Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1436/2023 13.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, ərizəçi Hüseynova (Ağacanova) Sevil Almaz qızının maraqlı şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qətnamənin icrasında dönüşə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: Ərizəçi Hüseynova (Ağacanova) Sevil Almaz qızı maraqlı şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qətnamənin icrasında dönüşə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi Hüseynova (Ağacanova) Sevil Almaz qızının ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə ərizəni və ona əlavə edilən sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, ərizənin forma və məzmunu ilə bağlı tələblərə əməl edilməmiş, ərizədə maraqlı şəxsin ünvanı göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericiliyə əsasən ərizəçi icrada dönüş barədə ayrıca icraatda (xüsusi icraatda və ya iddia icraatında) deyil, həmin iş materialı ilə bağlı olaraq ərizə ilə aidiyyəti üzrə məhkəməyə (icra edilmiş qətnaməni ləğv edən məhkəməyə) müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 236-1.1-ci maddəsinə əsasən, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Həmin Məcəllənin 263-1.2-ci maddəsinə əsasən, məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 11.3-cü bəndinə əsasən, icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə çıxarıldıqda bu qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası MPMnin 236-1-ci maddəsinə müvafiq olaraq icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİM: Ərizəçi Hüseynova (Ağacanova) Sevil Almaz qızının maraqlı şəxs DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qətnamənin icrasında dönüşə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi Hüseynova (Ağacanova) Sevil Almaz qızına izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-1436/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1436/2023
13.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver