışdır. Əgər avtomobili vaxtında təmir olunsa idi və onun təmirə xərclədiyi pul vaxtında geri qaytarılsa idi, o əlavə olaraq 500 manat məbləğində pul qazana bilərdi. Qeyd edilənlərə əsasında iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli X5 Protokoldan görünür ki, Cavabdeh2 tərəfindən baş vermiş hadisə ilə bağlı AR İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. - xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli X6 Haqqında Qərardan görünür ki, Cavabdeh1 AR İXM-nin 335.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 180 manat məbləğində cərimə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1667/2022 saylı qərarından görünür ki, zərərçəkmiş şəxslər X2 və İddiaçı tərəfindən verilmiş şikayətlər təmin edilməmiş, iş üzrə Cavabdeh2 Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməsi və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin arayışından görünür ki, “Opel Astra minik” markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 izahat verməkdən yayınmış, ziyanla bağlı şikayətinin olmadığını bildirilmişdir. - xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, “Mercedes C240” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 965 manat məbləğindədir. - Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/1708 nömrəli rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Mercedes Benz C240” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 835 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinı əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. - 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuluyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. - 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-ci maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verilməsinə görə Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə təqsirli bilinərək 180 manat cərimə edilmiş, digər Cavabdeh2 etibarnamə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol nəqliyyat hadisəsi törətməsinə görə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs verilmişdir. Beləliklə, Cavabdeh2 etibarnamə və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol nəqliyyat hadisəsi törətməsi nəticəsində iddiaçıya məxsus avtomobili vurması, iddiaçının məhkəmə iclasında verdiyi izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, zərərin əvəzi yüksək təhlükə mənbəyinin sahibi, avtomobili idarə edən Cavabdeh2 deyil, avtomobilin mülkiyyətçisi Cavabdeh1 tərəfindən ödənilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/1708 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2000-ci il buraxılışlı “Mercedes Benz C240” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 835 manat məbləğində müəyyən olumuşdur. Buna görə də iddianın avtomobilə vurulmuş ziyanın ödənilməsinə dair hissəsi qismən əsaslıdır. Odur ki, iddianın həmin hissəsi qismən təmin edilərək, Cavabdeh1 dəymiş ziyana görə 835 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi əsassızdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Məhkəmə idda tələbində göstərilən əldən çıxmış faydanın cavabdehdən alınaraq ona ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində ona maddi zərərin vurulduğunu (əldən çıxmış fayda) göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Buna görə də iddia tələbi maddi zərərin ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 835 (səkkiz yüz otuz beş) manat məbləğində pul vəsaiti və 40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq (50 manat) ekspertizasının tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərci Cavabdeh1 tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar