Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-91/2024 06.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X13 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, onun nümayəndəsi və eyni zamanda vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, yəni İddiaçı ünvan 1 ünvanında yaşamış X9 ilə 02 oktyabr 2021-ci il tarixdə aralarında notarial qaydada bağlanmış icarə müqaviləsinə əsasən Zərinə Sultanova ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 203.3 kv/m, yaşayış sahəsi 87.2 kv/m olan 5 otaqlı fərdi yaşayış evinin qeyri-yaşayış sahəsini 02 oktyabr 2031-ci il tarixədək ona icarəyə vermişdir. İcarə müqaviləsi rəsmi olaraq 2021-ci ilin oktyabr ayında bağlansa da, aralarında olan şifahi razılaşmaya əsasən 15 iyun 2021-ci il tarixdən qeyd etdiyi sahəni trenajor zalı kimi işlətmək məqsədilə təmir etdirməyə başlamışdır. 2021-ci ilin sentyabr ayının sonlarında təmir başa çatmış və o, zal üçün almış olduğu idman alətlərini və avadanlıqları obyektə yerləşdirməyə başlamışdır. İcarə müqaviləsini bağladıqdan sonra təxminən 2021-ci ilin oktyabr ayının ortalarından etibarən trenajor zalı faktiki olaraq fəaliyyətə başlamışdır. Obyektin icarəyə verilməsi ilə bağlı bütün danışıqlar və razılaşmalar Zərinə Sultanovanın əri X3 ilə onun arasında olmuşdur. Çünki Cavabdeh1 özünü obyekt sahibi kimi ona təqdim etmişdir. Yalnız icarə müqaviləsi bağlanan gün o, obyektin rəsmi sahibinin Zərinə Sultanova olduğunu bilmişdir. İcarə müqaviləsində Əmirsaleh Sultanovun təklifi və xahişi ilə icarə haqqı 400 (dörd yüz) manat qeyd edilsə də, lakin aylıq onlara 1200 (bir min iki yüz) manat icarə haqqı ödəmişdir. 2021-ci ilin noyabr ayında Zərinə Sultanova ona məlum olmayan səbəbdən komaya düşərək dünyasını dəyişmişdir. Bundan sonra 2021-ci ilin dekabr ayında mərhum Zərinə Sultanovanın əri Əmirsaleh Sultanov icarə haqqını 1400 (bir min dörd yüz) manata qaldırmışdır. 2022-ci ilin mart ayınadək o, obyektin icarə haqqını 1400 (bir min dörd yüz) manatdan vermişdir. 2022-ci ilin mart ayının əvvəllərindən etibarən Əmirsaleh Sultanov və oğlu Cavabdeh2 mütəmadi olaraq obyektə gələrək təcili şəkildə çıxmasını bildirmişlər. O, onlara dəfələrlə bildirmişdir ki, icarə müqaviləsi 2031-ci il tarixədək bağlanmış və əgər müqaviləni ləğv etmək istəyirlərsə bir ay əvvəlcədən yazılı ərizə ilə xəbərdarlıq etməlidirlər. Lakin onlar onun sözlərinə məhəl qoymamışlar, təkid edərək hədə-qorxu ilə 02 oktyabr 2021-ci il tarixli icarə müqaviləsinin şərtlərini qanunsuz şəkildə pozaraq 2022-ci ilin mart ayında onu obyektdən çıxartmışlar. İcarəyə götürdüyü sahəni trenajor zalı kimi təmir etdirmiş və həmin təmirin həyata keçirilməsi üçün 27.203 (iyirmi yeddi min iki yüz üç) manat məbləğində pul xərcləmişdir. Əmirsaleh Sultanovla aralarında olan şifahi razılaşmaya görə obyekt onun tərəfindən təmir olunmalı idi. O, isə bunun əvəzində aylıq icarə haqqının yarısını yəni 1200 (bir min iki yüz) manat yox, 600 (altı yüz) manat alacaqdır. Lakin təmir başa çatdıqdan və trenajor zalı fəaliyyətə başladıqdan sonra Əmirsaleh Sultanov maddi sıxıntılarının olduğunu bildirmiş, bir neçə aylıq icarə haqqını tam şəkildə, yəni 1200 (bir min iki yüz) manat ödəməyi xahiş etmişdir. O, isə Əmirsaleh Sultanovla aralarında problem yaranmaması üçün onun xahişini qəbul etmişdir. Bundan başqa trenajor zalında istifadə olunması üçün almış olduğu avadanlıqların qiyməti 60.000 (altmış min) manat təşkil etmişdir. X4 Sultanov onu təcili obyektdən çıxardıqları üçün və onun da qeyd edilən avadanlıqları yerləşdirməyə başqa yerinin olmadığı üçün həmin avadanlıqları Əhməd Əliyev adlı şəxsə 20.000 (iyirmi min) manata satmışdır. Obyektin təmirinə çəkilmiş xərcləri, avadanlıqların alınmasını və satılmasını obyektdə işləmiş şəxslər Elbrus Xəlilov, Ziya Eləsənov, Ceyhun Əliyev, Rəşad Kərimov və avadanlıqları almış Əhməd Əliyev təsdiq edə bilərlər. Obyektin təmir olunması üçün alınmış tikinti materiallarının qaimələri və təmir zamanı çəkilmiş video və fotoçəkilişlərlə - obyektin tərəfindən təmir etdirilməsi tam sübut olunur. Həmçinin avadanlıqların Əhməd Əliyevə dəyərindən ucuz qiymətə satılması sonuncu ilə aralarında olan “Whatsapp” yazışmaları ilə tam təsdiq olunur. 02 oktyabr 2021-ci il tarixli icarə müqaviləsinin 3-cü bəndindən görünür ki, obyektin icarə müddəti 02 oktyabr 2031-ci il tarixədək müəyyən edilmişdir. Lakin aydın şəkildə görünür ki, Əmirsaleh və Cavabdeh2lar vaxtından əvvəl müqavilənin şərtlərini kobud şəkildə və qanunsuz olaraq pozmuşlar. Həmçinin həmin müqavilənin 7-ci bəndindən görünür ki, icarə müqaviləsinin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Lakin icarə müddəti dövründə qarşı tərəfdən müqavilənin ləğv edilməsi üçün bir dəfə də, olsun yazılı müraciət daxil olmamışdır. Beləliklə, o, hesab edir ki, yuxarıda qeyd etdiklərinə və qanunun tələblərinə əsasən onun Əmirsaleh Sultanov və Cavabdeh2 ona vurmuş olduqları 87.203 (səksən yeddi min iki yüz üç) manat məbləğində maddi ziyanı tələb etmək hüququ yaranmışdır. Cavabdehlərin etdikləri qanunsuz hərəkətlər səbəbindən ona çox böyük mənəvi ziyan da dəymişdir. Belə ki, Əmirsaleh və Cavabdeh2ların mütəmadi şəkildə onu obyektdən çıxmağa məcbur etmələri, çəkdiyi böyük əziyyətin boşa çıxması, aldığı avadanlıqların çox ucuz qiymətə satılması səbəbindən ciddi əsəb gərginliyi və sarsıntı keçirmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 1096 və 1097.1-ci maddələri ilə əsaslandıraraq, iddia ərizəsinin təmin edilməsi, cavabdehlər X1 və Cavabdeh2 Əmirsaleh oğlundan 87.203 (səksən yeddi min iki yüz üç) manat maddi ziyanın, 20.000 (iyirmi min) manat mənəvi ziyanın və 397.20 (üç yüz doxsan yeddi manat iyirmi qəpik) manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda tərəfindən ona məxsus avadanlıqların və ayrıla bilən yaxşılaşdırmaların götürüldüyünü bir daha təsdiq edərək, cavabdehlə aralarında mübahisənin məhz icarə haqqının artırılması səbəbindən yarandığını, həmin qeyri-yaşayış sahəsini könüllü surətdə tərk etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun nümayəndəsi və eyni zamanda vəkili X10 hər biri ayrı-ayrılıqda iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh1 eyni zamanda iddiaçıya qeyri-yaşayış sahəsini tərk etməməsini, bu və ya digər formada razılaşa biləcəklərini bildirsə də, sonuncu razılaşmamış, İddiaçı qeyri-yaşayış sahəsindən çıxdıqdan sonra qeyri-yaşayış sahəsi 4 ay müddətinə boş qalmış, bununla da onun özünə maddi ziyan dəymişdir. Bununla yanaşı, Cavabdeh1 iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində təmir işlərinin onun razılığı və məlumatı ilə aparılmasını təsdiq etsə də, təmir xərclərinin istər iddiaçı tərəfindən iddia ərizəsində göstərilən məbləğdə, istərsə də, ekspert rəyində qeyd edilən məbləğdə olmadığını, həmin məbləğlərin ondan tutulmasına etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin və ya onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh1, həmçinin onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “icrarəyə verən” X9 ilə “icarəçi” İddiaçı arasında 02 oktyabr 2021-ci il tarixdə bağlanmış icarə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, icarəyə verən X9 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 203.3 kv.m, yaşayış sahəsi 87.2 kv.m olan 5 otaqlı fərdi yaşayış evini icarəçi İddiaçı icarəyə vermişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2031-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddətinin daha bir il müddətinə uzadılmış hesab edilməsi müəyyən edilmişdir. İcarə haqqının məbləği 400 manat müəyyən edilmişdir. Həmin müqavilənin 8-ci bəndinə əsasən “İcarəçi”lər İcarəyə verən(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/9-00169 saylı arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13:30-14:00-da ilkin mediasiya sessiyasında İddiaçı və X3 iştirak etmişlər və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiya xərcini ödəmişdir. Lakin tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi, korpus 89, 45 saylı 203.30 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan fotoşəkillərdən və CD diskdən məlum olur ki, icarəyə götürülmüş ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmir işləri aparılmış, həmin foto-şəkillərdə qeyri-yaşayış sahəsinin təmirdən əvvəlki və sonrakı vəziyyəti əks olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı, 025007 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən küçəsi 87.2 kv.m yaşayış sahəsi 203.3 kv.m ümumi sahədən ibarət 5 (beş) otaqlı 45 saylı fərdi yaşayış evi X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 02 saylı reyestr kitabında 274 səhifə qeydə alma №30/7641, xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/3882 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 10768 manat məbləğində olduğu müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/705 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 10768.0 manat məbləğində olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Bununla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində öhdəliyin əmələ gəlməsinin əsasları arasında zərərin vurulması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. (Maddə 700.1.) Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. (Maddə 700.3.) Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edilmişdir ki, X9 ilə İddiaçı arasında 02 oktyabr 2021-ci il tarixdə icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 203.3 kv.m, yaşayış sahəsi 87.2 kv.m olan 5 otaqlı fərdi yaşayış evi İddiaçı icarəyə verilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2031-ci il tarixədək müəyyən edilmiş və onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddətinin daha bir il müddətinə uzadılmış hesab edilməsi müəyyən edilmişdir. İcarə haqqının məbləği 400 manat müəyyən edilmişdir. Həmin müqavilənin 8-ci bəndinə əsasən “İcarəçi”lər İcarəyə verən(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. İcarə müqaviləsi əmlakın mülkiyyətçisi olmuş Z.Sultanovaya ilə bağlansa da, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı danışıqlar və razılaşmalar məhz Z.Sultanovanın əri – hazırki iş üzrə cavabdehlərdən olan Cavabdeh1la aparılmış, sonuncu iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində təmir-tikinti işlərinin aparılmasından məlumatlı olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı tərəfindən sözügedən qeyri-yaşayış sahəsində təmir-tikinti işləri aparılmışdır. Bu faktı tərəflər məhkəmə iclaslarında verdikləri izahatlarla da bir daha təsdiq etmişlər. İcarə müqaviləsinin tərəfi olan icarəyə verən Zərinə Sultanova 2021-ci ilin noyabr ayında vəfat etmişdir. Daha sonra sözügedən əmlak Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla təsdiq olunur ki, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı tərəflər verdikləri izahatlarında icarə müqaviləsinin şərtlərinin pozulmasında bir-birilərini günahlandırsalar da, məhkəmə iddiaçı tərəfindən verilmiş izahatları ağlabatan və inandırıcı hesab etmişdir. Həmin qənaətə gələrkən məhkəmə məhz tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinin pozulması kimi icarə haqqı məbləğinin Cavabdeh1 tərəfindən artırılmasını, daha yüksək məbləğdə icarə haqqının tələb edilməsini, digər tərəfdən tərəflər arasında olan şifahi razılaşmanın, yəni qeyri-yaşayış sahəsinin yaxşılaşdırılması məqsədilə aparılmış təmir-tikinti işlərinin qarşılığı nəticəsində icarə haqqında endirimlərin edilməli olmasını və həmin məbləğin əvəzləşdirilməsi barədə razılaşmaya cavabdeh tərəfindən əməl edilməməsini nəzərə almışdır. Bununla yanaşı, xüsusilə qeyd edilməlidir ki, məhkəmə iddiaçının icarəyə götürən tərəfindən icarəyə verənə məxsus qeyri-yaşayış sahəsinə kifayət qədər yüksək məbləğdə vəsait qoyulduqdan, təmir işləri yekunlaşdıqdan, həmin qeyri-yaşayış sahəsinə avadanlıqlar alındıqdan sonra qısa müddət ərzində həmin qeyri-yaşayış sahəsini könüllü surətdə işlərinin yaxşı getməməsi səbəbindən tərk etməsini ağlabatan hesab etmir. İddiaçı təmir xərcinin əvəzi olaraq 27203 manat məbləğində maddi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 10/3882 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/705 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyləri ilə təsdiq edilmişdir ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə aparılmış təmir işlərinin ümumi dəyəri 10768 manat məbləğində müəyyən edilmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi təmir-tikinti xərclərinin tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 10768 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğu üçün təmin edilməli, işin faktiki halları nəzərə alınmaqla, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Həmin məbləğinin iddiaçının xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi digər Cavabdeh2 qarşı hissədə, həmçinin 60000 manat məbləğində avadanlıqların dəyərinin ödənilməsi hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, avadanlıqların məhz iddiaçı tərəfindən götürülməsi və başqa şəxsə satılması məhz iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə də bir daha təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 maddi zərərə görə 10768 (on min yeddi yüz altmış səkkiz) manat və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddia tələbi digər Cavabdeh2 qarşı təmin edilməsin. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 397.20 manat dövlət rüsumunun 50%, yəni 198.5 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 50%, yəni 198.5 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia tələbi qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 50%, yəni 50 manat Cavabdeh1, qalan 50%, yəni 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin X2 hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-91/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-91/2024
06.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver