Məhkəmə qərarları › İş №e-2(002)-2265/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2265/2023

12.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2265/2023 12.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1800 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 38 manatın tutularaq İddiaçı MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi əqdə əsasən, cavabdeh 2023-cü il mövsümündə xam-pambıq əkilməsi məqsədilə iddiaçı tərəfindən ona avans vəsait verilməsini xahiş etmiş, bunun müqabilində isə tədarük mövsümü vaxtı xam-pambıq verməklə təhvil götürdüyü avansın dəyərini əvəzləşdirməyi öhdəsinə götürmüşdür. Cavabdehin iddiaçının “MKT-Bərdə” filialına ünvanladığı ərizəsi ilə də onun könüllü iradə ifadəsi və niyyəti təsdiq edilir. İddiaçı tərəfindən cavabdehin bank hesabına xx.xx.2022-ci il tarixdə avans olaraq 1800 manat vəsait köçürülmüşdür. Lakin cavabdeh tərəfindən pambıq əkini aparılmamış, təhvil götürdüyü avans vəsait isə iddiaçıya geri qaytarılmamış, nəticədə cavabdehin götürdüyü avans vəsaitin dəyərinə görə 1800 manat borcu yaranmışdır. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 135.7, 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatı dinləyib, iş materiallarında olan yazılı sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İddiaçı MMC-nin “MKT-Bərdə” Filialına ünvanladığı ərizəsinin surətindən görünür ki, aqrotexniki tədbirlərin aparılması ardıcıllığına uyğun olaraq, gələcəkdə zəruri avans vəsaitlərin (toxumluq çiyid, gübrə, dərman, aqrotexniki işlər və pambığın becərilməsində zəruri olan digər tədbirlər üçün) verilməsi şərti ilə onunla Cəmiyyət arasında xampambığın alqı-satqısına dair müqavilənin bağlanmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-xx.xx.2022-ci il dövrü üçün Bərdə rayonu üzrə 2023-cü il mövsümünün pambıq əkininə görə verilən avans vəsaitlərin fermerlərin hesablarına köçürülməsi üçün məlumatın surətindən, ödəniş tapşırığının surətindən və hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına 1800 mnat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, 1800 manat məbləğində borcun ödənilməsi ilə bağlı ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Sadalanan hüquq normalarının tələblərinə və mülki iş üzrə sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh iddiaçıdan 1800 manat məbləğində pul almış və təhvil götürdüyü avansın dəyərini əvəzləşdirməyi öhdəsinə götürmüş, lakin öhdəliyini icra etməmiş və aldığı məbləği da qaytarmamışdır. Bu səbəbdən Cavabdeh iddiaçının xeyrinə 1800 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbi əsaslı hesab olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf əqdi mübahisələndirsəydi belə, iddiaçı tərəf mövcud sübutlar əsasında həmin vəsaiti əsassız varlanma qaydasında da tələb edə bilərdi. Ona görə də iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPMnin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1800 (min səkkiz yüz) manat məbləğində pul və 38 (otuz səkkiz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar