Məhkəmə qərarları › İş №e-2(002)-1731/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1731/2022

01.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1731/2022 01.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehlə birgə nikah dövründə əldə etdikləri (torpaq alıb üzərində tikdikləri) ünvan 1 ünvanda yerləşən mişar daşından tikilmiş bir mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin və həmin evin altında və istifadəsində olan torpaq sahəsinin qiymətləndirilməsi və dəyərinin 1/2 hissəsinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mişar daşından tikilmiş bir mərtəbəli 4 otaqlı fərdi yaşayış evinin dəyəri olaraq müəyyən edilmiş 52.100 manat məbləğində pul vəsaitindən onun 1/2 hissədə payının müəyyən edilməsi və nəticə etibarı ilə Cavabdeh birgə nikah dövründə əldə edilmiş (tikilmiş) fərdi yaşayış evinin dəyərinin 1/2 hissəsi qismində 26.050 manat pulun, habelə mediasiya xidmətinə görə ödənilmiş 50 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.1994-cü il tarixdə rəsmi olaraq ailə qurmuşdur və birgə nikahlarından xx.xx.1995-ci il təvəllüdlü Fəxriyyə, xx.xx.1998-ci il təvəllüdlü Xəyalə, xx.xx.2002-ci il təvəllüdlü Kifayət, xx.xx.2005-ci il təvəllüdlü Fərid adlı uşaqları dünyaya göz açmışdır. O, cavabdehlə 2018-ci ilin mart ayınadək birgə yaşamışdır və cavabdehlə birgə təsərrüfat aparmışdır. Birgə nikahlarından olan Fəxriyyə və Xəyalə adlı qızları ailəlidirlər və onlar öz ailələri ilə birlikdə yaşayırlar. Sonradan cavabdehlə münasibətləri dözülməz həddə çatmış və o, Qobustan rayonu Bəklə kəndində yaşayan valideynlərinin yanına getmiş və boşanmaq üçün Qobustan Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(026)- 12/2018 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Birgə nikah dövründə cavabdehlə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində torpaq sahəsi alıb orada fərdi yaşayış evi tikmişlər və 2018-ci ilin mart ayınadək orada uşaqları ilə birlikdə yaşamışdır. Kirayələrdə uşaqları ilə birlikdə yaşamaq onun üçün və uşaqlarının maddi durumuna ciddi təsir göstərdiyinə görə uşaqları ilə birlikdə cavabdehlə nikah dövrlərində tikdikləri və yaşadıqları ünvan 2 ünvana köçürülmək tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)- 390/2019 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, onun xx.xx.2002-ci il təvəllüdlü Kifayət və xx.xx.2005-ci il təvəllüdlü Fərid adlı uşaqları ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 1-ci yaşayış massivi küçə 9, 12 saylı evə köçürülməsi qət edilmişdir. Məlumat üçün bildirir ki, mübahisəli evdə cavabdehlə birlikdə 18 il yaşamışdır və onunla birlikdə təsərrüfat aparmışdır, kommunal xərclərin ödənilməsində, həmin evin tikintisində və kapital cəhətdən təmirində iştirak etmişdir. Bu faktı onun qonşuları da şahid qismində məhkəməyə gəlib təsdiq edə bilərlər. Qeyd olunan məhkəmə qətnaməsinin icrası bir neçə dəfə təmin edilsə də, cavabdeh hər dəfə müəyyən bəhanələr gətirərək, ona qarşı məişət zorakılığı edərək ona və uşaqlarına mübahisə predmeti olan fərdi yaşayış evində yaşamağa imkan verməmişdir. Belə ki, cavabdeh ikinci dəfədən ailə həyatı qurmuş və nəticə etibarı ilə bir yaşayış evində onun və uşaqlarının cavabdeh və onun həyat yoldaşı ilə birlikdə yaşaması mümkün deyildir. Dəfələrlə cavabdehə mübahisəli fərdi yaşayış evinin birgə nikah dövründə tikildiyindən həmin evin dəyərinin 1/2 hissəsinin ona verilməsini təklif etsə də, cavabdeh hər dəfə müəyyən bəhanələr gətirərək boyun qaçırmışdır. Qeyd olunan mübahisəli evin birgə nikah dövründə tikildiyi preyudisial əhəmiyyət malik olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(002)-390/2019 saylı qətnaməsi ilə təsdiqini tapır. Cavabdeh nə ona, nə də uşaqlarına imkan vermir ki, həmin evdə yaşasın, nə də həmin evin dəyərinin 1/2 hissəsini ona vermir ki, o gedib, başqa yerdə özünə torpaq alıb ev tiksin, orada yaşasın. Həm cavabdeh Bakı şəhəri Qobustan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(026)-12/2018 saylı qətnaməsinə əsasən ona ödəməli alimenti belə vaxtında ödəmir, heç olmasa onun və uşaqlarının yaşamasına kömək olmuş olsun. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı ilə nikahları pozulandan sonra ikinci dəfə ailə qurub və hazırda həyat yoldaşı ilə mübahisə edilən evdə yaşayır. İddiaçının onunla və yeni həyat yoldaşı ilə birlikdə həmin evdə yaşaması mümkün deyil. Məhkəmə qətnaməsi olsa da, onların hazırki şəraitdə bir yerdə yaşamaları mümkün deyil. Fərdi yaşayış evini həqiqətən birgə nikah dövründə inşa etmişlər. O, iddiaçı ilə bu məsələni dəfələrlə müzakirə etmişdir. Ekspert rəyində göstərilən məbləğlə razıdır. İddiaçıya təklif edir ki, evin dəyərinin yarısını ona ödəsin, o da, həmin evdən çıxaraq evi iddiaçıya təhvil versin. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Qobustan rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli 2(026)-12/2018 saylı qətnaməsindən görünür ki, X1 Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında Şamaxı rayon VVAQ şöbəsində bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan övladlarından yetkinlik yaşına çatmamış iki uşaq analarının yanında saxlanılmış, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün uşaqların atalarından analarının xeyrinə sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 fevral 2019-cu il tarixli 2(002)-390/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması, pasport qeydiyyatına alınma və mənzilə köçürülmə» tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmamış uşaqları Kifayət və Fəridlə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 1-ci yaşayış massivi, küçə 9, 12 saylı evə köçürülməsi qət edilmişdir. Həm yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qətnamədən (preyudisial əhəmiyyət kəsb edən), həmçinin cavabdehin izahatından göründüyü kimi, qeyd olunan fərdi yaşayış evi (özbaşına tikili) tərəflərin birgə nikahları dövründə, tərəflərin birgə gəlirləri hesabına inşa edilmişdir. İddiaçı və cavabdeh hər biri birgə nikah dövründə əldə etdikləri vəsaiti cəmləşdirərək, həmin pul vəsaitini evin inşa və təmir edilməsinə sərf etmişlər. Birgə nikah dövründə inşa edilən ev özbaşına tikili olduğundan, həmin ev tərəflərin ümumi birgə mülkiyyəti sayılmasa da, evin inşa edilməsinə sərf edilmiş vəsait onların ümumi birgə mülkiyyətini təşkil edir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 14 aprel 2022-ci il tarixli UNİ/A 13- 453/22 saylı qiymətləndirmə rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən, ünvan 4 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi, 100 m2 ümumi sahəsi olan fərdi yaşayış evinin 14 aprel 2022-ci il tarixə bazar dəyəri 52.000 manat təşkil edir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Ailə Məcəlləsinin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Göründüyü kimi, ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ümumi birgə mülkiyyətləri hesab olunur. Tərəflər əldə etdikləri vəsait hesabına yuxarıda qeyd olunan özbaşına tikilini inşa etmişlər və həmin tikiliyə sərf edilən vəsaitin yarısı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, həmin vəsait üzərində tərəflərin payları bərabərdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/5-01667 saylı arayışdan görünür ki, Cavabdeh qeyd olunan mübahisə üzrə xx.xx.2022-ci il tarixdə 10:00-11:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Halbuki, mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin inşa edilməsinə sərf edilmiş 52.000 manat pul vəsaitinin yarısı – 26.000 manat, ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci olmaqla, cəmi 26.100 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin inşa edilməsinə sərf edilmiş 52.000 manat pul vəsaitinin yarısı – 26.000 manat, ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci olmaqla, cəmi 26.100 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar