Məhkəmə qərarları › İş №e-2(002)-1222/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1222/2024

24.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1222/2024 24.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reystrindən çıxarışın alınması üçün maliyyə arayışının verilməsi, notariat qaydada alqı-satqı müqaviləsinin bağlanması,mənzil üzərində mülkiyyət hüququnun tanınmasını, “Çoxmənzilli binanınidarə olunmasına dair “Xidmət müqaviləsinin” bağlanması, kommunal xidmət növlərinə görə xərclərin bölüşdürülməsinə dair məlumat verilməsi, kommunal xidmətlərin həyata keçirilməsinə dair hesabat verilməsi və maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzilin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarış alınması üçün maliyyə arayışının verilməsi, notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanılması, ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzil üzərində mülkiyyət hüququnun tanınması, “Çoxmənzilli binanın idarə edilməsinə dair Xidmət Müqaviləsi”-nin bağlanması, kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verilməsi, kommunal xidmətlərin həyata keçirilməsinə dair hesabat verilməsi, vurulmuş ziyana görə 4780 manat kompensasiyanın və 100 manat dövlət rüsumunun ona ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-dən ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzili “23” iyul 2019-cu il tarixində mənzil üçün nəzərdə tutulan 50402 (əlli min dörd yüz iki) manat ödənişi Cavabdeh MMC-nin (bundan sonra-cavabeh) bank hesabına notarius vasitəsilə tam şəkildə ödəyərək və notarius tərəfindən təsdiqlənmiş müqavilə bağlayaraq almışdır. Lakin, həmin gündən bu günədək cavabdeh, bağladığı “alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün öhdəliklər götürülməsi barədə Müqavilə”nin 3.3-cü bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməyərək və mülki qanunvericiliyin müvafiq müddəalarını pozaraq, həmçinin mənzil üçün ödənişin tərəfindən müqavilə bağlanıldığı tarixdə tam şəkildə ödənildiyinə baxmayaraq, ona borcunun olmaması barədə maliyyə arayışı təqdim etməmiş, həmçinin həmin mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün notariat qaydasında alqı-satqı müqaviləsi bağlamaqdan imtina etmişdir. Beləliklə, aldığı mənzil üzərində sahiblik və istifadə hüququ yaransa da sərəncam vermək hüququ məhdudlaşdırılmış, ona maddi ziyan dəymişdir. Mənzili satmaq istəsə də sata bilməmişdir. Nəticədə Azərbaycan Beynəlxalq Bankından götürdüyü vəsaiti vaxtında qaytara bilməyərək həmin vəsaitə görə əlavə 4780 manat faiz ödəmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. O bildirdi ki, mənzili 2019-cu ildə birdəfəliyinə 50402 manat Az.Komfort” MMC-nin hesabına pul köçürmüşdür. DƏDRX-yə müraciət etdikdə ki, evi onun adına qeydiyyata salınmasına dair çıxarış əldə etsin, qurum ona maliyyə arayışının və alqı-satqı müqaviləsinin təqdim edilməsini tələb etmişdilər. Onlar arasında alqı-satqı müqaviləsi bağlanmayıb, sadəcə iş materiallarında olan müqavilə ilkin müqavilədir, belə ki, o müqavilə ilə qarşı tərəf onun tərəfindən ödəniş tam edildiyi halda ona maliyyə arayışının təqdim edilməsi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün notariat qaydasdında alqı-satqı müqaviləsinin bağlanmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, hazırki mənzil üzərində onun mülkiyyət hüquqlarını əldə etməyə nail ola bilmir. Həmçinin bankdan mübahisəli evi almaq üçün 15000 manat pul götürmüşdür, cavabdehin təqsiri üzündən çıxarışı əldə edə bilmədiyindən həmin banka faiz ilə borcunu qaytarmaq məcburiyyətində olmuşdur. Banka borca görə faiz kimi ödədiyi 4780 manat məbləğində maddi ziyanın da cavabdehdən onun xeyrinə tutulmasını xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə iddia ərizəsinə etiraz ərizəsi göndərərək, qeyd etmişdir ki, İddiaçı tərəfindən "xxxx" MMC-yə qarşı verilmiş iddia ərizəsini tamamı ilə əsassızdır və təmin olunmumalıdır. Belə ki, iddiaçı vurulmuş ziyana görə 4780 manat kompensasiya tələb edir. Lakin, məlum deyil iddiaçıya dəymiş (onun mülahizəsinə görə) ziyanın "xxxx" MMC-yə nə aidiyyəti var. Elə iddia ərizəsinin öz mətnindən aydın şəkildə görünür ki, qeyd edilən 4780 manat vəsaitin cavabdehlə heç bir bağlılığı və yaxud hər hansı əlaqəsi yoxdur. Bundan başqa iddiaçı tələb edilir ki, "çoxmənzilli binanın idarə edilməsinə dair Xidməti müqavilə bağlansın". Lakin məlumdur ki, sakinlər özləri mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaratmalıdılar və həmin cəmiyyətdən tələb edilə bilər ki müvafiq hesabatları və məlumatları təqdim etsinlər. əlavə olaraq qeyd etdi ki, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi, Mənzil-Məcəlləsinin 135-ci maddəsinə əsasən, belə xidmətlərdən istifadə edən fiziki və hüquqi şəxslərin üzərinə qoyulub. Qeyd edilənləri nəzərə alaraq iddianı təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış və 12 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2019-cu il tarixli LR8-53/2019 saylı müqavilədən görünür ki, tərəflər ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzil (ümumi sahəsi 63,8 m2 olan 1 ədəd 3 otaqlıdan ibarət olan) sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün öhdəliklər götürmüşdür. Mənzilin ümumu dəyəri 50402 manat təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzil ikinci tərəfə təhvil-təslim aktı ilə təhvil verilir. İkinci tərəf təhvil-təslim aktını imzalayaraq təhvil verilən mənzilin qəbul edilməsinə dair iradəsini bildirir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən mənzilə dair mülkiyyət hüququ ikinci tərəfə yalnız müqavilə ilə müəyyən edilmiş mənzilin dəyəri tam şəkildə ödənildikdən və müvafiq maliyyə arayışı aldıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarışla təsdiq edilir. Mənzilin dəyəri tam şəkildə ödənilməyənədək İkinci tərəf Birinci tərəfin razılığı olmadan Mənzili üçüncü şəxsə özgəninkiləşdirə bilməyəcək. Alqı-satqı müqaviləsinin bağlanması və mənzilin təhvil verilməsi ilə bağlı, habelə bank əməliyyatları, notarial hərəkətlər və mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı bütün xərclər və rüsumlarının ödənilməsi İkinci tərəfin öhdəsinə düşür.Həmin müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə tərəflər imzaladığı tarixdən qüvvəyə minir, bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin tam icra olunmasınadək hüquqi qüvvəyə malikdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 50402 manat Cavabdeh MMC-nin hesabına pul köçürülmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankının hesabdan çıxaışından görünür ki, İddiaçı kredit öhdəliyi üzrə xx.xx.2019- xx.xx.2022-ci il tarixlər üzrə ödənişlər etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə LR8-53/2019 saylı müqavilə bağlanmış, müqavilə üzrə cavabdeh tərəf ümumi dəyəri 50402 manat təşkil edən ünvan 2 ünvanında yerləşən 53 nömrəli mənzilin təhvil təslim aktı ilə İddiaçı sahibliyinə və istifadəsinə verilməsini, iddiaçı tərəf isə mənzilin dəyərini ödənilməsi və eyni zamanda tərəflər mübahisəli mənzilin alqı-satqısına dair müqavilənin rəsmiləşdirilməsinə dair öhdəliklər götürmüşdülər. Hazırki mülki iş üzrə İddiaçı mübahisəli mənzil üçün müəyyən edilmiş məbləği ödəməsinə baxmayaraq, cavabdeh tərəf isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasında yayınaraq, mənzilini dəyərinin ödənilməsinə dair maliyyə arayışını iddiaçı təqdim etməmiş və iddiaçı ilə mübahisəli mənzilin alqı-satqısına dair müqavilə bağlamadığından hazırda iddiaçı mənzili öz adına rəsmiləşdirə bilmir. Məhkəmə həmçinin müəyyən etdi ki, iddiaçı artıq həmin mənzildə faktiki olaraq yaşayır. Hazırki mülki iş üzrə iddiaçı cavabdehə qarşı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarış alınması üçün maliyyə arayışının verilməsinə, notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanılmasına, həmin mənzil üzərində mülkiyyət hüququnun tanınmasına, “Çoxmənzilli binanın idarə edilməsinə dair Xidmət Müqaviləsi”-nin bağlanmasına, kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verilməsinə, kommunal xidmətlərin həyata keçirilməsinə dair hesabat verilməsi və vurulmuş ziyana görə 4780 manat kompensasiyanın ödənilməsinə dair iddia tələbiləri məhkəməyə müraciət etmişdir. İddiaçı tələblərinin əsası kimi onunla bağlanmış müqavilə üzrə öhdəlikləri göstərmişdir. Cavabdeh tərəf isə iddia ərizəsinə etiraz edərək, iddiaçının iddia tələbinin maddi ziyan hissəsinə dair qeyd etmişdir ki, iddiaçının maddi ziyan tələbinin cavabdeh ilə heç bir əlaqəsi yoxdur, çoxmənzilli binanın idarə edilməsinə dair Xidməti müqavilənin bağlanmasına dair iddia tələbi üzrə isə qeyd etdi ki, sakinlər özləri mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaratdığından müvafiq hesabatları və məlumatların təqdim edilməsini həmin cəmiyyətdən tələb edilə bilər. Əlavə olaraq qeyd etdi ki, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi, Mənzil-Məcəlləsinin 135-ci maddəsinə əsasən, belə xidmətlərdən istifadə edən fiziki və hüquqi şəxslərin üzərinə qoyulmuşdur. Məhkəmə hər bir iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın irəli sürülməsinə səbəb tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LR8-53/2019 saylı müqavilə üzrə öhdəliklərin icra edilməməsindən yaranmış olan münasibətlərdir. xx.xx.2019-cu il tarixli,LR8-53/2019 saylı müqaviləyə məhkəmə qiymət verərək bildirir ki, həmin müqavilə məzmununa görə ilkin müqavilədir. Belə ki, Mülki Məcəllənin 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Həmin Məcəllənin 402.3-cü maddəsinə əsasən, ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 402.5-ci maddəsinə əsasən, əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış və 12 saylı notariat ofisində təsdiqlənmiş xx.xx.2019-cu il tarixli LR8-53/2019 saylı müqavilədən görünür ki, tərəflər ünvan 1 ünvanında yerləşən 53 nömrəli mənzil (ümumi sahəsi 63,8 m2 olan 1 ədəd 3 otaqlıdan ibarət olan) sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün öhdəliklər götürmüşdür. Mənzilin ümumu dəyəri 50402 manat təşkil edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzil ikinci tərəfə təhvil-təslim aktı ilə təhvil verilir. İkinci tərəf təhvil-təslim aktını imzalayaraq təhvil verilən mənzilin qəbul edilməsinə dair iradəsini bildirir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən mənzilə dair mülkiyyət hüququ ikici tərəfə yalnız müqavilə ilə müəyyən edilmiş mənzilin dəyəri tam şəkildə ödənildikdən və müvafiq maliyyə arayışı aldıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarışla təsdiq edilir. Mənzilin dəyəri tam şəkildə ödənilməyənədək İkinci tərəf Birinci tərəfin razılığı olmadan Mənzili üçüncü şəxsə özgəninkiləşdirə bilməyəcək. Alqı-satqı müqaviləsinin bağlanması və mənzilin təhvil verilməsi ilə bağlı , habelə bank əməliyyatları, notarial hərəkətlər və mənzilə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı bütün xərclər və rüsumlarının ödənilməsi İkinci tərəfin öhdəsinə düşür. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən müqavilə tərəflər imzaladığı tarixdən qüvvəyə minir, bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərin tam icra olunmasınadək hüquqi qüvvəyə malikdir. Məhkəmə iddia tələbinin “mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarış alınması üçün maliyyə arayışının verilməsi” nə münasibətdə qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilkin müqavilə bağlandığı gün yəni, xx.xx.2019-cü il tarixdə müqavilə üzrə ödənilməli olan 50 402 manat pulu cavabdehin bank hesabına ödəmişdir. Bu halı cavabdeh də mübahisələndirməmişdir. Mülki Məcəllənin 6.2-ci maddəsiə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. xx.xx.2019-cu il tarixli LR8-53/2019 saylı müqavilənin 3.3-cü bəndinə əsasən mənzilə dair mülkiyyət hüququ ikici tərəfə yalnız müqavilə ilə müəyyən edilmiş mənzilin dəyəri tam şəkildə ödənildikdən və müvafiq maliyyə arayışı aldıqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarışla təsdiq edilir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, ona maliyyə arayışının verilməmısinə səbəb binanın kommunal xərcləri barədə ona məlumat verilmədiyindən ondan tələb olunan kommunal xərcləri cavabdehə ödəməkdən imtina etməsi olmuşdur. Məhkəmə qeyd edir ki, nə qədər ki, hazırkı müqavilə şərtlərində və qanunvericilikdə mənzilin dəyərinin tam ödənildiyi halda kommunal xərclərin ödənilməməsinə görə maliyyə arayışının verilməməsi barədə cavabdehin üstünlük hüququ təsbit olunmadığından cavabdehin İddiaçıa maliyə arayışının verilməməsi məhkəmə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirir. Məhkəmə həmçinin qeyd edir ki, maliyyə arayışının verilməsini iddiaçı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarış alınması üçün istəmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Cavabdeh MMC ümümiyyətlə iddiaçının hansı məqsədlə maliyyə arayışının istəməsindən aslı olmayaraq həmin maliyyə arayışını iddiaçıya verilməsi barədə müqavilə öhdəliyi olduğundan iddia tələbi həmin hissədə təmin olunmalıdır. Məhkəmə həmçinin iddia tələbinin “notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanılması” tələbinə münasibətdə qeyd edir ki, xx.xx.2019-cu il tarixli LR8-53/2019 saylı müqavilə ilkin müqavilə olduğundan və həmin müqavilə MM-nin 402.2-ci maddəsinə əsasən, yəni əsas müqavilə üçün nəzərdə tutulmuş formada (hazırkı halda notarial qaydada təsdiq edildiyindən ) bağlanıldığından bu tələbdə təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı pay haqqını tam ödədiyindən, ilkin müqavilə şərtləri alqı satqı müqaviləsinin bağlanılması üçün tələb olunan formada bağlandığı üçün hazırkı tələbdə əsaslıdır. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Məhkəmə həmçinin qeyd edir ki, bu müqavilənin cavabdeh tərəfindən bağlanılmaması iddiaçının əmlaka sərəncam vermək hüququnun əmələ gəlməsinə süni maneəcilik kimi qiymətləndirir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra- hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Məhkəmə iddia tələbinin “mənzil üzərində mülkiyyət hüququnun tanınması”na münasibətdə qeyd edir ki, MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. İşin faktiki halı ondan ibarətdi ki, İddiaçı mənzilə dair pay haqını ödəmiş, həmin mənzildə hazırkı halda yaşayır, mənzilə faktiki sahiblik edərək oradan istifadə edir. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr əsas hesab olunur: Mülki Məcəllənin 139-1.1.3-ci maddəsində təsbit olunmuş daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikat daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. 144.2-1. Sərəncam verən tərəfin sərəncam hüququnun və öhdəliklərinin, eləcə də əmlakın mövcud yüklülüyünün daşınmaz əmlakın dövlət reyestrində yoxlanılması bu Məcəllənin 148.3-cü maddəsinə uyğun olaraq təmin olunur. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2.Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən, Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, İddiaçı mənzilə sahiblik və istifadə hüququ tanınmalıdır. Hazırkı halda daşınmaz əmlak dövlət reyestrində qeydə alınmadığından sərəncam hüquq tanına bilməz. Məhkəmə iddia tələbinin “Çoxmənzilli binanın idarə edilməsinə dair Xidmət Müqaviləsi”-nin bağlanması tələbinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin oluna bilməz. Belə ki, Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə əsasən, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir Həmin Məcəllənin 109.5-ci maddəsinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Həmin Məcəllənin 109.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativlərinin yaradılması, idarə edilməsi, yenidən təşkili, ləğvi, fəaliyyəti, həmçinin hüquqi statusu ilə bağlı digər məsələlər bu Məcəllədə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Mülki Məcəllənin 111.1-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Sadalanan qanunverici normalarını nəzərə alan məhkəmə qeyd edir ki, iddiaçının bu tələbinin təmin edilməsi üçün əsas yoxdur. Çünki, belə bir müqavilənin olmasını, həmçinin hazırkı işdə cavabdehin həmin müqavilənin tərəfi olmasını qanunla nəzərdə tutulmamışdır. Məhkəmə iddia tələbinin “kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verilməsi və kommunal xidmətlərin həyata keçirilməsinə dair hesabat verilməsi” hissəsində qeyd edir ki, Mülki Məcəllənin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən, çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Sadalanan qanunvericilik normalarını nəzərə alan məhkəmə qeyd edir ki , “kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verilməsi və kommunal xidmətlərin həyata keçirilməsinə dair hesabat verilməsi” barədə iddia tələb cavabdehə belə bir öhdəlik nəzərdə tutmadığında həmin hissədə tələb təmin oluna bilməz. “Vurulmuş ziyana görə 4780 manat kompensasiyanın ödənilməsi “ tələbinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o mənzil alan zaman kredit götürmüş, həmin pulu mənzilin alınmasına ödəmiş, cavabdeh vaxtında alqı-satqı müqaviləsi bağlamadığı üçün götürdüyü kreditin faizi olan 4780 manatı banka ödəmək məcburiyyətində qalmışdır. Odur ki, həmin pulu tələb etməkdə haqlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, bu tip iddialarda cavabdehin təqsirli hərəkətləri ilə səbəbli əlaqə olmalı və bu hal iddiaçı tərəfindən sübut edilməlidir. Məhkəmənin sualına cavab olaraq iddiaçı götürdüyü krediti məhz həmin mənzilin ödənişinə sərf etdiyini sübut edə bilmədi. Sadəcə alqı-satqı və kredit müqaviləsinin tarixlərinin üst üstə düşməsini əsas dəlil gətirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, əks yanaşmada olsa belə kredit müqaviləsinin mahiyyəti əsas məbləğə görə faiz əldə etməkdir. Həmin kredit müqaviləsi üzrə iddiaçı könüllü müqavilə bağlamış və faiz ödəməyi öhdəsinə götürmüşsə buna cavabdeh məsuliyyət daşıya bilməz. Odur ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-nin üzərinə İddiaçı ünvan 3 ünvanında yerləşən 53 nömrəli mənzilin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarış alınması üçün maliyyə arayışının verilməsi və İddiaçı ilə arasında Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S. Orucov küçəsi, 27 ünvanında yerləşən 53 nömrəli mənzilin notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalı və İddiaçı ünvan 4 ünvanında yerləşən 53 nömrəli mənzilin üzərində sahiblik və istifadə hüququ tanınmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ********** saylı qəbzdən göründüyü kimi iddia tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırda iddia tələbi qiymətləndirilməyən iddia olduğundan ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən 53 nömrəli mənzilin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarış alınması üçün maliyyə arayışının təqdim edilməsi öhdəliyi Cavabdeh MMC -nin üzərinə qoyulsun. İddiaçı ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S. Orucov küçəsi, 27 ünvanında yerləşən 53 nömrəli mənzilin notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanılması öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. ünvan 4 ünvanında yerləşən 53 nömrəli mənzilin üzərində İddiaçı sahiblik və istifadə hüququ tanınsın. İddia tələbləri qalan hissədə təmin olunmasın. Ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti elektron kabinəti vasitəsi ilə verilə bilər. Sədrlik edən: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar