Məhkəmə qərarları › İş №e-2(001)-967/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-967/2024

05.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-967/2024 05.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimova Aynurə Şirzad qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh (qaynı) Cavabdeh məxsus 524375***8195 seriyalı Unibank kartına özünə məxsus 409858***3025 seriyalı Leo kartından 3500 manat ödəniş etmişdir. Belə ki, Cavabdeh bu məbləği özünə nəqliyyat vasitəsi almaq niyyəti ilə iddiaçıdan istəmiş, iddiaçı cavabdeh bu məbləği 2 ay içərisində kartına geri qaytardığı halda cavabdehdən heç bir faiz tutulmayacağını bildirmişdir. Cavabdeh telefon danışıqları əsnasında bu məbləği vaxtında ödəyəcəyini desə də, sözünə əməl etməyərək bu məbləğin aylara bölərək ödənməsi sövdələşməsini irəli sürmüş, iddiaçı da cavabdeh onun qaynı olduğu üçün bu məsələdə ona heç bir sıxıntı yaratmadan, eybi yox deyərək məbləği gec-tez bağlayacağını düşünmüşdür. Leo kart kredit hesabı olduğu üçün, bank məbləğindən asılı olmadan hər hansı göndərişə görə müştəridən 2 % bank xərci tutur. Bununla bərabər əgər müştəri adına götürdüyü məbləği 2 ay ərzində kart hesabına geri qoymadığı halda götürülən məbləğin 2 %-dən əlavə hər ay 2,3 % üzərinə gəlməklə müştəri qarşısında borc məsuliyyəti yaradır. Bu o deməkdir ki, iddiaçının cavabdehə ödədiyi 3570 manat (2% ilə birgə) üzərinə 82,11 (2,3 %-lə birgə) manat gəlməklə iddiaçıya geri göndərməli idi. Lakin, cavabdeh Azərtürkbank kart hesabından iddiaçının kartına bu günə qədər 1474,10 manat ödəniş etmişdir. Qalan 2178,01 manatı isə bu gün Cavabdeh iddiaçının kartına ödəməli olan borcudur. Bu borc xx.xx.2023-cü il tarixdə ödənilən 203 manat ilə iddiaçının banka olan 1992 manat borcunu təşkil etdiyi halda, sonradan bankın onun üçün faiz ilə hesabladığı bu məbləğdə bank qarşısında 2178,01 manat borclu kimi görünməsi göstərmişdir. Cavabdeh ona bu məbləği ödəyərkən iddiaçı cavabdehin bacısı X2 ilə birgə ailə münasibətlərində olmuş, bu vaxta qədər olan ödənişləri də yoldaşının təkidi və məcburiyyəti əsasında onun kart hesabına ödəmişdir. Borc bir il ərzində cavabdeh tərəfindən bağlanmalı olsa da, sonuncu ödənişindən sonra Ş.T.Nurəliyeva nikahın pozulmasına dair iddia ərizəsi ilə müraciət etdiyi gündən cavabdeh heç bir ödəniş etmir, iddiaçının telefon zənglərinə cavab vermir. Cavabdeh banka olan borcunun ödəməsi oktyabr ayı üçün 219,42 təşkil etsə də bu ödənişi etməkdən boyun qaçırmışdır. Noyabr ayı üçün 192,36 manat borcu yaranmış, bu borcları iddiaçı hər ay öz maaşı hesabına ödəmək məcburiyyətində qalmışdır. Ona görə də cavabdehdən vurduğu zərərə görə 2178,01 manatın, dövlət rüsumuna görə 41,78 manatın iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazını onunla əsaslandırılır ki, iddiaçı ərizədə qeyd edir ki, borc iddiaçı ilə bank arasında yaranmışdır. Yaranmış borc müqaviləsində onun iştirakı olmamış, iddiaçının onun bank kartına göndərdiyi məbləği borc məsuliyyət yaratmamışdır. Belə ki, göndərilən məbləğ həddiyyə qismində ona dəstək olmaq üçün göndərilmiş və geri ödənilməsi barəsində tələb və şərtlər təyin edilməmişdir. İddiaçı ona dəsətək olduğu üçün o da, qarşılıqlı dəstək olmasını düşüncəsi ilə iddiaçının bank qarşısında yaranmış borcunun bir qismini ödəmişdir. Lakin iddiaçının onun bacısı olan Şahanə Nuraliyevaya və onun ailəsinə qarşı törətdiyi əməllərə görə dəstəyini kəsmişdir. İddiaçı ərizədə qeyd etmişdir ki, o şəxsi istifadəsi üçün maşın almaq niyyəti ilə qeyd olunan məbləği iddiaçıdan istəmişdir. Qeyd etmək istəyir ki, iddiaçının onun bank kartına göndərdiyi məbləğ borc məsuliyyəti yaratsaydı, maaşın almaq üçün iddiaçının qeyd etdiyi qeyri-münasib faiz dərəcələri ilə birgə borc almaq əvəzinə banklara müraciət etməyi daha düzgün olardı. İddiaçı onun bank kartına göndərdiyi məbləği qeyd edilən faiz dərəcələri ilə birgə borc məsuliyyəti yaratmaq niyyətində olsaydı Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsi bağlamağı təklif edərək onun xəbərdar edərdi. Bu halda o da iddiaçının təklifini rədd edərək daha güvənli mənbələrə, banklara müraciət edərdi. İddiaçı ona 2178,01 manat ziyan vurmasını qeyd etsə də, o, iddiaçıya heç bir ziyan vurmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib, izahatında göstərmişdir ki, iddianın heç bir əsası yoxdur ki, o, iddiaçıya pul qaytarsın. İddiaçıya pulun qaytarılması ilə bağlı aralarında heç bir danışıq, razılıq olmamışdır. Bundan əlavə iddiaçının onun ailəsinə qarşı törətdiyi əməlləri əsas tutaraq pulun qaytarılması üçün heç bir əsas görmür. İddiaçı ona 3500 manat pulu dəstək məqsədi ilə vermişdir. Aldığı puldan o, iddiaçıya 1508 manat qaytarmış, qalıq 1992 manatı qalmışdır. Qalıq pulu onun iddiçıya qaytarmaq fikri yoxdur. Belə ki, iddiaçı onun ailəsinə qarşı xoşagəlməz hərəkətlər etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 71. İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur; İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada) İddiaçı məhkəməyə Cavabdeh etirazına qarşı təqdim etdiyi xx.xx.2023-cü il tarixli etirazından müəyyən olunur ki, Cavabdeh şəxsi məlumatlarına e-gov portalı üzərindən baxılsa xx.xx.2022-ci il tarixdə və ondan sonrakı dövrdə bu cavabdehin heç bir yerdə işləmədiyi müəyyən olunar. Bu baxımdan cavabdehin qeyd etdiyi məlumat əsasında onun özünə heç bir bank kredit hesabı ayıra bilməzdi. Onun kartında 7000 manata yaxın vəsait olmuş, bu məbləği nağdlaşdırma faizi olmadan da xərcləyə bilərdi, nağdlaşdırıb Cavabdeh hədiyyə verməzdi. Cavabdeh ödənişləri xx.xx.2023-cü il tarixdən müəyyən gecikmələrlə ona məxsus **********083025 Leo kart hesabına göndərmişdir. Cavabdeh etirazında bir mülki prosesi digər mülki proseslə əlaqələndirib aldığı borcu qaytarmamaq üçün bəhanələr gətirmişdir. Bu gün bu məbləği ata oğluna, qardaş qardaşına vermədiyi halda o, niyə qaynına niyə hədiyyə etməlidir. Ona görə də cavabdehdən 2178,01 manat borcun tutulmasına dair qətnamə çıxarılması xahiş olunur. Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışdan müəyyən olunur ki, X1 aktiv öhdəlikləri üzrə Unibank ASC ilə bağladığı müqaviləyə əsasən, qalıq borcu 3927,83 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, yaxın qohumlar olmuş tərəflərdən iddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə 3500 manat borc vermiş, cavabdeh aldığı puldan 1508 manat qaytardıqdan sonra iddiaçı ilə qohumluq münasibətlərində problemlər yarandığından aldığı borcun qalıq hissəsi olan 1992 manatı qaytarmaqdan imtina etmişdir. Cavabdeh aldığı 3500 manatın borc deyil, iddiaçı tərəfindən ona verilmiş hədiyyə, dəstək olmasını bildirsə də, etirazında istinad etdiyi halları sübuta yetirə bilməmiş, hədiyyə və ya dəstək olaraq qəbul etdiyi pulun bir hissəsinin hansı səbəbdən geri qaytarmasını məhkəməyə izah edə bilməmişdir. Məhkəmə iddiaçının faiz tələbi ilə bağlı sübutları tədqiq edib qeyd edir ki, iddia ərizəsində göstərildiyi kimi cavabdehin alınmış borcun aylara bölərək qaytarılması şərti ilə razılaşan iddiaçının hazırda faiz tələb etməsi əsassızdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, qohumluq münasibətlərinin pozulması cavabdehin aldığı borcu qaytarmaması, iddiaçının isə faiz tələb etməsi üçün əsas olmadığından, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya ödənilməmiş qalan 1992 manat borcunun olması öz təsdiqini tapdığından iddia ərizəsi bu hissədə təmin edilərək cavabdehdən iddiaçının xeyrinə borca görə 1992 manat tutulmalı, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh borca görə 1992 manat, dövlət rüsumuna görə 41,78 manat olmaqla cəmi 2033,78 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar