Məhkəmə qərarları › İş №e-2(001)-981/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-981/2023

25.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-981/2023 25.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı mənzildən çıxarılma və əmlakın boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış Xırdalan–Binəqədi şossesi, 23 ünvanında yerləşən 179.2 kv/m ümumi sahədən ibarət olan əmlak kompleksinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh məxsus, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 31.50 kv/m ümumi sahədən ibarət olan 7/9 nömrəli evin 24 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış Xırdalan–Binəqədi şossesi, 23 ünvanında yerləşən 179.2 kv/m ümumi sahədən ibarət olan əmlak kompleksinə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli 2(009)-428/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaklara dair İddiaçı ASC-nin mülkiyyət hüquqlarının 28 fevral 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi və ********** nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Əmlak İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq cavabdeh əmlak kompleksini banka təhvil verməkdən imtina edir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh faktiki olaraq həmin mənzildə yaşayır. Boşaldılması tələb edilən əmlakın ipoteka predmeti kimi hərracdan satılması və borcun ödənilməsi barədə qətnamə mövcud olsa da, icra qaydasında ipoteka predmeti olan mənzilin boşaldılmasına nail olunmamışdır. Hazırda bankın əmlaka mülkiyyət hüququ var. İpoteka predmetləri müxtəlif olduğundan digər bir əmlakın boşaldılması hissəsində Səbail Rayon Məhkəməsi məhkəmə qətnaməsi ilə bankın tələbini təmin etmiş, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti versə də, qətnamə qüvvədə qalmışdır. Cavabdeh sonuncu dəfə hərrac nəticələrinn etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırsa da, iddiası təmin edilməmiş, yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Görünən odur ki, cavabdeh hazırda məhkəmə iclaslarında iştirak etməsə də, məhkəmə mübahisələrindən xəbərdardır.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

5. Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi, 23 ünvanında yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə "xxxx" ASC-nin “Gəncə” filialına məxsudur. Bu barədə xx.xx.2020-ci il tarixində ********** № ilə qeydiyyat aparılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(102)-1909/19 saylı qərarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" İKB ASC-nin iddiasının qismən təmin edilməsi, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə banka yaranan 42.585,82 ABŞ dolları əsas, 23949,86 ABŞ dolları faiz, 597,56 ABŞ dolları cərimə, ümumilikdə 67.133,24 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) borc, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun, 40 manat xidmət haqqının tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m ümumi, 20 kv.metr yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi,23 ünvanında yerləşən 179,2 kv.metr ümumi, 154 kv.metr əsas, 25,2 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m ümumi, 20 kv.metr yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilin və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi,23 ünvanında yerləşən 179,2 kv.metr ümumi, 154 kv.metr əsas, 25,2 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksinin açıq hərracdan satılması, əldə olunan vəsait hesabına borc məbləğinin "xxxx" İKB ASC-yə ödənilməsi və s. qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərdən iddiaçının xeyrinə faiz borcunun tutulması və ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

8. iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 98,99 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödəmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ləğv edilmiş və müqavilə üzrə yaranmış 42.585,82 ABŞ dolları əsas, 23949,86 ABŞ dolları faiz, 597,56 ABŞ dolları cərimə, ümumilikdə 67.133,24 ABŞ dolları (Mərkəzi Bankın ödəniş gününə olan məzənnə ilə) borcun cavabdehdn bankın xeyrinə tutulması qət edilmişdir.

10. Həmçinin borcun ödənilməsi üçün tutumanın ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsində yerləşən 1 otaqlı, 31,5 kv.m ümumi, 20 kv.metr yaşayış sahəsindən ibarət 7/9 nömrəli evin 2 nömrəli mənzilinə və Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi,23 ünvanında yerləşən 179,2 kv.metr ümumi, 154 kv.metr əsas, 25,2 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməsi qət edilmişdir.

11. İpoteka predmeti olan əmlak tələbkar tərəfindən alınmış və hal-hazırda onun mülkiyyətindədir, belə ki, bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyat aparılmışdır.

12. İddiaçı ipoteka predmetinə tutma yönəldildiyini və əmlakın mülkiyyətçisi kimi artıq bankın əmlaka dair daşınmaz əmlakdan çıxarış əldə etdiyini bildirməklə, əmlakın boşaldılmasını və banka təhvil verilməsini xahiş edir.

13. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək, iddiaya münasibətini bildirməmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

14. Azərbaycan Respublikası Konstitusiyasının:

15. 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

18. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. 178.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

22. 203.3.1-ci maddəsinə əsasən, öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi əmlakın mülkiyyətçidən məcburi alınmasına əsas yaradır.

23. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

24. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.

25. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

26. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir.

27. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

28. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh bu faktın əsaslılığını dəfələrlə məhkəmə qaydasında mübahisələndirsə də, iddiaçı əşyanın mülkiyyətçisidir. Buna baxmayaraq o, mülkiyyətindən maneəsiz istifadə edə bilmir. Eyni zamanda cavabdehin əşyaya sahibliyinin qanuni əsası müəyyən edilmir. Odur ki, yuxarıda göstərilən normaların tələbi baxımından iddia tələbi əsaslıdır. Tətbiq edilən prosessual normalar:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

30. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

32. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

33. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

34. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi 23 ünvanında yerləşən 179,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi boşaldılmalı və "xxxx" ASC-yə təhvil verilməlidir.

35. Ödənilmiş dövlət rüsumunu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan yaşayış sahəsi, Xırdalan-Binəqədi şossesi 23 ünvanında yerləşən 179,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi Cavabdeh tərəfindən boşaldılsın və iddiaçı "xxxx" ASC-yə təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar