Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1601/2024 30.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkətin Azərbaycan Respublikasındakı Filialına qarşı “dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkətin Azərbaycan Respublikasındakı Filialına qarşı “dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı”-ndan dəymiş maddi ziyana görə 300 000 (üç yüz min) manat və mənəvi ziyana görə 50 000 (əlli min) manat, cəmi 350 000 (üç yüz əlli min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun övladı X5 cavabdeh təşkilatda əmək müqaviləsi əsasında işləmişdir. X1 rayonu Yeni Qızılca kəndində yerləşən “Mal bazarı” adlanan ərazidə daş-çınqıl tullantılarının daşınması ilə əlaqədar idarə etdiyi “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nı məxsus olan “Ford Karqo” markalı, **-JT- *** dövlət qeydiyyat nişanlı yük avtomaşının sürücüsü işlədiyi dövrdə, yəni 16 iyul 2019-cu il tarixdə saat 17 radələrində üzərinə qoyulmuş “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”-nin Azərbaycan Respublikasındakı filialının “Nəqliyyat vasitəsi sürücüsünün təhlükəsizli üzrə təlimatı”-nın 4.1.10-cu bəndinin və “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 17.29-cu bəndinin tələblərinə əməl etməyərək, yəni avtomobili idarə etməzdən qabaq onun arxasına, altına və digər hissələrinə baxıb nəzarət etdikdən, həmçinin, avtomaşını arxaya verməzdən əvvəl yaxınlıqda insan və ya digər maneələrin olmadığına tam əmin olduqdan sonra avtomobili hərəkətə gətirməli olduğu halda bunlara riayət etməyib, daş-çınqıl karxanasında yükləmə işi aparıldığı vaxt avtomobili hərəkət etdirərkən arxa tərəfdə dayanmış, “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”ndə fəhlə işləyən Şirinov Taryel Əhliman oğlunun vurub üzərindən keçərək, beyinin alın-təpə paylarının əzilməsi, beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, kəllə qapağı, kəllə-əsası sümüklərin qəlpəli sınması, hər iki almacıq, burun sümüklərinin və qığırdaqlarının sınıqları, başın yumşaq toxumalarına alın-təpə-gicgah nahiyyələrində qansızma, alın nahiyyəsinin yarası, döş qəfəsinin sol tərəfində İ-İV qabırğaların orta körpücük xətti üzrə, döş qəfəsinin sağ tərəində İ-İX qabırğaların iki anatomik xətti üzrə sınması, plevranın zədələnməsi, hər ikiağ ciyərlərin cırılması, sağ ayaq daraq sümüklərinin sınması, sol körpücük sümüyünün orta 1/3 hissədə sınması, sınıq ətrafı yumşaq toxumalara qansızmanın olması ilə müşaiyət edilən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməsi nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Göygöl rayon Məhkəməsinin 1(066)- 04/2020 saylı, 18 avqust 2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Dəfələrlə cavabdeh təşkilata dəymiş ziyanla bağlı müraciət edilsə də onlar buna məhəl qoymamışdılar. Nəzəriə çatdırır ki, mərhum Tariyel Əhliman oğlu ailənin yeganə övladı olmuş və ailəsinə maddi dəstək olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1601/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Cavabdeh "Özgün Yapı Sanayi Ve Ticaret Anonim Şirkətin Azərbaycan Respublikasındakı Filialı iddia ərizəsinə etiraz ərizəsi göndərərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239.5-ci maddəsinə əsasən baş vermiş bədbəxt hadisə nəticəsində nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericilikdə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.Şirinov Taryel Əhliman oğlu “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında işlədiyi müddətdə icbari sığorta olunmuşdur. Buna görə Taryel Əhlimaıı oğlunun ölümünə görə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən onun İddiaçı Hümmət oğluna maddi ziyan ödənilmişdir. Bundan başqa Şirkət tərəfindən Şirinov Taryel Əhliman oğlunun atası İddiaçı Hümmət oğluna xx.xx.2019-cu il tarixdə 4300 manat, xx.xx.2019-cu il tarixdə 1500 xx.xx.2019-cu il tarixdə 8000 manat, cəmi 13800 (on üç min səkkiz yüz) manat pul ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək iclasın onların iştirakı olmadan keçirilib, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili əvvəlki məhkəmə iclaslarında izahatında qeyd etmişdir ki, iddianı müdafiə edir, ildən-ilə xərclər də, əmək haqqı da artır. İddiaçının oğlu nişanlı idi, evli deyildi. İddiaçı Kəlbəcər rayonundan məcburi köçkün kimi Tərtər rayonunda yaşayır. İddiaçının oğlu 5 il əvvəl vəfat etməzdən əvvəl 500 manat əməkhaqqı alırdı, əgər yaşasaydı indi əmək haqqı məbləği də artacaqdı. Oğlunun ölümündən sonra iddiaçı ürək xəstəliyi tapıb, əməliyyat olundu. Müalicəsinə çox xərc lazımdır. Mənəvi ziyan iddiaçının mənəvi iztirabına əsasən qoyulub. Hadisə iddiaçının oğlunun toyuna 15 gün qalmış baş vermişdi. Oğlunun ölümü iddiaçıya kifayət qədər iztirab yaşadır, şəxsin 1 övladı olub, onun ölümünə görə iddiaçının iztirablarına 50000 manat da bəs etmir. Sadəcə 50000 manatı ağlabatan məbləğ kimi qeyd etmişdilər. Qurbana qarşı iddia qalmamışdılar. Cavabdeh özü reqress qaydasında iddia qaldıra bilər. Hüquqi şəxsin əməkdaşının vurduğu zərərə görə həmin hüquqi şəxs məsuliyyət daşıdığı üçün iddianı cavabdehə qarşı qaldırmışdılar. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında qeyd etmişdir ki, iddia tələbi təmin olunmalıdır. Maddi və mənəvi ziyanın ödənilməsini istəyir çünki, o da, yoldaşı da işləmir. Evin 1 işləyəni oğlu idi, o da toyuna 5 gün qalmış vəfat etdi. 300000 manat ölənə kimi ona bəs edəcək. Oğlu ayda 500 manat maaş alırdı. Oğlu yaşasaydı o şirkət olmasa da başqa şirkətdə işləyib əmək haqqı alacaqdı. Hadisə zamanı oğlunun təhlükəsizliyi müəssisə tərəfindən olunmadı deyə elə oldu. Sahə rəisi siqnalizasiyası xarab olan maşınla oğlunu karyerə relsə çıxarıb. Oğlunun karyerə kordinator getmək vəzifəsi yox idi. Sığortadan 15000 manat almışlar. Cavabdehin verdiyi 13800 manatı qardaşı götürmüş sonra ona verilmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirdi ki, hadisə 4 il əvvəl olub. O zaman iddiaçıya kömək edilmiş və indi yenə də pul istəyir.Şirkət tərəfindən 13800 manat məbləğində mənəvi zərəri iddiaçı tərəfə ödənilmişdir. 8 iyul 2019cu ildə 4300 manat, xx.xx.2019-cu ildə 1500 manat və 24 avqust 2019-cu ildə 8000 manat olmaqla ödənilmişdir. Pulu iddiaçının qardaşına ödənilmişdir. Müəssisə pulu mənəvi ziyan kimi ödəyib, maddi ziyanı onsuz da sığorta 15045 manat ödəyib . Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə heç bir məlumat verməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsQala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Araz Alakhverdiev xx.xx.2024-cü il tarixli məhkəmə iclasında izahatında qeyd etdi ki, hadisə 2019-cu ildə olub. Hadisə nəticəsində 15000 manat sığorta ödənişi olunmuşdur. Onlar hadisə ilə bağlı sənədləri məhkəməyə göndərmişdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Göygöl rayon Məhkəməsinin 1(066)-04/2020 saylı, 18 avqust 2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC (sığortaçı) ilə “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı (sığortalı) arasında bağlanmış xx.xx.2013-ci il tarixli, QAL00010794 nömrəli “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”nə və ona 44 nömrəli xx.xx.2019-cu il tarixli Əlavəyə əsasən, Şirinov Taryel Əhliman oğlu sığorta olunmuşdur. İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixli X7 əsasən, Şirinov Taryel Əhliman oğlu ilə “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı arasında əsas iş yeri üzrə müddətli əmək müqaviləsi bağlanmış və elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan Qala Həyat” Sığorta Şirkəti ASC-nin (sığortaçı) məhkəməyə ünvanladığı məktubundan görünür ki, “Qala Həyat’’ Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə “Özgün Yapı Sanayi ve Ticaret Anonim” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında QAL-00010794 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və Şirinov Taryel Əhliman oğlu xx.xx.2013-ci ildən 6.07.2019-cu il tarixinədək sığorta təminatında olmuşdur. Qeyd edilən müqavilə üzrə Şirinov Taryel Əhliman oğlunun ailə üzvünə (vərəsəsinə) 15045,93 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan sığorta ödənişi barədə xx.xx.2019-cu il tarixli aktdan görünür ki, faydalanan şəxs "xxxx" Sığorta Şirkəti ASC-yə rəsmi qaydada (daxil olma tarixi. xx.xx.2019 il) müraciət edərək xx.xx.2019 il tarixdə sığorta olunanın istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etdiyini və hadisə barədə müvafiq qurumlara dərhal məlumat verildiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin əmri ilə təyin edilmiş komissiya bədbəxt hadisənin təhqiqatım aparmış və müvafiq təhqiqat aktını hazırlamışdır. İş üzrə təqdim edilmiş arayışa əsasən sığorta olunanla birlikdə aşağıdakı ailə üzvləri (ümumilikdə (iki) nəfər) yaşamışdır: Anası - X6, xx.xx.1960-ci il təvəllüdlü; Atası - İddiaçı, xx.xx.1961-ci il təvəllüdlü. Faydalanan şəxs qismində sığorta olunanın himayəsində olmuş 1(bir) şəxs (anası-K.Şirinova) “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanununun (bundan sonra “Qanun”) 5-ci maddəsinə (“Faydalanan şəxslər”) uyğun olduğundan faydalanan şəxs qismində tanınır. Sığorta ödənişi yuxarıdakı Qaydaya uyğun hesablanaraq aşağıdakı məbləğlərdə müəyyən edilir: Mərhumun X2, - 4 505,0400 manat * 10,0194/2 +1 = 15 045,93 manat.Sığorta ödənişinin ünuııui məbləği 15 045,93 (on beş min qırx beş manat, 93 qəpik) təşkil edir. Sığorta ödənişi sığorta olunanın anası K.Şirinovaya 15045,93 manat məbləğində onun təqdim oluna hesabına köçürmə yolu ilə ödənilir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X4 öz ifadəsində qeyd etdi ki, cavabdeh müəssisənin Şəmkir rayonunda İnsan Resursları üzrə mütəxəssisidir. İşçiləri onun özü işə götürür. Lakin əmək müqaviləsini direktor imzalayır. Hadisədən sonra müəssisənin adından 13800 manatı iddiaçınn qardaşına özü vermişdir.Həm Qurbanın, həm də ölən şəxsin əmək müqavilələri onların arxivindədir. Qurban və ölən şəxs Şəmkir rayonunda işləyiblər. Hadisə isə Göygöl rayonunda olmuşdur. Qurban yük maşınının sürücüsü olub. İddiaçının oğlu rəsmi qeydiyyatçı idi, çıxan maşınların nömrəsini qeyd edirdi. Maşınlar karyerə yığılırdı. Ölən şəxsin iş yerinin Göygöl rayonu, yoxsa Şəmkir rayonunda olmasının fərqi yox idi. İddiaçının oğlu işə harasa çıxanda sahə rəisinə məruzə edirdi. İş bölgüsünü sahə rəisi aparırdı. Sahə rəisi qeydiyyatı karyerdə aparırdı. Nəzarətçi karyerdən avtomobillər çıxarkən onu qeyd edirdi. Karyer mal bazarına bitişik idi. Onların işində ayrıca oturacaq yeri vardı, iddiaçın oğlu həmin yerdə otura bilərdi, lakin özü əraziyə çıxmış və hadisə baş vermişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçının oğlu Şirinov Taryel Əhliman oğlu ilə “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı arasında əsas iş yeri üzrə müddətli əmək müqaviləsi bağlanmış, həmin şirkətin başqa əməkdaşı olan X8 xx.xx.2019-cu il tarixdə Göygöl rayonunda şirkətə məxsus avtomobili idarəedərkən hadisə törətmiş və nəticədə Şirinov Taryel Əhliman oğlu vəfat etmişdir. Göygöl rayon Məhkəməsinin 1(066)-04/2020 saylı, 18 avqust 2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hadisə nəticəsində Qala Həyat” Sığorta Şirkəti ASC tərəfindən Şirinov Taryel Əhliman oğlunun ailə üzvünə (vərəsəsinə) 15045,93 manat sığorta ödənişi edilmişdir. Bundan başqa “Özgün Yapı Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı 13800 manat məbləğində mənəvi zərəri iddiaçı tərəfə ödəmişdir. Hər iki ödənişin ödənilməsini iddiaçı tərəf inka etməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı maddi hüquq normalarının tətbiqini zəruri bilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1118.1-ci maddəsinə əsasən, fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2-ci maddəsinə əsasən, itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Maddə 1119.2. Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Maddə 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. Maddə 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. Maddə 1122.2. Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiş pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 196.5-ci maddəsinə əsasən, işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Maddə 215. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; və s. Maddə 217. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Maddə 225.1. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. Maddə 238. İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Madddə 290.3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; 10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə. 48. Maddə 16.3. Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir:... 16.3.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən, aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Qərarının 1.3-cü bəndində göstərilmişdir ki, zərərin ödənilməsi üçün peşə xəstəliyini təsdiq edən TibbiSosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi ilə yanaşı, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarı (yəni, hər iki sənəd) olmalıdır. Həmin Qərarın 1.4-cü bəndinə əsasən təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290cı maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, işin mübahisəsiz hal ondan ibarətdir ki, İddiaçı övladı X3 16 iyul 2019-cu il tarixdə cavabdeh təşkilatın işçisi olan sürücü X8 tərəfindən idarə olunun “Ford Karqo” markalı, **-JT-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını vasitəsi ilə baş vermiş bədbəxt hadisə nəticəsində vəfat etməsi, bu hadisəyə görə zərərçəkmiş şəxslərin "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində maddi ziyana görə 15045,93 manat, mənəvi zərərə görə isə cavabdeh təşkilatdan müxtəlif zamanlarda cəmi 13800 manat məbləğində ödənişlərlə təmin edilməsidir. İşin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı hazırda cavabdeh təşkilata qarşı iddia ərizəsinə məhkəməyə müraciət edərək, cavabdehdən ölmüş şəxsin evin yeganə qazanc gətirəni olduğuna əsaslanaraq iddiaçıdan maddi və mənəvi ziyan tələb etmişdir.Cavabeh tərəf isə qeyd etdi ki, baş vermiş bədbəxt hadisəyə görə iddiaçı tərəfə maddi ziyana görə "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən, mnəvi zərər görə isə cavabdeh şirkət tərəfindən ödənişlər edilmişdir. Belə ki, işin faktiki hallarından, məhkəmə iclasındakı tərəflərin izahatlarından və şahid ifadələrindən görünür ki, iddiaçı tərəfə baş vermiş bədbəxt hadisə nəticəsində maddi ziyana və mənəvi zərərə görə müvafiq ödənişlər edilmişdir, bu səbəbdə məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Özgün Yapı Sanayi Ve Ticaret Anonim Şirkətin Azərbaycan Respublikasındakı Filialına qarşı “dəymiş maddi ziyanın və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə elektron qaydada (elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №e-2(002)-1601/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1601/2024
30.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver