Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1814/2022 21.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair ilk; Cavabdeh1 İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona verməli olduqları cəmi 217.000 manat (12.000 + 110.000 + 27.000 + 11.000 və əmək haqqları, məzuniyyət pulları və son haqq-hesaba görə) məbləğində pulun, ödənilmiş 508 manat dövlət rüsumunun və eyni zamanda qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə faizləri hesablanmaqla tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 68.000 manat pulun və ödənilmiş 294 manat dövlət rüsumunun İddiaçı onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ev təmiri ilə məşğul olmaqla ailəsini dolandıran bir şəxs olmuşdur. Təxminən 2006-2007-ci illərdə Qaradağ rayonu Sahil qəsəbəsində 13 mərtəbəli təmirsiz binanın və "xxxx" şadlıq sarayının sahibi cavabdeh, ikili vətəndaşlığı olan Şamaxı rayonu Xınıslı kəndində doğulmuş, xx.xx.1963-cü il təvəllüdlü Mamedov Sakhır (Cavabdeh1) ilə tanış olmuşdur. Belə ki, Cavabdeh1 həmin 13 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən iki otaqlı 16 nömrəli mənzilin təmirini həvalə etmişdir. Onunla eyni vaxtda 17 nömrəli mənzili də başqa bir briqadaya həvalə etmişdir. Həmin vaxt həmin binada 72 mənzilin cəmi 28-i təmirli idi. Qalan mənzillərin heç arakəsmələri belə hörülməmişdir. Mənzilin təmiri ilə bağlı aralarında qiymət danışılmamışdır. Cavabdeh ona bildirmişdir ki, işini təmiz, səliqəli və məsuliyyətlə yerinə yetirsin, qiymətindən narahat olmasın. O, işini məsuliyyətlə yerinə yetirmiş və həmin mənzili tamamlamamış həmin mərtəbədə 14 nömrəli, 3 otaqlı mənzilin də təmirinə başlamağı ona tapşırmışdır. İşin davam etdiyi müddətdə ara-sıra avans ödəsə də, qiymətlə bağlı heç bir söhbət etməmişlər. Bundan sonra, cavabdeh onunla paralel işləyən digər briqadanı yola salaraq, daimi işləmələrini təklif etmişdir. O, təkliflə razılaşdıqdan sonra 15 nəfərlik briqada toplayaraq digər təmirsiz 32 mənzilin təmirini öz öhdəsinə götürmüşdür. Cavabdeh gündəlik zəruri xərcləri və material pullarını qarşılayırdı. Bundan əlavə, "xxxx" şadlıq sarayında da gedən təmir işlərini həyata keçirmişdir. Mənzilləri təmir edib kirayəçilərə təqdim etmişlər. Bu qaydada da davam etmişlər. Lakin binanın maliyyə işləri ilə məşğul olan Mehdi adlı şəxs həmin binanın 8-ci mərtəbəsində yerləşən 40 nömrəli mənzildə özünü asaraq intihar etdikdən sonra Cavabdeh1 həmin şəxsin işlərini də ona həvalə etmişdir. O, buna etiraz etmişdir. Lakin cavabdeh xahiş etmişdir ki, ondan etibarlı və inandığı adamı olmadığına görə sonuncunu pis vəziyyətə qoymasın. Beləliklə, o, əlavə olaraq həmin binada yaşayanlardan kirayə və kommunal haqqları yığmış, bütün lift, su, istilik, santexnika və elektrikdə yaranmış problemlərin həll edilməsi məsələsinə baxmışdır. İş həcmi o qədər idi ki, hətta istirahət belə etmədən işləmişdir. Lakin bunun müqabilində Sahir ona yalnız gündəlik zəruri xərcləri (yemək və s.) ödəyirdi. Belə ki, həmin vaxt cavabdeh bildirmişdir ki, o, ev almaq niyyətində idi və guya pulu ona versə xərcləyib ortalığa bir şey çıxarmayacaq deyə (arada zarafatla ondan yaxşı bank tapa bilməyəcəyini deyirdi) pullarını ona vermirdi, dəftərində qeyd edirdi. Aralarında inam və etibar olduğundan cavabdehin dediklərinə əməl etmişdir. Bir gün həmin binada yaşayan Elşən Ələkbərov adlı şəxs biri həmin binanın 6-cı mərtəbəsində, digəri isə həmin qəsəbədə başqa ünvanda yerləşən iki otaqlı mənzili satmaq niyyəti ilə ona müraciət etmişdir. Həmin mənzillərə baxdıqdan sonra onların binadakı 6-cı mərtəbədə yerləşən 30 nömrəli mənzili özü almaq qərarına gəlmişdir. Mənzilin dəyərini 83.000 manat olaraq müəyyən etmiş və razılaşmışlar. Elşən Ələkbərov mənzili özü alacağı halda içindəki əşyaları ona hədiyyə kimi verəcəyini bildirmişdir. O, bu barədə Sahirə bildirmişdir. Cavabdeh də razı olduğundan 83.000 manatı həmin evin alınmasına ödəmişdir. Lakin bütün alğı-satqı xərclərini özü çəkmişdir. Sahir bildirmişdir ki, aralarında yekun haqq-hesab edənə kimi ev onun adında qalacaq (Qaradağ RPİ 38-ci PB-də verilən izahatlarla sübut edilir). Bundan əlavə, həmin binanın 8-ci mərtəbəsində yerləşən 37, 38, 39, 41, 42 nömrəli mənzillərin sahibi, əslən Hacıqabul rayonundan olan Rusiya Federasiyasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Mübariz adlı şəxs Cavabdeh1la aralarında yaranmış mübahisə səbəbindən həmin əraziyə gəlmədiyi üçün qeyd edilən mənzillərin açarlarını ona təhvil verərək, həmin mənzillərdən muğayat olmasını ondan xahiş etmişdir. Həmin mənzillərdən 37 və 38 nömrəli mənzillər istifadəyə tam yararlı olduğundan xarici vətəndaşlara kirayə verilmişdir. Həmin kirayə pullarını cəmi (12.000) Rusiya Federasiyasında olan Cavabdeh1 hesabına köçürmüşdür. O, həmin pulun Sahir tərəfindən Mübarizə çatdırıldığını düşünsə də, Mübariz də onun aldığını düşünürmüş. Belə ki, həmin pulları Sahir Mübarizə verməmişdir. Bundan sonra Mübariz həmin mənzilləri satmağı ondan xahiş etmişdir. Ona bildirmişdir ki, bazar qiymətindən daha aşağı satıb, qalan qazancı özünə götürə bilər. Belə ki, bir mənzilin dəyəri təxminən 105.000 manat olsa da, Mübariz ona 50.000 manat verməsini, qalan pulları özünə götürməsini demişdir. O, bu halı Sahirə bildirdikdən sonra, Sahir həmin pulları ödəyib mənzili almışdır. Lakin ona çatmalı olan təxminən bir mənzil üçün 110.000 manat pulu da ona verməmişdir. Həmin vaxt məsələnin üstü açılmışdır ki, onun Mübarizə vermək üçün göndərdiyi 12.000 manat Sahir tərəfindən Mübarizə çatdırılmayıb. Lakin buna baxmayaraq, o, sonuncuları barışdırmışdır. Bundan əlavə olaraq, «Vanorod» xarici şirkəti onun vasitəçiliyi ilə həmin binada öz işçi qüvvəsi üçün 10 mənzil kirayələmiş və sonunculara göstərdiyi xidmətin əvəzi olaraq ona ödəməli olduqları 27.000 manatı əlbəəl deyil, yalnız bank hesabına köçürə biləcəklərindən, Sahirin hesab nömrəsini vermiş və şirkət həmin məbləği Sahirin hesabına köçürmüşdür. Bundan əlavə olaraq, həmin binaların tikintisinə sərf olunan rəhbərlik etdiyi təsərrüfat malları dükanından nisyə götürülən 10.000 manat dəyərində materialların pulunu ödəməmişdir. Hər dəfə haqqhesab etmək üçün müraciət edəndə, «hara tələsirsən, sən burada, mən burada» deyərək vaxtı o vaxta gətirmişdir ki, pandemiya səbəbindən 2020-ci ildən 2021-ci ilin fevral ayına kimi cavabdeh RF-dən Azərbaycana qayıda bilməmişdir. Lakin o, vicdanla bir il ərzində 400.000 manat məbləğində pul yığmış və sonuncunun «WhatsApp» proqramı vasitəsi ilə verdiyi bütün əmrlərini yerinə yetirmişdir. Nəhayət, cavabdeh Azərbaycana qayıtmış və o, təkidlə sonuncudan haqq-hesab etməyi tələb etmişdir. Bu cavabdehin xoşuna gəlməmişdir. Sahir ona bildirmişdir ki, ona ev vermişdir, bəsidir. O, narazı qalmışdır. Belə ki, evin dəyəri 83.000 manat olduğu halda o, 2006-cı ildən bu günə kimi yalnız 83.000 manatlıq iş görmüşdür? Bəs bu illər ərzində onun çəkdiyi əziyyətin, zəhmətin haqqları və qeyd etdiyi məbləğlər necə oldu? Aralarında mübahisə baş vermişdir. Lakin yoldaşı xəstə olduğundan o, həyat yoldaşını rayona aparmalı olmuşdur. Bakıya qayıdarkən qonşular zəng edib, Sahirin bir neçə nəfərlə gəlib, mənzilinin qapısını sındırdığını xəbər vermişlər. O, dərhal DİN-ə zəng edərək, bu barədə məlumat vermişdir. Lakin həmin gündən ona, oğluna və yoldaşına aid olan, eləcə də min zəhmətlə əldə etdiyi bütün əmlaklar da həmin mənzildə qalmışdır. Qapının açarı dəyişdirildiyindən mənzildən də həmin əmlakları götürə bilməmişdir. Bundan sonra, Cavabdeh1 Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə onun həmin mənzildən çıxarılması ilə bağlı iddia ərizəsi ilə müraciət etmiş və iddiası təmin edilmişdir. Tərəfindən həmin qətnamə mübahisələndirilməkdədir. Həmin mübahisə zamanı məlum olmuşdur ki, Sahir onu faktiki olaraq özünə məxsus olan, lakin rəsmən fiziki şəxs Cavabdeh2 adında olan "xxxx" MMC-yə ofisiant köməkçisi, ofisiant və mühafizəçi kimi sənədləşdirmişdir. Belə olan halda, o, Əmək Müfəttişliyi Xidmətinə şikayət ərizəsi ünvanlamışdır. Şikayəti araşdırılaraq həmin şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə xx.xx.2022-ci il tarixdə tənbehvermə haqqında qərar qəbul edilmişdir. Eyni zamanda onun əmək haqqlarının verilməsi ilə bağlı cavabdehə göstəriş xarakterli məktub ünvanlanmışdır. Lakin heç biri 2006-cı il tarixdən bu günə kimi onun nə əmək haqqını vermiş, nə də əvəzində əldə etdiyi mənzili geri qaytarmışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin şəxsin ona vurduğu mənəvi zərərin dəyəri ödənilməzdir, lakin o qədər rüsum ödəməyə maddi vəziyyəti imkan vermədiyindən həmin hissədə pul tələb edə bilmir. Amma ona dəymiş real zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada ona verməli olduqları cəmi 217.000 manat (12.000 + 110.000 + 27.000 + 11.000 və əmək haqqları, məzuniyyət pulları və son haqqhesaba görə) məbləğində pulun, ödənilmiş 508 manat dövlət rüsumunun və eyni zamanda Əmək qanunvericiliyinə uyğun olaraq gecikdirilmiş əmək haqqının qətnamə icra olunan günə qədər faizləri hesablanmaqla tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh onun pulunu özündə əsassız olaraq saxlamaqla ona maddi cəhətdən ziyan da vurmuşdur. Buna görə də, hesab edir ki, həmin pullar məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir. O, təhsilsiz, heç bir yerdə işləməyən insandır. Savadsızlığından, sadəlövhlüyündən istifadə edən cavabdehlər onun hüquqlarını pozmuşlar. Bu insanlar onu 15 il istismar etmişlər, min bir zülmlə qazandığı pulları əlindən alıb, onu pis vəziyyətə salmışlar. Buna görə də, xahiş edir ki, onun hüquqları bərpa olunsun. Cavabdeh yuxarıda qeyd edilən məbləği özündə saxlamaqla onun pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. İddiaçı ilə cavabdeh arasında aidiyyəti maddi hüquq normalarında nəzərdə tutulan pul tələbi hüquqi münasibətlərin əmələ gəlməsi mülki iş materiallarından aydın olur. Cavabdeh Sahir şifahi formada əməyinin əvəzi olaraq mənzil verməyi və işin müqabilində ona pul ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Mülki qanunvericilikdə nəzərdə tutulmuş borc müqaviləsinə görə tərəflərdən biri olan borc verən pulu və ya digər əvəz edən əşyalara mülkiyyət hüququnu digər tərəfə borc alana keçirməyi öhdəsinə götürdüyü kimi, borc alan da aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öz öhdəsinə götürməlidir. Digər cavabdeh əmək münasibətlərinə daxil olmaqla ona aylıq maaş ödəməyi öhdəsinə götürmüş lakin öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ilk iddianı qəbul etmir. Əvvəla, İddiaçı ona müvəqqəti yaşamaq üçün verdiyi, mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsində yerləşən 42B saylı evin 30 saylı mənzilini heç bir qanuni əsas olmadan təhvil vermir. Buna görə də, məhkəməyə «mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(002)-3158/2021 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməmiş, Qaradağ rayon Məhkəməsinin qətnaməsinin dəyişiklik edilmədən saxlanılması barədə 22 iyun 2022-ci il tarixli 2(103)-4049/2022 saylı qətnamə qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, İddiaçı etibarından sui-istifadə edərək ona və yaxınlarına, ailə üzvlərinə məxsus əmlaklardan əldə olunan külli miqdarda vəsaiti mənimsəmişdir. Belə ki, İddiaçı 2020-2021-ci illər ərzində onun tapşırığı ilə həmin əmlaklardan kirayə pullarını toplamış və həmin vəsaitdən 68.000 manatı bu günə qədər ona verməmişdir. İddiaçı əmlaklardan kirayə pullarını topladığını məhkəmə iclaslarında özü də etiraf etmişdir. Qeyd etmişdir ki, digər şəxslərə məxsus əmlakların idarəçiliyi etibarnamə əsasında ona etibar olunduğu üçün həmin şəxslər qarşısında öhdəlik yaranmış və İddiaçı ödəmədiyi pulları ödəmək məcburiyyətində qalmışdır. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclaslarında ilk iddianı müdafiə etmiş, qarşılıqlı iddia tələbini qəbul etməmişlər, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verib məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Son məhkəmə iclasında ilk iddia üzrə İddiaçı izahatında bildirdi ki, ilk iddia ərizəsində ikinci cavabdehə qarşı da tələb irəli sürməsinə baxmayaraq, onun tələbi yalnız birinci cavabdehə qarşıdır, ikinci cavabdehdən heç bir tələbi yoxdur. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə Cavabdeh2 məhkəmə iclasında ilk iddianı qəbul etmədi və izahatında bildirdi ki, mübahisə onunla ilk iddia üzrə iddiaçı arasında deyil, ilk iddia üzrə iddiaçı ilə Cavabdeh1 arasındadır. Onun həmin şəxslər arasında olan mübahisəyə aidiyyəti yoxdur. İlk iddia üzrə iddiaçı onun deyil, Cavabdeh1 tapşırıqlarını yerinə yetirmişdir. O, ilk iddia üzrə iddiaçı qarşısında hər hansı öhdəlik daşımır. Məhkəmədən ilk iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, şahid X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddia ərizəsində sözügedən mənzil xalası qızına məxsus olmuşdur. Həmin mənzili həqiqətən İddiaçı satmışdır. Mənzilin qiyməti 130.000 manat olsa da, İddiaçı 80.000 manata satmışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İstər ilk iddia üzrə iddiaçı, istərsə də qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən öz iddia tələblərinin əsası kimi istinad etdikləri hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Onların məhkəməyə təqdim etdikləri sənədlər onların iddia tələblərini təmin etmək üçün əsas təşkil etmir. Məhkəmə iclasında müəyyən edildi ki, aralarında hər hansı müqavilə olmamışdır. Bu səbəbdən, tərəflərin bir-biri qarşısında hansı öhdəlik və vəzifələr götürdüklərini, həmçinin ödəniş edilib-edilməməsini, edilmişdirsə tam yaxud qismən ödənildiyini və ilk iddia tələbində qeyd olunanlarla bağlı digər məqamları aydınlaşdırmaq mümkün deyil. Yuxarıda sadalanan hallarla bağlı mötəbər sübutlar yoxdur, təqdim edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilən hal onunla bağlıdır ki, həqiqətən ilk iddia üzrə iddiaçı ilk iddia üzrə birinci cavabdeh üçün bir sıra işlər görmüşdür. İlk iddia üzrə iddiaçı müntəzəm olaraq əmək fəaliyyəti həyata keçirməmiş, epizodik şəkildə tapşırıqları yerinə yetirmişdir. İlk iddia üzrə ikinci cavabdehə münasibətdə iddia tələbləri təmin edilə bilməz. Çünki, həm ilk iddia üzrə iddiaçı, həm də ilk iddia üzrə ikinci cavabdeh izahatlarında bildirmişlər ki, mübahisə əslində ilk iddia üzrə iddiaçı ilə ilk iddia üzrə birinci cavabdeh arasındadır, faktiki olaraq ikinci cavabdehə real tələblər irəli sürülmür, formal xarakter daşıyır. Göründüyü kimi, ilk iddia üzrə iddiaçının ilk iddia üzrə ikinci cavabdehə qarşı real tələbləri mövcud olmadığından, formal əsaslarla ikinci cavabdehə qarşı yönəlmiş tələb təmin edilə bilməz. Qarşılıqlı iddia üzrə iddiaçı da öz tələblərini əsaslandırdığı hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Mənzillərin kirayəyə verilərək, pullarının yığıldığını və s. bildirsə də, qarşılıqlı iddia üzrə iddiaçı mənzillərə dair kirayə müqavilələrini məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, ilk iddia və qarşılıqlı iddia əsassızdır və təmin edilə bilməz. Bundan başqa, mülki işə məhkəmədə baxılan zaman müəyyən edilmişdir ki, ilk iddia üzrə iddiaçı məhkəməyə ilk iddia ərizəsi ilə müraciət etməmişdən öncə mediasiya təşkilatına müraciət edərək mediasiya prosesindən keçməmişdir. Bu səbəbdən, məhkəmə tərəfindən mülki işə baxılması təxirə salınmışdır. Bakı 2 saylı Mediasiya Təşkilatının 18 noyabr 2022-ci il tarixli MŞB/2-1802 saylı arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 18 noyabr 2022-ci il tarixdə saat 15:00da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Göründüyü kimi, ilk iddia üzrə iddiaçı mediasiya təşkilatına müraciət edərək həmin prosesi keçdiyindən, mülki işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair ilk iddiası və Cavabdeh1 İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ilk iddia və qarşılıqlı iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ilk iddia üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair ilk iddiası rədd edilsin. Cavabdeh1 İddiaçı qarşı «pul» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu və mediasiya xərci ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu isə qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1814/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1814/2022
21.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver