Məhkəmə qərarları › İş №e-2(002)-1516/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №e-2(002)-1516/2025

18.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(002)-1516/2025 18.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Ədliyyə Nazirliyinin Qaradağ rayon icra şöbəsinə qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Ədliyyə Nazirliyinin Qaradağ rayon icra şöbəsinə qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, 207628/21-2 nömrəli bildirişin qanunsuz hesab edilməsi və İddiaçı adına hesablanmış aliment borcunun silinməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Hazırda iddiaçı (borclu) məhz icra məmurunun keçən dövr üzrə hesabladığı aliment borcunu mübahisələndirərək, bununla bağlı icra məmurunun hərəkətinin qanuni olmadığını, tələbkarın ərizəsinə əsasən icra sənədinin məhkəməyə qaytarılmasını, çünki həmin dövrdə barışaraq bir ailə kimi birlikdə yaşamalarını, ailənin və uşaqlarının ehtiyaclarını qarşılamasını, buna tələbkarın hər hansı etirazının olmamasını, həmin müddət ərzində icra məmuruna müraciət etməməsini və s. göstərərək icra məmuru tərəfindən icra sənədi üzrə hesablanmış aliment borcunun silinməsi xahiş etmişdir. Ailə Məcəlləsinin 106.3-cü maddəsinin tələbinə görə, borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 106.5-ci maddəsinə əsasən, icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında hər kəsin hüquq və qanuni maraqlarının qorunmasında məhkəmə aidiyyətinin dəqiq müəyyən edilməsinin əhəmiyyətini vurğulamaqla yanaşı, bu qaydalara uyğun olaraq qəbul edilən qərarların icrasının ümumilikdə məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmasını da xüsusilə qeyd etmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir İddiaçının hazırki tələbi də məhz qanuni qüvvədə olan məhkəmə aktının icrası sahəsində qətnamə ilə müəyyən olunmuş aliment borcunun icra məmuru tərəfindən düzgün müəyyən olunmaması və s. bu kimi hallarla bağlıdır. Həmin məsələ isə yeni iddia vermək yolu ilə deyil, yalnız icra qaydasında («İcra haqqında» Qanunun və MPM-nin 231 və əlaqəli digər maddələrinin tələbləri çərçivəsində) həll oluna bilər. Qeyd edilən icraatlar isə fərqli olmaqla, özlərində, həmçinin müvafiq icraat qaydasını («Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» Təlimata uyğun olaraq müxtəlif indeksləri) ehtiva edirlər. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Qeyd edilən normalardan da göründüyü kimi, məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilməklə, sonra müvafiq qərarla yekunlaşır. Eyni zamanda icra məmuru icra sənədi üzrə qalıq borc məbləğini müəyyən etməklə, icranın qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi istiqamətində hərəkətlər edir. Tərəflər isə icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) qanunla müəyyən olunmuş formada və qaydada şikayət vermək hüququna malikdirlər. Bununla yanaşı, yuxarıda qeyd edilən normada göstərildiyi kimi icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət eyni zamanda məhkəmə tərəfindən də öz səlahiyyətləri daxilində həyata keçirilir. Lakin, belə nəzarət yeni iddia vermək yolu ilə deyil, MPM-in 230,231, 232 və digər normaları, həmçinin “İcra haqqında” Qanunun tələbləri çərçivəsində həyata keçirilir. Sonda məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, bu kimi mübahisələrin icra qaydasında həll olunması, bir tərəfdən qanuni qüvvədə olan məhkəmə qərarının preyudisiallığı, yəni məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsi olmaqla, eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq və mənafelərinin qısa müddətdə tam və hərtərəfli həllinə yönəlmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası, özündə mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, ona mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı qaydasında) qaydasında baxılmalı olmasını ehtiva edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qərarının icrası zamanı yaranan müvafiq mübahisəli məsələni yeni iddia vermək yolu ilə həll etməkdə haqlı deyildir. İddiaçıya izah edilir ki, iddia ərizəsində göstərilən mübahisəli məsələ yalnız qanunvericiliyin tələblərinə uyğun icra qaydasında həll oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Ədliyyə Nazirliyinin Qaradağ rayon icra şöbəsinə qarşı aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi,ona əlavə olunmuş sənədlər və ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsində göstərilən mübahisəli məsələ yalnız qanunvericiliyin tələblərinə uyğun icra qaydasında həll oluna bilər. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar