Məhkəmə qərarları › İş №e-2(002)-1438/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1438/2023

27.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1438/2023 27.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X1 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-in Cavabdeh qarşı əsassız varlanma tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Hesab və Ödəniş Kartına dair Müqavilə”yə əsasən: 1. Bank müştəriyə bank hesabını açmağı, Azərbaycan Respublikasının hüquqi aktlarında və bu Müqavilədə nəzərdə tutulan şərtlər və məhdudiyyətlə nəzərə alınmaqla açlmış hesaba daxil oan pul vəsaitini qəbul edib mədaxil etməyi, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, müştri isə ona göstərilmiş bank xidmətlərinin haqqını Bankın qüvvədə olan tarif sərəcələrinə əsasən ödəməyi öhdəsinə götürür. 2. Bank emissiya etdiyi Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikası hüdudlarından kənarda istifadə edilə bilən ödəniş kartını müştərinin istifadəsinə verməyi öhdəsinə götürür, müştəri isə müvafiq komisyon haqları, ona göstərilmiş bank əmanətlərinin haqqını bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən Banka ödəməyi öhdəsinə götürür.

2. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “X4 kartına dair Müqavilə”yə əsasən, mil/millər – aviabiletlərin alışı ilə əlaqədar ödənilmiş pul vəsaitini əvəzləşdirməyə imkan verən və müştəri tərəfindən aparılmış nağdsız əməliyyatlar zamanı Bonus-Miles hesabına toplanış bonus xallarıdır. Bonus-Miles hesabı - Əsas hesabla yanaşı Müştəriyə açılmış elə hesabdır ki, müştərinin nağdsız apardığı əməliyyatlar nəticəsində topladığı millər bu hesaba köçürülür.

3. Cavabdeh məxsus xx.xx.2020-xx.xx.2021-cü il dövrünü əhatə edən X6 Ödəniş kartı üzrə çıxarış məlumatlarından görünür ki, dövr üzrə -160,337.29 məxaric, 160,391.05 mədaxil olunub; xx.xx.2021-xx.xx.2023-cü il dövrünü əhatə edən X6 Ödəniş kartı üzrə çıxarış məlumatlarından görünür ki, dövr üzrə -6047.83 məxaric, 5707.23 mədaxil olunub.

4. Cavabdeh məxsus X6 kartı üzrə çıxarış məlumatlarından aydın olur ki, 05 iyun 2021ci il tarixdə müştərinin 61115.244 mil balansı, 184250 kimi qeyd edilmiş, həmin tarixdə müştəri tərəfindən aviabilet alışına sərf edilmiş vəsaitin mil balansı hesabına əvəzləşməsi baş vermiş, 28 oktyabr 2021-ci il tarixdə mil balansından 123134.756 mil silinmə həyata keçirilmişdir.

İddia tələbi

5. İddiaçı ASC Cavabdeh qarşı əsassız varlanma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1783.18 (bir min yeddi yüz səksən üç manat on səkkiz qəpik) manat, həmin vəsaitin məbləğindən bank uçot dərəcəsi üzrə hesablanmış 91 (doxsan bir) manat faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi olaraq 38,23 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “İddiaçı” və ya “Bank”) ilə Cavabdeh (bundan sonra – “Cavabdeh”) arasında xx.xx.2020-ci il tarixli X4 kartına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank emissiya etdiyi AR ərazisində və AR hüdudlarından kənarda istifadə edilə bilən ödəniş kartını müştərinin istifadəsinə verməyi öhdəsinə götürür. Həmin müqavilənin 3-cü bəndinə əsasən hesab ilə aparılan əməliyyatın növündən asılı olaraq Bankın daxili qayda, şərt, prosedur və digər sənədlərində qeyd edilənlərə əsasən müştəri tərəfindən aparılan əməliyyata cədvəl 1-ə uyğun olaraq millər hesablanaraq (1AZN=1 mil) Bank tərəfindən müştərinin bonus-miles hesabına millər kimi köçürülə bilər. Bu, Bankın hüququdur və bu hissədə nəzərdə tutulan şərtləri Bank birtərəfli qaydada dəyişə bilər. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən 65 mil 1 manata bərabət tutulur. X2 mobil tətbiqinin istifadəçiləri POS terminal, İnternet və Birbank vasitəsilə ödənişlər edərkən onlara “Ürəklər” qismində bonuslar qazanırdılar və bunun üçün ayrıca “ürəklər” balansının hesablandığı hesab mövcuddur. xx.xx.2021-ci il tarixində Cavabdehin mil hesabının balansı 61115.24 mil təşkil etmişdir. Həmin tarixdə Bank tərəfindən müştəriyə 5000 ürək hədiyyə kimi təqdim edilmiş və ürəklər balansı 184250 ürək təşkil etmişdir. Bu zaman sistemdə baş vermiş texniki çətinlik səbəbilə Cavabdehin ürəklər balansının qalığı (184250) onun mil balansının qalığı kimi də formalaşmış və mil balansı 61115.24 mil olmaq əvəzinə 184250 mil kimi, yəni 123134.76 milartıq olmaqla sistemə düşmüşdür (çıxarışlar əlavə edilir). Cavabdeh qeyd olunan millərdən istifadə edərək aviabiletlər almışdır. Qeyd olunan texniki səhvliklə bağlı Bank xx.xx.2021-ci il tarixdə məlumatlı olmuş və Cavabdehin mil balansından əsassız varlanmış 123134.76 mil silinmişdir. Həmin tarixdə Cavabdehin mil balansı 5340.68 mil təşkiletdiyindən silinmədən sonra mil balansı -117794.08 mil təşkiletmişdir. Daha sonra Cavabdeh tərəfindən həmin kart vasitəsilə aparılmış əməliyyatlar üzrə hesablanan millər Cavabdehin borcu üzrə silinmişdir. Hazırda Cavabdehin mil balansı üzrə Banka borcu 115907.18 mil, yəni 1783.18 manat (65 mil=1 AZN). Cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır Bütün bunları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 1091.2, 1096.1, 1096.2, 1097.1, 449.1, 449.2, 449.4-cü maddələrinə istinad etmişdir.

8. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçının nümayəndəsi X3 məhkəmə iclaslarında izahat və sədrlik edənin suallarına cavab verərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli X4 kartına dair müqavilə bağlanmışdır. Müqaviləyə əsasən tərəfə ödəniş kartı təqdim olunub, istifadə olunmuş vəsaitlərə görə hər bir manata bir mil hesablanmaqla mil-bonus hesabında məbləğlər toplanıb. Daha sonra müqavilənin şərtlərinə əsasən toplanmış 65 mil bir 1 manata bərabər olmaqla aviabilet alışında həmin millərdən istifadə etmək imkanı müştəriyə yaradılmışdır. Müştərinin kartdan istifadə etdiyi əməliyyatlara görə həm də ürəklər bonusu toplanırdı. Lakin xx.xx.2021-ci il tarixdə cavabdehin kartında 61.115, ürək balansı 184.250 təşkil etdiyi halda texniki səhv nəticəsində mil balansı 184.250 kimi görünmüşdür. Bununla bağlı mil balansı barədə çıxarış təqdim edilir, oradan görünür ki, xx.xx.2021-ci il tarixdə 61.115 olduğu halda, növbəti əməliyyatda mil balansı 184.250 görünmüşdür. Halbuki cavabdeh 185000 mil bonus əldə edəcək qədər alış-veriş etməyib, hesabdan çıxarışdan da görünür ki həmin tarixə cəmi 1300 manatlıq alış-veriş edilib. Daha sonra müştəri həmin milləri aviabilet alışında istifadə olunmuş vəsaitin əvəzi kimi mil kartının balansından silməklə sərf etmişdir. Sözügedən çıxarışda sağ sütunda kredit hesaba gələn yəni toplanan bonuslar, debet isə çıxan bonuslardır. Mil balansından birbaşa bilet almaq olmur, belə ki, millərin təyinatı sırf aviabilet alınması üçündür. Cavabdeh əvvəl ödəniş kartındakı vəsait hesbaına bilet alınır, sonra mil balansında yığılan bonusları ödəniş kartına ödədiyi biletə sərf edilən pulun yerinə keçirir. Yəni müştərinin ödəniş kartında alış-veriş etdiyi hər əməliyyata uyğun mil kartına bonus yığılır, daha sonra müştərinin ödəniş kartından vəsait sərf etməklə aldığı biletin pulunu miles kartına yığılan bonuslar hesabına həmin karta qaytarır. Qeyd edilən tarixdə ürək bonusu mil bonusu ilə qarışıq düşüb mil bonusu artıq yazıldıqdan sonra cavabdeh mütəmadi həmin balansdan aviabiletlər almağa başlamışdır. Mil balansının ən sonuncu rəqəmi cavabdehin hazırkı qalıq borcudur. Hazırkı cavabdehə 115.000 mil balansı borcu hesablanmışdır ki, onun pul ekvivalentini 1783 manat təşkil edir. Təxminən 123.134 mil balansı artıq hesablanıb (61115 və 184250 mil balansının fərqi). Yəni texniki səhv edərək cavabdehin mil kart hesabına 123000 mil köçürüblər, cavabdeh də həmin mil hesabından istifadə edib, tez-tez aviabiletlər alıb. Mil və ürək bonuslarının məqsədi isə stimullaşdırma xarakterlidir, bank 100 manatlıq əməliyyatda stimul üçün bir manatı müştəriyə geri qaytarır. Müştərinin hər alış-verişdə xərclədiyi məbləğin müəyyən faizindən mil və ürək balansına məbləğ yığıldığı üçün banka mil balansına artıq hesablanan vəsaitin qaytarılması zəruridir. Cavabdehin sonuncu dəfə aviabilet alışı xx.xx.2021-ci il tarixdə baş vermişdir. Cavabdehin mil balansına artıq məbləğin səhvən yüklənməsi xx.xx.2021-ci il tarixdə bank tərəfindən müəyyən edilmiş və həmin tarixdə artıq yüklənmiş mil balansından həmin əkavə millər (123000) silinmiş, cavabdehin mil hesabı mənfiyə düşmüşdür. Müştərinin sonrakı kreditləri mənfiyə hesablanan mil bonusunun üstünə gələrək -184.000 mil bonus borcu -115.000-ə çatıdırılmışdır. Bank həmin tarixdən sonra iddia verməyərək müştəri tərəfindən mənfiyə hesablanmış mil qalıqlarının doldurulacağına ümid etmiş, lakin müştəri tərəfindən ödəniş kartı artıq istifadə edilmədiyi üçün hazırkı iddia qaldırılmışdır. Cavabdehin ödəniş kartının müddəti başa çatdığı üçün uzadılmışdır. Faiz tələbi ilə bağlı nümayəndəsi qeyd etdi ki, iddia verilərkən qüvvədə olan Mərkəzi Bankın xx.xx.2023cü il tarixli qərarı ilə uçot dərəcəsinə uyğun, ümumi borc olan 1783.18 manatın 8.75 faizini taparaq 12 aya bölərək borc üzrə ən son ödəniş tarixindən (xx.xx.2022-ci il) iddia verilən tarixədək keçənaylar üzrə faiz borcu, 91 manat hesablanmışdır. Göstərilənlərə əsasən, bankın nümayəndəsi millərə görə artıq yüklənmiş vəsaitin və Mülki Məcəllənin 449-cu maddəsinə əsasən hesablanmış faizlərin tutulması barədə qətnamə çıxarılmasını xahiş edir.

9. İddiaçı ASC tərəfindən məhkəməyə elektron ərizə ünvanlanaraq məhkəmə baxış iclasının bankın nümayəndəsinin iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

10. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında iştirak edərək izahatında bildirmişdir ki, cavabdeh onun həyat yoldaşıdır, kartdan istifadə edən isə qızı olmuşdur. Bankın iddia etdiyi kimi 123000 mil balansının artıq hesablanması barədə onlarla bank arasında hər hansı yazılı müqavilə bağlanmamış, onlar bankdan belə bir vəsait və ya bonus istəməmişdirlər. Ödəniş kartı və mil kartı vasitəsilə aviabiletlərin cavabdeh tərəfindən alınmasını etiraf edir, lakin düşünür ki, bankdan belə bir vəsait tələb etmədiklərindən onlar bu xərcə görə məsuliyyət daşıya bilməzlər. Belə olan halda öhdəliyin icrasının cavabdeh tərəfindən pozulması müəyyən edilə bilməz. Bankın hər hansı işçisi tərəfindən artıq məbləğin karta yüklənməsi, texniki səhvin baş verməsinə görə cavabdeh təqsirli hesab edilməməlidir. Düşünür ki, belə bir səhv baş vermişdirsə bankın müvafiq işçisi məsuliyyət daşımalı idi. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir.

Məhkəmənin mövqeyi: İddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

12. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

13. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

14. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

15. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

18. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

19. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

20. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

22. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

23. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Əsaslandırma

26. İddia qismən əsaslıdır.

27. İşin halları bundan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh İddiaçı ASC-yə məxsus “X7” kartı istifadəçisidir. İddiaçı bankın texniki səhvinə görə cavabdehin mil kartına yüklənmiş artıq millərin, yəni banka aid vəsaitin cavabdeh tərəfindən əsassız mənimsənildiyini qeyd edərək həmin məbləğin və ona hesablanmış faizin geri qaytarılmasını tələb edir.

28. Məhkəmə ilkin olaraq sübutetmə yükünə qiymət verərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə məhkəmə həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırkı halda sübutetmə yükü iddiaçınn üzərinə düşür.

29. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

31. İddiaçı tələbin əsaslılığını sübut etmək üçün BirCard Miles hesabından çıxarış məlumatları, ödəniş kartı üzrə çıxarış məlumatlarını (xx.xx.2020-xx.xx.2021-ci il və xx.xx.2021-xx.xx.2023-cü il dövrünü əhatə edən) və ürək balansına dair çıxarış məlumatlarını təqdim etmişdir.

32. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli “X4 Kartına dair Müqavilə”nin şərtlərinə əsasən, hesab ilə aparılan əməliyyatın növündən asılı olaraq Bankın daxili qayda, şərt, prosedur və digər sənədlərində qeyd edilənlərə əsasən Müştəri tərəfindən aparılan əməliyyata Cədvəl 1-ə uyğun olaraq Millər hesablanaraq Bank tərəfindən müştərinin Bonus- Miles hesabına millər kimi köçürülə bilər. Bu Bankın hüququdur və bu hissədə nəzərdə tutulan şərtləri Bank birtərəfli qaydada dəyişə bilər; Cədvəl 1-ə əsasən, ölkədaxili nağdsız ödənişlər üzrə 1 AZN məbləğinə mütənasib hesablanan mil məbləği 1 Mil təşkil edir. Müqavilənin 3.1-ci bəndinə əsasən, toplanmış millər Birkart Miles kartı vasitəsilə nağdsız qaydada aparılmış aviabilet alışı əməliyyatlarının məbləği ilə əvəzləşdirilə bilər. Bunun üçün Müştəri Bankın proqram təminatı olan “Bir Bank” mobil tətbiqinə daxil olaraq son 30 gün ərzində Birkart Miles kartı ilə alınmış aviabilet alışı əməliyyatına daxil olub onun dəyərini Bonus-Miles hesabındakı Millərlə o halda əvəzləşdirə bilər ki, Müştərinin Bonus-Miles hesabında toplanmış Millər aparılmış aviabilet alışı əməliyyatının dəyərini tam ödəsin. Əməliyyat uğurla həyata keçirildikdə, müştərinin Bonus-Miles hesabından Millər silinir və həmin tarixdə Bankdaxili şərtlərlə müəyyən olunmuş Mil məzənnəsinə (ekvivalentinə) uyğun əvəzləşdirilməklə dərhal Müştərinin hesabına mədaxil olur. 3.3. Millər hesab ilə aparılan əməliyyatlar baş tutduğu an hesablanır (əməliyyat üzrə təsdiqedici SMS-də hesablanmış Millər barədə məlumat ötürülür). Əməliyyata görə silinmiş məbləğin geri qayıtması halında həmin əməliyyata görə hesablanmış və Bonus-Miles hesabına köçürülmüş Millər silinməlidir. Bu halda müştərinin Bonus-Miles hesabında mil olmadığı halda həmin hesabda mənfi bonus qalığı yaranaraq borca çevrilir və müştərinin apardığı əməliyyatlar nəticəsində yaranmış millər ilə əvəzləşdirilir. Əməliyyatlar aparılmadığı təqdirdə, mil borcu 65 Mil – 1 AZN məzənnəsi ilə müştəri tərəfindən banka ödənilməlidir.

33. Cavabdeh məxsus BirCard Miles hesabından çıxarış məlumatlarından görünür ki, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən ödəniş kartından 1300 manat məbləğində nağdsız qaydada əməliyyat aparılmış, həmin tarixə qədər toplanmış mil məbləği 61115.244 (xx.xx.2021-ci il tarixə) mil təşkil etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin yuxarıda qeyd edilən şərtlərinə əsasən 1300 manat əməliyyata görə 05 iyun 2021-ci il tarixə cavabdehin mil hesabı 62415,244 mil təşkil etməli olduğu halda, 184550 mil təşkil etmişdir. Hesabdan çıxarışda 05 iyun 2021-ci il tarixi üzrə müvafiq qrafaya nəzər yetirdikdə 61115.244 milin səhvən 184250 mil kimi qeyd edilməsi aşkar olur. Göründüyü kimi, həmin tarixə texniki səhv nəticəsində iddiaçı Bank tərəfindən cavabdehin birkart miles hesabına 123134.756 mil (185550 – 62415,244) artıq yüklənmişdir.

34. Bundan sonra cavabdeh tərəfindən müxtəlif vaxtlarda aviabiletlər alınaraq, onların dəyəri birkart miles kartında toplanmış mil balansı hesabına əvəzləşdirilmiş, bank tərəfindən 28 oktyabr 2021-ci il tarixdə hesaba artıq mil yüklənməsi aşkar edilərək 123134.756 mil balansdan silinmiş və cavabdehin mil balansı kəsir hesabı ilə -117794.076 mil təşkil etmişdir. İşə əlavə edilmiş xx.xx.2021-xx.xx.2023-cü il dövrünü əhatə edən Ödəniş kartı üzrə çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən sözügedən kartdan xx.xx.2022-ci il tarixə qədər istifadə edilmişdir və birkart miles üzrə hesabdan çıxarış məlumatlarından aydın olur ki, həmin tarixədək həyata keçirilmiş nağdsız əməliyyatlar hesabına mənfi mil balansı azalaraq yekun borc 115907,296 mil, yəni 1783.18 manat təşkil etmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən, əvəzləşmə 65 Mil = 1 AZN hesabı ilə aparılır.

35. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli “X4 Kartına dair Müqavilə”nin 1.2-ci bəndinə əsasən, hesaba yanlış daxil olma olduqda, bu barədə 3 (üç) iş günü ərzində Banka məlumat verilməli və həmin məbləği Banka geri qaytarılmalıdır. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməmək, dərhal Banka geri qaytarmaq müştərinin vəzifəsidir.

36. Məhkəmə işin yuxarıda qeyd edilən faktiki hallarının tələbin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğunu qiymətləndirərək hesab edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlanma halı baş verdiyindən iddiaçı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən məhrum olduqlarının qaytarılmasını tələb etmək hüququna malikdir.

37. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanma üçün şərtlər ondan ibarətdir ki, 1) borclu əmlak əldə etsin 2) həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin 3) bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın.

38. Cavabdehin 1783.18 manat əldə etməsi yuxarıda qeyd edildiyi kimi sübuta yetirilmişdir. Əldə edilən pul vəsaiti əmlak xarakterlidir və həmin əmlak iddiaçının hesabına əldə edilmişdir. Cavabdeh həmin millərin artıq yükləndiyini bilmiş, lakin bu barədə banka məlumat vermədən aviabilet alışını həyata keçirərək mil balansı hesabına həmin əməliyyatı əvəzləşdirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında karta səhvən yüklənmiş mil hesabından istifadə edərək aviabilet aldıqlarını bildirmişdir. Nəticədə, cavabdehin varlanması iddiaçının hesabına baş verdiyi üçün Mülki Məcəllənin 1092.1-ci maddəsindən irəli gələn tələbin şərtləri mövcuddur, odur ki, cavabdeh tərəfindən həmin məbləğin qaytarılması barədə iddiaçının tələbi əsaslıdır.

39. Məhkəmə iddia tələbinin “əsassız varlanma nəticəsində tələb edilən məbləğdən bank uçot dərəcəsi üzrə hesablanmış 91 manat faizin tutulması” ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank faizinin uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. ... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur.

41. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının məzmunundan aydın olur ki, faizlərin ödənilməsi yalnız “faydalanma”, yəni, gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəldiyi hallarda tətbiq olunmalıdır.

43. İddiaçı cavabdehin hər hansı maddi xeyir əldə etməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yəni, öz tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi faizlərin tutuması hissəsində təmin edilə bilməz.

Məhkəmə xərcləri

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 38.23 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia qismən təmin edildiyindən və iddiaçının rüsumla bağlı tələbi olduğu üçün hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 38.23 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olan 37.83 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə iddiaçıya aid edilməlidir.

Nəticə

46. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh borclu olduğu 1783.18 manat məbləğində əsas borc pul vəsaiti və 37.83 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-i xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

47. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 1783.18 manat məbləğində pul vəsaiti və 37.83 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-in xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar