Məhkəmə qərarları › İş №e-2(002)-1334/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1334/2023

31.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1334/2023 31.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçı Qaradağ Rayon Səhiyyə X1 Komitəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı Qaradağ Rayon Səhiyyə X1 Komitəsinin cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinin xüsusi notariusu X4 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Qaradağ Rayon Səhiyyə X1 Komitəsi cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinin xüsusi notariusu X4 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 45 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli, 8İ-836 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Qaradağ Rayon X2 İttifaq Komitəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə elektron qaydada iddia ərizəsi verərkən müəyyən edilmişdir ki, Bakı şəhəri 45 saylı notariat ofisi üzrə VÖEN nömrəsi yalnız xüsusi notarius X4 məxsusdur, ona görə də iddia tələbi həmin cavabdehə yönəldilmişdir. Mülki iş üzrə üçüncü şəxs "xxxx" MMC iddiaçı Qaradağ Rayon Səhiyyə X1 Komitəsindən abunə müqaviləsi əsasında 4594,91 manat borcun tutularaq ona ödənilməsinə dair icra qeydinin verilməsi üçün Bakı şəhəri 45 saylı notariat ofisinin xüsusi notariusu X4 müraciət etmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 45 saylı notariat ofisinin xüsusi notariusu X5 3 fevral 2023-cü il tarixli, 8İ-836 saylı icra qeydini verməklə Qaradağ Rayon Səhiyyə X1 Komitəsindən 4594,91 manat məbləğində pulun borc məbləği ilə hər hansı əlaqəsi olmayan "xxxx" MMC-nin xeyrinə tutulmalı olduğunu göstərmiş, icra qeydini icra olunması üçün Qaradağ rayon İcra Şöbəsinə göndərmişdir. Qaradağ Rayon Səhiyyə X1 Komitəsinin etibarnamə üzrə nümayəndəsi icraata başlamaq haqqında qərarla tanış olmuş və xx.xx.2023-cü il tarixində tələbin könüllü icrasına dair bildiriş ona rəsmi şəkildə təqdim edilmişdir. Məlum olmuşdur ki, icra qeydi tamamilə əsassızdır. Belə ki, iddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nə qeyd olunan müqavilə üzrə heç bir borcu yoxdur. Belə ki, müqavilə üzrə heç bir nömrə iddiaçıya təhvil verilməmişdir, müqavilədə nəzərdə tutulduğu halda iddiaçıya indiyə kimi heç bir hesab-faktura, qaimə, bildiriş təqdim edilməmişdir. Həmçinin ştat üzrə cəmi iki işçisi olan iddiaçı təşkilatın adına 400 ədəd nömrənin olduğunun iddia edilməsi absurddur. Eyni zamanda 2013-cü ildə bağlanmış müqavilə üzrə iddia müddəti də ötürülmüşdür. Bundan başqa, bir neçə ay əvvəl "xxxx" MMC iddiaçıya pretenziya məktubu göndərmiş, iddiaçı isə borcunun olmadığını və məsələni birlikdə araşdırmağı təklif etdiyini bildirmişdir. Bir daha qeyd edir ki, icra qeydində tələbkar qismində "xxxx" MMC göstərilmişdir. Həmçinin, notarius icra qeydi verərkən borcun mübahisəli olduğunu və tələb hüququ üzrə iddia müddətlərinin keçib-keçmədiyini nəzərdən keçirməli idi. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinin xüsusi notariusu X5 məhkəməyə xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və iddia tələbinə etiraz etdiyini bildirmişdir. Belə ki, iddiaçı ilə üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixdə abunə müqaviləsi bağlanmışdır. Hesab-fakturanın abunəçiyə (iddiaçıya) çatdırılmaması hesab-fakturanın ödənilməməsinə əsas ola bilməz. Hesab-fakturanın abunəçiyə çatdırılmasından asılı olmayaraq abunəçi öz balansının müsbət olmasını təmin etməlidir. İddiaçının elektron qaimə almaması və iddia tələbi üzrə müddətin keçməsi haqqında tələbi əsassızdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2013-cü il tarixli abunə müqaviləsinin surətindən görünür ki, bu müqavilə "xxxx" MMC ilə Qaradağ Rayon Səhiyyə X1 Komitəsi arasında bağlanmışdır. Həmin müqavilənin 3-cü bəndinə əsasən, "xxxx" abunəçini nömrə ilə təmin edir, abunəçi müvafiq ödənişləri həyata keçirir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, hesab-faktura aldıqda abunəçi ödənişi hesab-fakturada göstərilən son ödəmə tarixindən əvvəl həyata keçirməyə borcludur. Həmin müqavilənin 5.12-ci bəndinə əsasən, göstərilən xidmətlərə görə hesab-faktura abunəçi tərəfindən müəyyən edilmiş ünvana, abunəçiyə və ya abunəçinin səlahiyyətli nümayəndəsinə təqdim edilir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Qaradağ Rayon Səhiyyə X1 Komitəsinə ünvanlanan xx.xx.2022-ci il tarixli pretenziya məktubundan görünür ki, hazırda Qaradağ Rayon Səhiyyə X1 Komitəsinin "xxxx" MMC-nə 4569,91 manat borcu qalmışdır. Müqavilə üzrə yaranmış borcun 10 (on) iş günü müddətində "xxxx"a ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan Qaradağ Rayon Səhiyyə X1 Komitəsinin "xxxx" MMC-nə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətin surətindən görünür ki, "xxxx" MMC tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə bağlı bildirilmişdir ki, həmin müqavilə Qaradağ Rayon Səhiyyə X1 Komitəsi ilə "xxxx" MMC arasında bağlanılsa da, "xxxx" MMC tərəfindən nömrələr təhvil verilməmiş, həmin nömrələr Qaradağ Rayon Səhiyyə X1 Komitəsinin istifadəsində olmamış, borcla bağlı Qaradağ Rayon Səhiyyə X1 Komitəsinə hər hansı elektron qaimə, bildiriş verilməmişdir. Qaradağ Rayon Səhiyyə X1 Komitəsi tərəfindən həmin borcun qəbul edilməsinə dair sənədlər, aktlar mövcud deyildir və həmçinin Qaradağ Rayon Səhiyyə X1 Komitəsinin istifadəsində olmadığından həmin nömrələrə dair hər hansı ödəniş həyata keçirilməmişdir. Pretenziyada göstərilən borc məbləğini Qaradağ Rayon Səhiyyə X1 Komitəsi qətiyyən qəbul etmir və hesab edir ki, məsələ qarşılıqlı şəkildə araşdırılmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 8İ-836 saylı icra qeydindən görünür ki, Qaradağ Rayon Səhiyyə X1 Komitəsindən 4569,91 manat borc pul vəsaiti və 25 manat dövlət rüsumu olmaqla, cəmi 4594,91 manat pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin Qaradağ Rayon Səhiyyə X1 Komitəsinə ünvanladığı tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, icra qeydi əsasında xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış və tələbin 10 gün müddətində könüllü icra olunması xahiş olunmuşdur. İş materiallarında olan Səhiyyə X1 Qaradağ Rayon Şurası tərəfindən təsdiq edilmiş ştat cədvəlinin surətindən və qüvvədə olan əmək müqavilələri barədə çıxarışdan görünür ki, Səhiyyə X1 Qaradağ Rayon Şurasında cəmi 2 (iki) ştat sayı (sədr, baş mühasib) mövcuddur. İş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə Qaradağ Rayon Səhiyyə X1 Komitəsi arasında imzalanmış xx.xx.2013-cü il tarixli abunə müqaviləsinə əsasən, cavabdehə təqdim edilmiş təqribən 400 ədəd nömrə əsasında ona açıq rabitə xidməti ayrılmış və rabitə xidməti göstərilmişdir. Hal-hazırda abunəçinin 4569,91 manat ödənilməmiş borcu vardır. İş materiallarında olan vergi ödəyiciləri barədə çıxarışlardan görünür ki, "xxxx" MMC və "xxxx" MMC adları, VÖEN nömrələri, hüquqi ünvanları fərqli olan ayrı hüquqi şəxslərdir. Beləliklə, məhkəmə iclasında izahatlara və mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, iddiaçı təşkilat ilə "xxxx" MMC arasında xx.xx.2013-cü il tarixli abunə müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə "xxxx" MMC iddiaçı təşkilatdan 4569,91 manat borcun ödənilməsini tələb etmiş, iddiaçı təşkilat isə xx.xx.2023-cü il tarixli cavab məktubunda müqavilə üzrə hər hansı nömrənin ona təhvil verilmədiyini, hər hansı elektron qaimə, bildirişin təqdim edilmədiyini qeyd edərək məsələnin qarşılıqlı şəkildə araşdırılmasını tələb etmişdir. Daha sonra "xxxx" MMC-nin müraciətinə əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, Qaradağ Rayon Səhiyyə X1 Komitəsindən 4569,91 manat borc pul vəsaiti və 25 manat dövlət rüsumu, cəmi 4594,91 manat pul tutularaq müqavilə tərəflərinə heç bir aidiyyəti olmayan "xxxx" MMC-yə ödənilməlidir. Hazırda iddiaçı həmin icra qeydinin ləğv edilməsini tələb etməkdədir. Məhkəmə, mülki iş üzrə sübutlara əsasən müəyyən edir ki, icra qeydi qanunvericiliyin tələblərinə uyğun olmadığından, o cümlədən tələbkar qismində başqa hüquqi şəxs qeyd olunduğundan, həmçinin təqdim olunan sənədlərdən borcun mübahisəsiz olduğu təsdiq edilmədiyindən (müqavilə üzrə hər hansı nömrənin təhvil verildiyi, müqavilənin 5.2, 5.12-ci bəndlərində nəzərdə tutulan şəkildə hesab-fakturanın təqdim edildiyi, cəmi iki ştat vahidi olan təşkilata təqribən 400 nömrə üzrə borcun hansı qaydada hesablandığı, borcun hansı dövrdə yarandığı və 2013-cü ildə bağlanmış müqavilə üzrə iddia müddəti ilə bağlı araşdırmanın aparılıb-aparılmadığı barədə heç bir mötəbər sübut təqdim edilmədiyindən), iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Həmin Qanunun 77.2)-ci maddəsinə əsasən, icra qeydləri tələbkarın adı və ünvanı barədə məlumatları özündə əks etdirməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən, notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Qərarın 162-ci bəndinə əsasən, əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə, icra qeydi aparılır. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri 45 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 03 fevral 2023-cü il tarixli, 8İ-836 saylı icra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar